KÖÇ ÇİÇƏYİ Yerin, göyün, təbiətin - TopicsExpress



          

KÖÇ ÇİÇƏYİ Yerin, göyün, təbiətin təbəssümü...Sevgi mesajı. Həyat Sarı rəngdən keçir. İlk baharın gəlişini bənövşələr boynu bükük və şıltaq qız kimi, bir də Sarı-sarı çiçəklər xəbər verir. Son baharda qızıla dönəb Sarı, Sarı buğdasıyla, bədnəzərdən qoruyan havasıyla cənnət qoxuyur. Sevgi rəngi Sarı bülbül, Sarı köynək, Sarı gəlin, Sarı donlu Selcan xatun.... Nərgiz gözlər...Sarı-sarı xallı-xallı kəpənəklər... Gözlərim gül gəzir kəpənək kimi, Ürəyim çırpınır çəlpənək kimi, Axşamlar əynimdə dar köynək kimi... Anamın gözləri çağırır məni.(Eldar Səfa) Anam da sarı göyçək saçlı, su sonasına, şüşə qələminə bənzər bir gəlin idi. İçdiyi su buxağında görünürdü....O, mənim nurum idi. Sarı Adam şüşə qələmi. Sarı sim dərdin dili, hər şeyin və hər zadın süvar, incə, kövrək, duyğulu yeri, Urfani, “Ruhani”yeri. İncəliyin, sözün, münasibətin eyham çaları... Sarı Aşıq: Geyinibsən yarı Sarı, Sınıq könlüm yar Sarı. Aşıq Kəbədə ölsə, Yönün qoyun yarı sarı. Aşıq Ələsgər: Cilvələnib nə qarşımda durubsan, Anam sənə qurban, ay Sarı köynək. Mələksən, çıxıbsan cənnət bağından, Heç kim olmaz sənə tay, sarı köynək! Sarı qız. Kəndimizdə Sarı bulağın qonşuluğunda sarı sevgili bir sarı qız yaşardı. Bir qara oğlana vurulmuşdu... Tez-tez sarı simə keçərdilər. Sarı simdə görüşərdilər, sarı simdə həsrət çəkərdilər. O da sevgi ağrısını, eşq acısını yaşadardı. Çəkdirərdi qohum-qardaşa, qonşuya. 80-ında Dədəm ona Sarı arvad oxşamasını qoşdusa da 90 yaşına kimi “sarı qız” adını üstündə göz muncuğu kimi daşıdı. Nədən hər yerin əlvandır, Köksün altı sarı, bülbül! Sarı rəng köksün altında, ürəyin başındadır yəqin ki... “Sarıtel” vurğun eləyir Adamı Ərik, üzərrik...gülün sarı saçaqları. Dünya sarıya möhtacdır; səhər üfüqün sarısı, axşam üfüqün sarısı... Liman, narıngi, lumu...Sarı dəniz, Sarı baba dağı... Sarıqamış... Danışmaq gümüşdürsə, susmaq qızıldır – o qızıl ki, o da sarıdır. Balın bir sarı çaları var ki, 72 dərdin dərmanıdır. Gözləməkdən gözlərdə qaya bitər, gözlərin kökü saralar. Sarı intizarın rəngidir. Nə gülürsən, mən dəlinin gününə, Üzərriksən saçlarımın dəninə Susuz tağlar de, gərəkdir nəyinə?( E.Səfa) Sarı susuzluq rəngidir. Üzüyümdü, nişanları mənimdi, Ay həsrətim, o yerləri ver mənə.(E.Səfa) Sarı ölümün xoşbəxtlik çaları, ölüm xoşbəxtliyidir. Həzrət Babanın ziyarətində dağların şaxtalı, sazaqlı qoynunda Sarı-sarı çiçəklər nur parçası kimi işıq saçırdı. Cərciz peyğəmbərə - Sarı peyğəmbər, Şıx Əyyub babaya – Sarı Şıx Əyyub deyirlər. Süleymana Sarı Süleyman, - nadir pəhləvanlardan biri...Sarı rəng güc-qüvvət rəmzi... Sarı dəvə, sarı nər... Sarıdan xasiyyət əskik olmaz – deyimi sarıdan çox kürən adamlara aiddir. Abgül adında bir əmizadəmiz olub. Həm şair olub, həm də aşıq. Çox nadir səsi olub. Oxuyanda səsi Sarıbulağa, Sarıqaya, sarı buludlara qədər gedərmiş. Ahılların dediyinə görə onun səsi dünyada yeganə səs olub. İki sarının bir əmması var – iki sarıdan cin törər, iki qaradan qul. Bir sarıdan, bir qaradan “nur” gül törər. Anam Əzimənin rəng təsnifləri: Anam Əzimə rəngləri belə yaraşdırırdı: Alnan abı - ellər babı Ağnan yaşıl – xub yaraşır. Sarı insan cövhərində bir iksirdi, elementdi, Qorxu, vahiməli anlarında sarısını udur. Söyüdlərin Sarı işığı...ömrümün, günümün üzüntülü illərində axşam saat 10-a, 11-ə qədər tək-tənha, yenicə puçurlamış söyüdələrin altındakı çayxanalarda oturarkən görmüşdüm behişt aləmini. “Məmməd Araz” daşının qənşəyindən Sarı bulağa enən Molla cığırı ilə enirdim. Sarı bulağın həndəvərinə 5-6 davar-düvarımız su içib göy çəmənə yayılana qədər dəstəxanımdakı yuxa çörəyini anam qoyduğu pendirlə Sarı bulağın üstündəki sal daşın üstündə bala dönən naharımı eləyib, elə sal daşın üstündə də dirsəklənib Sarı bulağın Sarı nəğmələri altında çimir alardım. “O yanı qaya Bu yanı qaya İçində bir Sarı maya” –dan heç danışmadım. Şit sarı alça qurusundan, tox sarı ərik qurusundan, sarı kəhrəba boyunbağıdan – hansı ki, urun qənimidi, əridib yox eləyir – danışmasaydım kəsirim olacaqdı... Söz xiridarlarının avazdan, sözdən, musiqidən ləzzət apardıqları zaman dedikləri:! “nənəm, sənə qurban, ay sarı köynək” – alqış-duasını qazanmaq xoşbəxtliyi də şair taleyi kimidir.Əgər hər hansı bir məqamda, yeri gəlibsə və sən üz gizləyirsənsə, dediyin və danışdıqların bir qara qəpiyə dəyməz. Çağırır bir özgə dinə imansız, Yaman susayıbdı qana bu həsrət. Dönübdü çisginə, çənə imansız, Məni gətiribdi cana bu həsrət.(E.Səfa) Şirin təbəssümün, gülüşün, davranışın, nərin, mənsur şeirin, qabiliyyətin, qamətin, gülün, narın yağışın, məhzun baxışın, küləyin – Ağ küləyin, Gilavarın, Xəzrinin, Xəzərin, kişinin, qadının, qızın, övladın, oğulun, nəvənin, hətta, sevdiyin heyvanın da qadası var. Qadası olmayana qadoy alım demək caiz deyil, heç mümkünatı yoxdur. Bu aforizmin cövhəri Sarı Çiçəyin “Qadoy alım, qadan varsa, ver mənə” aksiomasıdır. “Qadan varsa, qadoy alım” deyimi bir tapıntıdır, eyhami-Şirrvanın ən yeni variatıdır, brilliant qaşıdır. Qadoy alın o Adama deyilir ki, ondan Adam iyi gəlir və o adamda Xaliqin bəxş etdiyi bütün məziyyətlər təzahür edir. Qədri və xətri olanlara deyilən şah misradır; Yoldan ötənə, koldan keçənə, “qadoy alım” deyilməz. Bir “qadoy alaram” ifadəsi də var ki, islahetmə xarakteri daşıyır. Qanmayanı gedib yerindəcə qandırır, “kulturnum obrazom” qadasını alır. Yanan yansın, qanan qansın! Günlərin bir günündə ƏSMM-nin direktoru işlədiyi vaxtlar idi. 153 saylı marşrutla evə gedirdik. Hamı bir-birini tanıyırdı – deyə zarafatlaşmalar da olurdu ki, yol başa çatsın. Ayaq üstə qalmış almayanaq iki qız zarafatı fırlayıb məni hədəfə aldılar: müəllim, siz də “qadoy alım”lardansınız? Əslini danan haramzadadır – dedim. Yenə gülüşə-gülüşə: bəs niyə heç ğadoyu alım – demirsiniz? – dedilər. Söz gəldi, özü də Qızıl Hacıbabalı sayağı, dedim: of, yaralı yerimə toxundunuz, “qadoy alım”ı mənim kimi gözəl, incə, mərəm deyən ikinci bir şəxş olduğuna inanmıram. “qadoy alım”ı avtobusda demirlər ki, gərəkli və görəkli zaman deyirəm, lap gözəlindən deyirəm...məqamında deyirəm yerinə düşür...ovsanata, ovsanaya düşür... Almayanaqlar qıpqırmızı oldu, avtobusdan düşənə qədər yanaqlarının qızartısı soyumadı...ürəyimdə: bax, adamın qadasını belə alarlar ki, evə çatınca dili açılmasın, dili tutulsun. Uşaq nadinclik eyləyəndə də: səni ciyərinə basaram, Adoy alım – deyirlər, yəni canuvu alaram, dinc dayan, hətta, bəzi böyüklərə də deyilir, bu hədələyici “qadoy alım”dan Miyanələrin, laqeyd və “ne rıbo, ne myaso”ların, “bezrazliçno” və “bezpalezno” ların, hər şeyi boz görənlərin qadası olmur ki, “qadoy alım”ı da olsun. “Qadoy alım” – bu o deməkdir ki, kim mənə nə arzulayırsa, mən də onun yüz mislini ona arzulayıram. Mən çiçəklər çiçəyi Sarı çiçəkdən ərməğan bağlamaq istədim bu yazıda, bilmədim alındı, ya yox?! Arada qədimi sarı samovarımız yadıma düşdü, öz sızıltılı-mızıltılı muğamatıyla. Elə bil ki, yazıb vəsf elədiyim sarı çiçəyə dəm tutmuşdu. Dəmkeşində papo, xoruzquyruğu çayı dəm alırdı.... İndi nağıllı nənələr, almalı nağıllar qəhətə çıxıb. Nə o nənə var, nə də göydən düşən üç alma?! Bəlkə, “qadoy alım” yağa... ...Bu yazının sonunda saralıb, bala dönmüş armud yağacağına gümanım var. Ana oğlunun çantasına (zənbilinə) büküb qoyduğu bir parça quru çörək və şora işarə eləyib: -Oğlum, bala dönəndə yeyərsən- çörəyini deyib yola saldı... Yazı 2008-ci ildə yazılıb. 2009-cu il də gəldi; sarı öküz ili. Bəxtin sənə yar olsun, Mətanət Ulu Şirvan, Sarı öküz ilin mübarək! Bu yazı çoxdan hazır idi, annam ay Sarı Çiçək, bacım ay Sarı Çiçək. Sənin kitablarına çindən, rütbədən, tituldan daha çox təbii, çinsiz, rübəsiz çeynənməmiş söz gərəkdir ki, söz iyi gəlsin. Qadan varsa, qadoy alım?! Qadan yoxdursa, keçmə mənim səmtimdən?! ... Ağ gül, qırmızı gül... ....bir də Sarı gül..... Və beləcə, Sarı çiçəyə oxuduğum mahnı bitdi. Mən də bitdim. Qızıl payızın ilk günlərində dağ çiçəkləri solmağa başlayanda təzə bir çiçək təbiətə gəlir – Sarı köç çiçəyi. Payız köçünü çəkir. Payız da bir nağıldı.... Bu payız bəxtimə düşən bənövşə, Bu payız bir həzin bayatı simi. Kiminə güzgüdü, kiminə şüşə, Kimi ovundurur, ağladır kimi?! Vallah, bu payız da bir ağır köçdü, Qəkbimə yönələn daşı ağırmış. Ömrümə payızın ləpiri düşdü, Bu payız saçımda ağ cığır imiş.(E.Səfa)
Posted on: Fri, 01 Nov 2013 19:36:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015