O – Umberto Eko (Çeviri: Cavid Cəfərzadə) İşləriniz - TopicsExpress



          

O – Umberto Eko (Çeviri: Cavid Cəfərzadə) İşləriniz necədir, Professor, nəticə varmı? – General səbrini çətinliklə basırdi. - Nə nəticə?- Professor Ka aşkar şəkildə cavabı ləngidirdi. - Düz beş ildir ki, burada-aşağıda çalışırsınız və kimsə bir dəfə də olsun narahat etməyib sizi. Etibarımız var sizə. Yaxşı, bəs biz bu quruca sözlərə nə qədər inanaq?! İşi göstərmək vaxtıdır axı. Generalın səsində təhdid vardı və Ka yorğun şəkildə əlini yelləyib güldü: - Hədəfi vurdunuz, General. Bir az da gözləmək fikrindəydim. Amma həvəsləndirdiniz məni. Onu düzəltmişəm,-Professor pıçıltıyla danışmağa başladı- Günəşə and olsun ki, Onu dünyaya göstərməyin əsl vaxtıdır! Generalı kahaya dəvət etdi. Qonağı divarındakı dar dəlikdən nazik işıq şüası düşən dərinliyə apardı. Həmin yerdə düz və hamar çıxıntı üzərində O, uzadılmışdı. O, formaca badamı xatırladırdı, çoxlu sayda xırda çıxıntıları vardı, parıldayırdı. -Axı bu…- General özünü itirdi.- Bu ki daşdır. Professorun tüklü qaşları altında gizlənmiş mavi gözlərindən cin yağırdı: -Elədir, -deyə o, təsdiqlədi.- Daş. Amma O, bütün daşlar kimi deyil. Biz Onu tapdamayacağıq, əlimizə alacağıq. - Əlimizə? - Bəli, General. Bu daşda insanlığın indiyədək arzulamağa belə cürət etmədiyi nəhəng güc, milyon insan qüvvəsinə bərabər qüvvə cəmləşib. Baxın… O, əlini daşın üzərinə qoydu; barmaqlarını yığdı və onu möhkəm tutub qaldırdı. Daş əlinə kip oturdu, enli yeri ovucunun içindəydi, çölə çıxmış iti ucu isə Professorun əl hərəkətlərindən asılı olaraq gah yuxarı, gah aşağı, gah da Generala baxırdı. Professor əlini cəld hərəkət etdirdi və daşın iti ucu havada xətt cızdı. O, daşı yuxarı-aşağı gəzdirib bayaqkı çıxıntının zərif yerinə çırpdı-möcüzə!- daş çıxıntıya keçdi və çat əmələ gətirdi. Professor bir neçə dəfə zərbə endirdi- əvvəlcə oyuq, sonra dərin çuxur yarandı, o isə yarmağa davam edir, süxuru ovub toza çevirirdi. General nəfəsini dərmədən gözlərini bərəldib baxırdı. - İnanılmaz şeydi-deyə o ağzının suyunu udaraq dilləndi. - Bu nədir ki,- Professor sevinclə dilləndi- boş şeydi! Onsuz da barmağınızla belə bir şey edə bilməzdiniz. İndi baxın!- Alim küncdəki cadar-cadar olmuş, möhkəm hindqozunu- yaxın düşməli deyildi!- əlinə aldı və Generala uzatdı. - Buyurun, ikiəlli sıxıb əzin. - Qurtarın, Ka- Generalın səsi əsdi- Yaxşı bilirsiniz ki, bu mümkün deyil, heç birimiz bunu edə bilmərik. Bunu ancaq dinozavr pəncəsilə edə bilər və ləti yeyib şirəni içər. - Yaxşı, indi isə,- Professor həyəcanla dilləndi- indi isə baxın! O hindqozunu indicə əmələ gətirdiyi oyuğun içinə qoyub daşı iti tərəfindən əlinə elə aldı ki, enli tərəf çöldə qaldı. Sonra cəld hərəkətlə qoza zərbə endirib- adama elə gəldi ki, bunun üçün çox güc sərf etmədi- sındırdı. Hindqozunun südü çıxıntının üzərinə axdı, oyuğun dibində isə sulu ağ lətli qabıq parçaları qaldı. General dilimin birini götürüb ağzına qoydu. Daşa, Kaya və qozun qalıqlarına baxdı. O, heyrət içindəydi. - And olsun Günəşə, Ka! Bu əla şeydi. İnsan gücü yüz dəfə çoxaldı, indi heç dinozavr da qorxulu deyil. Bəşər qayaların və ağacların sahibidir artıq. Onun bir əli də artdı, yox, yox, nə danışıram… yüz əli! Onu haradan tapmısınız? Ka müştəbehcə gülümsündü: - Tapmamışam, düzəltmişəm. - Düzəltmisiniz? Necə yəni? - Yəni, indiyədək mövcud deyildi. - Başınıza hava gəlib, Ka, -general əsdi.- Yəqin ki, O göydən düşüb; bəlkə də Onu Günəşin qasidi, hava ruhlarından biri gətirib. Axı indiyədək mövcud olmayan bir şeyi necə düzəltmək olar?! - Olar!- deyə Ka, qəti surətdə bildirdi.- Lazım olan formanı alanadək, daş adamın əlinə yerləşsin deyə bir daşı o birinə çırpmaq olar. Və o zaman, həmin daşın köməyilə əl daha böyük və iti daşlar düzəldə bilər. Bu daşısa mən düzəltmişəm, General. Generalın alnında iri tər dənəcikləri əmələ gəldi. - Onu hamıya göstərmək lazımdı, Ka, bütün Ordaya. Kişilərimiz dişbatmaz olacaqlar, başa düşürsünüz? İndi ayının da üstünə gedə bilərik: onda iti dırnaqlar, bizdəsə O, var. Heyvan bizi gəmirməmiş öldürə bilərik onu, ilanı məhv edərik, tısbağanı qınından ayırarıq. Uca Günəş!… insan… öldürmək!…- General onu qəfil almış bu fikirdən bir az duruxdu, sonra baxışları daha da sərtləşdi: – Ka, indi biz Koamma Ordasına hücum edə bilərik, bizdən ali və güclü olmalarına baxmayaraq ram edərik onları, hamısının axırına çıxarıq. Ka! Ka!- o Professorun çiyinlərindən tutub silkələdi- Bu qələbədir! Ka diqqətlə ona baxırdı, tərəddüd içindəydi: - Bax, elə buna görə sizə ixtiramı göstərmək istəmirdim. Bilirəm ki, dünyanı dəyişəcək dəhşətli bir ixtira etmişəm. Məsuliyyətimi anlayıram: dağıdıcı bir qüvvənin mənbəyini açdım. İndiyədək Yerdə kimsənin bundan xəbəri yoxdu, bundan sonra da olmasını istəmirəm. Əks halda müharibə özünəqəsd olacaq. Axı tezliklə Koamma Ordası da belə daşların hazırlanmasını öyrənəcək. Bax, o zaman, növbəti müharibədə nə qaliblər, nə də məğlublar olacaq. Bu əşya sülhsevər əmək, tərəqqi aləti kimi düşünülüb, amma görürəm ki, O, ölüm gətirəcək. Məhv edəcəm Onu. General özündə deyildi: - Ağlınızı başınıza toplayın, Ka! Sizin buna haqqınız yoxdur. Bunun hamısı sadəcə alim şıltaqlığıdır. Beş ilinizi bağlı qapılar arxasında keçirdiniz, dünyadan xəbəriniz yoxdur. Biz sivilizasiyaya doğru gedirik və əgər Koamma Ordası qalib gəlsə, insanlarımız üçün nə sülh, nə azadlıq, nə də sevinc qalacaq. İxtiranızdan yararlanmaq müqəddəs vəzifəmizdir. Amma bu, o demək deyil ki, Ondan anındaca istifadə edək. Əsla. Vacibdir ki, bizdə Ondan olduğunu bilsinlər. Rəqibin gözü qarşısında onu nümayiş etdirərik. Sonra Ondan istifadəni məhdudlaşdırarıq. Nə qədər ki, O, bizdədi, kimsə üstümüzə gəlməyə cürət etməz. Bu vaxt ərzində onlara qəbir qazarıq, yeni mağaralar oyarıq, yeri hamarlarıq. Ona sahib olmaq kifayətdi, işlətməksə o qədər də vacib deyil. Bu dəhşətli güc silahı üzun illər koammları dayandıracaq. - Xeyr, əsla, xeyr, – sakitləşə bilməyən Ka təkrar edirdi,- elə ki, Onu düzəltdik, daha kimsə qarşımızı ala bilməz. Məhv etməliyik Onu. - Siz lap səfehmişsiniz ki! – General əsəbindən ağardı- Bizə az xeyriniz dəyməyib. Amma indi düşmənlərə əl düzəldirsiniz. Sizinkimilər daxilən prokoammçıdırlar. Lap bütün insanların həmrəyliyindən dəm vuran dünənki o şair kimi… Məgər, Günəş deyilmidir səcdəgahınız! Ka coşdu. O başını irəli verdi, gözləri tüklü qaşlarının altında xırda və kədərli oldu: - Bu yerə çatacağını bilirdim. Prokoammçı deyiləm və bunu yaxşı bilirsiniz! Günəş qanunları külliyatının beşinci maddəsinə görə, məni bədxah ruhların qəzəbinə tuş gətirə biləcək cavabdan imtina hüququmdan istifadə edərək sualınızı açıq qoyuram. İstədiyinizi fikirləşin. Amma O, bu kahanın kandarından çıxmayacaq! - Mənsə deyirəm çıxacaq,- General qışqırmağa başladı-özü də elə bu dəqiqə, Ordanın şərəfi naminə, sivilizasiya, xalqın rifahı, sülh naminə! O, bir az əvvəl Kanın etdiyi kimi daşı sağ əlinə alıb qəzəblə, var qüvvəsilə Professorun başına çırpdı. Ka yerə sərildi, hər tərəf qana boyandı. General əlinə pərçimlədiyi silaha dəhşətlə baxdı. Sonra qalibanə şəkildə gülümsədi. Bu təbəssümdə sərtlik və mərhəmətsizlik vardı. - Birinci…- deyə o pıçıldadı.
Posted on: Thu, 21 Nov 2013 14:08:11 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015