Yeznə diplomatiyası 30 Avqust 2013 09:15 Azərbaycanda bir - TopicsExpress



          

Yeznə diplomatiyası 30 Avqust 2013 09:15 Azərbaycanda bir tayfa hakimiyyətinin olduğunu, bir sürü qohum-əqrəbanın əlində mağara təfəkkürü ilə idarə olunduğumuzu illərdir yazırıq. Hər dəfə də hansısa nazirlikdən faktlar çılpaqlığı ilə ortaya qoyulanda təəccüblənirik. Görünür, çox ürəyitəmiz camaatıq, daha bu qədərini ağlımıza gətirmirik. Onlar demək olar uzağı 10 min nəfərdirlər. Bir-biri ilə evlənirlər, cütləşib nəsil artırırlar, sonra bu uşaqları vəzifələrə qoyurlar. Onların bu “qan qohumluğu hakimiyyəti”ndən eybəcər bir siyasətin, genetikası pozulmuş siyasətin doğulması təbiidir. Süni olan yerdə qalan ögeylərin – 9 milyona yaxın xalqın bu zülmə dözməsidir. Təzəlikcə daha bir nazirlikdə - Xarici İşlər Nazirliyində qohumbazlıq və korrupsiya haqda qəzetimizdə yazı çıxıb. Nazirliyin filan idarəsinin müdiri Filankəsin iki yeznəsi səfirdir, filan nazir müavinin qohumu konsul qoyulub, prokurorun hırla zırın fərqini qanmayan övladı xaricdə ölkəmizi təmsil edir və sairə - redaksiyaya nazirlik daxilindən göndərilən məktubun qısa məzmunu belədir. Yəni, başqa dövlət və qeyri-dövlət idarələrimizdə vəziyyət necədirsə, orda da elədir, qeyri-adi bir şey yoxdur. Sözgəlişi, vaxtilə iqtisadi inkişaf naziri Fərhad Əliyevi və onun qardaşı, “Azpetrol” şefi Rafiq Əliyevi tutmuşdular, onların həbsindən dərhal sonra xəbər gəldi: “Azpetrol”da çalışan 300-ə yaxın alarlı işdən çıxarılıb. Alar Fərhad Əliyevin doğulduğu, Cəlilabadda bir kənddir. O zaman mən bu Fərhad Əliyevin feodal beyninə heyrət etmişdim. Demək bu, idarəyə işçiləri “sən də bizim kəndçisən” kimi biabırçı prinsiplə götürürmüş. Hələ bu, guya qabaqda gedənimiz, müasirimiz idi, amerikalılarla-zadla oturub-dururdu. Görün birbaşa örüşdən tutulub gətirilib nazirliyə qoyulanlar nə kökdədir. Bayaq yazdığım kimi, XİN-də traybalizm (tayfa-qəbilə prinsiplərinə söykənən siyasətin elmi adıdır) o biri N-lərdən – nazirliklərdən fərqlənmir. Bunun DİN-i də belədir, MN-i də, lap maraqlansan KTN-i də. Sadəcə, dövlətdə elə idarələr var ki, onların traybalizm və korrupsiya yuvası olması başqa idarələrə nisbətdə daha ağır nəticələr verir. Məsələn, korrupsiya dövləti SSRİ-nin özü Dövlət Təhlükəsizlik Komitəsində rüşvətin olmamasına çalışırdı. Sovet dissidentləri də yarıironik yazırdılar ki, SSRİ-də korrupsiya olmayan tək idarə “KQB”-dir. Çünki bu, artıq dövlətin son sütunlarıdır, məxfi xidmət korrupsiyaya qurşansa dövlət yıxılar. Ancaq son illərdə yapokratiya MTN-ə kadr qəbulunu da “filankəsin oğludur” prinsipi ilə eləyir. O cümlədən, diplomatiya, xarici siyasət sahəsi belədir. Bu, dövlətin vitrini, simasıdır, xaricdə dövləti bu idarənin sifəti ilə tanıyırlar. Sifət eybəcərdirsə, istəyirsən daxili orqanlar turp kimi olsun – xeyri yoxdur, hamı səni xəstə, çirkin sayacaq. XİN srağagün qəzetimizdəki yazı ilə bağlı guya təkzib məzmunlu brifinq qayırıb. Ancaq nəyi təkzib ediblər? Demək olar heç nəyi. Söyləyirlər ki, biz işçiləri qəbul edirik, sonradan onların kiminsə yeznəsi, oğlu olması ortaya çıxır, nə edə bilərik. Boyunlarına alırlar. Əcəb də eləyirlər. Guya Azərbaycan xalqı ayağa qalxıb nazirin xirtdəyindən tutacaq, “niyə belə edirsən, ay filan-filanşüdə” deyəcək? Bu xalq yerindən tərpənən olsaydı 20 illik mənasız Qarabağ danışıqlarının hesabını yapokratlardan soruşardı. Soruşmur, çünki torpağı özününkü saymır. Vətəni yad hesab edir. Gecə-gündüz bu xarabada doğulduğu üçün buranı söyür. Hakimiyyətdəki lotulara da bu sərf edir. Siz söylənin öz-özünüzə. Qoy Yarməmməd Elmarov, yaxud Elmar Məmmədyarov kimi nazirlər də sizin pulunuzla xarici səfərlərə çıxsınlar, prokurorların səfir uşaqları büdcə vəsaiti ilə şoppinq eləsinlər, Maldiv adalarında dincəlsinlər. Hərdən danışıqların günahını ATƏT Minsk Qrupunun üzərinə yıxmaq da olar. Yaramaz həmsədrlər, bütün qohumlarını danışıqlara doldurublar... Sovet dövründə insanlar dövlət orqanları üçün tərcümeyi-hallarını yazanda orda mütləq bu punkta da cavab yazmalıydılar: “Xaricdə qohumunuz varmı?”. İndiki Azərbaycanda bu punkt belə satirik şəkildə qoyula bilər: “Xarici İşlər Nazirliyində qohumunuz varmı?” Yazar : Zamin HACI
Posted on: Sat, 31 Aug 2013 04:23:28 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015