İşğalçılar Qarabağ meşələrini “biçir” Vandalizm - TopicsExpress



          

İşğalçılar Qarabağ meşələrini “biçir” Vandalizm əməli barədə bu dəfə ermənilər özləri həyəcan təbili çalırlar: “Belə getsə, gələcək nəsillərə meşə qalmayacaq” Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin on illərdir təbii sərvətləri amansızlıqla talaması barədə dəfələrlə faktlar açıqlanıb, etirazlar bildirilib. İşğal altındakı ərazilərdə meşə ehtiyatlarının talanması, “Qırmızı kitaba”a salınmış qiymətli ağac növlərinin kütləvi şəkildə qırılması və xammal kimi xaricə satılması da bu talançılıq siyasətinə daxildir. Bu dəfə ermənilər özləri bu vandalizm əməllərinə qarşı həyəcan təbili çalırlar. “Regnum” agentliyinin xəbərində deyilir ki, meşələrin amansızlıqla qırılması Dağlıq Qarabağ üçün fəlakətə səbəb ola bilər. “Qarabağın vaxtilə insan ayağı dəyməmiş meşələrində benzopillərin ardı-arası kəsilməyən səsi artıq heç kimi təəccübləndirmir. Meşəqıranların bu cür yüksək templə işləməsi ancaq onların sahibkarlarının hərisliyi, amansızlığı ilə izah oluna bilər. Sanki Qarabağın Braziliya olmadığını unudan bəzi biznesmenlər meşələrdən varlanmaq üçün istifadə edirlər. Dağlıq Qarabağın meşə massivlərində bir dənə də olsun təbii qoruq mövcud deyil” deyə, Xankəndindəki erməni ekoloji təşkilatı -ətraf mühitin müdafiəsi cəmiyyətinin rəhbəri Armen Ayvazyan bildirib. A.Ayvazyan deyir ki, bəzi dairələrin varlanması və dollar içində üzməsi sonda gələcək nəsillərin meşələrsiz qalması ilə nəticələnə bilər. Qarabağda meşələrin kütləvi şəkildə qırılmasından narahatlığını “Qandzasar Tur” adlı turizm şirkətinin rəhbəri Qurgen Ayrapetyan da dilə gətirib. O bildirib ki, meşələrin qırılması Qarabağda ekoturizmin inkişafına mane olur. Ayrapetyan hakimiyyəti tezliklə bu problemə qarşı tədbir görməyə çağırır. “Meşələrin qırılması bulaqların quruması ilə müşayiət olunur. Axı bulaqlar Qarabağın ən başlıca resurslarından biridir, gələcəkdə bu resurslar strateji əhəmiyyət daşıyacaq. Bizim qonşumuz İran artıq içməli su qıtlığı çəkir. Meşələri bu cür amansızlıqla qıranlar cinayət məsuliyyətinə cəlb olunmalıdır” deyə, Ayrapetyan bildirib. Qeyd edək ki, son vaxtlara qədər Ermənistan işğal altındakı ərazilərdə ekoloji terror barədə Azərbaycanın beynəlxalq təşkilatlarda qaldırdığı məsələlərə reaksiya vermirdi. Lakin son vaxtlar ermənilər özləri bu terroru etiraf etməyə, hətta etiraz aksiyaları keçirməyə və hakimiyyətdən Qarabağda ekoloji fəlakət təhlükəsinin qarşısını almağı tələb etməyə başlayıblar. Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin məlumatına görə, işğal altındakı ərazilərdə 247352 ha meşə sahəsi qalıb ki, bu da Ermənistanın bütün meşələrinin 55 faizindən çoxdur. Bu meşələrdə 152 ağac növü, 13 min 200 hektara yaxın qiymətli meşə sahəsi mövcud idi. İşğaldan sonra Qarabağda və ətraf rayonlarda kütləvi talançılığa başlayan ermənilər meşələri qırıb xammal kimi Ermənistana və xarici ölkələrə daşımağa başladılar. Laçın rayonu ərazisindəki dünya şöhrətli qırmızı palıd meşələri tamamilə qırılıb və ermənilər bu ağacdan konyak istehsalında çəllək kimi istifadə edirlər. 4 min hektardan çox ərazini əhatə edən qırmızı palıd meşələri qırılaraq fransızlara satılır. Qoz ağacları isə mebel istehsalı üçün İrana göndərilir. İşğalçılar Kəlbəcər, Ağdərə ərazisində də zəngin meşə ehtiyatlarını kütləvi şəkildə talamaqdadır. Son məlumatlara görə, Qarabağ bölgəsində erməni işğalı altında qalan 269 min hektar meşə sahəsi qəddarcasına qırılıb, həmin ərazilərdə nadir bitki və heyvanat aləmi əsasən məhv edilib. Qubadlı və Laçın rayonlarında qırmızı palıdların, Kəlbəcərdəki “Ayı fındığı meşələri”nin yerində boş ərazi qalıb. İşğalçılar təkcə meşələri deyil, zəngin yeraltı sərvətləri də xüsusi amansızlıqla talayır. Bu proses ətraf mühitə sağalmaz yaraların vurulması ilə müşayiət olunur. Artıq ermənilər özləri də bu ekoloji terrora qarşı etirazlar bildirirlər və nə qədər acınacaqlı da olsa Azərbaycan ərazilərində ekoloji fəlakət təhlükəsinə qarşı ermənilər səslərini çıxarmağa başlayıblar. Bugünlərdə İrəvanda, Ermənistan prezidentinin iqamətgahı qarşısında Dağlıq Qarabağda qızıl və mis yataqlarının necə gəldi talanması ilə bağlı etiraz aksiyası olub. Aksiyanı Qarabağdan getmiş ermənilər keçiriblər. Onlar əllərində “Avo” ləqəbli keçmiş “Asala” terrorçusunun, vaxtilə Qarabağda azərbaycanlılara qarşı xüsusi amansızlığı ilə fərqlənən və öldürüləndən sonra qəhrəman elan edilən Monte Melkonyanın şəkillərini tutmuşdular. Ona görə Melkonyan ki, piket iştirakçılarına görə Montenin vaxtilə “azad etdiyi” ərazilərdə indi erməni oliqarxları qızıl-mis yataqlarını talayır və deməli, onun ruhunu təhqir edir. “Monte bu əraziləri qoruq kimi görmək istəyirdi, ancaq indi orada qızıl-mis yataqlarını talayırlar və ekologiyaya ağır zərbə vururlar” deyə, aksiyaya qatılan erməni ekoloq Yeqia Nersisyan bildirib. Nersisyan deyib ki, Dağlıq Qarabağ tanınmayan “respublika” olduğu üçün heç bir ciddi beynəlxalq ekoloji təşkilat orada ətraf mühitin korlanmasını araşdıra bilməz. “Ona görə də orada özbaşınalıqdır, onlar Qarabağı talan edirlər, heç bir dağ-mədən layihəsinə mənfi rəy vermirlər, guya hər şey müsbətdir, ətraf mühitə heç bir zərbə dəymir” deyə, Nersisyan bildirib. Erməni ekoloq deyir ki, əgər belə davam etsə, onlar Qarabağı itirəcəklər. Necə ki, Ermənistanı itirirlər. “Ermənistanı miqrasiyaya görə itiririk. Ona görə də bəyan edirik: siz Montenin qanını satdınız” deyə, Nersisyan bildirir. Ötən il isə Amerika erməniləri Ermənistanın baş naziri Tiqran Sərkisyanın bu ölkəyə səfəri zamanı Qarabağda qızıl-mis yataqlarının talanması nəticəsində yaranan ekoloji fəlakət təhlükəsinə qarşı piketlər təşkil etmişdilər.
Posted on: Wed, 03 Jul 2013 12:21:39 +0000

Recently Viewed Topics




© 2015