ƏRAZİDAŞDAN VƏTƏNDAŞA BAXIŞ Günlərdir içimi rahat - TopicsExpress



          

ƏRAZİDAŞDAN VƏTƏNDAŞA BAXIŞ Günlərdir içimi rahat buraxmayan bir ifadənin açılışını verməyə çalışıram. Avropa Şurası Parlament Assambleyasında Ermənistan prezidenti Serj Sarkisyanın hiyləgər bir təbəssümlə işlətdiyi o dəhşətli ifadəni: “Qarabağ, azərbaycanlılar üçün Ərazi, bizim üçün Vətəndir.” Bunu hansı zəkalı məsləhətçi hazırlamış, deyə bilmərəm, ancaq ifadə özlüyündə illərdir bir-birinə düşmən kəsilmiş iki toplumun bir dəyərə baxışının çox real ifadəsidir. Bəlkə də duyğularımıza daha sərt şəkildə düşmənin toxunması üçün cümləni belə formalaşdırmaq olardı: “Qarabağ, azərbaycanlılar üçün Ərazi olduğuna görə itirdilər, bizim üçün Vətən olduğuna görə qazandıq.” Acıdır, ağırdır, ancaq nə yazıq ki, dosdoğrudur. Bunu o zaman yazıram ki, Qarabağ bizim üçün bundan sonra on illər, əlli illər üçün bir siyasi mırt mövzusundan başqa hansısa dəyər ifadə etməyəcək, içi mən qarışıq uzun illər siyasi qazanın içində bişənlər cəmiyyəti duyarsız insan yığını kimi görərək “altı aya, beş ilə və ya on ilə Qarabağı qaytaracam” deyə, başları bişirəcəklər. Hətta dünyada bizim meyarlarımıza tam uyğun gələn ədalət prinsipləri tam zəfər çalanda və hətta ATƏT-in Minsk və ya Kiyev qrupu Azərbaycan üçün Qarabağı tam səmimi olaraq geri qaytarmaq istəməyə başlayanda çılpaq vücudumuzdakı o xoranı hamı açıq gözlə uzaq məsafədən görmüş olacaq. Və anlayacaqlar ki, Qarabağ bizim üçün Vətən deyilmiş, sadəcə Ərazi imiş. Burada, bu Azərbaycanda Qarabağı Vətən kimi içində yaşadanların sayı, onu Ərazi kimi görənlərin sayından qat, qat, qat azdır. Hökumətlər bir yana, ATƏT-lər bir yana, Rusiya bir yana, sadəcə Qarabağı Vətən kimi qaytarmaq istəyən xalqın ortada olmadığını nə yazıq ki, görəcəklər. Mən əvvəllər bunu ədəbiyyat cümlələri ilə yazırdım ki, Qarabağ deyəndə şikəstə düşünürük, ağı düşünürük, kabab yemək yeri, kurort ərazisi kimi xatırlayırıq, ancaq niyəsə Vətən kimi yox. İndi isə siyasi terminlərlə açıq yazmağa məcburam ki, Azərbaycanın bundan sonra qalan Ərazilərinə Vətən kimi baxacaq düşünən insan çox, çox, çox azdır. Ən çox da bu fikrə iki ay öncə Bakıda helikopterlə Ağdama səfər edərkən Kür çayı boyunca torpaqlarımızı seyr edərkən gəldim. Hər yan baxımsız, verimsiz, şoranlaşmış Ərazi kimi görünürdü, insan sevgisinin və qayğısının hopduğu Vətən kimi görünmürdü. “Vətən daşı olmayandan, Olmaz ölkə vətəndaşı.” Müəllifini xatırlaya bilmədim, bildiyim o ki, yaddaşımda ilişib qalmışsa və tez-tez bu şer misraları məktəblilərin yazdığı inşalarda xatırlanırsa, maraqlı sayıla bilər. Bizdə “daş” sözünü bir sıra əsas sözlərə əlavə etməklə xeyli söz yarada biliblər: Vətəndaş, Yoldaş, Sirdaş, Məsləkdaş, Yurddaş, Silahdaş və bu qəbildən olan sözlər. İzahlı lüğətlərdə çox güman ki, hərfi mənası Vətəndə, Yolda, Məsləkdə, Sirrdə, Savaşda bir yerdə olanlar, yan-yana olanlar kimi qeyd olunacaq. Mən burada yazının məzmununa uyğun olaraq bəlkə də ilk dəfə eşidəcəyiniz Ərazidaş sözünü təqdim etmək istərdim. Vətəndaş nə rəmzi mənada Vətənin daşıdır, nə də Vətən məfhumu ilə birləşənlər, iç-içə, yan-yana olanlardır. Vətəndaş mənim anlamımda Vətəni içində daşıyanlardır. Öz ürəyini, beynini daşıdığı kimi daşıyanlardır. Azərbaycanda rayonlarda çox sayda tikintilər aparılır, istehsal yerləri açılır, evlər dikəldilir. Nədənsə o rayonlarda hər dəfə olanda mən dərhal dikələn binaya yox, bükülən insana baxıram. Oxşamır vətəndaşa. Qırışmış sifətində, ütüsüz geyimində, yaşmaq altından qorxu ilə baxan gözlərində vətəndaş qüruru görmürəm. Əslində bir ərazidə yaşayan Ərazidaşlarıq çoxumuz. Bəlkə də buna görə ümumi say ifadəsini gözümüzə soxmağa çalışan kimsələrə haqq qazandırmalı da olursan: 9 milyonluq Azərbaycan xalqı. Dünyada yaşayan 50 milyon azərbaycanlı. Cümhuriyyət dövründə ərazimiz 114 min kvadrat kilometr olub. Səfəvilər dövründə 2 milyon kvadrat kilometr ərazimiz olub. Ancaq ərazi, ancaq rəqəmlər. Ona görə də Azərbaycanın hər yerində də, mühacirətdə də bu mənada bizlər Vətəni içimizdə daşıyanlar deyilik, Ərazini içimizdə daşıyanlarıq, sadəcə Ərazidaşlarıq. Qarabağa həqiqətən də Vətən kimi baxmadıq və itirdik. İndi də Vətən kimi baxmırıq və ona görə də qaytara bilmirik. Soruşarsınız ki, itirdiklərini qaytaran xalqlar varmı? Əlbəttə var. Amma bu, biz deyilik. Sadalaya bilməyəcəyəm, nəyisə itirəndən sonra qaytardığımızı! Deyəcəksiniz ki, bəs müstəqillik? Qarabağsız, kimə desən bu müstəqilliyi qaytarardılar, əzizlərim. Bakıda neftlə erroziyaya uğramış torpaq sahəsində bağ-bağat salan dostumun iş metoduna baxıram. Bir metrədən artıq çürümüş mazut qatını tamam çıxarıb atandan sonra yerinə dağ rayonlarından maşınlarla torpaq daşıdaraq doldurmuş. Əkdiyi bütün ağaclar pöhrə vermiş, güllər açmış. Bəlkə biz də bu yolu keçməliyik? Tariximizdən, xarakterimizdən nələrisə tamam çıxarıb atmalıyıq, yerinə faydalı, münbit dəyərlər doldurmalıyıq. Buna yuxarıdan (məhz yuxarıdan!!!) inqilab da demək olar, cəsarətli islahat da demək olar. Sonda Yaradanın bizə bəxş etdiyi Əraziyə gözəlim Vətən deyən, bioloji Ərazidaşdan siyasi Vətəndaşa çevrilən İnsan obrazlarını görmək bəlkə bizlərə də qismət ola. Bir erməni qatilinin ifadəsinə ilk dəfədir ki, haqq qazandırmanın ağrısı ilə bu söhbətdən ayrılıram.
Posted on: Sun, 06 Oct 2013 17:56:22 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015