ABŞ mətbuatında Azərbaycanla bağlı sensasion - TopicsExpress



          

ABŞ mətbuatında Azərbaycanla bağlı sensasion məqalə “The Hill” qəzeti Rusiyanın ölkəmizə terrorçular sızdırdığını, sünni azlığı qızışdırdığını və hakimiyyəti gizlicə zəiflətməyə çalışdığını yazdı Rusiya prezidenti Vladimir Putinin Bakı səfərinin yekunları dünya mətbuatının da diqqətindədir. ABŞ Konqresinin nəşri olan “The Hill” qəzeti Birləşmiş Ştatların Ordu Kollecinin (War College) professoru Stefan Blankın Putinin səfərindən dərhal sonra dərc edilən məqaləsində sensasion məlumatlar yer alıb. Məqalədə Rusiyanın Şimali Qafqazdan Azərbaycana terrorçular sızdırmasından, sünni azlığı qızışdırmasından və gizlicə hakimiyyəti zəiflətməyə çalışmasından bəhs edilir. Boston marafonunda çeçen Tsrnayev qardaşlarının terror törətməsini xatırladan müəllif “baş vermiş bomba partlayışları bizə başa saldı ki, Şimali Qafqaz mənşəli terrorun əli çox uzaq məsafələrə uzana və Amerikanı da vura bilər” qeyd edir.(məqalənin tərcüməsi virtualaz.orğ saytından götürülüb-red) “Bu yaxınlarda baş vermiş, ancaq barəsində çox bəhs edilməyən iki hadisə göstərir ki, bu terror təhlükəsi qonşu ölkələrə, o cümlədən müəyyən dərəcədə Azərbaycana da çata bilər. Mahaçqalada, Dağıstanın paytaxtında qonşu Azərbaycan hökumətinə qarşı bu yaxınlarda nümayiş keçirildi. Orada Azərbaycanın dağıstanlı azlıqlara qarşı pis münasibəti haqda danışılırdı. Dağıstan özü müxtəlif etnik qrupların mozaikasından ibarətdir. Təxminən elə bu vaxtlar yerli qəzetlər xəbər verdi ki, birləşmiş Rusiya-Azərbaycan patrulu Dağıstan sərhədlərində Şimali Qafqaz mənşəli terrorçulara və üsyançılara qarşı reydlər keçirir.” Stefan Blank iddiasına görə, ilk baxışdan bir-biri ilə bağlı olmayan bu xəbərlər daha ciddi təhlükəni göstərir. “Məlum olur ki, Şimali Qafqazda Moskvanın cavab tapa bilmədiyi terrorizm ABŞ-ın tərəfdaşı və Qərbin maraqlarının dəstəkçisi olan Azərbaycana da yayıla bilər. Azərbaycan artıq İrandan daimi təhdidlərlə üzləşir. İran antihökumət üsyanlarını dəstəkləyir və Azərbaycandakı islamçı qruplara silah ötürür. İran Azərbaycanın Qərbmeylli hökumətinə müxalif olduğu üçün şiə terrorçularını qızışdırır. Nəticədə təkcə 2012-ci ildə Azərbaycandakı Qərb və İsrail səfirliklərinə qarşı dörd terror planının üstü açılıb” deyə, müəllif bildirir. Məqalədə deyilir ki, indi Moskva bu cür qəsdləri sünni terrorçuların əli ilə hazırlayır. Sitat: “Əvvəllər Moskvadan idarə olunan Dağıstan KİV-lərində Azərbaycanda etnik azlıqların sıxışdırıldığı haqda məqalələr yer alsa da nümayiş olmamışdı. Lakin Bakıdakı hakimiyyət yaxşı bilir ki, Rusiyanın xüsusi xidmət orqanları Azərbaycandakı etnik azlıqları qızışdırmaq cəhdlərini heç vaxt dayandırmayıb. İndi Rusiya və Azərbaycan hüquq-mühafizə orqanlarının ümumi təhlükəyə qarşı birgə mübarizə apardığı bir vaxtda Rusiya hakimiyyəti Azərbaycandakı milli azlıqları qızışdıraraq hakimiyyəti gizlicə zəiflətməyə çalışır” Azərbaycan neft resursları və Avropaya qaz nəqlində Rusiya ilə rəqabətdə olduğunu qeyd edən Stefan Blank yazır: “Azərbaycanın Qərbyönümlü və dünyəvi siyasəti, o cümlədən İsraillə sıx əməkdaşlığı eyni dərəcədə İranı da qıcıqlandırır. Belə vəziyyətdə təəccüblü deyil ki, Rusiya və İran Suriyada olduğu kimi eyni oyunu oynayır və Azərbaycandakı Qərbyönümlü rejimi zəiflətmək istəyir. Suriyanın İran və Rusiyanı yaxınlaşdırdığı kimi biz gələcəkdə onların Azərbaycana qarşı da birgə əməkdaşlığının şahidi ola bilərik. Ona görə də ABŞ ciddi təhlükəsizlik riskləri qarşısında olan müttəfiq, dost dövləti daha çox dəstəkləməlidir”. Məlumatlara görə, “The Hill” qəzeti vaxtaşırı olaraq Azərbaycanın ABŞ üçün nə dərəcədə vacib ölkə olduğunu çatdıran, hakimiyyəti müdafiə edən yazılar dərc edir. Bu yazılar Bakının ABŞ-ın Azərbaycana dəstəyini artırmağa yönəlmiş lobbi səylərinin tərkib hissəsidir. S.Blank da əvvəllər bu cür yazılarla çıxış edib. Lakin onun indiki yazısı birbaşa Putinin səfərinin ardınca dərc edilir və kifayət qədər ilginc situasiya yaradır: Putinin səfərindən dərhal sonra ABŞ-da Rusiyanın Azərbaycanda sünni azlığı vasitəsilə hakimiyyəti zəiflətmək planlarından bəhs edən sensasion yazının dərc edilməsi ciddi suallar doğurur. Yeri gəlmişkən, “Yeni Müsavat” da Qərb ölkələrindən birinin paytaxtındakı mənbəyə istinadən belə bir təhlükənin mövcudluğundan yazmışdı. Xəbərində deyilirdi ki, bir neçə gün bundan əvvəl sosioloqlardan ibarət bir rus heyəti Bakıya gəlib. “Onların Bakının ən dəbdəbəli otelində (”Azneft" meydanındakı “Fourseason hotel”də) yerləşdikləri deyilir. Bəs, bu leqal şəkildə Azərbaycana girmiş rus ekipin məqsədi nədir? Qaynağımız deyib ki, rus ekipi Azərbaycandakı sosial vəziyyəti ciddi şəkildə öyrənmək, seçkiqabağı vəziyyəti təhlil etmək və müvafiq hesabat hazırlamaqdır. Guya onlar yekunda hakim partiyanın namizədinin xeyrinə məruzələr hazırlayacaqlar. Amma bu, rus missiyasının fəaliyyətinin görünən tərəfidir. “Çağırılmamış qonaqlar”ın əsas missiyası isə tamamilə başqadır. Onlar seçki adı ilə regionları gəzərək əhalinin əsasən nədən narazı olduqlarını öyrənmək, xüsusilə Rusiya ilə sərhəddə yaşayan etnik toplumların həyat şəraiti ilə maraqlanmaq istəyirlər. Seçki monitorinqi adı ilə etnik qrupların yasadıqları əraziləri dərindən öyrənmək və region əhalisinin hansı ehtiyaclarının olduğunu leqal səkildə analiz etmək imkanı qazanıblar. Onlar Azərbaycanın zəif nöqtələrini bəlirləyib, xüsusi siyasi xəritə düzəldəcəklər. Ölkəmizin hansı bölgələrində insanların problemi daha çoxdur, hökumətin boşluğu daha ciddidir; sonradan bu bölgələrdən xaosa start vermək planı qurulacaq" deyə məqalədə bildirilirdi.
Posted on: Sat, 17 Aug 2013 09:31:38 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015