“Abbas Abbasov Söyün Sadıqovla olan münasibətlərinə - TopicsExpress



          

“Abbas Abbasov Söyün Sadıqovla olan münasibətlərinə aydınlıq gətirməlidir” “Rüstəm İbrahimbəyov siyasətə bir kino ssenarisi kimi baxır” Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov “Yeni Müsavat”a geniş müsahibə verib. Müsahibəni diqqətinizə təqdim edirik. - Nazim bəy, Söyün Sadıqov Azərbaycan jurnalistlərinə hakimiyyətə sərt mesajların da yer aldığı bayram müraciətində özünü Putinin səlahiyyətli nümayəndəsi kimi təqdim edib. Bu, o anlamı verirmi ki, Sadıqov davamlı mesajları ilə əslində Rusiya prezidentinin sözünü çatdırır, yaxud Putin Azərbaycan hakimiyyətinə ünvanlı mövqeyini onun dili ilə ifadə edir? - Bu, Söyün Sadıqovun şəxsi düşüncələridir. Azərbaycan ictimaiyyətində özünə ad, hörmət qazanmaq üçün boş vədlər verməklə məşğuldur. Azərbaycan mətbuat işçilərinə, mətbuatına cənab prezident tərəfindən göstərilən qayğı tam mənada yetərlidir. Bunu cənab prezidentin jurnalistlərə verilən evlərin açılışında iştirak və çıxış etməsi bir daha sübut etdi. Ümumiyyətlə, Azərbaycanda mətbuata il ərzində olan dövlət qayğısı göstərir ki, Azərbaycan mətbuatının heç də kənardakı avantüristlərə ehtiyacı yoxdur və ölkə jurnalistləri heç bir zaman belə avantüristlərdən nə isə qəbul etmək istəməzlər də. Azərbaycan mətbuatında çox vətənpərvər, öz vətənini və dövlətini sevən insanlar çalışır. Söyün Sadıqov isə bu ölkədən çıxmayıb, Azərbaycanı heç dərindən tanımır, bu ölkədə olmayan birisidir. Onun kimlərə, nə şəkildə xidmət etməsi də məlum deyil. Ona görə də gəlib Azərbaycan jurnalistlərinə nəsə vəd etməsi Azərbaycan jurnalistikasına təhqirdən başqa bir şey deyil. - Söyün Sadıqovun Putinin səlahiyyətli nümayəndəsi statusundan çıxış etməsi müxtəlif şayiələrə stimul verib. Azərbaycanın rəsmi dairələri, yaxud Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya hakimiyyətinə Söyün Sadıqovun Putinin adından istifadə etməsi ilə bağlı şikayət, ya müraciət edə bilərmi? - Dövlətlərarası məsələlərdə şayiələr əsas götürülə bilməz. Azərbaycan-Rusiya münasibətləri strateji səviyyədədir, biz iki dost ölkəyik. Bizim siyasi səviyyədə və ümumiyyətlə, dövlətlərarası heç bir problemimiz yoxdur. Azərbaycanın həyatının müxtəlif istiqamətlərində Rusiya şirkətləri və təşkilatları çox fəal iştirak edirlər. Azərbaycan-Rusiya münasibətlərində o qədər genişşaxəli bir inkişaf mövcuddur ki, Söyün Sadıqov, yaxud başqa biriləri “Rusiya hakimiyyəti tərəfindən danışdırılır” fikri bir az yanlış kimi də görünə bilər. Çünki inanmıram ki, Rusiya kimi böyük bir dövlətin buna ehtiyacı olsun, yaxud Azərbaycana demək istədikləri mesajı Söyün Sadıqovun dili ilə desinlər. Bu, Söyün Sadıqovun şəxsi ambisiyalarından irəli gələ bilər. Hesab edirəm ki, bu, onun şəxsi təxəyyülünün məhsuludur. Nə dərəcədə ona nail olur, bunu Azərbaycan mətbuatı, ictimaiyyəti görür. Siyasətdən çox-çox uzaq, hətta siyasətdə naşı olan bir adamın birdən-birə çıxıb böyük siyasət haqqında danışması, siyasi fikirlər irəli sürməsi çox yanlış addımdır. Hesab edirəm ki, onun fikirlərini Azərbaycan mətbuatında geniş işıqlandırmağa, onu böyüdüb ölkə mediasının qəhrəmanı etməyə də ehtiyac yoxdur. Hər halda, əgər Söyün Sadıqovun söylədikləri Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin marağında olsaydı, bu dövlətin möhkəmlənməsi istiqamətində fikirlər söyləsəydi, bu, başqa məsələydi. Amma Söyün Sadıqovun söylədiyi bütün fikirlər Azərbaycan dövlətinin zəifləməsinə, müxtəlif dairələrdən asılı vəziyyətə düşməsinə xidmət edir. Ona görə də Azərbaycan ictimaiyyəti həmişə ayıq olub belə avantürist fikirləri heç zaman yaxın buraxmamalıdır. - Abbas Abbasov bu yaxınlarda verdiyi açıqlamasında prezident İlham Əliyevə olan sevgisindən danışdı, hakimiyyətlə problemlərinin olmadığını bildirdi. Onun bu mövqeyini yetərli sayıb Abbas Abbasovla hakimiyyət arasında olan problemin bitdiyini demək olarmı? - Həqiqətən də uzun müddətdir Abbas Abbasov Azərbaycan dövlətinə, dövlətçiliyinə yaxın olduğunu göstərir, ümummilli lideri özünə ata kimi, cənab prezidenti özünə qardaş kimi qəbul edir, onun siyasətinə sədaqətli olduğunu deyir. Azərbaycan hakimiyyətinin nümayəndəsi, diaspor siyasətini həyata keçirən qurumun rəhbəri olaraq bir şey söyləyə bilərəm ki, əgər söylənilən fikirlər realdırsa, həqiqətə uyğundursa, bunu yalnız alqışlamaq lazımdır. Abbas Abbasov Azərbaycan prezidentinin siyasi kursunu müdafiə etməkdə davam etməlidir. Paralel olaraq gördüyü işlərdə də, öz fəaliyyətində də bu sevgisini, sədaqətini göstərməlidir. Amma bir təşkilatın bayrağı altında bir nəfər Azərbaycan dövlətinə, iqtidarına düşmənçilik edir, başqa bir nəfər Azərbaycan iqtidarına, dövlətinə sevgisini bildirirsə, bu bir az anlaşılmazlıq yaradır. Bir təşkilatın ideologiyası varsa, o ideologiya bütöv olmalıdır, bir olmalıdır. Yəni bu gün eyni təşkilatın içərisindən iki insanın müxtəlif istiqamətlərdə bəyanatlar verməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bəzən ziddiyyətlər də elə burdan yaranır. Bizim zaman-zaman söylədiyimiz fikirlər də bundan qaynaqlanır ki, bir təşkilatın bayrağı altında bir-birinə tam zidd ideologiyalı insanların toplaşması suallar yaradır. Abbas Abbasov da öz söylədiyi fikirlərə uyğun olaraq fəaliyyətini Azərbaycanın dövlətçilik maraqlarına uyğun, Azərbaycan prezidentinin siyasətini dəstəkləyərək davam etdirməlidir. Həmçinin Söyün Sadıqovla olan münasibətlərinə bir aydınlıq gətirməlidir. Çünki bu iki bir-birindən köklü surətdə fərqli fikirlərə məxsus insanlardan birinin dağıdıcılıq mövqeyi, o birisinin isə bəyan etdiyi kimi, quruculuq mövqeyində durması ən azı təəccüb doğurur. Əgər bu münasibətlərdə, təşkilatın ideologiyasında tam mənada bir aydınlıq olarsa, “prezidentə sədaqətliyəm” deyən bir insanı biz də müdafiə edərik. Yəni həmin adamın əməli ilə işi uyğun gəlirsə, bizə ancaq ona uğurlar arzulamaq və yardımçı olmaq qalır. - “Milyarderlər ittifaqı” ilə bağlı ideya ortaya çıxan ərəfədə Abbas Abbasovla görüşərək bu barədə ciddi söhbət etdiyinizi demişdiniz. Bu arada necə, şəxsən, yaxud Moskvadakı diaspor təşkilatının rəhbər şəxsləri səviyyəsində görüş, təmas olubmu? - Yox, mən Abbas Abbasovla hələ o zaman, bu proseslər başlamamışdan öncə görüşmüşəm. Biz müəyyən fikir mübadiləsi aparmışdıq. Elə Azərbaycan mətbuatında verdiyimiz bəyanatları yada salsanız, görərsiniz ki, hər zaman eyni fikir söyləyirik ki, hər bir diaspor nümayəndəsinin, ümumiyyətlə, siyasətlə, ictimai işlə məşğul olan hər bir insanın fikirlərində bir ardıcıllıq, səlistlik olmalıdır, söylədiyi fikirlərlə əməlləri uyğun gəlməlidir. Biz həmişə bunu arzulamışıq və konkret insanlara da dövlətin mövqeyini, yaxud şəxsi fikrimizi çatdırarkən yenə də bunu vurğulamışıq ki, fikirlərinizin ardıcıllığını təmin edin, sözlərinizlə fəaliyyətiniz uyğun gəlməlidir. Bu zaman özünüzə inam yaradırsınız və Azərbaycan dövləti həqiqətən də sizin saf məramlı olduğunuzu görər, sizin arxanızda durar, gördüyünüz işlərdə yardımçı da olar. - Bəlkə onları Azərbaycan hakimiyyətinə qarşı sərt mövqe sərgiləməyə Azərbaycan hakimiyyəti ilə münasibətində çat yaranmış Rusiya hakimiyyətindəki müəyyən dairələr təhrik edir... - Hər bir kəs gördüyü işdə, öz istiqamətini seçməkdə azaddır. İnsanlar öz dövlətini, vətəndaşlığını, hətta dinini dəyişməkdə də sərbəstdir. Biz də onu deyirik ki, əgər kimsə təhdid, təzyiqlər vasitəsilə, yaxud başqasının təsiri ilə mövqeyini dəyişirsə, bunu cəmiyyət bilməlidir. O adam bəyanat verməlidir ki, mən artıq bu gündən fikrimi dəyişdim. Mən bu fikirləri Abbas Abbasov haqqında demirəm. Məsələnin fəlsəfi tərəfindən söhbət gedir. Abbas Abbasov indiyə qədərki bəyanatlarında Azərbaycan prezidentinin siyasətini dəstəklədiyini, Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqının milli maraqları uğrunda mübarizə apardığını, diasporu birləşdirmək istiqamətində getdiyini söyləyirsə, əgər görəcəyi işlər dediklərinə uyğun olacaqsa, o halda bizim Abbas Abbasovla heç bir problemimiz yoxdur və onun diaspor fəaliyyətinə də uğurlar arzulayırıq. - Deməli, Rusiyada ona təzyiqlər olarsa, qayıdıb Azərbaycana da gələ bilər? - Heç bir problem yoxdur. - Vahid Ələkbərov da bundan öncə Azərbaycan prezidentinə dəstəyini ifadə etmişdi. Mümkündürmü ki, milyarderlərlə bağlı məsələ ilə bu qaydada həllini tapsın və bir il öncə başlayan prosesin yekununda bu qrup Azərbaycan iqtidarına dəstək versin? - Azərbaycan dövlətinin artıq formalaşmış diaspor siyasəti var. Azərbaycan dövlətinin xaricdə yaşayan diaspor təşkilatlarına peşəkar şəkildə baxışı formalaşıb. Bu baxış tam və bütöv bir ideoloji əsasa söykənir. Hər hansı ölkədə müəyyən addımlar atılarkən Azərbaycan dövlətinin diaspor siyasətinə uyğun gəlmirsə, yaxud ona xələl gətirə bilərsə, bu fikirləri çox açıq şəkildə söyləyirik. O zaman da Rusiyada bu yeni ittifaq yaranarkən biz bu qurumun Rusiyada mövcud olan Azərbaycan diaspor təşkilatlarının birliyinə mənfi təsir edə biləcəyini, bunun gələcəkdə diaspor hərəkatını zəiflədəcəyini söyləmişdik. Bu, artıq bizim ideoloji baxımdan formalaşmış fikirlərimiz, Azərbaycan dövlətinin mövqeyi idi. Sonrakı gedişat da göstərdi ki, həqiqətən də bu addım yanlış idi və mövcud Azərbaycan diaspor təşkilatlarının daha da zəifləməsinə, parçalanmasına gətirib çıxara bilərdi. Hətta o zaman bu təşkilatın yaradılması ilə bağlı bəyan olunan ideya da öz yerini tapmadı. Proseslərin gedişi bir daha göstərdi ki, biz tərəfdən olan etirazlar, fikirlər doğru idi, biz çox düzgün mövqe tutmuşduq. Bu hərəkata qoşulan bir çox insanlar da sonradan öz çıxışlarında qeyd etdilər ki, bəlkə də bu, tələsik atılmış addım idi. Biz o zaman da ad çəkmədən demişdik ki, Azərbaycan diasporunun işində iştirak etmək istəyən hər bir şəxs Rusiyada mövcud təşkilatların birinə rəhbərlik edə bilər, biz də ona yardımçı olarıq. Yetər ki, o şəxslər həmin təşkilatların inkişafına xidmət etsin. Hələ bu, çox-çox qabaq, bu söhbətlər çıxmamışdan əvvəl idi. Bir müddət sonra sübut olundu ki, bizim düşüncələrimiz düzgündür. Demək istədiyim odur ki, diaspor quruculuğu sahəsində Abbas Abbasovun da, digərlərinin də fəaliyyətinə heç bir məhdudiyyət, maneçilik yoxdur. Yeganə arzumuz budur ki, hər kəsin bəyan etdiyi fikirlərlə fəaliyyəti bir-birini tamamlasın. - “Milyarderlər ittifaqı”ndan ayrılan Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədi kimi Avropada görüşlər keçirir. Onun şansını necə qiymətləndirirsiniz? - Mən Rüstəm İbrahimbəyov haqqında bir dəfə sizin qəzetə fikrimi söyləmişəm. Rüstəm İbrahimbəyov siyasətə bir kino ssenarisi kimi baxır. Kino ssenarilərində müxtəlif siyasi proseslər, müxtəlif liderlərin fəaliyyət yolu yazıla bilər. Ssenarist burda azaddır, ssenarini istədiyi kimi yaxşı sonluqla da, pis sonluqla da bitirə bilər. Amma real siyasət tamam fərqli bir şeydir. Siyasətdə bütün mövcud reallıqları nəzərə almaq lazımdır. İnsanın siyasi təcrübəsi olmalıdır. Rüstəm İbrahimbəyov isə siyasətdə çox naşı bir adamdır. Siyasi proseslərdə demək olar ki, heç vaxt iştirak etməmiş bir adamdır. Onun söylədiyi fikirlər də, gördüyü işlər də yazıçı təxəyyülünün məhsulu olan ssenariyə daha çox bənzəyir. Mən onun iddialarına tamamilə boş bir xəyal kimi baxıram. Rüstəm İbrahimbəyov yazıçı kimi siyasətdən bəhs edən bir ssenari yazsa, daha çox uğur qazana bilər, nəinki real siyasətdə. Elşad PAŞASOY
Posted on: Wed, 24 Jul 2013 04:53:35 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015