Axirət aləminin mərhələləri: 1- Ölüm: Ölüm ruhun - TopicsExpress



          

Axirət aləminin mərhələləri: 1- Ölüm: Ölüm ruhun təmamilə bədəndən ayrılmasına deyilir ki, hər bir insan müxtəlif xəstəliklər, hadisələr və s... səbəblərdən bu dünyadan köçəcək və dünyada etdiyi əməllərə görə Allah qarşısında hazır olacaqdır. Bir sıra rəvayətlərə əsasən ölüm, mömin və yaxşı əməl sahibləri üçün asan, kafirlər və günahkarlar üçün isə çətin və ağır olacaqdır. Kafirlər və qeyb aləmini inkar edənlər ölümü aradan gedib məhv olmaq kimi qələmə verir, möminlər və saleh bəndələr isə onu məhv olmaq deyil, əksinə əbədi yaşayışa qovuşmaq bilirlər. 2- Qəbr: Ruhu bədənindən çıxmış insan qüsl, kəfən və s... işlərdən sonra qəbrdə dəfn olunur. Kafir, müşrik və günahkarlar üçün qəbr sıxıntısı ən qorxulu və dözülməz hadisələrdən biri sayılır. İstər müsəlman, istərsə də qeyri-müsəlman üçün qəbr məsələlərindən biri də münkir və nəkirin ölüdən bir sıra suallar soruşmasıdır. Onlar qəbrdə olan insandan Allah, peyğəmbər, müqəddəs kitab, imam və s... məsələlər haqda sual edəcəkdir. 3- Bərzəx: Bərzəx aləmi Qiyamət gününədək möminlər və kafirlərin qalacağı müvəqqəti bir yerdir ki, möminlər Qiyamət gününədək orada cənnətə oxşar müvəqqəti yerdə, kafirlər isə cəhənnəmə oxşar bir yerdə qalacaqlar. Bu aləm dünya həyatı ilə Axirət arasında olan ayrılıq və boşluğu doldurduğu üçün «Bərzəx» adlanmışdır. 4- Qiyamət: «Qiyamət» sözü ayağa qalxmaq və dirçəliş mənasını daşıyır. Qurani-kərimdə bu gün «Yəvmud-din» (cəza və mükafat), «Yəvmul-axir» (son gün), «Yəvmul-həsrət» (Həsrət günü,) «Yəvmul-üsr» (çətin gün) və «Yəvmə tubləs-sərair» (pərdələrin kənara gedib, sirlərin aşkar olduğu gün) kimi adlarla yad edilmişdir. Qurani-kərimin buyurduğuna görə iki dəfə İsrafilin vasitəsi ilə şeypur çalınacaq. Birinci dəfə çalınanda yerdə və göylərdə olan canlı varlıqlar öləcək və bununla da Qiyamət günü başlanacaqdır. Şeypur ikinci dəfə çalındıqda isə ölmüş canlılar bir daha diriləcək və Allah hüzurunda dayanacaqlar. Qurani-kərimdə oxuyuruq: «İsrafil şeypuru çalacaq və Allah istədiyi kəslərdən başqa göylərdə və yerdə olan bütün canlılar öləcəkdir və sonra bir daha şeypur çalındıqda, insanlar ölümdən ayılaraq (məhşərə) baxacaqlar.» Qiyamət gününün necə ağır və dəhşətli olduğunu diqqətinizə çatdırmaq üçün bir neçə ayəni qeyd edirik: «Bağışlayan va mehriban Allahın adı ilə. Ey insanlar! Rəbbinizdən (qorxub) pərhizkar olun ki, şübhəsiz Qiyamət gününün zəlzəlzsi çox böyuk bir Hadisədir. O gün bütün südverən analar qorxudan öz körpələrini unudacaq və bütün hamilə qadınlar uşaqlarını salacaqlar. O gün xalqı məst halda görəcəksən, halbuki onlar məst deyil və lakin Allahın əzabı şiddətlidir.» Nəql olunmuş rəvayətə əsasən, bu ayələr «Bənil-müstələq» döyüşündə Həzrət Peyğəmbərə (s) nazil oldu. Peyğəmbər onu müsəlmanlar üçün oxudu və onlar qorxudan ağlayaraq pərişan oldular. hamılıqla o günün şərrindən Allaha pənah aparırıq. 5-Qəbrdən qalxmaq: Həzrət İsrafilin çaldığı ikinci şeypurdan sonra əvvəldən dəfn olunmuş insanlar öz qəbrlərindən qalxacaq və etdiyi əməllərin hesabını görəcəklər. Qurani-kərim bu haqda buyurur: «(Onlar) qəbrlərdən çıxaraq həşəratlar kimi məhşərə səpələnəcəklər.» 6-Əməllərin hesablanması: Qurani-kərimin buyurduğuna əsasən, Qiyamət günündə zərrə qədər də olsa, yaxşı və pis əməllər ölçüləcək və onların hər biri üçün savab və cəza veriləcəkdir. Rəvayətlərdən belə başa düşülür ki, yaxşı əməlləri artırıb daha çox savab almaq üçün Həzrət Peyğəmbər (s) və onun pak ailəsinə salavat göndərmək, («Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd»)-sözünü demək, həmçinin xoş əxlaqlı olmaq çox faydalıdır. Bu mərhələdə əməllərin ölçülüb hesablanması üçün bir sıra şahidlər şəhadət verəcəkdir. Qurani-kərimin ayələrindən istifadə olunduğu kimi, Qiyamət günündə şəhadət verənlər aşağıdakılardan ibarətdir: Birinci: Allah-təala; İkinci: İslam ümmətinin peyğəmbəri; Üçüncü: İnsanın bədən üzvləri; Dördüncü: Mələklər; Beşinci: Yer; Həmçinin Qurani-kərimdə qiyamət günündə İslam ümməti, əməllər kitabı və əməllərin şəhadət verməsi barədə də söz açılmışdır. 7-Əməllər kitabının verilməsi: Axirət aləminin həyəcanlı mərhələlərindən biri də insanlara əməllər kitabının verilməsidir. Bu kitab insana sağ tərəfdən verilərsə onun cənnətə, sol tərəfdən verilərsə, cəhənnəmə kedəcəyi məlum olacaqdır. İnsanların bütün yaxşı və pis işləri bu kitabda yazılı halda təhvil veriləcəkdir ki, Qurani-kərimdə bu haqda belə buyurulur: «Onlar deyərlər: Vay olsun bizə! Bu nə cür kitabdır ki, bizim bütün kiçik və böyük əməllərimizi (unutmamış) və saxlamışdır!.» 8-Sirat körpüsü: Axirət aləminin ən qorxulu mərhələlərindən biri də bütün insanların siratdan keçməsidir. Sirat yeddi dayanacaqdan ibarət bir körpüdür. Bu dayanacaqlar aşağıdakılardan ibarətdir: Birinci: Rəhm (qohum-əqrəba ilə yaxşı rabitə), əmanət və məsumların vilayət və imaməti; İkinci: Namaz; Üçüncü: Xüms və zəkat; Dördüncü: Oruc; Beşinci: Həcc; Altıncı: Təharət və təmizlik; Yeddinci: Məzalim (haqqun-nas və yaxud xalqın hüquqları); Məryəm surəsinin 70-ci ayəsinə əsasən, bütün insanlar bu sirat körpüsündən keçməli, amma günahkarlar sirat üzərində büdrəyib Cəhənnəmə düşəcəklər. Sadaladığımız yeddi dayanacağın hər birində insandan bu əməllərin yerinə yetirib-yetirməməsi soruşulacaq, onları yerinə yetirmişsə tez keçəcək, əks təqdirdə isə ayağı büdrəyəcəkdir. Amma mömin şəxslər bu körpünü bir göz qırpımında keçəcəklər. 9-Behişt ya Cəhənnəm: Axirət aləminin sonuncu və əbədi mərhələsi cənnət və ya cəhənnəmdən ibarətdir ki, cənnət yaxşı əməl sahibləri olan möminlər, cəhənnəm isə müşrik və kafirlər üçün əbədi bir yerdir. Məşhur alim Şeyx Səduq (r.ə) bu barədə deyir: «Cənnət haqda əqidəmiz belədir: Həqiqətən cənnət əbədilik və sağlamlıq evidir. Orada ölüm, qocalıq, xəstəlik, ziyan və fanilik yoxdur...həmçinin cənnətdə Heç bir qəm-qüssə, hacət və yoxsulluq olmayacaq. Cənnət ehtiyacsızlıq və səadət evidir.» Cəhənnəm Haqda olan əqidəmiz isə belədir: Həqiqətən cəhənnəm zillət evi olub küfr və günah əhlindən intiqam alınmaq yeridir ki, yalnız küfr və şirk əhli orada əbədi olaraq qalacaqdır.»
Posted on: Mon, 28 Oct 2013 15:33:00 +0000

Trending Topics




© 2015