Azərbaycan Qarabağ həqiqətlərini İrəvanda bəyan edən - TopicsExpress



          

Azərbaycan Qarabağ həqiqətlərini İrəvanda bəyan edən ombudsmanın müdafiəsinə qalxdı Elman Abdullayev: “Bu, təkcə cəsarətli deyil, həm də 20 ildən artıqdır hüquqları pozulan milyondan artıq insanın müdafiəsinə yönəlmiş obyektiv addımdır”Beynəlxalq aləm Qarabağda hərbi əməliyyatların başlayacağından narahatdır; ATƏT sədri Bakıya gəlir Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında ermənilərin qeyri-konstruktivliyi səbəbindən əldə olunmaması artıq rəsmi Bakı tərəfindən tez-tez vurğulanır və danışıqların perspektivinə olan ümidlər daha çox itir. Elə Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “proseslərin bu şəkildə davamı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə olan ümidləri tükədir” sözləri də sülh prosesinin iflasa uğramasının rəsmi təsdiqidir. Artıq Azərbaycan hakimiyyəti 20 ilə yaxındır davam edən sülh danışıqlarının tərəfləri davamlı sülhə aparacağına və işğal altındakı torpaqlarının azad ediləcəyinə ümidlərinin qalmadığını bəyan edir. Administrasiya rəsmisinin bu bəyanatı Azərbaycanda keçirilən hərbi paradda Ali Baş Komandan İlham Əliyevin “bayrağımız Xankəndində və Şuşada dalğalanacaq” deyərək düşmənə torpaq güzəştinin mümkünsüzlüyünü bəyan etməsindən sonraya təsadüf edir ki, bu da hərb yolunun yenidən əsas həll yolu kimi ciddi şəkildə nəzərdən keçirildiyi anlamını verir. Azərbaycanın müasir silah və texnikasını nümayiş etdirdiyi möhtəşəm hərbi parad bir sıra beynəlxalq çevrələri də narahat edib ki, bu barədə ötən saylarımızda da yazmışdıq. Belə bir ərəfədə ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranın Azərbaycana səfərinin nəzərdə tutulması da güman olunur ki, hərbi əməliyyatların başlaya biləcəyindən doğan narahatçılığın nəticəsidir. Bu səfər barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verərək deyib ki, Kojara iyulun 8-də XİN-də və digər ölkə rəsmiləri ilə görüşlər keçirəcək. Hər halda onun Azərbaycana səfərinin ölkə rəsmilərinin mövqeyində hansı dəyişikliklərə səbəb olacağını indidən demək olmaz. Reallıq isə budur ki, erməni işğalçılarının qudurğanlığı və həyasızlığı getdikcə artır. Belə ki, düşmən tərəf Xocavənddə 11 ölkədən dəvət olunmuş nümayəndə heyətlərinin iştirakı ilə tədbirlər keçirib və özlərini Qarabağın sahibi kimi təqdim ediblər. Düzdür, hələlik rəsmi Bakı bu səfərlərlə bağlı araşdırmalar aparır. Ancaq işğalçı Ermənistanın arxasındakı havadarlarından dəstək aldıqca azğınlığı və beynəlxalq qanunlara sayğısız münasibətinin davam edəcəyi şübhəsizdir. Elə iki gündə də erməni silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması, təmas xəttinin digər hissəsində monitorinq keçirən ATƏT təmsilçilərini saya salmadan Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Əbdürrəhmanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması həyasızlığın bariz nümunəsidir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. Belə olan təqdirdə şübhəsiz ki, düşmənin günü birində islah olacağını gözləmək sadəlövhlükdür. Fakt budur ki, 20 ildən çoxdur davam edən və bu gün də öz həllini tapmayan Qarabağ münaqişəsinin çözümü istiqamətindəki sülh danışıqları heç bir nəticə vermir. Konfliktin nizamlanması üçün 1992-ci ilin mart ayında ATƏT-in Minsk Qrupu yaradılsa da, hələlik həmin təşkilatın münaqişə regionlarına turist səfərlərini xatırladan “sülh missiyası” hansısa uğura imza ata bilməyib. ABŞ, Rusiya və Fransanın rəhbərlik etdiyi Minsk Qrupunun sülhyaratma prosesindəki rolunun müsbət irəliləyişlərə gətirib çıxartmadığını artıq N.Məmmədovun şəxsində ölkə rəsmiləri də etiraf edirsə, demək bundan sonra ölü formatın hansısa müsbət addımını gözləməyə dəyməz. Ancaq danışıqların yerini hərb qərarının tutacağı şübhə ilə qarşılanır. Politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynli modern.az-a deyib ki, Minsk Qrupunun fəaliyyətsizliyi heç də müharibə variantını aktuallaşdırmır: “Əksinə Minsk Qrupunu fəaliyyətə gətirmək üçün Azərbaycan tərəfi müəyyən səylər göstərməlidir. Məsələn, Minsk Qrupunun formatı dəyişə bilər, əgər bu mümkün deyilsə, münaqişənin həllini başqa siyasi müstəviyə keçirmək olar. Tutaq ki, ATƏT-in Minsk Qrupundan BMT-nin hər hansı bir orqanının nəzarətinə vermək olar” deyən siyasi ekspert hesab edir ki, sülh variantları istiqamətində müxtəlif siyasi manevrlər həyata keçirmək mümkündür". Analitikin fikrincə, dərhal müharibə variantını gündəmə gətirmək yanlış addımdır: “Çünki dünya hələ ki, konfliktlərin müharibə yolu ilə həllini qəbul etmir və bundan sonra da belə olacaq”. Q. Hüseynli ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsinin də əhəmiyyətini vurğulayıb. Politoloq bildirib ki, Minsk Qrupu öz işinin öhdəsindən gəlmirsə, Azərbaycan bu qrupdan imtina etməlidir: “Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Amma bu potensialdan istifadə edilmir. Maraqlıdır, görəsən Azərbaycan bu imkandan nə vaxt istifadə edəcək? İlin sonuna qədər Azərbaycan BMT TŞ-da təmsil olunacaq. Bu müddətdə heç olmazsa, bir təşəbbüslə çıxış etmək lazımdır”. Q.Hüseynli hərbi potensialın gücləndirilməsini də istisna etmir: “Hər zaman müharibəyə hazır olmaq lazımdır. Ancaq qarşıda Rusiya faktoru olduğundan bu gün müharibə haqqında birmənalı qaydada danışmaq çətindir. Bu nöqteyi-nəzərdən beynəlxalq ictimaiyyətdə sülh istiqamətində işləri gücləndirmək lazımdır. Real həqiqət dünyanın güc mərkəzlərini bu prosesə cəlb etməkdir”. Ancaq fakt budur ki, ermənilər sülh prosesini uzatmaq, status-kvonu saxlamaqla işğal altındakı ərazilərdə qanunsuz köçürülmələri reallaşdırır, narkotik məhsulların yetişdirilməsi və satışı kimi cinayətkar əməllərlə məşğul olur ki, artıq bu faktlar beynəlxalq aləmin də nəzər-diqqətinə çatdırılır. “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz əməllər, hətta terrorist fəaliyyətin mərkəzinə çevrilib. Azərbaycanın işğal olunmuş əraziləri terrorçuların təlimi üçün istifadə olunur”. Trend-in Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu SAM-ın direktoru Fərhad Məmmədov Londonda “Siyasi gündəliyin əhatəsini genişləndirmək: Britaniya və Azərbaycan münasibətləri Avropa kontekstində” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib. F.Məmmədov deyib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz əməllər, hətta terrorçu fəaliyyətin mərkəzinə çevrilib. SAM-ın direktoru deyib ki, qanunsuz silah alveri - yüngül və kiçik çaplı silahların alveri münaqişənin həllinə problem yaradır: “Belə ki, bu alverdən xeyir götürənlər, başqa qeyri-qanuni fəaliyyət növlərində olduğu kimi, öz maliyyə mənbələrini itirmək istəmirlər”. Qurum rəhbərinin sözlərinə görə, Azərbaycanın 2010-cu ildə qəbul olunan Hərbi Doktrinasında vurğulanır ki, Azərbaycan dövlət orqanlarının nəzarətindən müvəqqəti olaraq kənarda qalan Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən işğalı nəinki milli təhlükəsizliyə zərər vurur, eyni zamanda, regional təhlükəsizliyə ciddi mənfi təsir göstərir: “Ermənistan beynəlxalq müqavilələri pozub, bu isə qorxulu nəticələrə gətirib çıxara bilər”. F.Məmmədov qeyd edib ki, bu ərazilərin Ermənistan tərəfindən işğalı Qafqazın ekoloji təhlükəsizliyinə ciddi təhlükədir: “Azərbaycanın hərbi büdcəsi bu il 3,7 milyard dollardan çoxdur, bu isə Ermənistanın ümumi dövlət büdcəsindən çoxdur”. SAM-ın direktoru bildirib ki, Dağlıq Qarabağ post-sovet məkanında ən ciddi və uzunmüddətli münaqişə olaraq qalır: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsini öz ərazi bütövlüyü və suveren müstəqilliyi üçün təhlükə kimi görür”. Azərbaycanın Dağlıq Qarabağ əhalisinin “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi tərəfindən təmsil olunduğunu xatırladan Məmmədov bildirib ki, icma üzvləri erməni həmkarları ilə görüşmək üçün bir neçə dəfə cəhd ediblər: “Əgər inam yaratmaq istəyi varsa, ermənilərin belə görüşlərdən imtina etməsini necə başa düşmək olar? Ermənilərin bu görüşlərdən imtina etməsinə səbəb bu münaqişənin sülh yolu ilə həlli üçün yol aça biləcəyindən qorxmalarıdır”. Artıq Qarabağ həqiqətləri, Ermənistanın həyata keçirdiyi cinayətlər nəinki beynəlxalq aləmdə, həmçinin Ermənistanın özündə də dilə gətirilir. Elə iki gün öncə İrəvanda keçirilən Ümumavropa konfransında moldovalı ombudsman xanım Aureli Qriqorinin erməniləri şoka salan çıxışı buna misaldır. Xatırladaq ki, moldovalı xanım “Dondurulmuş münaqişələr ərazilərində insan hüquqlarının müdafiəsinə riayət edilməsi” mövzusunda çıxış edərkən Ermənistanın Azərbaycan ərazisinin 20%-ni işğal etdiyini, Xocalı faciəsinin soyqırım olduğunu deyib, erməniləri işğalçı olmaqda ittiham edib. Çıxışında erməniləri obyektiv tənqid etdiyinə görə, parlamentin vitse-spikeri və deputatlar tərəfindən ciddi təzyiqlərə məruz qalıb. İclası aparan erməni deputat Davit Harutyunyan moldovan xanımın sözünü kəsərək ona reqlamentə uyğun olaraq verilmiş 15 dəqiqəlik vaxtın bitdiyini bildirib. A.Qriqrori isə cavabında əlavə 3 dəqiqə vaxt istəyib və sözünün kəsildiyinə görə təəccüblənmədiyini bildirib. BDU-nun Erməni Araşdırmaları ETL-nin böyük elmi işçisi Tanrıverdi İsmayılın “Qafqazinfo”ya bu barədə bildirdiyinə görə, erməni deputatlar mövzunun elmi konfransla heç bir əlaqəsinin olmadığını iddia ediblər. Tədbirin sonunda isə erməni jurnalistlər təxribat xarakterli suallarla moldovalı ombudsmana qarşı təzyiqlər göstərib və onu Azərbaycana satılmaqda ittiham ediblər. Ancaq bu suallar moldovan xanımı öz fikrindən döndərməyib. Artıq rəsmi Bakı erməni təzyiqlərinə məruz qalan həqiqət carçısı olan moldovan xanımın müdafiəsi ilə bağlı bəyanat verib. “Moldova ombudsmanının Ermənistan parlamentində çıxışı dünya birliyinin Ermənistanın militarist və işğalçı siyasəti ilə barışa bilmədiyinin göstəricisidir”. Bu açıqlamanı isə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. Moldova ombudsmanının Ermənistan parlamentində çıxış edərək bu ölkənin işğalçı siyasətini pisləməsini və Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməsi barədə bəyanatını şərh edən E.Abdullayev bildirib ki, bu çıxış xüsusilə insan haqları üzrə ixtisaslaşan bir çox beynəlxalq təşkilatlar üçün nümunə rolu oynaya bilər. “İnsan haqlarının kütləvi şəkildə pozulması beynəlxalq birliyin diqqətindən kənarda qalmamalıdır və dünya ictimaiyyəti bu kimi hallara sərt reaksiya verməlidir. Söhbət Azərbaycan ərazilərində aparılan etnik təmizləmə siyasətindən və insanların öz yurdlarından zorla qovulmasından gedir. Bu, təkcə cəsarətli deyil, həm də 20 ildən artıqdır hüquqları pozulan milyondan artıq qaçqın və məcburi köçkünlərin müdafiəsinə yönəlmiş obyektiv addımdır. Ermənistan anlamalıdır ki, Xocalıda insanlığa qarşı cinayət törədilməsi cinayətini, etnik təmizləmələri, sərhədlərin zorla dəyişdirilməsinə cəhdləri gizlətmək olmaz”.
Posted on: Sat, 06 Jul 2013 05:23:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015