Ağır və acı hadisələr müqabilində qəhrəmancasına - TopicsExpress



          

Ağır və acı hadisələr müqabilində qəhrəmancasına dözüb səbir edən qadınlardan biri də Fironun həyat yoldaşı, Məzahimin qızı Həzrət Asiyədir. Allah-təala Qurani-Məciddə bu qadını mömin şəxslər üçün məsəl çəkir və onun örnək kimi yad edir. “Təhrim” surəsinin 11-ci ayəsində buyurulur: “Allah iman gətirənlərə Fironun zövcəsini məsəl çəkir. Bir zaman o: “Ey Rəbbim! Mənim üçün Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et” demişdi”. Bu qadın Fironun həyat yoldaşı olaraq sarayda, ləl- cəvahirat və bər-bəzək içində yaşasa da, heç vaxt bunlara aldanmadı. Xəlvətdə Musaya (ə) və Allaha iman gətirdi. Musanı (ə) uşaqlıq dövründə sudan götürdü və onu doğma anadan da yaxşı himayə etdi, heç vaxt qoymadı ki, ona bir zərər dəysin. Bu imanlı qadının o qədər dərin düşüncəsi və uzaqgörənliyi var idi ki, rəvayətlərə əsasən bir göz qırpımı qədərincə İlahi vəhyə kafir olmadı. O, Allahpərəst bir partizan kimi imkanı olan qədər Musaya (ə) kömək edir və Firona, onun əqidəsinə zərbə vururdu. Hizbilin uşaqlarının və həyat yoldaşının ürəkyandırıcı hadisəsi baş verəndə Asiyə daha fəryadlarını boğazında boğmadı, ağzına sükut möhürü vura bilmədi. Fironun qarşısında durub qətiyyətlə dedi: “Ey Firon! Nə vaxta qədər qəflət yuxusunda qalacaq və Allahın həqiqi bəndələrini yandıracaqsan?” Firon dedi: “Mənim allahlığıma sən də şəkk edirsənmi?” Asiyə dedi: “Mənim sənin allahlığına etiqadım var idi ki, bu gün də şəkk edəm? Mən Musanı (ə) Nil çayından götürdüyüm gündən onun peyğəmbərliyinə etiqadlı olmuşam. Buna görə də bacardığım qədər onu qorudum”. Firon Asiyənin ağır cavabından elə narahat oldu ki, qəzəblə qışqırdı: “Ey Asiyə! Səni elə öldürəcəm ki, indiyə kimi heç kəsi belə öldürməmişəm”. Fironun əmri ilə Asiyanı yerə uzadıb əl-ayağını dörd mıxa bağladılar və sinəsinə böyük daş parçası qoydular. Belə bir vəziyyətdə ona dedi: “Ey Asiyə! Musanın Allahına de ki, səni bu işgəncələrdən qurtarsın”. Asiyə işgəncə altında çox narahat idi. Bu xəbər Musaya (ə) çatdı. Musa (ə) Allaha ərz etdi: “Ya Rəbbim! Asiyə üçün can verməyi asanlaşdır”. Quranın (“Təhrim” surəsi, ayə 11) buyurduğuna əsasən, Asiyə deyirdi: “Ey Rəbbim! Mənim üçün Cənnətdə bir ev tik. Məni Firondan və onun zalım qövmündən xilas et”. Allah Asiyənin məqamını onu göstərdi və ruhunu gücləndirdi. O, behişt nemətlərindən yeyir və içirdi. Asiyə bunları gördükdən sonra sevindi və göz yaşı təbəssümə döndü. Firon təəccüblə dedi: “Həyat yoldaşım dəli olub. O belə bir vəziyyətdə gülür və boş yerə özünü ölümə verib!” Asiyə dedi: “And olsun Allaha! Dəli olmamışam. Əksinə, öz yerimi Cənnətdə görürəm”. O, elə həmin halda Allahının görüşünə tələsdi və şəhid oldu. Asiyəyə qızmar günəş altında işgəncə veriləndə, mələklər sıraya düzülüb günəşin qabağında duraraq ona kölgə saldılar. O, Cənnətin ən yaxşı qadınları və tarixin dörd ən yaxşı nümunəvi, yəni Asiyə, Məryəm (ə), Xədicə (ə) və Fatimə (ə) kimi xanımlarından birinə çevrildi. Bəzi hədis kitablarına əsasən, Asiyə dünyada ən pis insanın həyat yoldaşı idi. O, fədakarlığı və səbirli olması nəticəsində elə bir məqama çatdı ki, axirətdə ən yaxşı insanın həyat yoldaşı olacaq. Bu, dözümlü, səbirli, fədakar, dini himayə edən və Allah yolunun yolçusu olan qadının mükafatı idi.
Posted on: Fri, 05 Jul 2013 20:26:26 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015