Gülüş insanın sağlamlığı və psixikası üçün - TopicsExpress



          

Gülüş insanın sağlamlığı və psixikası üçün əvəzsizdirHəyatlarının ilk aylarından müsbət emosiyaların təsirindən gülümsəməyi öyrənən insanlar yaşa dolduqca bunu müxtəlif səbəblərə görə edirlər. Belə ki, bəziləri əsəbindən, bəziləri içindəki mənfi fikirləri və ya kiməsə olan xoşagəlməz münasibəti gizlətmək, xoş təəssürat oyatmaq, pərt olduğunu büruzə verməmək və ya həqiqətən də xoşbəxt olduğu və gülməli bir şeyin baş verdiyi üçün gülürlər.Mütəxəssislərə görə, bütün sadalanan gülüşlərdən yalnız təbii, müsbət emosiyalara əsaslanan gülüş möcüzələr edə bilər. Gülüşün təsir gücünü, gülərkən baş verən proses və dəyişiklikləri isə gelotologiya adlı elm sahəsi tədqiq edir. Qeyd edək ki, gelotologiya (yunan sözü olub gelos-gülüş) gülmə haqqında sənətdir. Gelotogiya elminin banisi Uilyam F.Fray hesab edilir.Psixoloq Jalə Həmidlinin sözlərinə görə, nikbin insanlar bədbinlərə nisbətən şəxsi həyatda daha xoşbəxt olurlar. Belə ki, şən insanlar maqnit kimi ətrafdakıları özünə cəlb edirlər. Onlar kiminləsə ünsiyyət qurmaqda problem yaşamır, pozitiv düşündüyü üçün digərlərini neqativ fikirlərlərlə, daim gileylənməklə yormurlar. Həm də hər bir insan daxildə xoşbəxt olmağı arzulayır. Bu səbəbdən də istər bədbin, istərsə də şən insanlar daha xoşbəxt görünən, gülərüzlüyü ilə fərqlənən insanlara can atırlar. Lakin yalandan gülərək şən görünmək istəyən insanlar öz üz ifadələri ilə kədərlərini, sıxıntılarını büruzə verirlər.J.Həmidli hesab edir ki, gülüş insanın zehni qabiliyyətini, yaradıcılıq təxəyyülünü daha da inkişaf etdirir. Çox gülən və şən insanlar ən çətin anlarda belə çıxış yolu tapırlar. "Onlar kədərli insanlara nisbətən daha pozitiv düşündüyü üçün problemləri tez həll edə bilir və ruh düşgünlüyünə nadir hallarda düşürlər. Qeyri-adi düşüncə tərzi ilə fərqlənən nikbin insanlar istənilən sahədə təəccübləndirməyi də bacarırlar. Gülüş insanı psixoloji cəhətdən güclü etməklə yanaşı, immun sistemini də gücləndirir, sağlamlığın möhkəmlənməsinə və bir sıra xəstəliklərin müalicəsinə müsbət təsir edir".Psixoloq bildirib ki, insanın gülməsi üçün 3 prosesin olması şərtdir. Gülüşün olması üçün nə isə baş verməlidir. Misal üçün, kimsə yüngülcə və gülməli tərzdə yıxılır və ya kimsə ictimai yerdə rüsvay olur. Adətən belə şeylər insanda gülüş doğurur. Gülüş üçün digər mühüm proses gülüşün qavranılmasıdır. Bunlarla yanaşı, gülüşün olması üçün üz əzələlərini hərəkət etdirən motor hissə də vacibdir. Əzələlər, əzələləri hərəkət etdirən sinirlər və sinir bağları da əhəmiyyətlidir.Həmidli deyir ki, gülərkən insan heç bir idman məşğələsi etməsə də, əzələlərin hərəkətə keçməsinə görə, gülüş idman qədər orqanizmə müsbət təsir edir. Qəhqəhə hətta səhər idmanı ilə bərabər tutulur: "Gülən zaman insanın ürəyi sürətlə döyünür, tənəffüsü dəyişir, norokimyəvi maddə səviyyəsi dəyişir, immun sistemi güclənir. Eləcə də yüzlərlə insanın 20 illik tədqiqatı nəticəsində məlum olub ki, gülmək onkoloji xəstəliklərə tutulmanın qarşısını alır. Bu, ona görə baş verir ki, yaxşı əhval-ruhiyyə, xüsusən gülmək hüceyrələri yeniləyir və bu hüceyrələr orqanizmin müqavimətini artırır. Çox gülən və şən insanların daha sağlam və uzunömürlü olması da sübut olunub".Müsahibimizin sözlərinə görə, gülməyin faydalı tərəfləri kimi zərərli tərəfləri də var. Məsələn, bəzi əməliyyat keçirmiş xəstələrə qəhqəhə çəkmək məsləhət görülmür. Belə ki, hər şeyin ifratı zərərli olduğu üçün gülüşün də həddini bilmək lazımdır. "Təbəssüm bir çox münasibətlərdə açar rolunu oynasa da, şit qəhqəhə münasibətlərin qırılmasına səbəb ola bilər. Eləcə də adam arasında tez-tez qəhqəhə edən insan qeyri-ciddi təəssürat oyadar".Qeyd edək ki, gülüş uşaqların inkişafını sürətləndirir. Belə ki, Stendford Universitetində 6-12 yaş arasında olan uşaqlarda aparılan təcrübələrə görə, gülüş zamanı beynin müəyyən sahələri aktivləşir. Təcrübələrin nəticəsindən məlum olub ki, çox güldükcə uşaq daha da inkişaf edir. Bu səbəbdən də gülüş uşaqların həyatında vacib rol oynayır. Adətən körpələr 2-3 aylığında gülümsəməyə başlasalar da, həyatının ilk günlərində gülümsəyən körpələrə də rast gəlinir. İlk günlərdən gülümsəmək bacarığı körpələrin uğuru kimi qiymətləndirilir. 6 yaşında isə artıq uşaq daha çox şənlənə bilir və gün ərzində təxminən 300 dəfə gülür. Yetkin insanlar isə gün ərzində 10-15 dəfə gülürlər.Daha çox gülmək və şən olmaq üçünsə ilk növbədə daxildən dəyişmək, neqativ fikirlərdən uzaqlaşaraq, yaxşı şeylər barədə düşünmək lazımdır. Əslində eyni bir hadisə haqqında həm yaxşı, həm də pis şeylər düşünmək olar. Amma bədbin insanlar hər bir hadisənin və hətta insanın neqativ tərəflərini görməyə alışıblar. Bu vərdişdən uzaqlaşmaq üçünsə bir müddət öz üzərində məşq etmək lazımdır. Məsələn, gülməli filmlərə baxmaq, lətifələr dinləmək, oxumaq və ya danışmaq, daha çox gözəllikləri seyr etmək və pis fikirləri özündən uzaqlaşdırmaq. Əylənmək, istirahət etmək, dost-tanışla vaxt keçirmək də insanda müsbət fikirlərin çoxalmasına səbəb olur. Qapanıb, yalnız problemləri düşünərək yaşamaq isə insanı get-gedə cansıxıcı birinə çevirir. Təəssüf olsun ki, gülüşün xeyiri barədə əksəriyyət bilsə də, insanlarda nədənsə neqativ fikirlərə meyl daha güclüdür.. -
Posted on: Tue, 01 Oct 2013 08:29:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015