HƏYAT FƏLSƏFƏSİ Quşlar qatar-qatar ellərdən keçər, - TopicsExpress



          

HƏYAT FƏLSƏFƏSİ Quşlar qatar-qatar ellərdən keçər, Bəşər nəsil-nəsil dünyadan köçər; İnsanlıq gah zəhər, gah şərbət içər… Əzəldən belədir hökmü zamanın - Düyümlü bir sirri var asimanın! Çarxını qurduqça dövranın əli Bəzən ağlar olur, bəzən gülməli… İnsanın ən böyük eşqi, əməli Bəzən aslan kimi çırpınır darda, Bəzən də qərq olur fırtınalarda… Dəyişir səmtini daima sular, Dəyişir fikirlər, dönür duyğular. Kainat tutmayır bir yerdə qərar: - Çarpır sinəsini qayalıqlara- O gah qışa çıxır, gah da bahara! Dünya binasını qurandan bəri Səadət adlanan o gözəl pəri Gəl! - deyə səsləmiş qərinələri; Yazıqlar olsun ki, hələ insanlıq Gəlib qovuşmamış ona bir anlıq. Ey dünya gözəli, qaçma bəşərdən! İnsandır ayıran xeyiri şərdən! Gəl onun eşqini ücüz tutma sən, - Qəlbi var, hissi var hər məhəbbətin, Qaralmaz ulduzu əbədiyyətın!… Ölüm bir iblisdir, həyat bir mələk! Varlığı izləyir heçlik kölgə tək… İşıq qaranlıqla pəncələşərək Yaşatmaq istəyir cahanda bizi, Günəş salamlayır iradəmizi! Yamanlıq, yaxşılıq durmuş üz-üzə, Dilsiz əsrlərdən mirasdır bizə. Əsir bahar yeli qəlblərimizə, Lakin arxasınca kəfən geyir qış, Təbiət varlığa belə qarğamış. Bir bayram sözü var, bir də ki, matəm, Nəşə bir aləmdir, qüssə bir aləm. Həyat öz atını sürür dəmadəm; Odlar içində də hər bir mənzərə Yenə qanad verir düşüncələrə! Yenə də insanın xəyal şəhpəri Gəzir fəzaları, göy dənizləri. Sən ey səadətin gözəl pak əməlini, Uzat yer üzünə hünər əlini! Zamandır, bəşərin imdadına gəl! Xəstə bir gözəldir hünərsiz əməl… Hünər söylədiyim o qüdrətli əl Bütün kainata qoy qanad gərsin, Bəşər karvanına o yol göstərsin. Hünər qanad versin torpağa, daşa, Dənizlər çatılıb gəlsin baş-başa… Azadlıq ordusu varsın birbaşa, Hər zəfər dastanı yadigar olsun, Ölüm təslim olsun, həyat var olsun! Dünyaya bir şöhrət yaranmışıq biz, Günəş çökməmişdir qaranlığa diz. Qoy ölsün yamanlıq, o xain iblis!… Yaxşılıq çağırsın hər qəlbin neyi, Qurtaraq zəncirdən Prometeyi… Fəlakət qocalmış…qartdır o köpək. Onun sümükləri tez çürüyəcək… Səadət - gənclikdir, adı - gələcək! Onun gözlərində həyat eşqi var- Var olsun gələcək! Var olsun bahar;
Posted on: Sun, 06 Oct 2013 18:28:16 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015