Kultura.Az saytına hücum olub. Eynulla Fətullayev və - TopicsExpress



          

Kultura.Az saytına hücum olub. Eynulla Fətullayev və hakimiyyət sonuncu romanımdan parçanın saytda yayınlanmasından ciddi narahat olunublar görünür. Amma boşuna. Bu romanın almanca çapı hazırlanır və heç bir qüvvə bunun qarşısını ala bilməz. Siz onun bir parçasının yayınlandığı saytı dağıdırsınız, romanı isə bütün Avropa oxuyacaq. Eyni hissəni burada bir daha paylaşıram. Bunlar Bakının gözdən kənar məhəllərində yaşanan mənzərələr idi, mərkəzdə isə kosmetik təmir işləri tamamlanmışdı. Tursitlər qıraqları görməsinlər deyə, şəhərin dört yanında hündür hasarlar ucaldılmış, onların da üstünə graffiti tərzində zərdüştiliyə aid hikmətli kəlamlar yazılmışdı. Bütün küçələr konfransa dair afişalarla, plakatlarla bəzədilmiş; mümkün olan hər yerə, müxtəlif dillərdə: “Ahura Mazda bizə yar olsun!” və Ata Diktatorun “İqtisadiyyatı güclü olan dövlət, hər şeyə qadirdir” şüarları asılmışdı. İstidən birtəhər düşən Qız Qalasının fasadındakı işlər dünən qurtarmışdı. Hələ serialdan xeyli əvvəl, Avstriyanın “Erich Pummer Atelier GmbH” şirkəti, abidədə elmi-tədqiqat və bərpanın aparılması tenderində qalib gəlmişdi. Danimarkanın "Martin Professional" ilə, ABŞ-ın "AT Trade" şirkətlərinin mütəxəssisləri isə, qalanın xarici işıqlandırmasını axşamkı tədbirə qədər çatdırmaqdan ötrü, səhərin erkən saatlarından, nəfəs dərmədən işləyirdilər. Göbbels Boz Kardinaldan aldığı tapşırığı icra etmək üçün, dörd gecə işdə qalmalı olmuşdu. Zəhməti bəhrə verdiyinə görə, buna peşman deyildi, əksinə Boz Kardinalın gözündə sürüşən reputasiyasını düzəltdiyi üçün, özünü xoşbəxt sayırdı. O, qısa müddət ərzində Braziliya, Meksika, Venesuela, Paraqvay, Uruqvay, Kuba, Türkiyə, Rusiya, Almaniya, İsrail, Hindistan, Çin və başqa ölkələrdən yüz iyirmiyə yaxın mətbuat nümayəndəsi və QHT fəalının Bakıya gəlməsini təşkil edə bilmişdi. Qonaqlar konfransdan əvvəl Bakıda görülən işlər, hazırlıqların səviyyəsi ilə tanış olacaq, ən əsası isə, dünya informasiya vasitələrində Azərbaycanın rəsmi mövqeyinə və Zərdüştiliyə qarşı başladılan kampaniyanın ədalətsizliyi yönündə xəbər və reportajlar hazırlayacaqdılar. Konfransa hələ xeyli zaman qalsa da, hökumət hesab edirdi ki, qarşı tərəfi indidən susdurmaq, düşmənə güc nümayiş etdirmək lazımdır. İllərdir bir-birləri ilə soyuq müharibə aparan Boz Kardinalla Birinci Ledinin tayfası da bu münasibətlə, müvəqqəti atəşkəsə varmışdılar. Qonaq jurnalistlərlə keçmiş dissident Eynulla Fətullayevin maraqlanmasını isə, bilavasitə prezident özü istəmişdi. Fətullayev jurnalistlərin qarşılanmasından gəzdirilməsinə, hər biri ilə ayrı-ayrılıqda söhbətdən onlara hədiyyələrin təqdim edilməsinə qədər - bir çox vacib işi öz öhdəsinə götürmüşdü. Bir zamanlar Qarabağa etdiyi səfərlə bağlı yazdığı gündəliklərə görə 4 il həbsdə yatan, “narkotika istifadəsinə görə” cəza müddəti artırılan, lakin azadlığa çıxandan sonra hökumətin maraqlarını təbliğ etməyə başlayan, hətta bu uğurda QHT də quran Fətullayev, artıq əvvəlki tək hakimiyyəti deyil Avropanı, xüsusilə Almaniyanı tənqid edirdi. Həbsdə ikən onu müdafiə edən Aİ və digər təşkilatlar onunla bütün əməkdaşlığı dayandırmış, Fətullayev keçmiş dissidentdən Oğul Diktatorun bir nömrəli PR menecerinə çevrilmişdi. Bu baxımdan, Oğul Diktatorun bu seçimi başadüşülən və məntiqli idi. Üç gün idi ki, qonaq axını kəsilmirdi. Yol xərcləri, vizaların alınması kimi prosedurlar bir andaca həllini tapırdı deyə, dəvət olunanların hamısı gəlməyə razılıq vermişdilər. Hətta bəzi jurnalistlər, onlara vəd olunan qonorarın məbləğini eşidib, tətillərini yarımçıq qoymuşdular. Heydər Əliyev havalimanında, Heydər Əliyev fondunun əməkdaşları və Eynulla Fətullayev tərəfindən gül-çiçəklə qarşılanan bütün qonaqlar, luks avtomobillərə mindiriləndə artıq hara düşdüklərini, buranın nə cür bir ölkə olduğunu özləri üçün yəqin edirdilər. Otelə aparan yol, gur işıqları göz qamaşdıran Heydər Əliyev prospektindən keçirdi. Xarici jurnalistlər yolboyu düzülmüş Heydər Əliyev portretlərinə tamaşa edə-edə şəhər mərkəzinə daxil olur, Heydər Əliyevin böyük heykəlinin olduğu Heydər Əliyev parkı ilə üzbəüzdəki Heydər Əliyev adına konsert sarayının yanından ötüb, sahil yoluna düşürdülər. Hamısı Heydər Əliyev adına Hilton otelinin Xəzər mənzərəli nömrələrində qalacaqdılar. Qonaqların gəlməyə başladığı dördüncü günün səhərisi, sonuncu reys Braziliya və Meksikalı jurnalistləri havalimanına endirəndə, Boz Kardinal sinədolusu, rahat nəfəs aldı. Prezidentə zəng etdi: - Cənab prezident, hamısı gəldi. - Hazırsınız? - Hazırıq cənab prezident. - Başlayın. Prezidentin özü ilə razılaşdırılan rəsmi proqrama görə, bütün qonaqlar səhər saat 09.00-da Ata Diktatorun məzarını ziyarət edəcək, daha sonra Heydər Əliyev Fonduna, oradan isə birbaşa Atəşgaha gedəcəkdilər. Hilton otelinin restoranında nahar etdikdən sonra qonaqlar, Eynulla Fətullayevlə şəhər gəzintisinə çıxmalı, dondurma yeməli, karusellərdə fırlanmalıydılar. Axşam doqquzda Qız Qalasında başlayacaq şouya qədər onlara sərbəst zaman verilmişdi. Qonaqların komfortu üçün, insanların əyalətdən paytaxta gəlişinə məhdudiyyət qoyulmuş, bütün dilənçilər və bomjlar şəhər kənarına atılmış, ucuz maşınların mərkəzə girişi qadağan edilmişdi. Şəhərin boşalan küçələrində ancaq bahalı libaslarını nümayiş etdirən ali təbəqənin nümayəndələrinə rast gəlmək olurdı. Yollarda isə, ən ucuzu əlli min dollar qiymətində olan bahalı maşınlar şütüyürdü. Dünya brendlərinin gözqamaşdıran butikləri, nəhəng ticarət mərkəzləri isə şoppinqə çıxan elita ilə dolub-daşırdı. Beş-altı kilometr kənarda hansı kontrastın yaşandığını bilməyən qonaqlar, bununla heç maraqlanmırdılar da. Onlar bu qəribə şəhərə kontrast görməyə gəlmədiklərini ilk dəqiqələrdən anlamışdılar. Onlar nə görməliydilərsə, onu da görürdülər. Çox şey də tələb olunmurdu – bunları görmək, yaxşıca gəzmək, yemək-içmək, yüksək qonorar və dəyərli hədiyyələr alıb geri qayıtmaq lazım idi. Yerli və xarici qonaqlar üçün Qız Qalasının yanındakı meydançada iki yüzə yaxın oturacaq quraşdırılmışdı, indi də qalada işıqlandırma işləri başa çatırdı. Qalanın ətəyindəki qızılı səhnə isə, çoxdan hazır idi. Yağış gözlənilmirdi, yenə də hər ehtimala qarşı otuza yaxın nəhəng çətir bir kənara yığılaraq, üstü boz brezentlə örtülmüşdü. Fəhlələr Zərdüştün on metr boyu, beş metr eni olan portretini Qız Qalasının üstündən sallatdılar. Doqquza qalmış, Eynulla Fətullayev başçılığındakı xarici qonaqlar Qız Qalasına yaxınlaşdılar. Qonaqlara xidmət etmək üçün dəvət olunan milli geyimli manken qızlar, üzlərində parlaq təbəssümlə, hərəyə öz yerini göstərirdi. Qəzet baş redaktorları və QHT rəhbərləri qabaq cərgələrdə, adi reportyorlar isə arxa sıralarda əyləşdirilirdi. Çox keçmədi ki, qızılı səhnənin üzərinə projektor işığı salındı, təntənəli musiqi aləmi bürüdü. Akustika sistemini yapon mütəxəssislər qurmuşdular – bəlkə də ona görə çoxsaylı səsgücləndiricilərdən yüksələn musiqi, gur olsa da qulaqları narahat etmirdi. Səs dalğaları elə bil qala ətrafında dövrə vuraraq abidənin çıxıntısına çırpılır, ətrafa çilənirdi və bu trayektoriyanı sanki duymaq, görmək olurdu. Birdən səhnəyə vuran projektorların sayı üçə çıxdı və alqış sədaları altında O görüldü. Birinci Ledi əynində qara brilliantlarla bəzədilmiş dekolte, ayağında isə şəffaf dabanlı brilliant ayaqqabı ilə pilləkənləri qalxırdı. Ertəsi gün dünyanın aparıcı magazin mediası, Birinci Ledinin iki milyonluq dekoltesinin ingiltərəli dizayner Debbi Vinqeymin əl işi olduğunu, ayaqqabısının isə məşhur zərgər Stuart Weitzmanın, məxsusi bu gecə üçün hazırladığını yazacaqdı. Üç milyon qiyməti olan bu ayaqqabıda Weitzman altı yüzə yaxın xırda brilliantdan, platin saplardan istifadə etmiş, hər bir ayaqqabının ucuna da iri rubin daşlar düzmüşdü. Birinci Ledinin qarderobundakı ən diqqət çəkən aksesuar isə, başındakı tac idi. Şah Rza Pəhləvinin arvadı Şahbanu Fərəh Pəhləvinin iri brilliant və zümrüdlərdən hazırlanan tacını Bakıya Birinci Ledi özü, bir beynəlxalq sərgi çərçivəsində gətirtmişdi. Neçə gündür sərgidə göstərilən bu tacı necə əldə etdiyini – satınmı aldığını, yoxsa bir gecəlik sərgidən icarəyəmi götürdüyünü - sona qədər heç kəs bilməyəcəkdi. Aydınca görünürdü ki, tac onun başına yekədir, amma Birinci Ledi bundan qəti narahat olmurdu, əksinə, onu böyük qürurla başında gəzdirirdi. Projektorların gur işığı ilə aydınlanan Birinci Ledi məğrur dayanmışdı, uzaqlara baxırdı, qıyılan gözləri ilə sanki üfüqdə nəsə axtarırdı. Səs-küy dinənə qədər gözlədi və nitqinə emosiyasız üzlə, məhrəm tonlarda başladı: - Dünən gecə yuxumda Zərdüştü gördüm. Tək deyildi, yanında ilk məcusilər də vardı. Bir tərəfində Əflatun dayanmışdı, obiri tərəfdə isə gah Mefistofel, gah da Nitsşe qiyafəsində görünən nahamar kölgələr gözümə sataşırdı, - Birinci Ledi uzaqlara baxdı, köks ötürdü. - Zərdüşt çox qəzəbli və zəhmli idi. Gözlərimin içinə baxa-baxa dedi: “Siz özünüzü çoxdan itirmisiniz və öz həyatınızdan çox, kölgənin həyatı ilə yaşayırsınız. Artıq iki dəfə mənim sizə miras qoyduğum irs oğurlanıb, siz göz yummusunuz. İndi üçüncü dəfəyə daha dözə bilmirəm, – dedi. Soruşdum ki, “bəs nə edək, ya Zərdüşt?” Dedi ki, böyük Hörmüzü Əhrimana bərabər tutduğunuza görə gücsüz düşdünüz, tale sizə yar olmadı və Makedoniyalı İskəndər sizdən zəif ola-ola sizə üstün gəldi. Öz müəllimi Aristotelin tövsiyəsi ilə mənim sizə miras qoyduğum ən dəyərli sərvəti – Avestanı gizlincə olaraq öz şəhərinə – İskəndəriyyəyə apartdırdı. İzi itirmək üçün yerdə qalan nüsxəni yandırtdı. Min illər sonra İskəndərin bizdən götürdüyü və İskəndəriyyədə yenidən, başqa ad altında işıq üzü görən hermetizm, qnostisizm kimi təlimləri siz sanki yeni bir şey kimi, onların xidməti kimi qəbul etdiniz. İndi mənim öz vətənimə bunlar ayaq açıblar. Fikirlərim təhrif olunur, əleyhimə hədyanlar yazılır. Adımdan sui-istifadə edilməsinə, ideyalarımın tərsinə çevrilməsinə, onların oğurlanıb Qərb dəyərləri kimi təqdim olunmasına göz yumduğunuz bəs deyil, Əhrimanın Nitsşe qılığında yenidən zühuruna və hətta onun hədyanlarının təbliğ edilməsinə də göz yumursunuz! Nitsşe Qərbi nə günə qoydu ki, onun yolu ilə gedirsiniz?! Birinci Ledi son cümləni ürəkdən dedi. Gözləri alışıb yanırdı, bunu da ancaq zoom-lu kameralar görə bilirdi. Hiss olunurdu ki, Birinci Ledi Nitsşəyə səmimi nifrət bəsləyir və bu saat, hansısa bığlı kişini gətirib onu inandırsalar ki, “bu Nitsşedir, dirilib gəlib”, Birinci Ledi dırnaqları ilə onun gözlərini çıxarmağa hazır idi. - Əziz qonaqlar, dostlar. Sizi odlar yurdumuz Bakıda görməyimə çox şadam. Biz tolerant toplumuq və bizim üçün bütün dinlər əzizdir. Amma Qərb dünyası belə istəyir deyə, biz öz kökümüzü dana bilmərik. Zərdüştilik ən azından bu torpaqlarda bərabər hüquqlu dinə çevrilməlidir! Bu gün Azərbaycana əsassız yerə hücumlar edilir. Halbuki biz Avropada çox böyük işlər görmüşük, Avropanı həmişə özümüzə dost bilmişik. Baxın, mən adicə elə Heydər Əliyev fondunun gördüyü işlərdən danışacam, özünüz qərar verin. Ondan başlayım ki, Fransada San Pattern kilsəsini bərpa etdirmişəm. Bəli, bunu mən etdirmişəm, Birinci Ledi! Bax, mən! - O, əlini xəfifdən sinəsinə toxundurdu, sonra yavaş-yavaş, effektlə qolunu aşağı saldı, obiri qolunu qaldırıb əli ilə uzaqları göstərdi. - Versal sarayında zalları və reproduksiyaları bərpa etdirmişəm, Strasburq müqəddəs Məryəm kafedral kilsəsini təmir etdirmişəm, Strasburq Notr Dam kilsəsini də həmçinin. Daha sonra Luvr muzeyində xalçalar kolleksiyasının bərpası, Berlin şəhər qəsrinin təmiri, Berlin Tarix muzeyinin təmiri, Romanın Kapitoli Muzeyində bərpa işlərinin bir hissəsi, London Britaniya muzeyinin təmiri – bunlar hamısı mənim gördüyüm işlərdir. Heydər Əliyev fondunun layihələridir. Amma bu gün Avropalı dostlarımız nə edir? Bizə sataşırlar, amma unudurlar ki, “Adam su içdiyi qaba tüpürməz”. Bəli, bu bizdə ata sözüdür. Bəzi Avropalı dostlarımız isə bu qaba tüpürürlər, bizə qarşı nadürüst hərəkətlər edirlər. Buna dözmək çətindir. Birinci Ledi başında əyilən tacı düzəltdi, gülümsəməyə çalışdı. Əvvəl ürkək, sonra isə gurultulu alqışlar yüksəldi. Qonaqların çoxu şaşqınlıq içindəydi, bir-birlərinə baxırdılar, gözlər sual doluydu. Türkiyədən gələn Cumhuriyet qəzetinin redaktor köməkçisi isə yanında oturan rumın həmkarının qulağına: “Ya spiçrayter zaydır, ya xanım kağızların ardıcıllığını səhv salıb, ya ingilis dilini pis bilir, ya da bunlar özləri də bilmirlər nə edirlər” pıçıldadı. Əlli yaşlı rumın ona baxıb bic-bic güldü. Axı necə desin ki, ona bu mənzərə çox tanışdır? Alqışlar dinəndən sonra, Birinci Ledi dünyada sülhün, dostluğun vacibliyi haqda bir-iki cümlə və salamlama tərzində yenə nəsə dedi və əllərini duadakı kimi birləşdirib gözlərini yumdu. Birləşən əllərini yumulu gözlərinə yaxınlaşdırdı, sonra qollarını bir-birindən aralayaraq göyə qaldırdı, özü də gözlərini açıb yuxarıya, barmaq uclarına baxdı: - Ahura Mazda bizə yar olsun! - titrək səsiylə hayqırdı. - Ahura Mazda bizə yar olsun! - bu artıq çoxsaylı xorun ifasında səslənmiş variant idi. Gurultulu dua elə-bil bütün şəhərə yayıldı. Əks-səda uzun müddət qulaqlardan çəkilmədi. O andaca projektorlar söndü və işıq şousu başladı. Kürəyinə rəngarəng lazer şüaları düşən Birinci Ledi asta-asta pilləkənləri enməyə başladı. Dərin dekolteli paltarın balaqları məxmər ilan kimi qıvrıla-qıvrıla, sürüşə-sürüşə onu izləyirdi. Qız Qalasının üstündən xırda zərlər səpələndi. Onlar, bu işıq təntənəsində göydən ələnən ulduzlara bənzəyirdilər. Qız Qalasının üstünə lazerli təsvirlər də salınırdı – qədim qalanın üstündə gah Ata Diktatorla Oğul Diktatorun, gah Zərdüştün şəkilləri peyda olur, gah da Birinci Ledi və uşaqları görünürdü. Yenidən şən musiqi sədaları yüksəldi. Çox keçmədi ki, atəşfəşanlıq da başladı. Göyüzü əlvan rənglərə büründü, atılan fişənglərin işığından üfüq aydınlandı. Qonaqlara qəlyanaltı və içki də təqdim olunmuşdu. Açıq havada qurulan İsveç masasının üstündə nələr yox idi? Bu gecəyə görə qara kürüyəcən – hər şey nəzərdə tutulmuşdu. Mümkün qədər çox qonaqla ünsiyyətdə olmağa çalışan Birinci Ledi, yarım saat sonra hamıyla vidalaşıb getdi. Söz də verdi ki, sabah Kempinsky otelində Boz Kardinalın verəcəyi brifinqdə, əziz qonaqlar Birinci Ledini bir daha görə biləcəklər. Gözəl hava və keyfiyyətli içkilər öz işini görmüşdü. Heç kəs zamanın necə gəlib-keçdiyini anlamamışdı. Eynulla Fətullayev qonaqları avtobuslara minməyə səsləyəndə, bəziləri artıq mürgüləyirdilər. Saat birə işləyirdi. Yüksək əhval-ruhiyyədə otelə qayıdan qonaqların kişi zümrəsini, burada bir sürpriz gözləyirdi - Heydər Əliyev Fondunun onlar üçün təsis etdiyi, iki avtobus dolusu 15-16 yaşlı, yeniyetmə qızlar. 3-4 gün sonra, dünya mətbuatında ...Mən Qız Qalasını, bu qədim və məğrur abidəni ilk dəfə görəndə və ona toxunanda belə bir səs eşitdim: “Mən – uzaq keçmişin və indiki reallığın Abidəsiyəm! Azərbaycanda məndən ulu ola biləcək heç nə yoxdur. Mən, xalqın həyat fəaliyyətini təcəssüm etdirirəm. Zərdüştümüz Ahura Mazdadan bu torpaqlara bərəkət diləyib. Saflıq diləyib. Müqəddəslik diləyib. Onların da hamısı bu torpaqlarda var. Biz qədim millətik, ulu xalqıq. Avropa batır, biz isə yüksəlirik – çünki bu, qanunauyğunluqdur. Gələcək bizimdir!” Rafael Monsalve “Diario Frontera” (Venesuela) ...Mənə qəribə gələn o oldu ki, hətta Azərbaycanın rəsmi dini lideri Allahşükür Paşazadə də, özü şiə müsəlman ola-ola, Zərdüştiliyin Azərbaycan üçün vacibliyindən danışırdı. Kempinsky oteldə verilən brifinqdən sonra mənimlə söhbətində, Paşazadə dərin, teoloji mövzulara toxundu: “Bildiyiniz kimi, Avestada dualizm başlıca yer tutur. Kitabın təbliğ etdiyi aləmdə işıqla qaranlıq, xeyirlə şər, ədalətlə zülm arasında əbədi mübarizə gedir. Mərkəzi yerdə isə Hörmüz ilə Əhrimən arasında gedən mübarizə durur. Əgər Hörmüz işığın, həyatın, xeyrin, ədalətin, dünyada yaxşı nə varsa onun təmsilçisidirsə, Əhrimən isə əksinə qaranlığı, şəri, ölümü, haqsızlığı, zülmü müdafiə edir. «Avesta»da əsas mübarizə bu iki allah – xeyir və şər allahı arasında gedir. Bu mübarizə əbədidir. Lakin xeyirin qələbəsinə inam olduqca çoxdur və adam inanır ki, zaman gələcək xeyir şər üzərində qələbə çalacaqdır. Min illərlə bundan qabaq babamız Zərdüştün xeyir allahına inamı əsrlər boyu dünyanın ən qabaqcıl adamlarında haqqa, ədalətə inam hissini artırmışdır. Lakin xeyirin şər üzərində qələbə çalmasına insanların köməyi olduqca vacibdir. Yəni insanlar xeyir düşüncə, xeyir söz və xeyir işlə xeyirin əbədi qələbəsini təmin etməlidir. Ona görə mən bu təlimin nəinki əleyhinəyəm, hətta onu dəstəkləyirəm. Və burda zərrə qədər öz dinimlə ziddiyətə düşmürəm...” Sezer Sazan Diliküçük “Cumhuriyet” (Türkiyə)
Posted on: Tue, 25 Jun 2013 17:13:09 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015