Müsəlman kimi dəfn olunmayan müsəlmanlar… Həmid - TopicsExpress



          

Müsəlman kimi dəfn olunmayan müsəlmanlar… Həmid Nəcəfov: «Dinindən, milliyyətindən asılı olmayaraq, hər kəs eyni üsulla torpağa verilir» Xəbər saytları, qəzetlər tez-tez Bakıda, rayonlarda və ya Xəzər dənizində naməlum meyit tapılması ilə bağlı xəbərlər dərc edir. Bu kimsəsizlərin varlıqlarının hiss olunmadığı kimi ölümlərindən sonrakı taleləri də kimsəni maraqlandırmır. Uzağı, polisə xəbər verir insanlar. Həmin meyitlər hara aparılır, necə olur, bilən yoxdur. “Bizim Yol” qəzeti araşdırdı və məlum oldu ki, Bakıdan bir az kənarda kimsəsizlər qəbristanlığı var. Həmin insanlar ölümündən sonra orada dəfn olunur. “Qurd Qapısı” Qəbiristanlığının kimsəsizlər üçün ayrılmış hissəsindəyik. Fərqli məzarlıq Kimsəsizlər qəbristanlığı gördüyümüz bütün məzarlıqlardan fərqlənir. Burada sən təmtəraqlı, mərmər abidələr, üstü güllü-çiçəkli qəbirlər, hər iki tərəfi şəkilli baş daşları görə bilməzsən. Ayağının altına nəzər salıb balaca lövhəcikləri görməsən, üstündə dayandığının məzar olduğunu da hiss etməzsən. Torpağa qarışmış qəbirləri paslı, çürümüş lövhəciklərlə tanımaq olurmuş bir zamanlar. İndi əksəriyyəti əyilib, qarışıb torpağa. Hər qəbrə bir lövhə basdırılıb. Həmin lövhələrin üstündə isə nə ad var, nə də soy ad. Heç bilməzsən bu qəbirdə yatan kişidir, yoxsa qadın. Sadəcə rəqəmlər var... “Onlar yaşayanda da kimsəsiz idi, öləndə də” Qəbristanlıq 1973-cü ildə salınıb. Elə həmin vaxtdan da bir neçə bölmə üzrə fəaliyyət göstərir. Hərbçilər üçün olan hissə, Azərbaycan və rus bölmələri, uşaqlar üçün ayrılmış hissə, bədən üzvləri üçün ayrılmış bölüm və nəhayət, kimsəsizlər üçün ayrılan məzarlıq yeri... “Kimsəsizləri Bakıətrafı rayon və şəhər xəstəxanalarından, o cümlədən Azərbaycanın bütün rayonlarından ölüm kağızı ilə bərabər gətirirlər bura. Eyni zamanda tabutun üzərində basdırılması ilə bağlı sənəd də olur. Biz də harada, necə, hansı səbəbə ölməsini kitabımıza qeyd edib, sonra dəfn edirik. Adı və soyadı məlumdursa lap yaxşı, yazırıq, kim olduğu bəlli deyilsə, naməlum meyid kimi qəbul edirik” - deyir, “Qurd Qapısı” Qəbiristanlığının kimsəsizlər üçün ayrılmış hissəsinin briqadiri Həmid Nəcəfov. Həmid Nəcəfovun sözlərinə görə, bəzi hallarda meyiti morqa yox, birbaşa bura gətirirlər. Üzərində də təcili dəfn olunması ilə bağlı sənəd olur. Bu cür meyitlər adətən bir neçə gün sonra tapılanlar olur ki, qalıb iylənməməsi üçün təcili basdırılmağı vacib olur: “Belə olanda bir meyitin şəklini çəkib götürürük ki, gələcəkdə qohumları tapılsa, kimliyini müəyyən etmək olsun. Tutaq ki, maşın vurub üstündə sənəd yoxdur və ya bir neçə gün öncə vəfat edib, meyiti yenicə tapılıb və s.”. “Naməlum kişi və ya naməlum qadın meyiti” H. Nəcəfovun sözlərinə görə 1973-cü ildən kimsəsiz, sahibsiz insanlar burada dəfn edilir: “Bura küçədən tapılan meyit də gətirilir, dənizdən tapılan da, xəstəxanada, həbsxanada dünyasını dəyişən də... Hətta rayonlardan da sahibsiz meyitlər tapılanda bura göndərirlər. Bəzilərinin yalnız şəxsiyyət vəsiqəsi olur, kimi-kimsəsi olmur. Bəzilərinin isə nə vəsiqəsi olur, nə də adı-soyadı kimsəyə bəlli olur. Onda biz həmin qəbrin üstünə “naməlum kişi meyiti” və ya “naməlum qadın meyiti” yazıb dəfn edirik. Elə olur sahibi tapılır, elə olur tapılmır. Biz onları rəqəmlərlə seçirik bir birindən”. Kimsəsizlər qəbristanlığında dəfn qayda-qanunu Həmid Nəcəfov meyitlərin xüsusi bağlanmış, ağzıqapalı tabutlarda gətirildiyini deyir. O, həmin tabutları açmaq ixtiyarlarının olmadığını da vurğulayır: “Bura gətirilən meyitlər dəmir qutunun içində olur. İy gəlməməsi üçün qutunun üstü mismarlanır. Biz də necə gəlibsə, elə olduğu kimi götürüb, üstünə nömrəsini yazıb, iplə qəbrə sallayırıq. Daha içinə baxmırıq. Odur ki, bilmirik meyit qutunun içinə necə qoyulub. Kəfənlənməsi, yuyulması haqqında da məlumatımız olmur. Tabutlar dövlət tərəfindən verilir, standart olur”. Dinin, milliyyətin önəmsiz qaldığı məzarlıq... Briqadirin sözlərindən məlum oldu ki, kimsəsizlər dəfn edilərkən dini qaydalara əməl olunmur. Dinindən, milliyyətindən asılı olmayaraq, hər kəs eyni üsulla torpağa verilir: “Dəfn xərclərini Bakı Şəhər İcra Hakimiyyəti çəkir. Bunun üçünsə büdcədən icra hakimiyyətinə vəsait ayrılır. Standart tabutlar hazırlanır, göndərilir morqlara. Əksər morqlarda bu cür ehtiyat tabutlar olur. Kimsəsiz meyit tapılanda ilk öncə morqa göndərilir. Bir müddət orada saxlanılır ki, bəlkə yiyəsi tapılar. Kimi-kimsəsi tapılamayan meyitlər həmin tabutlara qoyulur, mıxlanır, göndərilir bura. Bütün işlər də öz növbəsində qərarla yerinə yetirilir. Bu o qədər də xərc aparan iş deyil. Burada ancaq nəqliyyat və tabuta sərf olunur vəsait. Bu da öz növbəsində çox cuzidir. Qəbirlərə xüsusi daşlar qoyulmur, fərqləndirmək üçün kiçik lövhə basdırılır vəssəlam”. Bir günün içində doğulub ölənlər Həmid Nəcəfov onların ömrünü pərvanəyə oxşadır. Pərvanələr də eyni gündə doğulub eyni gündə ölürlər deyir: “Bizim məzarlığın uşaqlar üçün ayrılan hissəsi də var. Yeni doğulmuş uşaqları həmin sahədə dəfn edirik. Onlar ya doğuş zamanı ölənlərdir, ya da hamiləliyin erkən pozulması nəticəsində dünyaya gəlmədən köçənlərdir. Əksəriyyəti xəstəxanalardan göndərilir. Biz onları ümumi yerdə dəfn edə bilmərik. Çünki onlar mələk sayılır. Onlara baş daşı da qoyuruq. Bunun üçün balaca dörbucaq daşlardan istifadə edirik. Bir neçə valideyn övladına abidə də qoyub. Ancaq bu çox az saydadır. Bir və ya iki... Onlar eyni gündə doğulub, eyni gündə ölənlərdilər”. Aprel ayında 9 naməlum meyit basdırılıb qəbristalıqda Həmid Nəcəfov deyir ki, bəzən elə olur ki, bir neçə ay, ya da gün sonra naməlum meyidin sahibi tapılır, gəlib ölüsünü aparır. Müraciət edir ki, həyat yoldaşıyam, oğluyam və ya anasıyam. Həmin şəxslər birbaşa baş idarəyə göndərilirlər: “Sənədlərini idarəyə təqdim edilər. Təbii sənədlər içində ən vacibi rəhmətə gedənin şəxsiyyət vəsiqəsi və ölüm haqqında şəhadətnaməsidir. Ancaq bundan sonra yaxınlar ərizə yazırlar. İdarə də həmin sənədləri göndərir sanepidemstansiyaya. Burada onun hansı səbəbdən ölməsi müəyyənləşdirilir. Əgər hansısa yoluxucu xəstəlikdən dünyasını dəyişibsə, onda onu çıxarıb aparmağa icazə verilmir. Qalan digər hallarda onlar yaxınlarını buradan çıxarıb, öz ailə qəbiristanlıqlarına apara bilərlər”. “Bəziləri ölüsünü aparmır, elə burdaca abidə qoyurlar” Briqadirin sözlərinə görə, yaxınlarının sonradan harada dəfn olunmasını xəbər alıb gələnlər az olur. Ancaq bəziləri qəbri təzədən açmaq istəmirlər: “Elələri var ki, ölünün ruhunu narahat etmək istəmirlər. Odur ki, qəbri açmırlar. Elə burada ona abidə qoyurlar. Gördüyünüz kimi belə qəbirlər baş daşının olması ilə fərqlənirlər. Bu qəbirləri yaxınları arada ziyarətə də gəlir”. Adlı və adsız məzarlar... Qəbirlərin bəzilərinin üstündə soyadları yazılmışdı, bəziləri isə sadəcə nömrələnmişdi. Burada hər millətdən, hər dindən olanlar var. Müsəlman, xristian, yəhudi… Bəzi lövhəciklərin üstündə soyadları var: “Əsgərova”, “Batalogiya”, “Novruzova”, “Bataşov”, “Əliyeva”, “Samarov”, “Nəsirov” və s. “Hələ ki, yer qıtlığı yaranmayıb” Qəbristanlığa ən sonuncu meyit bir həftə öncə gətirilib. Hələ ki, sahibi tapılmayıb, axtaran yoxdur. Həmid Nəcəfov deyir ki, bura hər ay 10-a yaxın kimsəsiz meyit gətirilsə də, hələ uzun müddət yer qıtlığı yaranmayacaq: “Təkcə apreldə 9 tabut gətirilib. Ancaq onlardan bir neçəsi xəstəxanalarda amputasiya olunmuş bədən üzvləridir. Balaca tabuta qoyub göndərirlər. Biz də dəfn edirik. Düzdü ərazinin nə qədər olduğunu dəqiq deyə bilmirəm. Ancaq bir xeyli yeri əhatə edib. 40 ildir əlavə yerə ehtiyacımız olmayıb. Bundan sonra da bir müddət buna zərurət yaranmayacaq. Ancaq biz həmin yerlərin tez dolmasını arzulamırıq. Bu kimsəsizlərin sayının artmasından xəbər verir. Düşünürəm ki, kimsəsizlər nə qədər az olsa, bir o qədər yaxşıdır. Allah heç kimi tək, kimsəsiz etməsin bu həyatda...” Gülər Mehdizadə
Posted on: Sat, 13 Jul 2013 11:35:25 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015