Mədəaltı vəzi. Mədəaltı vəzidə iki qrup hüceyrə ayırd - TopicsExpress



          

Mədəaltı vəzi. Mədəaltı vəzidə iki qrup hüceyrə ayırd edilir. Bir qrup hüceyrələr həzm prosesində iştirak edən şirə ifraz edir. Vəzinin Langerhans adacıqlarının beta hüceyrələrində isə insulin hormonu sintez olunur ki, bu da qanda qlükozanın miqdarını azaltmaqla onun sabitliyinin saxlanılmasına şərait yaradır. Odur ki, insan qida qəbul edən kimi mədəaltı vəzidən qana çoxlu insulin ifraz olunur. Nəticədə həzm orqanlarından külli miqdarda qana sorulan qlükoza orqan və toxumalara keçir, burada hormonun təsiri ilə surətlə qlikogen ehtiyat qida mənbəyi kimi toplanır. Bundan başqa, insulin membran keçiriciliyinə, zülal sintezinə müsbət təsir edir. Eyni zamanda hormon zülalların və yağların karbohidratlara çevrilməsini tormozlayır. Məhz buna görədir ki, şəkərli diabeti olan şəxslər tədricən arıqlayır və bir qədər iş görən kimi yorğunluq hiss edirlər. Bu hormon adrenalinlə qarşılıqlı əlaqədə fəaliyyət göstərərək, karbohidratların mübadiləsini və qanda qlükozanın miqdarının sabit vəziyyətdə saxlanılmasını tənzim edir. Mədəaltı vəzinin alfa hüceyrələrində qlükaqon hormonu əmələ gəlir ki, bu da ehtiyat halındakı qlükogeni qlükozaya çevirir. Bu zaman qanda şəkərin miqdarı artaraq onun bütün toxumalara, xüsusilə əzələlərə və beyinə çatdırılması fəallaşır. Mədəaltı vəzidə sintez olunan lipokain hormonu qaraciyərin piylənməsinin qarşısını alır. Mədəaltı vəzinin hipofunksiyası zamanı insanlarda şəkərli diabet xəstəliyi inkişaf edir. Bu zaman qanda şəkərin miqdarı artır, sidikdə onun sutkalıq miqdarı bir neçə dəfə çoxalır, sidiklə şəkərin orqanizmdən xaric olması, susuzluq hissi, arıqlama, başgicəllənməsi kimi əlamətlər meydana çıxır. Qeyd etmək lazımdır ki, bəzi bitkilərdə insulinəoxşar, onu əvəz edən maddələr sintez olunur. Bu maddələr də orqanizmdə insulin kimi təsir göstərir. Onlar ən çox vələmirdə, lobyada, noxudda və az miqdarda düyüdə, buğdada və kartofda toplanmışdır. Mədəaltı vəzinin hiperfunksiyası zamanı qanda şəkərin miqdarı azalır. Tənəffüsün tezliyi artır və mərkəzi sinir sistemində oyanma vəziyyəti yaranır. Timus. Timus və ya çəngələbənzər vəzi döş sümüyünün arxa hissəsində yerləşmişdir. Kütləsi 38 qrama bərabərdir. Timus vəzi immun sistemin formalaşmasını, uşaqların böyüməsi prosesini və kalsium mübadiləsini fəallaşdırır, sümüklərdə bu elementin yığılmasını tənzim edir. Timus cinsiyyət və qalxanabənzər vəzilərin funksiyasına tormozlayıcı təsir göstərir, cinsi yetişkənlik prosesini xeyli zəiflədir. Vəzi uşaqlarda 11-12 yaşadək böyüyür, sonra tədricən kiçilir və piy toxuması ilə əvəz olunur. Epifiz. Epifiz və ya əzgiləbənzər vəzinin bioloji funksiyalarına aşağıdakılar aiddir. 1. Cinsiyyət orqanlarının endokrin funksiyasına tormozlayıcı təsir göstərir. 2. Epifizin təsiri altında sutkalıq yuxunun dərinliyi və müddəti artır. İnsanın sutkalıq bioritminin yaranmasında bilavasitə iştirak edir. 3. İnsanda həftəlik, aylıq, mövsümi və illik bioloji ritmlərin tənzim olunmasında həlledici rol oynayır. 4. Mərkəzi sinir sisteminin, o cümlədən, simpatik sinir sisteminin funksiyasına təsir göstərir.
Posted on: Thu, 19 Sep 2013 11:47:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015