Qaliley zəmanəsinin ən qabaqcıl şəxsiyyətlərindən olub, - TopicsExpress



          

Qaliley zəmanəsinin ən qabaqcıl şəxsiyyətlərindən olub, mütərəqqi ideyaların yaranmasına təkan verən, elmi dindən ayıran, köhnəliyə qarşı mübariz olan, insanların gələcəyi üçün yeni-yeni yollar açan alim olmuşdur. Elmin korifeyi olan Qaliley klassik fizikanın əsas banilərindən biri, astronom, riyaziyyatçı, Nikolay Kopernikin dünya sistemini müdafiə edərək inkişaf etdirən, Ptolomeyin yanlış geosentrik sistemini ifşa edən, materiya və hərəkətin əbədiliyini əsaslandıran, Aristotel fizikasının səhvlərini aşkar edən, böyük alim, mütəfəkkir və ədibdir. O, təcrübi fizikanın əsasını qoymuş, elmdə eksperimental tədqiqat üsulu tətbiq etmişdir. Qaliley Qalileo 1564-cü il fevral ayının 15-də İtaliyanın Pize şəhərində musiqiçi ailəsində anadan olmuşdur. 11 yaşına qədər məktəbdə oxuduqdan sonra Qaliley ailəsi ilə birlikdə Florensiyaya köçmüş və burada monastıra verilmişdir. Qaliley 1581-ci ildə Piza universitetinə daxil olub təbabət elmini öyrənməyə başlamışdır. Buraya o, atasının təkidi ilə getmişdir. Çünki atasının məqsədi onu həkim etmək idi. Lakin Qaliley Evklidin, Arximedin əsərlərini oxumuşdur, ona görə onun ən çox marağı riyaziyyat və mexanika sahələrinə idi. O, universitetdə bir az oxuduqdan sonra atasının razılığı ilə buranı tərk edib Florensiyaya ge­dir. Orada fizika və riyaziyyat elmlərini öyrənməyə başlayır. Tələbəlik illərində Qaliley böyük elmi və praktik əhəmiyyəti olan rəqqasın rəqsinin izoxronluq qanununu kəşf edir. Qaliley öz müəllimi Ostilio Riccinin rəhbərliyi ilə riya ziyyat və mexanikanı öyrənməklə kifayətlənməyib, mexani kanın texniki tətbiqlərini, hətta hərbi-mühəndislik işlərini də öyrənmiş və Florensiyada qalaların tikilməsi, su kəmərlərinin çəkilməsi, çayların tənzim edilməsi və s. işləri müşahidə etmişdir. Deyilənlərə görə, kilsədə ibadət zamanı tavandan asılmış iki çilçırağın yellənməsini müşahidə edərkən Qaliley, rəqqasın periodunun amplitud və kütlədən asılı olmadığını müəyyən etmişdir. Qaliley fitri istedadın əsasında Aristotel fizikasının səhv lərini göstərmiş, təbiət elmlərinin yeni təməlini qurmuş, onun gizli sirlərini açaraq, cəmiyyətin materialist dünya görüşünün inkişafına böyük təkan vermişdir. Qaliley Kopernikin nəzəriyyəsi və dünyagörüşü ilə tanış olduqdan sonra nəinki onun tərəfdarı olmuş, hətta onun doğruluğunu təcrübədə sübut etməyə çalışmışdır. 1608-ci ildə teleskopun hollandiyalılar /Z.Yansen, Y.Metsius və Q.Lippersqey/ tərəfindən ixtira olunması xəbəri hər tərəfə böyük sürətlə yayıldı. Bu xəbəri eşidən Qaliley 1609-cu ildə müstəqil olaraq öz teleskopunu hazırlamışdır. Onun ilk teleskopu 3 dəfə böyüdürdü. Tezliklə o, bu böyütməni 32 dəfəyə çatdırmışdır. Qaliley fikirləşirdi ki, ruhanilərdən gizlin olaraq, gecə öz borusunu səmaya yönəltsə necə olar? Bu olduqca qorxulu və cəsarətli addım idi. Çünki, ruhanilər təlqin edirdilər ki, adamlar "allahın işlərinə" nəzər yetirməməlidirlər. Qaliley ilk dəfə öz astronomik borusunu 1610-cu ilin yanvar ayının 7-də gecə Aya tərəf yönəldir. Ayda dağların, Kraterlərin olmasını görür. Ay səthinin mahiyyət etibarı ilə Yerə oxşar olması fikrini söyləyir. Bu isə din əleyhinə atılmış ən cəsarətli addım idi. Bundan sonra edilmiş başqa astronomik kəşflər elm xəzinəsinə daxil edilən qiymətli hədiyyələr olmaqla bərabər həm də Ptolomey sisteminə və onun doğruluğunu rəsmən təsdiq etmiş olan kilsəyə, məscidə, dinə, bütün mövhumata və xurafata endirilən ağır bir zərbədir. Bundan başqa Qaliley Yupiterin ətrafında fırlanan dörd peyki kəşf edib, Veneranın fazalarını, Ağ yolun ulduzlardan ibarət olduğunu müəyyənləşdirdi. Gündüz isə Qaliley hislə qaraldılmış şüşə vasitəsilə Günəşə baxaraq Günəşdə ləkələr olduğunu və ləkələrin hərəkətinə görə Günəş diskinin fırlandığını müəyyən etmişdir. 1607-ci ildə Qaliley dünyada ilk dəfə olaraq işıq sürətini təyin etmək üçün təşəbbüs göstərmiş, lakin zaman fasiləsini dəqiq ölçə bilmədiyindən düzgün nəticə almamışdır. Qaliley şüşələrin cilalanması ilə məşğul olmuş, müxtəlif əyrilikli linzalar hazırlamışdır. Qaliley həm həndəsi optikanın, həm də fiziki optikanın bəzi məsələləri ilə məşğul olmuş, ömrünün 15 ilini boloniya daşının fosforessensiyasının tədqiqinə sərf etmişdir. O, Bolo niya şəhərinin yaxınlığındakı dağdan tapılmış işıldayan bo loniya daşını 1611-ci ildə Romada çağırılmış müşavirədə nümayiş etdirərək, onun işıldamasının səbəbini belə izah etmişdir: Boloniya daşı qızdırıldıqda və Günəş işığı ilə işıqlandırıldıqda o işıq atomlarını udub, özündə saxlayır və sonra yavaş-yavaş şüalanmağa başlayır. Qalileyin bu nöqteyi-nəzəri onun işığın təbiəti haqqındakı fikrinə və eləcə də enerjinin saxlanması mülahizələrinə tamamilə uyğundur. 1597-ci ildə Qaliley ilk termometr hesab edilən termoskopu qurmuşdur ki, istilik hadisələrini öyrənməkdə cihazın böyük rolu olmuşdur. Akustika bir elm kimi Qalileylə başlayır. O, eksperimental üsulla səs hadisələrini öyrənən birinci fizikdir. Qaliley öyrənir ki, səs tonunun yüksəkliyi yalnız mənbəyin rəqs tezliyindən asılıdır. Qalileyin mexanikaya aid kəşfləri içərisində ətalət qanunu, nisbilik prinsipi, sərbəst düşmə qanunları, mail müstəvidə düşmə, rəqqasın hərəkəti, üfüqə paralel və üfüqə bucaq altında atılmış cismin hərəkəti, mühitin müqaviməti, zərbə və s. göstərmək olar. Qaliley zamanı ölçmək üçün rəqqasdan istifadə etmişdir.
Posted on: Fri, 30 Aug 2013 18:07:21 +0000

Recently Viewed Topics




© 2015