TAR Oxu, tar, oxu tar!… Səsindən ən lətif şeirlər - TopicsExpress



          

TAR Oxu, tar, oxu tar!… Səsindən ən lətif şeirlər dinləyim. Oxu tar, bir qadar!.. Nəğməni su kimi alışan ruhuma çiləyim. Oxu, tar! Səni kim unutar? Ey geniş kütlənin acısı, şərbəti - Alovlu sənəti! Gözləri qibləyə açılan hasarlı binalar Dinləmiş əzəldən səsini. Papaqlı atalar, çadralı analar Ötürmüş sayəndə köksünü. Düşmüşlər gah şirin, gah acı toruna, Sevinə-sevinə, qoruna-qoruna. Çarparaq çargahın divardan divara Yolçunu yolundan eyləmiş avara. Çalxanmış dərələr, təpələr, Səs vermiş səsinə ləpələr. Oxu, tar, fikrimdə oyansın Baharın, Seyidin qəzəli; Oxu, tar, ruhlansın Şirvanın, Gəncənin mehriban gözəli! Damağdan düşənlər, Ürəyi şişənlər, İlk bahar seyrinə çıxmayan, Özünü dağların döşünə yaxmayan Sinəsi dağlılar. Vəfasız bir eşqin dağınıq zülfünə bağlılar Dəxilin olmuşlar, Qapında təsəlli bulmuşlar. Zilin var, vəsətin, bəmin var; Sənin də quşların dəmindən ayrılan Bir özgə dəmin var. Səni də avara eyləmiş Dağınıq telli bir “zərəfşan”. Onunçun segahın danışır Pərişan, pərişan. Səsini dinləmiş Şahların, xanların sarayı; Səninlə birlikdə inləmiş Əsirlər alayı. Bə’zən də simlərin qəmləri ovutar, Olardın onların sirdaşı Sən ey tar!… Gülləri əməkçi barmaqlar qanından Rəng alan xəlçələr, Xəlçələr üstündə uzanmış - Dodağı qönçələr, “- Hey, saqi, mədəd qıl soğudu şərabın, İncitmə könlünü bu xanə-xərabın!” - Söyləyən tox sözlü şairlər, Həvəsdən doymayan ac gözlü şairlər: Nədimlər, Vaqiflər, Gözəllik sirrinə vaqiflər Həp səni dinləmiş; Oxumuş, inləmiş, İndi də bizimçin oxu, tar! Səni kim unutar? Sən qulluq etmədin məscidə, axunda, Çalışdın həyatı sevməyin uğrunda. Çoxları üzünə durdular, Könlünü qırdılar. Nə deyim o yekəbaşlara?! Çaldılar ruhunu daşlara. Üstündən bir qara yel kimi əsdilər, Səsini kəsdilər. Daşlandı çəkənlər nazını, Böyləcə qırdılar aşığın sazını. Sən xalqa “gül!” dedin, “Ey qüssə, öl!” dedin. Başladı məsciddə mərsiyə. Sarıqlı çıxınca ərsəyə, Qüssəmiz ölmədi, Xalqımız gülmədi. Ağladıq, daima, ağladıq, Ey qədim aşina, ağladıq. Oxu, tar! Dəyişdi zamana, Bax, indi radio səsini Dağıdır cahana. Ey tarçı, çal, oxu! Könlümü al, oxu! Vur sazı döşünə, ey aşıq! Qalmamış nə əba, nə qaba, nə sarıq. Oxu ,tar! Alovlu izlərin Əcəba, neçə şux dilbərin Yasəmən üzünü pul kimi qızartmış? O sarı simlərin lisanı Salmazmı heyrətə insanı? Oxu, tar! Mən səndə İstənən havanı çala da bilərəm. Mən səndən bugünün zövqünü Ala da bilərəm. Sən bu gün silahsan əlimdə, Səni mən hansı bir hədəfə İstəsəm, çevirə bilərəm, Qəlblərdə gizlənən keçmişi Bir yeni nəğmənin əlilə Devirə bilərəm! Oxu, tar! Fabrikdə, zavodda, Traktor başında. Bu saat qarşında Nə qədər adam var! Utanma, oxu, tar! Mə’dənli Bakımın Pambıqlı Gəncəmin, İpəkli Şəkimin Acısı, şərbəti Alovlu sənəti. Oxu, tar, oxu, tar! Səsindən ən lətif şeirlər dinləyim. Oxu, tar, bir qadar!.. Nəğməni su kimi alışan ruhuma çiləyim. Oxu, tar! Səni kim unutar? Ey geniş kütlənin şirini, şərbəti, Alovlu sənəti!.. Mikayıl Müşfiq 1932-1933
Posted on: Thu, 06 Jun 2013 21:52:55 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015