Ömər Xəyyamın bir rübaisi və Nuh tufanının tarixi - TopicsExpress



          

Ömər Xəyyamın bir rübaisi və Nuh tufanının tarixi Şərq klassik ədəbiyyatına və dünya poeziyasına Ömər Xəyyam və Məhsəti Gəncəvi kimi böyük sənətkarlar bəxş etmiş rübai janrı təkcə öz dərin bədii-fəlsəfi məzmunu və zəngin rəmzi-məcazi aləmi ilə deyil, bütün başqa poetik xüsusiyyətləri ilə bir sırada, keçmiş dövrlərin həqiqətlərini, ictimai-mədəni, tarixi-coğrafi, mənəvi-dini, milli-etnoqrafik cizgilərini öz misralarında hifz edərək əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə çatdırmaq baxımından da əlamətdardır. Bu cəhətdən Məhsəti Gəncəvi rübai-şəhraşublarının, eyni zamanda, şairənin doğulduğu və yaşayıb-yaratdığı şəhərin “İntibah gerçəkliyini” “əks etdirən əvəzsiz bir tarixi sənəd” olduğu AMEA-nın müxbir üzvü, görkəmli şərqşünas Rafael Hüseynovun “Məhsəti – necə varsa” (Bakı, “Yazıçı”, 1989) və “Məhsəti Gəncəvi – özü, sözü və izi” (Bakı, “Nurlan”, 2005) adlı monumental tədqiqatlarında öz isbatını tapmışdır. Ömər Xəyyamın diqqətinizə çatdırmaq istədiyimiz rübaisinə gəlsək, bu nümunə Xəyyam qələminin misilsiz dürdanələrindən sayılmaya bilər, yaxud öz bədii sadəliyinə görə Şərq rübaiçiliyinin qızıl fondundan yer almaya bilər. Amma son zamanlarda istər ümumdünya tarix elminin, istər Azərbaycan tarixinin və dövlətçiliyinin köklü maraqları ilə bağlı bir məsələyə - Nuh tufanının tarixinə aydınlıq gətirmək baxımından bu rübai, heç şübhəsiz, xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Naxçıvanın bəşər tarixində Nuh peyğəmbərin adı ilə bağlı II sivilizasiyanın beşiyi olmasına Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 10 fevral 2009-cu il tarixli Sərəncamı ilə 24-25 aprel 2009-cu ildə Naxçıvanda keçirilmiş “Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan” adlı beynəlxalq simpoziumun elmi nəticələri, xüsusən, İsa Həbibbəyli, Yaqub Mahmudov, Yaşar Kalafat, Nizami Cəfərov, İsmayıl Hacıyev, Vəli Baxşəliyev, Əbülfəz Quliyev, Hacı Qadir Qədirzadə, Gövhər Baxşəliyeva və başqa görkəmli filoloq və tarixçilərin, arxeoloq və şərqşünasların məruzələri danılmaz sübut və dəlillərlə öz möhürünü vurmuş olsa da, bəzi tədqiqatlarda Nuh tufanının tarixi ilə bağlı mübahisələr hələ də davam etməkdədir ( Baxılsın: “Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan” (24-25 aprel 2009-cu ildə keçirilmiş beynəlxalq simpoziumun materialları), Naxçıvan, “Əcəmi” 2010, səh. 70-71, 133-139 və s.) Belə ki, müxtəlif mənbələrdə sözügedən tufanın tarixi ilə bağlı söylənən təxminlər ortasındakı fərq (e.ə. XII minillikdən tutmuş eradan əvvəlki III minilliyə qədər) hətta bizim dövrümüzdən Nuh tufanının həqiqi vaxtına (irəlidə görəcəyik ki, e.ə. VI minilliyin birinci yarısıdır) qədər olan məsafədən də çoxdur. Bu məsələləri qədim tariximizi bizə qısqananların necə dörd gözlə və şəklənmiş qulaqlarla izlədiklərini nəzərə alsaq, yeni sivilizasiyanın beşiyi ilə bağlı hər bir cizgi və ya əlamətin elmi cəhətdən dəqiqləşdirilməsi və əsaslandırılmasının nə dərəcədə vacib olduğu bir daha aydınlaşar. Gəlin görək, II sivilizasiyanın yaşı məsələsində bizdən təxminən min il əvvəl doğulmuş və şairliyindən daha çox öz dövrünün böyük astronomu və riyaziyyatçısı kimi şöhrət qazanmış, necə deyərlər, gəlmiş-keçmişlərin sirlərini, ərşlə fərşin “haqq-hesab”ını hamıdan yaxşı bilən müdrik Xəyyamın düşüncəsi necədir. Rübai: Ey dust biya ta ğəme-fərda nəxorim İn yek dəme-omrra ğənimət şomorim Fərda ke əz in deyre-köhən dər qozərim Ba həft hezar saleqan sərbəsərim. Sətri tərcüməsi: Gəl, ey dost, yeməyək sabahın qəmin, Bir qənimət bilək ömrün bu dəmin. Sabah köç etsək də, köhnə cahanla Yeddi min ildir ki, birik, yeddi min! Dünyanın bu rübaidə göstərilən yaşı və tarixi ilə bağlı iki mühüm cəhəti vurğulamaq yerinə düşərdi. Birincisi, “köhnə dünya” ifadəsinə baxmayaraq, “yeddi min il” deyərkən Xəyyamın yeni sivilizasiyanın yaşını vurğuladığı şək-şübhəsizdir. İkincisi, obrazlı ümumləşdirmə yolu ilə “baş-başayıq, birgəyik, birik, bir yerdəyik” deyə vurğulamaqla humanist dahi, eyni zamanda, Nuhdan qalan bəşər nəslinin davamlı həyatını nəzərdə tutur. Deməli, hətta elə riyaziyyatın özündəki kimi, yuvarlaqlaşdırmanın son həddini nəzərə alsaq belə, rübainin son misrasında bəşər nəslinin başlanğıcı mənasında söhbət e.ə.VI minilliyin birinci yarısından getdiyi bəlli olur və Xəyyam kimi bir astronom və riyaziyyatçının təkidindən sonra bunu Nuh tufanının həqiqi tarixi haqqında ən etibarlı məlumat kimi qəbul etməməyə əsasımız yoxdur. Yekunda bir mətləbi də xüsusi olaraq qeyd etməliyik ki, bu tarixlə son vaxtlarda 5000 illik yubileyi dildən-dilə gəzən Naxçıvan şəhərinin yaşı ortasında nəinki heç bir ziddiyyət yoxdur, hətta ağlabatan və elmi-məntiqi bir bağlılıq mövcuddur. Bu bağlılıq yuxarıda adı xatırlanan məşhur beynəlxalq simpoziumda akademik İsa Həbibbəylinin “Nuh peyğəmbər və dünya tufanı toplusu” adlı məruzəsində bütün təfsilatı və ciddi elmi dəlilləri ilə, Nuh gəmisinin quruya çıxdığı vaxtdan Naxçıvan şəhəri salınana qədər olan 2500-3000 illik inkişafın müxtəlif tarixi mərhələləri (1.Məskunlaşma. 2.İnsan birliklərinin yaranması, etnobirliklərin formalaşması və yayılması. 3.Təsərrüfat həyatının yaranması. 4.Sənayeləşmə. 5.Şəhərləşmə.) ilə birgə hərtərəfli dərin təhlil olunmuşdur. Akif Azalp, filologiya üzrə fəlsəfə doktoru
Posted on: Mon, 16 Sep 2013 06:48:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015