İbrətamiz hekayə..... O, fahişə deyil -Qancıq!!! Səni - TopicsExpress



          

İbrətamiz hekayə..... O, fahişə deyil -Qancıq!!! Səni öldürəcəm! Öldürəcəm səni, bəsdir daha, səni o, oxşamışın qudurtdu, o biri qancıq - anan! Atasının hikkəsindən onu öldürəcəyinə əmin olduğundan evin bir küncünə qısılıb bərəlmiş gözlərini, daha doğrusu, baxışlarını gizləməyə yer tapmırdı. -Ata - dilləndi - bəsdir məni təhqir elədin... Neyləmişəm ki? Günahımın adı nədir? -Buna bax hələ, danışır da... Kimdir o qoltuğuna girib şəhər aşağı, küçə yuxarı getdiyin? Hə? Bəlkə bu azdır? -Ata, o, mənim sevdiyimdir... -Sevdiyim!!! Yox bir, nəyim.... Nə sevgi, nə istək? Sənin sevgin, istəyin mənim, qardaşlarının papağını yerə soxmaq üçündür?! ...İfritə, abır-həya yoxdur bunda... İllərdir atasının bu tündməcaz xasiyyətinin hər cür ağırlığına tab gətirmiş xəstə anasının heç nə deyə bilməyəcəyini düşünüb, söz düşmüşkən, özü haqda qərar vermək istədiyini, cətinliklə də olsa, dilə gətirdi: -Ata, mən daha uşaq deyiləm... -Kəs... -Niyə axı... Niyə susmalıyam ki? Bəlkə sənin hansısa dostlarından, qohumlarından birinin oğluna ərə getməyimi istəyirsən?Getməycəm! Mən satlıq deyiləm, sən məni vara-pula görə kimə istəsən, verəsən.... Cavab anasının başında çatladı. Bilərəkdənmi - bilməyərəkdənmi, hər kəlməsi ilə arvadını da, qızını da təhqir edən ata, ani olaraq masanın üzərindəki çay dolu stəkanı nəlbəki qarışıq arvadının başına çırpdı: -Budur böyütdüyün? Budur “mənim balam ağıllı qızdır” deyib başımıza çıxartdığın? Budur? Budur? Budur? O, əlini uzatdığı qızına tərəf yeriyib bütün hirsini, hikkəsini onun üstünə tökməyə hazırlaşırdı. İndicə evdə qopacaq daha bir məşəqqətin faciəyə çevriləcəyini duyan qadın, qızını, ona sarı gedən bəladan qurtarmaq üçün irəli atıldı... Amma aldığı tərs şillələr müvazinətini qırdı. Bir, iki, üç... Başından aldığı yumruq isə gözlərini qaraltdı. İllərdir daşıdığı xəstəlikdən zəifləmiş vücudu otağın ortasındakı masaya dəyib tirtap yerə sərildi. Amma bu da heç nəyi dəyişmədi. Evin pəncərəsi açıldı. Qısıldığı küncün yaxınlığındakı pəncərəyə necə yaxınlaşdığını, onu necə açdığını bilməyən qız, atasının əlində ölməkdənsə, özünü taybatay açılan pəncərədən-səkkizinci mərtəbədən atıb öldürməyi üstün tutdu: -Tək bircə addımınla səninlə əbədi sağollaşacam, ata! -Ölməyin yaşamağından daha yaxşıdır, qancıq. Məni qorxutmaq istəyənə bax. Evdə baş verənləri yıxıldığı yerdəcə dumanlı şəkildə seyr edən qadın, qızının özünü atmasına etiraz olaraq, sanki, ölümqabağı son gücünü toplayıb qışqırdı. Ölümə hazırlaşan qızı ilə qatilliyin bir addımlığında dayanan əri bu səsə özlərini unutdular bir anlıq. Durduqları vəziyyətdə donub qalmış ev sahiblərinin heç biri qapını yaxın qonşuların taqqıldatmağına reaksiya verməyi ağlına gətirmirdi... Ata da, qızı da, bu qeyri-adi fasilədən sonra bir az bundan əvvəl icra etmək istədiyi işin davamına hazırlaşırdı... Qapı isə az qalırdı zərbələrdən yerindən qopsun... -Gəldim!- Nəhayət ki,əsəbi ev sahibinin səsi eşidildi. Onun qapıya doğru irəliləməsini görən qız anasına su gətirməyi ağlından keçirsə də atasının əlində öləcəyindən qorxub yerindən tərpənmədi... Evə girən qonşulardan biri yerə uzanmış qadını görüb, otaq qapısının ağzındanca geri, mətbəxə qaçdı - su dalınca. Heç kim kəlmə kəsməyə ürək eləmirdi. Hamı baxışlardan nəsə anlamağa çalışırdı. Sükut içində baş verənləri izləyən ev sahibi isə qəzəbli baxışlarını qızından çəkmir, evdəki yad adamların tezliklə otaqdan çıxmasını gözləyirdi. Qapının ağzından da getmirdi ki, birdən qızı evdən çıxar. Qonşu qadının onun üzünə baxıb nəzərləri ilə demək istədiyini başa düşə bilmədi. Fikirlərini cəmləməyi də bacarmadı ki, bir kəlmə soruşa bilsin. -Allah rəhmət eləsin! Qonşu qadının güclə dediyi bu sözə bircə kəlmə “Nə”deyə pıçıldayıb reaksiya verə bildi. Hamı səssiz-səssiz bir-birinə baxırdı... ******* Dəfnə gedənlər qəbristanlıqdan qayıtmışdılar. Həyətdə yas mərasiminə hazırlıq gedirdi. O isə hələ də özünü atmaq istədiyi pəncərənin qarşısından tərpənməmişdi. Onun evdən qaçacağından ehtiyatlanıb qapını kəsən atası da heykəl kimi yerində dayanırdı. Onun ayaq üstə ölmədiyini ancaq və ancaq tez-tez siqaret yandırmasından bilmək olurdu. Evə tez-tez girib, tələsik qayıdan adamlar da onların bu donunu aça bilmirdi. Lazım olan hansısa bir əşyanın yerini soruşanların cavabsız qalan sualları atayla qızı arasında divara, ev əşyalarına dəyib cingildəyirdi... Sonuncu siqaretinin tükəndiyini bilən ata baxışlarıyla böyük oğlunu axtardı. Neçə dəfə dillənmək istəsə də səsi çıxmadı. Ayaqları da yerindən tərpənmədi. Durduğu otağın bir küncündəki rəfin siyirməsindən qab-qacaq götürüb aşağı tələsən qonşu oğlanın qolundan yapışdı. Özünü nə qədər toplasa da, dillənə bilmədi. Nəhayət ki, əlindəki boş qutunu göstərib demək istədiyini çaş-baş qalan cavana izah edə bildi. O da başını yelləməklə başa düşdüyünü bildirib dartınıb getdi. Gözləri qızında idi. Keçirdiyi həyəcanla bir az əvvəl baş verən dəhşətin birgə canlandığı üzündə hansısa həyat əlaməti yox idi, elə bil. Ata sanki bütün bu hadisələrin niyə baş verdiyinə dair sualın cavabını qızının üzündə axtarırdı: “Niyə belə oldu axı?” Qamətinə yaraşıq verən uzun, pərişan saçlarının yayıldığı üzündə donub qalmış xoşbəxtlikdən özgə bir şey tapa bilmədi. Bir də yanağından üzüaşağı süzülüb yaxasını isladan göz yaşları vardı orada... “Neyləyib axı bu qız?” Beynində qəfil şaqqıldayan bu sualdan azacıq özünə gəldi elə bil... Gəncliyini xatırladı. Bir az əvvəl masaya çırpılıb yerə sərilən, daha sonra isə doğma ocağında baş verən dəhşətə əbədi göz yuman arvadını xatırladı. O da belə ailə qurmamışdımı əriylə? O da vaxtilə onu sevdiyi üçün öz atası, qardaşları tərəfindən döyülüb, təhqir olunmamışdımı? Amma sevgisinə arxa çevirməmişdi. Sevgilisini heç kimin ayağına verməmişdi. Və bütün bunlarla yanaşı, ərinin xasiyyətinin ağırlıqlarını içində çəkə-çəkə hamıya sübut etmişdi özünün xoşbəxtliyini. Axı evlənəndən sonra, onu atmadığına görə illərlə minnətdar olmuşdu arvadına:“İndi də qızı öz sevgisi uğrunda mübarizə aparırdı. Nəyi pisdi bunun?” Haradansa, tələbəlik illərində təsadüfən oğlanlar yataqxanasına gələn qızı xatırladı. Onda cəmi iyirmi yaşı vardı. Növbətçinin yerində olmadığından istifadə edən bir qız təlaşla onların otağına girmişdi. Kiminsə onun dalınca düşdüyünü dedi. Bir azdan sonra otaqdakı oğlanlara isinişən qonaq maraqla, hətta bic-bic bir-birinə baxıb qımışan beş oğlana özünün həyat hekayəsini danışmışdı. Demişdi ki, o bir oğlanla bir-birilərini istəyiblər. Amma həmin oğlanın atası vəzifəsindən sui - istifadəyə və dövlət vəsaitini mənimsədiyinə görə tutulub. Evlərində sevgi məsələsinin üstü açılandan sonra onu evdən çölə buraxmamışdılar. Oxuduğu institutdan da çıxarıb evə kilidləmişdilər. Oğlanı isə qardaşları bir dəstə adamla gedib məktəbdə döymüşdülər. Aradan iki il keçir və həmin qızın istədiyi oğlan başqasıyla evlənir. Qızın atası ilə anası dədə-baba yurdları olan rayona gedəndə yol qəzasına düşür. Anası hadisə yerində ölsə də atası bir neçə ay xəstəxanada qalır. Amma həyata qayıda bilmir. Başsız qalan uşaqların hərəsi bir tərəfə üz tutur. Böyük qardaş valideynlərinin ölümündən sonra SSRİ-nin ucqar şəhərlərindən birinə gedir. İkinci qardaş isə fəhləlik edir. Az keçmiş bir qızla ailə qurur. Evin balacası olan qız isə nə edəcəyini bilmir. 25 yaşında. Təhsilsiz. Kimsəsiz!... Taleyin gətirdiyi sürprizi- ac-susuz qalmamaq naminə gecələr küçələrə çıxıb yatağa girmək üçün müştəri axtarmağı həyatının bir parçasına çevirir. İndi isə küçədə dalınca düşən bir sərxoşdan qaçıb qurtarmaq üçün gizləndiyi yataqxanada oğlanların bu yaxşılığın müqabilində ondan nə istəyəcəyini düşünə-düşünə həyat hekayətini danışdığını xatırladı.... ******* Bayaqdan bəri yerində donub qalan ata bu müddət ərzində bir dəfə də tərpənməyən qızına baxdı. Amma qarşısındakı tələbəlik illərində otaqlarına gələn qız idi... İrəli atılmaq istədi. Ayaqları yerimədi. Dizləri üstə çöküb pəncərəyə doğru can atmağa başladı. O fahişənin onun evinə hardan gəldiyini soruşmaq üçün bütün gücü ilə irəlilədi. Atasının dizi üstə ona doğru gəldiyini görən qız gözlərini atasından çəkmədən əlilə pəncərənin açıq olub-olmadığını yoxladı... Amma heyi, hərəkəti tükənmişdi. Qolları yanına düşdü... Qızına çatan ata altdan yuxarı ona baxdı. Qarşısındakı tələbəlik illərindən “gələn” qız deyildi. Öz doğma balası idi. Onu dünən sevgilisi ilə gördüyü yeri xatırladı. Sahil bağı. Birdən-birə ataya elə gəldi ki, həmin yer nur saçır. Qızının əllərindən yapışıb ayağa qalxmaq istədi. Var gücünü toplayıb durdu. Balasının saçlarını əlləri ilə şanalayıb çiyinlərindən geri atdı. Gözlərinin içinə baxdı, baxdı... Nə danışa bilirdi, nə də hönkürə... Neyləsə də qızına deyə bilmədi ki, onu nə qədər sevir... O, lap balaca olanda, beşiyinin başında durub “mənim balam sevdiyi oğlana ərə gedəcək, anası kimi...” söyləyib onu əzizlədiyini deyə bilmədi. Bacarmadı. Qızının hisslərinin, onun da sevmək, sevilmək, yaşamaq, quracağı ailədə xoşbəxt olmaq hüququnun olduğunu bildiyini də deyə bilmədi... Bağrına basmaq istədi. Bacarmadı. “Əlvida” söyləmək istədi. Dili söz tutmadı. Qızının çiyinlərini möhkəm-möhkəm sıxan əlləri boşaldı. Yavaşca yanına düşdü. Geri qanrılıb nə qədər keçdiyini xatırlamadığı saatlar əvvəl arvadının yıxılıb öldüyü yerdə dayandı. Siqaret axtardı. Qonşu oğlan hələ də gəlib çıxmamışdı. Yalnız indi durduğu yerdə, gözlərindən iki damla süzüldü. Çiyninin üstündən dönüb qızına baxdı. O, eləcə yerində dayanmışdı. Divara söykənə-söykənə qapıya tərəf irəlilədi. Evdəkilərdən heç kim heç nə demədən bir-birilərinin üzünə baxıb çiyinlərini çəkirdi. O isə heç kimin üzünə baxmadan evdən çıxdı. Pilləkanları düşüb artıq qurulmuş mağarın yanından düz keçib getdi ayaqlarını sürüyə-sürüyə. Məhlənin qurtaracağında dayanıb bir də geri döndü. Qızı, hələ də bir az əvvəl özünü atmaq istədiyi pəncərənin qarşısında necə donub qalmışdısa, elə də dayanırdı. O, yoluna davam elədi. ****** Axşamın qaranlığında Sahil bağında toplaşmış adamlardan bir neçəsi özünü itirmiş qadını sorğu-sual edirdilər: “Tanıyırsanmı?”, “Necə oldu ki, öldü?”, “Haradan gəldiyini dedimi?”, “Öləndə başqa kim vardı burada?” Milis geyimli cavan oğlanın təcrübəsizlikdənmi, hövsələsizlikdənmi tələsik, cavabını gözləmədən verdiyi suallara tez-tez “bilmirəm” deyən qadın qəfildən amiranə şəkildə səsləndi: -Dayan, dayan... Dedi ki, “qızıma deyərsən, mən onu çox sevirəm. Məni bağışlaya bilərsə, bağışlasın.” -Axı haradan bilək ki bunun qızı kimdir?- hövsələsiz milis, əlindəki qovluğu hirs qarışıq təəssüflə havada yellədi... İndicə, yanındakı skamyada oturub başına gələnləri özbaşına danışan kişinin danışdıqları ilə həyatının oxşarlıqlarını tutuşdura-tutuşdura mat-məəttəl onun üzünə baxırdı. Kim olduğunu bilmədiyi bu adamın sehrbaz kimi onun həyatında baş verənlərin hamısını haradan bildiyi çaş-baş salmışdı yazığı. Nə qədər çalışsa da, həmin adamın üzündə bir dənə də olsun tanış cizgi tapa bilməmişdi. Xatırlaya bildiyi, bircə, onun aram-aram, anbaan öldüyü idi. Bir də bircə fərq. Qadın bir müddət küçə həyatı yaşasa da sonradan ailə qurub özünə ev qura bilmişdi. Amma gözləri önündə ölən kişinin dediyi fahişə hələ də küçələrin qaranlığında, sərxoş, vicdansız, ləyaqətsiz müştərilərdən qaçmaq üçün daldalandığı yerlərdə qarşılaşdığı adamlara öz həyat hekayətini danışırdı...
Posted on: Fri, 21 Jun 2013 12:58:45 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015