Əgər uşağınızın immunitetinin zəif olması əlamətlərini - TopicsExpress



          

Əgər uşağınızın immunitetinin zəif olması əlamətlərini görmüş olsanız həkim-immunoloq məsləhətindən istifadə edin. Həkim zəif immunitetin səbəblərini müəyyən edərək lazım gələrsə müvafiq müalicə kursu təyin edə bilər. Bir çox hallarda xüsusi müalicənin təyin edilməsinə heç bir ehtiyac olmur, sadəcə olaraq, uşağa savadlı qulluq etmək lazım gəlir. Belə qulluqlarla sizi aşağıdakı bölmədə tanış etməyə calışacağıq. Düzgün qidalanma Bu haqda danışarkən ən sadə məsləhətlərdən başlayaq. Uşağın immun sisteminin normal şəkildə olması üçün tam və keyfiyyətli qidalanmanın əhəmiyyəti böyükdür. Düzgün olmayan, natamam dəyərli və qeyrirasional qidalanma uşagın immun sisteminə xeyli dərəcədə zərər verir. İmmun sisteminin normal şəkildə fəaliyyət göstərməsi üçün daha vacib hesab edilən vitaminlər A, C, E, B və D qrupu vitaminləridir. A vitamini orqanizm tərəfindən E və S vitaminləri ilə birlikdə daha yaxşı mənimsənilir. Buna görə də mütəmadi olaraq uşaqlar üçün bitki yağı (vitamin E) əlavə edilmiş və üzərinə bir qədər limon şirəsi (vitamin S) sıxılmış kök, kələm, kahı yarpağı salatları hazırlamaq məsləhət görülür. Vitamin S – soyuqdəymə ilə əlaqədar olan xəstəliklərə qarşı mübarizədə orqanizmə kömək edir; məsələn, KRVX-nin ilkin dövrlərində C vitamininin qəbul edilməsi orqanizmin sağalmasına, daha ağır formalara keçməməsinə kömək edir. C vitamininin əsas mənbələri kimi, sitrus meyvələri, itburnu, kələm, pomidor, qara qarağat, qırmızı istiot və s. qeyd etmək olar. Vitamin E - orqanizmə mikroblardan, viruslardan, hətta xərçəng xəstəliyindən qorunmaqda kömək edir. E vitamini xeyli miqdarda qaraciyər, yumurta sarısı, kahı yarpaqlarında, günəbaxan, zeytun, qarğıdalı yağlarında, təzə cücərdilmş buğdada, qarabaşaq (“qreçka”), düyü və digər yarmalarda var. Vitamin B1. Orqanizmində bu vitamin çatışmazlığı olan uşaqlar ağlağan, hirsli, dəcəl olur, tez-tez baş ağrılarından, ümumi zəiflikdən şikayət edirlər. Sinir sistemi zəif olan uşaqların immun sistemi də zəif olur. Buna görə də uşaqların qida rasionunda B1 vitamini ilə zəngin olan qida məhsullarının (“qerkules”, lobya, paxlalı bitkilər, qoz, fındıq, araxis, kartof, qaraciyər, böyrək) olmasına fikir vermək lazımdır. Vitamin B2. Bu vitamin çatışmazlığında da immunitet zəifləyir, müxtəlif mədə və bağırsaq xəstəlikləri baş verir. Tərkibində vitamin B2–nin olduğu əsas qida məhsulları: kələm, təzə lobya, alma, qaraciyər, yaşıl noxud, pomidor, cücərdilmiş buğda, yumurta, süd və süd məhsulları, mal əti. Yadda saxlamaq lazımdır ki, vitamin B2 işıqdan “qorxur” – süd və süd məhsulları 2 saat ərzində günəş şüaları altında saxlanılarsa, qıcqıraraq tərkibində olan B2 vitaminini də itirir. Vitamin B6 da immun sisteminin normal fəaliyyəti üçün vacibdir. Bu vitaminə qara çörək, ət, balıq, yumurta sarısı, süd, qaraciyər, yarmaların tərkibində də rast gəlinir. Vitamin B9 (fol turşusu) və B12 – qan hüceyrələrinin əmələ gəlməsi üçün (həmçinin eritrositlərin və immun sistemi hüceyrələrindən olan limfositlərin) vacibdirlər. Uşaqda qanazlığı, tez-tez baş verən soyuqlamalar varsa, ona süd, yumurta, soya, inəyin qaraciyəri və böyrəkləri, ağ və qırmızı turp, şomu, kahı vermək məsləhətdir. Vitamin D - qanın normal laxtalanması, ürək fəaliyyəti, sinir və immun sistemi üçün vacib hesab olunur. Onun çatışmazlığı zamanı əsasən 1 yaşına qədər uşaqlarda təsadüf edilən raxit xəstəliyi inkişaf edir. D vitamini çatışmazlığı daha iri yaşlı uşaqlarda baş vermiş olarsa, onların boy atması ləngiyir, sümükləri isə daha kövrək olur. D vitamininə yumurta, süd, kərə yağı, qaraciyər, balıq (xüsusən balıqların qaraciyərində) məhsullarının tərkibində rast gəlinir. Bundan savayı, bu vitamin günəş şüasının təsiri altında insanın dərisində də əmələ gəlir. Məhz buna görə uşaqlara günəş vannalarının qəbul edilməsi xeyirli hesab edilir. Ancaq onu da yadda saxlayın ki, günəş şüaları altında olmaq nəticəsində dəridə qızartı əmələ gələndən sonra orada D vitamini istehsalı dayanmış olur. Yuxu, istirahət, fiziki hərəkətlər Yuxu (xüsusən axşam vaxtı) uşaq üçün çox vacib hesab olunur. Məhz gecə saatlarında uşağın immun sisteminin mükəmməlləşməsi baş verir. Axşam saatlarında narahat yatan və ağlayan uşaqların immun sistemi rahat yatan uşaqlara nisbətən daha ləng şəkildə formalaşır. Məhz buna görə ana, uşağın axşam saatlarında normal vaxt ərzində rahat yatmasını təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə etməlidir. Günəş vannaları uşaqların dərisində vitamin D və melaninin əmələ gəlməsinə səbəb olur ki, onlar da uşağın immun sisteminin yuksəlməsinə köməklik edirlər. Günün 9-11 saatları uşaqların günəş altında olmaları üçün daha məsləhətli vaxtlar hesab olunur. Günəş altında olan gəzintilər ilk olaraq bir neçə dəqiqədən başlayaraq sonrakı günlərdə tədricən artırılmalıdır. Əziz valideynlər, əgər siz uşağınızın sağlam böyüməsini istəyirsinizsə, onun immun sisteminin yüksək səviyyədə saxlanmasına xüsusi diqqət yetirin!
Posted on: Wed, 28 Aug 2013 09:11:15 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015