Başlanğıc. 25 ci bölüm. 27- noyabrda atamı xəstəxana - TopicsExpress



          

Başlanğıc. 25 ci bölüm. 27- noyabrda atamı xəstəxana yatağında qoyub əsgər getdim. Hələlik əsgərlikdə yazdığım günəliklərə keçməzdən əvvəl, bir qədər dayanıb ömrün bu əlli illik zirvəsindən yaşanıb keçmiş o günlərin xatirələri arasında bir daha gəzişək, olub keçənləri anlamağa çalışaq, görək mənə nə verdi bu eşq və bu eşq idimi, əgər eşq idisə necə bir eşq idi? Onu gördüyüm zaman mənim on dörd, onun isə on iki yaşı olmuşdur. Mənə belə gəlir ki, həmin vaxtlar düşünmüşəm ki, “hamının sevgilisi var, ancaq mənim yoxdur” Yəni mənim də sevgilim olsun deyə, bəlkə də, heç onun diqqətlə üzünə baxa bilmədən arxasınca getmişdim. Məni ona hansı qüvvə bağladı, necə oldu ki, yalnız onu fikirləşməyə başladım, bunu dəqiqliyi ilə deyə bilmərəm. Amma ta işin başlanğıcında bir hadisə olmuşdu. Hələ bu zamanlar onun adını bilmirdim, arxasınca gedirdim ki, evlərini tanıyım, O, gedə-gedə dönüb arxaya – mənə baxırdı, elə bu an onun başı səkinin ortasında basdırılmış işıq dirəyinə dəydi. Mən başımı aşağı saldım ki, onu gördüyümü görüb utanmasın. Bax mənə elə gəlir ki, nə baş verdisə, həmin anda baş verdi, bundan sonra o, daima mənə “gəl-gəl” deyə çağıran, cəzb edən bir işığa döndü. O tamamən mənə yad bir adam idi, ilk başdan nə evlərini tanıyırdım, nə də adını bilirdim. Amma sehirlənmişdim. Onu izləyərək evlərini tanıdım, adını öyrənəncən iki, bəlkədə uç ay keçdi. Onu görməyəndə darıxmağa başladım. Nəhayət gün o gün oldu ki, ilk sevgi məktubunu yazmaq istədim, ancaq məlum oldu ki, nə uyğun sözləri seçə bilir, nə də düz-əməlli yazı yaza bilirəm. Həyatın qarşıma qoyduğu ilk sual bu oldu. Məktubu necə yazmalı? Bu sualın cavabını fikirləşə-fikirləşə evimizin qarşısından axan arxın üstünə çıxdım, elə bu an su ilə bir kitabın axdığını gördüm. Kitabı sudan çıxarıb evimizə gətirdim. Yazmağı öyrənmək üçün kitabın bir çox səhifəsini dəftərlərə köçürdüm. İlk dəfə olaraq bədii əsər oxudum. (bu barədə artıq birinci söhbətimizdə qeyd etmişəm. Kitab M.S. Ordubadinin Nizami Gəncəvinin dövründən və həyatından bəhs edən “qılınc və qələm” əsəri idi) mənim həyatımda dönüş, çevriliş baş vermişdi, düşdüyüm cəhalət quyusuna bir işıq düşmüşdü, eşq işığı, yoxsa hansı qüvvə məni oxumağı-yazmağı öyrənməyə vadar edə bilərdi. ancaq eşqin mənə öyrətdiyi, bəlkə də, ərməğan etdiyi təkcə bu deyildi, məsələ ondadır ki, ilk oxuduğum həmin kitabın “barmağı” tarixin dərinliklərindən boylanan böyük Nizamiyə tuşlanmışdı. O, Nizami ki bütün həyatım boyu mənə həyat dərsi verdi. O eşq mənim həyatımın qaranlıqlarına düşmüş bir ilahi nur idi. Bu eşqin işığında mən yazıb-oxuma öyrəndim, bu eşqin işığında dünyanı tanımaq üçün üzümə Nizami böyüklükdə bir qapı açılmışdı, eşq mənə tərbiyyəçi olaraq Nizamini seçmişdi, yoxsa mənim doğulduğum cəhalət içi hara, Nizami hara? O zamandan başlayaraq kitablar oxumağa başladım, 20 yaşım olanda kitab rəfimdə 3 yüzdən çox kitabım var idi. Gecə-gündüz kitablardan o qıza yazmaq üçün söz axtarırdım. Bu həvəsi, ilhamı eşqidən başqa hansı qüvvə verə bilərdi? O qıza yazdığım ardı-arası kəsilməyən məktublardan sonra, nəhayət görüşlərimiz başlandı. Ancaq mən “qanadlanıb uçmaq” əvəzinə, məyus olmuşdum. Mənim tapdığım, axtardığım deyildi. Sanki ondan qaçmaq, uzaqlaşmaq istəyirdim, ancaq hər qaçışım məni bir o qədər də ona yaxınlaşdırırdı. O hansı qüvvədir ki, ondan qaçmağın, ona yaxınlaşmağın ola? O, bir işığa dönmüşdü, ondan uzaqda qaranlığa, onunla olanda isə ətalətə düşürdüm. Yəni onunla bir yerdə olduqda, daha doğrusu, o da mənə “sevirəm” dedikdən sonra mən iztirab çəkə bilmirdim. Bu isə sanki mənim fikir və düşüncələrimi dayandırır, mənəvi fəaliyyətsizlik yaradırdı, ətalət düşürdüm. “Bulanıq suyun dibinə çökmüş lilə dönürdüm.” Onun həsrəti ilə yaşamaq isə bütün həyati fəaliyyətimə stimul verirdi, daimi can atmaya, hərəkətə səbəb olurdu. Bu sevgi mənim üçün həyatın başqa çətinliklərini öz kölgəsi altına alırdı, mən, çəkdiyim ailə yükünün ağırlığını bir o qədər də hiss etmirdim. Qısası mən yaşamaq ləzzətini ayrılıqla görüşün arasında , onun həsrətində, iztirabında tapırdım. Çünki bu zaman həmin işıq daha çox parlayırdı. Məsələyə digər bir nöqtədən baxdıqda isə; bu qədər həsrətdən, möhnətdən sonra nəhayət onun könlünü ala bilmişdim. Xoşbəxtlikdən onun qardaşı olmadığına və atası xeyli yaşlı adam olduğuna görə bizim görüşüb əl-ələ tutmağımıza ciddi maneə yox idi. Biz saatlarla bir yerdə ola bilirdik. Yəni aşiq məşuquna qovuşmuşdu, daha onun nə dərdi olmalı idi? Amma bəs bu necə olurdu ki, onun həsrəti ilə atəşlərə yanırdım, elə ki, ona yaxınlaşır, “əl atıb tutmaq” istəyirdim, ancaq görürdüm ki, axtardığım o deyil. Bu halda Məcnun Leyliyə: -get ey Leyli, get sən Leyli deyilsən, deyib üz döndərən kimi, mən də ondan üz döndərib, onu yenidən axtarmağa başlayırdım. Bu gün belə qənaətdəyəm ki, mən o qızın simasında Allahın yaratdığı ən gözəl varlığı -insanı sevmişəm. Görünür Allaha sevgi də bəşərə heyranlıqdan doğur. Yəni bəşəri sevgi ilahi sevginin başlanğıcıdır. Amma mən sanki yaradanın özünü axtarırdım, yüyürür, ona sarı, əl atıb tutmaq istəyirdim, ancaq görürdüm ki, tutduğum o deyil, onun yaratdığıdır. Bundan anladım ki, sevginin qaynağı Allahdır, Allahı sevmək, Allaha xatir onun yaratdığını sevməkdir. Artıq bizə aydın idi ki, ayrılacağıq, amma görüşməkdə davam edirdik, bəs nə üçün? Davamı var.
Posted on: Tue, 30 Jul 2013 08:40:36 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015