«Evyıxan» ənənələr! Söhbət evlilikdən gedirsə, - TopicsExpress



          

«Evyıxan» ənənələr! Söhbət evlilikdən gedirsə, yurdumuzda iki gəncin birləşməsinəmi desək düzgün olar, yoxsa birdəfəlik üzülüşməsinə xidmət edən bəzi ənənələrimizdən danışmamaq olmaz. Oğlanın kasıbçılıq dərdi, qız evinin ağır tələbləri bəzən hər iki tərəfi ailə qurmaqdan çəkinməyə vadar edir. Yersiz arzuların meydana gətirdiyi ağır və bahalı toy adətləri istər-istəməz evliliyi qeyri-mümkün edir və ya çox çətinləşdirir, söz-söhbət yaradır. Bir-birinin bəhsinə girib, borc-xərc edib bahalı evlilik mərasimləri keçirmək əslində iki insanın xoşbəxtliyinə zərrə qədər də təsir etmir. Əlbəttə, xoş gündə şənlənməyin, ziyafət verməyin heç bir problemi yoxdur. Ancaq israfa yol vermək Allah tərəfindən bəyənilmir: «Ey Adəm oğulları!.. yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!» (surə 7, ayə 31). Toylarımızda necə süfrələrin açıldığını görürük. Məgər insan 3-4 cür yeməklə öz qarnını doyuzdura bilməz? Nə qədər yemək qalıb atılır, bir sözlə israfçılığa yol verilir. İş orasındadır ki, imkanı olmayan da başqası ilə bəhsə girib əsassız yerə xərc çəkir. Bizdə bu, adət halını alıb. Belə ağır toy və s. evlilik xərcləri bəzi gəncləri ailə qurmaqdan boyun qaçırmağa və ya gec evlənməyə vadar edir. Ali məktəbi təzəcə bitirən gənc bu şərtlərlə necə evlənə bilər? Belə çıxır, maddi vəziyyəti aşağı səviyyədə olan subay qalmalıdır?! Elə hallar da olur ki, gənclər maddi məqsəd güdmədən, saf məhəbbətlərinə görə bir-birilə evlənməyə can atır, lakin həm oğlan, həm qız tərəfi bu işdə əngəllər yaratmağa başlayır. Nəticədə evlənmək istəyən gənclər çətin vəziyyətə düşür. Səbəb maddiyyat və qarşı tərəfin ağır şərtləridir. Lakin övladlarını həqiqətən sevən, qeydinə qalan valideynlər vəziyyətin ciddiliyini başa düşüb, maddi şərtlər güdmədən uşaqlarına həyat yoldaşı seçəndə ilk növbədə mənəviyyat, əxlaq və s. insani keyfiyyətləri güdməli və evlilik prosesinin rahat keçməsi üçün əllərindən gələni etməlidirlər. Çünki əsassız adətlərin evlənməyə can atan şəxslərin səadətinə zərrə qədər də faydası yoxdur! Əksinə… (Məryəm Yəhyayeva)
Posted on: Tue, 10 Sep 2013 18:46:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015