Gülayə Əri müharibədən qayıtmamışdı. Göz yaşları - TopicsExpress



          

Gülayə Əri müharibədən qayıtmamışdı. Göz yaşları gözündə Qara daşdı Gülayənin. Gözləməkdən göz daşları Gözündən daşdı Gülayənin, Çevrildi yol daşlarına. Baxdı qonşu gəlinlərin yoldaşlarına Ağladı için-için. Dedi : “Allah niyə neyçün...” Gözünün birini yolda qoymuşdu Birdən ərim gələr görmərəm deyə. Bir üzü, qız biri gəlin , Başı açıq, ayaq yalın özləyirdi Gülayə. Kəndə gələn hər məktubu Qucağında körpəsiylə İzləyirdi Gülayə. İllər aldığını geri vermirdi, Diri aldığını, diri vermirdi. Qohum-qonşuda bilənlər də demirdilər ölüb əri, Qalmayıbdı o dönüşün ümid yeri. Gözləyirdi Gülayə. İllər tələsirdi, illər uçurdu, İllər Gülayənin Qara saçlarına qoşulub qaçırdı. Xatirələr uyuyurdu, Aman-zaman bircə oğlu böyüyürdü. Oğlunun boy-buxununda Görürdü əri qayıdıb, Gözlərinin uzaq düşmüş yaxınında Fərqi yoxdu ölü, ya diri qayıdıb. Uçuq-sökük daxmasında Uçuq-sökük xatirələr canlanırdı təzədən, Həsrətindən qırov düşmüş ürəyini Tək oğluydu isidən. İyirmi bir yaşına çatmışdı oğlu. (Ömrünün qışına çatmışdı oğlu) Bir gün tay –tuş davasında öldürdülər Gülayənin oğlunu. Oğlunun boy-buxunundakı Ərini də öldürdülər . Birini öldürmüşdülər , Birini də öldürdülər. Gözlərinin yaşında itdi-batdı Gözlərinin qarası , Ürəyinin parası – oğlu yaşamırdı daha. Günlərlə qucaqladı Oğlunun yetim qalmiş cəsədini, Qoymadı torpağı qazdırmağa, Balasını basdırmağa . Ancaq bir gün Gülayənin yetim-yesir göz yaşından Qopardılar oğlunu, Ondan xəbərsiz apardılar oğlunu. Xəbər tutdu Gülayə, Ağlını oğlunun qəbri üstə atdı , Ürəyini basdırdı Gülayə. Ana ürəyi ilə yaşadı Oğlunun yatdığı torpaq. Bəxdi qara oğlum deyə Ağlayırdı Gülayə. “Fələk aldı dayanmadı, Mən yandım ,of, o yanmadı. Ha çağırdım, səs gəlmədi, Balam yatdı, oyanmadı. Bircə balam, hara getdin, Bağrım yara-yara getdin. Ev –eşiyi sənsiz qoyub , Sən qara məzara getdin. Soyuyubdu qış olubdu, Köçəri bir quş olubdu, Balam gör necə dəyişib, Balam qara daş olubdu. Oyna oynunu qurban, Anan boyuna qurban, Ağ kəfən gəlinim olub , Toyundu toyuna qurban.” O gündən atdı ev –eşiyini, 3-5 günlük ömrü ilə Çəkdi daş oğlunun Keşiyini Gülayə .
Posted on: Tue, 03 Dec 2013 14:09:55 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015