Ramazanın birinci niyyet gecesi olduğu üçün hemin axşamı - TopicsExpress



          

Ramazanın birinci niyyet gecesi olduğu üçün hemin axşamı mescidde keçirtmek meqbuldur. Hem de hemin axşam ancaq oruc üçün niyyet geceleri sayılan gecelerde qılınan Teravih namazı qılınmağa başlanacaqdır. Teravih namazının mescidde camaatla qılınmasının (ümumiyyetle namazların mescidde qılınmasının) savabı çox böyükdür. Mescide gederken qüsl alıb getmek çox yaxşı emel sayılır, xüsusile bu günde. Camaatla bir yerde gece namazını, teravih namazını ve vitr namazını qıldıqdan sonra eve qayıdıb geceni sehere qeder ibadet etmek (namaz qılmaq, Qurani Kerim oxumaq, dua etmek ve s.) de savab sayılır. Sübh namazının vaxtı yaxınlaşdıqda ise sahur etmek (yeni Allahın verdiyinden ve evde olandan yemek) lazımdır. Sübh namazı goren kimi artıq oruc başlayır. Ve axşam namazının vaxtı girene qeder onun şertlerine emel etmek lazımdır. «ORUCUN ƏSAS QAYƏSİ TƏQVADIR» Hacı İlqar İbrahimoğlu: “Oruc Allaha yaxınlaşmaq xatirinə tutulmalıdır” “Qarşıdan mübarək Ramazan ayı gəlir. Uca Allahdan diləyirik ki, bu ayın fəzilətlərindən, nemətlərindən, bərəkətlərindən layiqincə bəhrələnməyi, bu ayın fəlsəfəsini anlayıb, onu yaşadanlardan olmağı cəmi inanc əhlinə qismət etsin, inşallah!” İçərişəhər Cümə məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu növbəti cümə xütbəsini bu sözlərlə başladı. İlahi ziyafətə hazırlıq Sözünə davam edən imam-camaat dedi: “Ümumi qəbul olunmuş bir əqli, rasional qayda var - insana dedikdə ki, sən filan yerə, filan ziyafətə qonaq çağırılmısan, o, bir qayda olaraq, həmin yerdə qəbul edilmiş davranış qaydalarını, oturuş-duruşu öyrənir ki, bunlara riayət etsin. Müqəddəs mətnlərimizdə buyrulub ki, mübarək Ramazan ayı özü bəndəyə tərəf gəlir, özü də bütün rəhmət və nemətləri ilə. Və bəndə də buraya, Allah ziyafətinə qonaq dəvət olunub. Çox əhəmiyyətlidir ki, biz ona tərəf yox, müqəddəs ay bizə tərəf öz bərəkətləri ilə gəlir. Burada İlahi rəhmətin, bəndəyə olan sonsuz mərhəmət və məhəbbətin bir təzahürü var ki, Ramazan ayının sonsuz nemətlərini nəzərə alaraq, Allah-Təala bəndənin bundan məhrum olmasını istəmir”. Bəs bəndə nə edir? Xətibə görə, sonsuz İlahi rəhmətdən ilhamlanmış bir durumda bəndə çalışır fərqinə varsın ki, bu mübarək ayda nələri etməli, nələri isə etməməlidir. Nələrə əhəmiyyət verməli, nələri nəzərə almalıdır: “Düşünmək gərəkdir ki, bu ayda məqsəd nədir, hədəf nədir. Axı harasa, çox adi bir yerə gedəndə də, insan müəyyən hazırlıq görür, xəritədə o yeri tapır, iqlim barədə, görməli yerlər barədə araşdırmalar aparır. Analoji olaraq, mübarək aya da hazırlaşmaq lazımdır. Ay girəndən sonra axtarış aparmaq, hazırlaşmaq gec olacaqdır, işləri öncədən planlaşdırmaq lazımdır”. Əlbəttə ki, hazırlıq dedikdə, müxtəlif cəhətlər nəzərdə tutulur: “Burada təsərrüfat məsələləri də var. Çalışmaq lazımdır ki, ağır işlər bu aya saxlanmasın; burada səhhət məsələləri var - əgər sağlamlıqda hansısa problemlər varsa, onların aradan qaldırılmasını təmin etmək gərəkdir. Amma ən başlıcası mənəvi-ruhi hazırlıqdır”. Ən mühümü ruhən hazırlaşmaqdır İmam-camaat mübarək ayın əsas qayəsinə diqqət çəkdi: “Nə üçün mənəvi-ruhi hazırlıq ən önəmlidir? Cavab çox da uzaqda deyil. Dediyimiz kimi, bu, Allah ziyafətidir. Amma elə-belə ziyafət deyildir. Allah -Təala insanı qonaq çağırır, amma istəyir ki, insan bu qonaqlıqda mədəsini yox, qəlbini doldursun. Bu, sadəcə, ac-susuz qalmaq deyil. İrəlidə ziyafətin özünəməxsusluqları barəsində söhbət edəcəyik. Ən əsası odur ki, hazırlıq prosesində insan duaların əhəmiyyətini unutmasın. Dua İlahi dərgaha aparan ən qısa yoldur. Ramazan ayının gündəlik ümumi duası var, hər günə aid müəyyən dualar var, gecələr edilə bilən xüsusi ibadətləri var. Bu baxımdan hazırlıq aparmaq, günləri planlaşdırmaq müəyyən mənada Ramazan ayının nemətlərindən bəhrələnməyin effektivliyini daha da artırar. Mübarək Ramazan ayının ana sütunu orucdur. Oruc ən vacib və əhəmiyyətli ibadətlərdəndir. Və bütün digər vacib ibadətlər kimi, bir neçə mühüm xüsusiyyətə malikdir. Yəni orucun bir neçə mühüm şərti var ki, bunsuz o, ibadət olmayacaqdır”. Orucda əsas şərt niyyətdir Xətib məclisə cəmləşənlərin diqqətinə orucun əsas şərtlərini çatdırdı: “Birinci və ən başlıcası odur ki, bir ibadət olaraq oruc mütləq ”qürbətən illəllah" - Allaha yaxınlaşmaq qəsdi ilə həyata keçirilsin. Oruc tutan diqqət etməlidir ki, bütün gün ərzində bu niyyət itməsin - əməli əməl xatirinə, yəni orucu oruca xatir tutmasın. Əməl hədəfə çevrilməsin. Orucluğun bütün günlərində bunu unutmaq olmaz: ibadəti insan adət kimi, vərdiş kimi deyil, əslində Uca Yaradana qovuşmağa, yaxınlaşmağa xatir yerinə yetirməlidir. İnsan diqqət yetirməlidir ki, tutduğu oruc əslində Allaha yaxınlaşmaq üçün gözəl bir vasitə olmaq durumundan çıxmasın. Oruc nə idmandır, nə aclıqdır, nə də qida pəhrizi. Oruc Allahın insan üçün vacib buyurduğu bir ibadətdir. İkinci əsas şərt orucun xalis niyyətlə tutulmasıdır. İnsan özünü göstərmək, diqqəti cəlb etmək üçün oruc tutsa, bu artıq oruc olmayacaq, çünki ibadətlik durumundan çıxacaq. İndiki zamanda bu xüsusilə vacibdir. Çünki elələri ola bilər ki, Allahın bütün bəyənmədiyi, nifrət etdiyi, haram buyurduğu işləri görür, camaatın haqqını basır, pis işlərə rəvac verir, bununla yanaşı oruc tutur. Oruc əgər insanı bu və digər mənfiliklərdən uzaqlaşdırırsa, çox gözəl. Amma əgər əksinə, həmin fərd bununla özünü aldadırsa, vay olsun onun halına? Allah ki, hər şeyi görür və qəlblərdən agahdır!”. Yaradanı özünə borclu bilmə! Xətib orucun üçüncü mühüm cəhəti kimi insanın öz ibadətini digərlərinin yanında tərifləməməsini göstərdi: “Bu təriflənmək, insanın niyyətinə qatışıq salır, xalislikdən məhrum edir. Necə ki, Qurani-Kərimin ”Nəcm" surəsinin (53) 32-ci ayəsində buyrulur: “Özünüzü tərifləməyin. O (Allah) təqvalı olanı daha yaxşı tanıyır”. Allah-Təala hətta 99 faizlik təmiz niyyət də istəmir, bəndənin yalnız mütləq xalisliyə can atmasını istəyir. İnsanın öz ibadəti barədə danışmasında 2 istisna var: birincisi, töhməti dəf etmək, yəni kimsə insanı ittiham edə ki, bəs nə pisdir, Allah ayıdır, sən ehtiram qoyub oruc tutmursan, insan da özünü müdafiə edə ki, yox, elə deyil, tuturam. İkincisi, insanın öz ibadəti haqqında danışması, digərlərini bu ibadətə qarşı rəğbətli edə, bir növ stimullaşdırıcı rol oynaya. Bunlar təbii ki, məqbul hallardır. Dördüncü şərti kimi dinimiz insanın öz ibadətindən, orucundan qürurlanmasının yolverilməzliyini vurğulayır. Belə ki, belə yanaşma hətta Allahı borclu bilmək kimi absurd bir duruma da gətirib çıxara bilər. Belə yanaşma ibadətin keyfiyyətinə sağalmaz yara vura, insanı tənəzzülə apara bilər, onu bəndəçilik durumundan uzağa atar. Aydındır ki, Allah-Təalanın nə bizim orucumuza, nə namazımıza ehtiyacı var. Orucun da, digər ibadətlərin də faydası, xeyri bizim özümüzə aiddir. Bizim özümüzün təkamülümüz, inkişafımız üçündür. Beşinci cəhət kimi onu göstərmək olar ki, tutduğu oruc insanda arxayınçılıq halı əmələ gətirməsin. Bunun əksi də ruhdan düşmə, bədbinlik, “mən heç nəyə yaramıram”, “onsuz da düzəlməyəcəyəm” fəlsəfəsi də qətiyyən qəbuledilən deyil. İslam bunların hər ikisini rədd edir. Orta xətt - həm ümid, həm də özünütənqidin mövcudluğu bəyənilir. Onu xüsusi qeyd etmək zəruridir ki, orucun ən əsas qayəsi təqvadır. Allah Təala Qurani-Kərimin “Bəqərə” surəsinin 183-cü ayəsində buyurub: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə yazıldığı kimi, sizə də oruc yazıldı ki, bəlkə təqvalı olasınız”. Xətibin sözlərinə görə, burada orucun vacibliyinin fəlsəfəsi əksini tapıb: “İnsanın ki, vəzifəsi kamala yetişməkdir və kamala yetişməyin də yolu təqvalılıqdan keçir, bu baxımdan oruc təqva durumunu yaxınlaşdıran, möhkəmləndirən bir ibadət kimi insan üçün xüsusilə tövsiyə edilib. Oruc insanda bir iradəvi durum yaradır, daha dəqiq desək, hasil edir ki, bunun nəticəsində gerçək istedadlar üzə çıxır və təsbit olunur, insanın daxilində olan fəsadlar aradan gedir və insan fəsadlara doğru meyllənmir, ona tərəf gələ bilən yeni fəsadlara qarşı effektiv müdafiə yaranır. Mahiyyət etibarilə, insanın daxilində çirkinliklərə tərəf getməyin qarşısını alan və onu yaxşılıqlara doğru yönəldən gerçək ruhani-mənəvi durumun yaranmasına elə təqva deyilir”. Qəlbi və əzaları haramdan qorumalı Sözünə davam edən imam-camaat təbərrük üçün Həzrət Peyğəmbərdən (s), İmamlardan (ə) gələn orucla bağlı gözəl tövsiyələrdən nümunə gətirdi: “Belə ki, Allahın Elçisi (s) buyurub: ”Ramazan ayı bir aydır ki, onda İlahi ziyafətə dəvət olunursunuz, buna görə: 1. Allah-Təaladan istəyin ki, sizin niyyətləri və qəlblərinizi günahlardan və pis sifətlərdən pak qərar versin; 2. oruc tutmaq və Quran tilavət etmək tofiqini sizə inayət etsin; 3. o vaxt ki, ac və susuz olursunuz, Qiyamətin aclıq və susuzluğunu yada salınız; 4. o cümlədən, imkansızları və binəvaları, zəifləri tapınız və onlara əl tutunuz; 5. uşaqları və yaxınları lütf və mehribanlıq ünvanı qərar veriniz; 6. dilinizi deyilməməlilərdən qoruyunuz; 7. gözlərinizi haram görməməlilərdən qaytarınız; 8. qulaqlarınızı haram eşitməməlilərdən qoruyunuz; 9. camaatın yetimlərilə mehribançılıq ediniz ki, sizin yetimlərə də mehribançılıq etsinlər; 10. namaz vaxtında əllərinizi duaya qaldırınız ki, icabət həddinə yetişsin". Bu mübarək hədisdən əxz olunan ən ümdə mətləb odur ki, insan Ramazan ayının nemətlərindən kifayət qədər bəhrələnməsi üçün Mütəal Allahdan ona nəzər salmasını diləməlidir. Allah ziyafətinə dəvət olunmasını, qəlbinin, niyyətlərinin, əzalarının haramlardan hifz olunmasını istəməlidir. Həqiqi oruc tutanlardan olmasını, ruhunun rəhmət nuru ilə şölələnməsini diləməlidir. Eyni zamanda biz burada ictimai nöqtələrin əhəmiyyətliliyini görürük: kasıblara, imkansızlara, əlil və yetimlərə əl tutmaq burada önəmli yer tutur. Digər mətnlərdə də biz orucu müşayiət edən ruhi vəziyyətlərə diqqəti yönəltməyin zəruriliyini görürük. İmam Cəfər Sadiqdən (ə) nəql edilən mübarək hədisdə bildirilir: “Oruc yalnız yeməkdən, içməkdən çəkinmək deyil. Əslində sizin orucunuz gərək aşağıdakılarla birgə olsun: 1. dilinizi yalandan qoruyunuz; 2. baxışlarınızı haramdan örtünüz; 3. bir-birinizlə dava-dalaş etməyiniz; 4. həsəddən çəkininiz; 5. bir-birinizin qeybətini rəva bilməyiniz; 6. mübahisə və söz-söhbətdən kənarda durunuz; 7. and içməyiniz, düz olsa belə; 8. söyüş və pis sözlərdən çəkininiz; 9. bir kəsə zülm və sitəm etməyiniz; 10. ağılsızlıq etməyin və qəm-qüssə çəkməyiniz”. Ümumiyyətlə, dinimiz dönə-dənə vurğulayır ki, oruc tək yemək-içməkdən çəkinmək deyil. Həm də qaraqəlblilikdən, zülm etməkdən, haqq basmaqdan da çəkinməkdir: “Eyni zamanda, oruc tutanın bütün əzaları ruhani bir pəhrizkarlıq durumundadır: o, Allaha xoş gəlməyən ünvanlardan çəkinməlidir. Oruc tutan bu tövsiyələrə riayət etdikdə öz qəlbinə də, əməllərinə də dəqiq əxlaqi nəzarəti əldə etmiş olur. Mahiyyət etibarilə Ramazan ayının orucu insanın vücuduna güclü, kamilliyə doğru istiqamətverici bir ibadi impuls verməklə səciyyələnir və növbəti il üçün vücudi və işlək immun-müdafiə sistemi formalaşdırır. Məqsəd də budur ki, insanın qəlbində müsbət mələkələr, vərdişlər yaransın, Ramazan ayı qurtarandan sonra da əldə etdiyi müsbət xüsusiyyətləri, ruhi halətləri yaşatsın. Uca Allahdan diləyimiz budur ki, bu mübarək durumu bütün mömin və möminələrə, bütün insanlara qismət eləsin, inşallah!”. Vücudi inkişaf Ramazan ayında vüsət alır Xütbənin növbəti hissəsində Hacı İlqar Ramazan ayının ictimai əhəmiyyətlərinə toxundu: “Diqqət yetirsək görərik ki, toplumumuza çatışmayan bütün cəhətlər Ramazan ayında var. Rüşvət, haqq basma, yalan, böhtan, qəddarlıq, pislik etmək toplumumuzu bürüyüb. Və gerçək oruc tutan toplumda, İlahi tövsiyələri yerinə yetirən toplumda rüşvət olmaz, yalan olmaz, haqq yemək aradan gedər. Şükürlər olsun, ilbəil oruc tutanların sayı artmaqdadır. Sevindirici haldır, burada bir təkamül şansı var: insanlarımız öncə zahiri tərəflərə riayət edər, sonra daxili durumlarını nəzarətə götürərlər. Kim deyib ki, yalan və böhtan, yaltaqlıq, haqq basma, rüşvət elə əynimizə biçilib?! İnşallah, o gün də gələr ki, bu pis xislətlər ictimai haldan düşər, ayrı-ayrı fərdlər səviyyəsinə enər. İnşallah, toplumumuz Allahın bəyəndiyi bir cəmə çevrilər!”. Daha sonra imam-camaat, Roma Papası XVI Benediktin Almaniyaya səfəri zamanı İslam dininə qarşı yol verdiyi təhqiramiz ifadələrə münasibət bildirdi: “Belə deyimləri, yalnız düşünülməmiş və məsuliyyətsiz kimi xarakterizə etmək olar. Bu cür ifadələr milyarddan artıq müsəlmanın dini hisslərini təhqir edir. Bu hal həm də ona görə xüsusilə acınacaqlıdır ki, dünyamız bu il ərzində bədnam ”karikatura olayından" tutmuş, Livanda dinc insanların qətliamına qədər onsuz da çoxsaylı kataklizmlər keçirib. İnanırıq ki, ilk addım olaraq, XVI Benedikt bütün müsəlman dünyasına öz üzrlərini gətirəcək və dinlərarası qarşıdurmanın güclənməsinə yol verməyəcək". Sonda məclisə cəm olanlar bütün dünya müsəlmanlarının Həzrət Peyğəmbər (s) və Əhli-beytinin (ə) yolunu gedənlərdən qərar verilməsi üçün, övladların layiqli, salamat və əxlaqlı bir durumda boya-başa çatması üçün, ağsaqqalların Kərbəla ağsaqqalları ilə məşhur olması üçün, ruzi çətinliyinin həll olunması, düşmən tapdağında olan torpaqların azad olması, xəstələrin şəfa tapması üçün, Həzrət Mehdinin (ə.f.) tezliklə zühur etməsi üçün cəmlə dualar etdilər.
Posted on: Mon, 08 Jul 2013 20:14:38 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015