Rusiyalı tanınmış politoloqa görə, əməliyyatlar Dağlıq - TopicsExpress



          

Rusiyalı tanınmış politoloqa görə, əməliyyatlar Dağlıq Qarabağla məhdudlaşsa, Rusiya müdaxilə etməyəcək; “Nezavisimaya qazeta”: “Azərbaycan indiki vəziyyətə əbədi dözməyəcək…” Azərbaycan öz hərbi parkını ildən ilə modernləşdirməkdə və gücləndirməkdədir. Sevindiricidir ki, proses xaricidən silah-sursat idxalı ilə paralel, həm də yerli hərbi sənayenin inkişafı hesabına getməkdədir. Pilotsuz hərbi təyyarələr, hərbi təyinatlı digər məhsullarla yanaşı, artıq Azərbaycan aviobombalar istehsalına da başlayıb. Bundan əlavə, qardaş Türkiyə ilə anlaşma çərçivəsində ağır hərbi texnikanın buraxılışı üzrə saziş işə düşüb. İdxala gəlincə, yalnız son bir neçə illərdə Bakı İsraildən 1.6, Rusiyadan isə 1 milyard dəyərində müasir hərbi texnika və döyüş maşınları alıb. Ordumuzun qüdrətlənməsinə, ölkəmizin müdafiə qabiliyyətinin möhkəmlənməsinə yönəlik addımları əlbəttə ki, ilk növbədə ərazimizin 20 faizinin hələ də işğal altında qalması reallığı şərtləndirir. Rusiyalı tanınmış politoloq, Rusiya Siyasi və Hərbi Analizlər Mərkəzinin direktor müavini Aleksandr Xramçixin də təxminən eyni fikirdədir. Vesti.az-a müsahibəsində o, deyib: “Kim ki, fikirləşir Azərbaycan müxtəlif ölkələrdən bu silahları Qarabağ üçün deyil, Bakının mərkəzində parad keçirmək üçün alır, ya həddən-ziyadə ikiüzlüdür, ya da ağıldan kəmdir”. Bəs Qarabağda müharibəyə başlamaq üçün situasiya Azərbaycandan ötrü əlverişlidirmi? Rusiyalı politoloq sualı mürəkkəb hesab edir: “Cavab belədir: yəqin ki, ”yox”, nəinki “hə. Ancaq mən tam əminəm ki, Qarabağda müharibə mütləq başlayacaq. Azərbaycanla Ermənistan arasında müharibə gec-tez, istənilən halda olacaq. Bilmirəm, nə vaxt. Amma başlayacaq”. O halda Rusiyanın necə hərəkət edəcəyinə gəlincə, Xramçixin deyib: “Yaxşı olar bu haqda Kremldən soruşula. Mən ona cavabdeh deyiləm. Ancaq ehtimal edirəm ki, əgər hərbi əməliyyatlar Dağlıq Qarabağla məhdudlaşsa, o zaman 90-cı illərin əvvəllərində olduğu kimi Moskva qarışmayacaq. Yox, müharibə Ermənistanın öz ərazisinə toxunsa, onda Rusiyanın müdaxilədən yayınması çətin olacaq”. Lakin aydındır ki, Rusiyanın Ermənistan tərəfdə müharibəyə müdaxiləsinə Türkiyə seyrçi qalmayacaq. Elə isə Ankaranın reaksiyası necə olacaq? Rusiyalı ekspert bu sualı da Ankaraya ünvanlamağı tövsiyə edir: “Yenə yalnız ehtimal edə bilərəm ki, Türkiyə çalışacaq müdaxilə eləməsin. Lakin Azərbaycan böyük hərbi uğursuzluqlara uğramağa başlasa Türkiyənin qarışmaması çətin olacaq. Bu isə avtomatik şəkildə Rusiyanın cavab müdaxiləsinə və nəticələri bilinməyən regional müharibəyə aparır”. Azərbaycanın sürətlə silahlanması, o sırada Rusiyadan müasir döyüş maşınları almaqda davam eləməsi təbii ki, büdcəsi kasad olan işğalçı Ermənistanı ən çox narahat edir. O dərəcədə ki, bu ölkədə müttəfiq Rusiyaya qarşı etiraz aksiyaları keçirilib, strateji müttəfiqliyin bir mif olduğu bəyan edilib. Rusiyada isə ermənilərdən fərqli olaraq məsələyə sırf ticari maraqlar baxımdan yanaşılar və erməniləri sakitləşdirməyə çalışdılar ki, lazım olanda sizə də silah veririk, özü də pulsuz. Bu günlərdə “Nezavisimaya qazeta”da gedən bir yazıda Rusiyanın Azərbaycana satdığı silahlar xatırlanır və Moskvanın addımı Rusiya-Ermənistan müttəfiqliyi fonunda təhlil olunur (publika.az). *** “2009-cu ildən başlayaraq Azərbaycan üçün istehsal edilən silahların böyük partiyası bu ölkəyə çatdırılmaya başlanıldı. Bu silahların bəziləri hələ də çatdırılmayıb. Onlar arasında 94 ədəd ”T-90S” tankı, 100 ədəd BMP-3 piyadaların döyüş maşını, 24 ədəd “BTR-80A” tankı, 18 ədəd “Msta-S” özüyeriyən artilleriya qurğusu, 18 ədəd “Smerç” reaktiv atəş sistemi, 6 ədəd TOS-1A “Solnçepek” ağır minaatan kompleksləri, 2 ədəd “ZRS S-300P” divizionu, 24 ədəd “Mi-35M” zərbə vertolyotu, 60 ədəd çoxməqsədli “Mi-17″ vertolyotları var”. Bu sözlər “Nezavisimaya qazeta”da gedən həmin yazıda yer alıb. Qəzet yuxarıdakı siyahının olduqca zəhmli olduğunu, xüsusilə TOS-1A komplekslərinin heyrət doğurduğunu qeyd edib. Yazıda “T-90S” tanklarının, həmçinin “Mi-35P” zərbə vertolyotlarının Azərbaycan ordusunun zərbə potensialını əhəmiyyətli dərəcədə gücləndirəcəyi yazıb. Qəzetə görə, siyahının ikiqat zəhmli görünməsinin səbəbi onların paradlar və təlimlər üçün deyil, məhz müharibə üçün əldə edilməsidir: “Dağlıq Qarabağ üçün müharibənin yenidən başlanması tamamilə qaçılmazdır. Bir halda ki, tanınmamış respublika heç vaxt və hansısa formada könüllü şəkildə Azərbaycan tərkibinə qayıtmayacaq. Azərbaycan da indiki vəziyyətə əbədi dözməyəcək. Məhz ona görə Bakı kütləvi şəkildə silahlanır, özünün şəxsi silah istehsalını artırır. Sual olunur ki, ölkə öz Dağlıq Qarabağın qaytarılması üçün müharibəyə başlayacaqmı və bu nə vaxt olacaq”. *** Ukraynanın da müxtəlif dövrlərdə Azərbaycanın silahla təchizatında əsas oyunçu olduğunu yazan qəzet müxtəlif dövrlərdə Bakının ümumilikdə 200-ə qədər tank aldığını qeyd edib. Yazıda həmçinin, Azərbaycanın 12 ədəd “RSZO” artilleriya sistemi, 16 ədəd An-29 qırıcısı və 12 ədəd “Mi-24″ zərbə vertolyotunu aldığını bildirib. ”Nezavisimaya gazeta”ya görə, hələ SSRİ dövründə istehsal olunan bu silahlara müəyyən bir müddətdən sonra Azərbaycanın marağı azaldı. “Çünki bu silahlar Ermənistan üzərində keyfiyyət üstünlüyünü təmin etmirdi. Yeni texnikanı çatdırılmasını Kiyev sadəcə olaraq bacarmır. Daha doğrusu silahın seriyalı istehsalatını təşkil etmək Ukraynanın işi deyil. Bunu etsə də çox aşağı templə edəcək”, – yazan Rusiya nəşri məhz buna görə də Azərbaycanın üzünü Rusiyaya çevirdiyini bildirir: “Amma Rusiyanın ”Ural vaqon zavodu” müdafiə konsernində “T-90S”in seriya istehsalla bağlı problem yoxdur. Və “Smerç”lərin yenilərini “Motovilinskiy zavodu”ndan almaq daha yaxşıdır, nəinki Ukrayna anbarlarından. Buna görə də Azərbaycan seçim etdi”. Qəzet hesab edir ki, Azərbaycanın Rusiyanı seçməsi sevindirici olsa da, bir nüans fərqli situasiya yaradır. Bu nüans isə Azərbaycanın müharibəyə hazırlaşdığı Ermənistanın Rusiyanın hərbi-strateji müttəfiqi, həmçinin KTM-nin üzvü olmasıdır. Qəzet bundan fərqli olaraq Rusiyanı Azərbaycanla heç nə ilə bağlamadığını vurğulayıb: “Bununla bağlı bir müqayisə aparaq. Təsəvvür edək ki, Belarus və ya Qazaxıstan Gürcüstanın silahlandırılmasına başladı. Maraqlıdır ki, KTM-də bu ölkələrin müttəfiqi olan Moskvanın məsələyə reaksiyası necə olardı? Şübhəsiz ki, iş yalnız Belarus və ya Qazaxıstan məhsullarının keyfiyyət yoxlamasına cəlb olunması ilə kifayətlənməzdi, eyni zamanda neft və təbii qaz kəmərləri təmirə dayandırılardı. Deməli, bu, onlara olmaz, bizə olar. Amma Moskvanın hərəkətlərində geosiyasi səbəbi axtarmaq lazım deyil. Bu, bir ticarətdir. Biz köhnə RLS üçün Azərbaycana artıq pul vermək istəmədik, amma ondan yeni silahlar üçün çox pul almaq istəyirik. Amma Ermənistanda sadəcə olaraq yeni texnika üçün pul yoxdur. Yeri gəlmişkən, yaxın vaxtlarda Suriya barəsində də oxşar hadisə oldu: Rusiya artıq mövcud olan müqavilələr üzrə yeni texnikanın çatdırılmasını dayandırdı. Belə bir versiya irəli sürüldü ki, Moskva Əsədin qələbəsindən əmin deyil və istəmir ki, ən yeni silahlar başqa əllərə düşsün. Amma rəsmi versiya çox ehtimal ki, düzgündür: Suriya dayandırılan ödənişləri etdi və bundan sonra silah çatdırılması yekunlaşdı”. *** Qəzet daha sonra yazır ki, bir sıra silah satarkən həmin ölkələrin münaqişə tərəfləri olub-olmamasına fikir vermir və hər iki tərəfə silah satır. Bir sözlə, burada pul əsas götürülür. Bu model məhz Çin modelidir. Çin hamıya silah satır, kim ki, istəyir. Məsələn, Çin 1980-1988-ci illərdə bir-biri ilə müharibə edən İrana və İraqa silah satıb. “Nezavisimaya qazeta” Pekinin eyni münasibəti Azərbaycan və Ermənistana da göstərdiyini qeyd edir: “Pekin Ermənistana ”RSZO WM-80″ sistemlərini satıb və Azərbaycanla “JF-17″ qırıcılarının satışı ilə bağlı danışıqlar aparır. Çin həmişə pul qazanıb, təsir dairəsinə iddia etməyib. Ukrayna da Çin modeli ilə hərəkət edir. Kiyev də sifariş aldığı hər kəsə silah satır. Məsələn, Ukrayna müharibə vəziyyətində olan Sudan və Cənubi Sudana silah satıb. İkinci model isə ABŞ modelidir. ABŞ silahı təsir dairəsinə görə satır. Xüsusi halda, ən əhəmiyyətli müttəfiqlərinin maraqlarını qorumağa çalışır. Məsələn, Misirə silahlar İsraillə sülh müqaviləsinin başlanmasından sonra satılmağa başlandı. Əgər Amerikanın iki müttəfiqi vuruşmağa başlayarsa, Vaşinqton hər ikisinə kömək etməyəcək və birini seçəcək. Məsələn, 1982-ci ildə Vaşinqton Folklend müharibəsi zamanı Böyük Britaniyanın xeyrinə seçim etmişdi. SSRİ ABŞ modelinə tərəfdar idi. Silahı daha çox təsir dairəsinə görə satırdı. Moskva 1977-ci ildə Somali ilə vuruşan Efiopiyanın xeyrinə seçim etdi. Təbii ki, bu seçimin nə qədər düzgün olub-olmadığını müzakirə etmək tamamilə mənasızdır, çünki bu ”düzgünlüyün” anlaşılan meyarı yoxdur”. Qəzet Rusiyanın da Çin modeli ilə getməli olduğunu bildirir: “Biz nədən SSRİ-nin təcrübəsini təkrarlamalıyıq, silah üçün daha çox pul almaq daha yaxşı deyilmi, əgər o pula tələbat varsa? Və bütün bu suallar tamamilə qanunidir. Gündəlik planda Rusiya vətəndaşlarının böyük əksəriyyəti üçün Suriya və ya Ermənistan üzərində təsir dairəsini yaratmaq heç nə vermir. Görünür, Moskva iki modeli birləşdirməyə çalışır. Nəticə isə o olacaq ki, Moskva bütün müttəfiqlərini çox tezliklə itirəcək. Və bizim iki müttəfiqimiz qalacaq: ordu və donanma”. Zahid SƏFƏROĞLU . musavat
Posted on: Tue, 24 Sep 2013 09:59:32 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015