Tanınmış ekspert seçkiyə neçə faiz seçici gələcəyinin - TopicsExpress



          

Tanınmış ekspert seçkiyə neçə faiz seçici gələcəyinin anonsunu verdi Bu gün Azərbaycanda prezident seçkisi keçiriləcək. Seçkiləri izləmək üçün yerli müşahidəçilərlə yanaşı, 40-dan yuxarı xarici ölkədən və çoxlu sayda beynəlxalq təşkilatlardan müşahidə qrupları Azərbaycandadır. Seçkinin monitorinqini dünyanın ən tanınmış beynəlxalq təşkilatlarının monitorinq qrupları, eyni zamanda heç yerdə tanınmayıb hansısa ölkələrdə fəaliyyət göstərdiyi deyilən ayrı-ayrı QHT-lərin də müşahidəçiləri həyata keçirəcəklər. Ona görə də Azərbaycan cəmiyyətində çoxsaylı monitorinq qruplarından hansına inanıb-inanmamaqla bağlı suallar yaranır. Tanınmış seçki mütəxəssisi, Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov bildirdi ki, beynəlxalq müşahidəçilər içərisində prosesə nisbətən obyektiv qiymət verən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq qrupudur. Bu qurum seçkilərin monitorinqi sahəsində beynəlxalq aləmdə tanınmış peşəkar qurumdur: “İndiyədək verdikləri hesabatlarda, bəyanatlarda kiçik istisnalarla obyektiv qiymətləndirmə olub. Azərbaycanda indiyədək keçirilən seçkilərdə bu qurumun keçirdiyi monitorinqin nəticələri demək olar ki, ədalətli olub. Kiçik istisnaları çıxsaq, məhz bu təşkilatın seçkini qiymətləndirməsinə etibar edilə bilər. Seçki kampaniyası dövrü üçün indiyədək verdikləri iki aralıq hesabat üzrə qiymətləndirməni nəzərə alsaq görərik ki, indiyədək beynəlxalq təşkilatlar içərisində obyektiv qiymətləndirməni yenə də onların apardığını görərik. Ancaq bir nüansı da qeyd etmək lazımdır ki, aralıq hesabatlar üzrə qiymətləndirmədə də sanki bir qədər ehtiyatlılıq hiss edilir”. H.Həsənovun sözlərinə görə, seçkinin qiymətləndirmələri sırasında Avropa Birliyinin ekspertləri tərəfindən də verilən qiymətləndirmələr olub. Bunu da müəyyən qədər normal saymaq mümkündür: “Avropa Komissiyasının təmsilçiləri tərəfindən bir qiymətləndirmə oldu. Avropa Şurasının, ATƏT-in Parlament Assambleyasının, MDB-nin müşahidə qruplarının indiyə qədər olan qiymətləndirmələri isə obyektiv əsaslara söykənməyib. Birtərəfli qaydada hakimiyyətin xeyrinə verilən mesajlar formatında olub. Oktyabrın 8-də ATƏT-in Parlament Assambleyasının, Avropa Şurasının və digər bir neçə beynəlxalq müşahidə qruplarının toplantısı var idi. Mən şahidi oldum ki, bu toplantıda da dediyim mövqe sərgiləndi. Hesab edirəm ki, seçki günü də eyni qaydada-Avropa Şurasının, MDB-nin, ATƏT Parlament Assambleyasının və digər bir sıra təşkilatların müşahidə missiyalarının təxminən məzmunlu-hakimiyyətin xeyrinə bəyanatları, hesabatları olacaq. Hesabatlarında seçkinin kiçik pozuntularla, ümumən normal keçirildiyini qeyd edəcəklər. Seçkilərdə müşahidə olunan pozuntularla bağlı adekvat rəyləri isə olmayacaq. Belə rəylərin veriləcəyi yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun monitorinq qrupu, eyni zamanda Avropa Birliyi tərəfindən veriləcəyi gözlənilir. Yəni az-çox obyektiv mövqeni bu iki qurumdan gözləmək olar. İndiyə qədər Avropa Birliyinin təmsilçiləri tərəfindən verilən bəyanatlar onu deməyə əsas verir ki, onların seçkiyə verdiyi qiymət obyektivliyə yaxın ola bilər”. Ekspert onu da bildirdi ki, müxtəlif ölkələrdən o qədər də tanınmayan, səriştəsi olmayan təşkilatların kiçik monitorinq qruplarını hansısa yollarla gətirməklə beynəlxalq rəydə dəyişiklik etmək artıq mümkün deyil: “Artıq elə bir dövrdür ki, bu cür yollarla görüntü yaratmağa hesablanan addımlara inam yoxdur. O cür təşkilatların nümayəndələrinin verdikləri qiymətləndirmələr beynəlxalq birliyin mövqeyinə təsir göstərə bilmir. Ona görə də yaxşı olar ki, bu qədər əmək maliyyə sərf etməkdənsə, enerji seçkilərin obyektiv, ədalətli keçirilməsinə yönəldilsin. Bu, bütün fəaliyyətlərin nəticəsindən qat-qat üstün olardı. Birdəfəlik bilmək lazımdır ki, görüntü yaratmaq üçün müxtəlif ölkələrdən çoxlu sayda müşahidə qruplarının gəlməsinin elə bir səmərəsi yoxdur. Bu tip praktikalardan əl çəkilməlidir”. “2008-ci il prezident seçkilərində seçicilərin cüzi hissəsinin seçkidə iştirak etdiyi müşahidə edilmişdi. Budəfəki seçkilərdə seçici aktivliyinin hansı səviyyədə olması gözlənilir” sualına H.Həsənov belə cavab verdi: “2008-ci il prezident seçkiləri real alternativlərin olmadığı seçki idi. Ona görə də seçicilərin seçkiyə marağı yox idi. Aktivlik ideyaların ciddi rəqabəti əsasında ortaya çıxan məsələdir. Çox təəssüf ki, indi də ölkədə seçki mühiti kifayət edəcək səviyyədə hiss olunmur. Seçicilərin əksər hissəsi laqeyddir. Bu da ondan qaynaqlanır ki, seçkinin ədalətli keçirilməsinə inam yoxdur. Seçkilər bir institut kimi sıradan çıxmaqdadır və formal xarakter almaqdadır. Bax, bütün bunlar seçici fəallığına təsir göstərir. Güman eləmirəm ki, seçici fəallığı çox yüksək olacaq. Budəfəki seçkidə real alternativ olduğu üçün ola bilsin ki, seçici aktivliyi 2008-ci ildəkindən nisbətən yüksək olsun. Ancaq seçicilərin iştirakı səviyyəsi 20-30 faiz arasında olacaq”. Etibar SEYİDAĞA
Posted on: Wed, 09 Oct 2013 03:58:49 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015