Televiziya və mədəni istismarçılıq Dünya dəyişdikcə, - TopicsExpress



          

Televiziya və mədəni istismarçılıq Dünya dəyişdikcə, istismarçılığın forması da dəyişir. Qədimdə bir yeri zəbt etmək üçün qoşun yığıb, qılınc-qalxanla, top-tüfənglə hücuma keçirdilərsə, indi oturduqları yerdə çox asanlıqla istənilən cəmiyyəti istismar edə bilirlər. Bunun formulu isə çox da mürəkkəb deyil: xalqın mənəvi dəyərləlrini əlindən al, istədiyin yerə sürüklə! Sözügedən formul hələ ötən əsrdən Qərb dünyasının diqqət mərkəzində olub. Üçüncü dünyanın “mehriban” düşmənləri öz filmləri, radio və televiziya verilişləri və müxtəlif əyləncə vasitələrilə xalqların mədəniyyətini dəyişdirməyə, milli-mənəvi dəyərlərini əllərindən almağa çalışmışlar. “Zəbt olunmuş Şərq ərazilərindəki camaatla nə edəcəyik?” sualına bir vaxtlar Hitler belə cavab vermişdi: “Qoy radio bu əhaliyə mümkün qədər çox musiqi yeritsin; mənəvi özbaşınalığın yaranması üçün onları əqli işə yaxın buraxmaq olmaz. Mənən yoxsul insanlar isə həmişə özlərini xoşbəxt sayırlar...” Deməli, Hitlerə və çox güman ki, həm də onun bugünkü xələflərinə görə, xalqları istismar etmək üçün onları əqli işlərdən ayırmaq lazımdır. Musiqi, əyləncə və şou proqramlarına adət edənlər isə, yaşadıqları cəmiyyətin ən ideal, özlərinin də ən xöşbəxt olduğunu düşünüb, başlarına açılan oyunlardan xəbərsiz olacaqlar. Bundan sonra isə onların təkcə yeraltı-yerüstü sərvətlərini yox, həm də beyinlərini və düşüncələrini istismar etmək asanlaşacaq. Bənzər fikirləri keçmiş SSRİ-yə qarşı işlənib hazırlanan doktrinanın müəllifi Allen Dallesdə də görmək olar. Amerika kəşfiyyatının adı çəkilən spikeri hələ 1945-ci ildə belə planlaşdırırdı: “Biz ehtiyatla onların mənəvi dəyərlərini dəyişərək şüurlarına seks kultu, zorakılıq, sadizm, sözə xəyanət, sırtıqlıq, alkoqolizm və narkomaniya, qorxu və həyasızlıq, bir sözlə, əxlaqa zidd olan şeyləri yeritməliyik. Namus və vicdan lağa qoyulacaq, keçmişin mənasız qalığına çevriləcək. Yalnız çox az adam bundan xəbər tutacaq, hətta nələr baş verdiyini anlayacaqlar da. Onları da gülünc vəziyyətə salıb, aciz durumda buraxacağıq”. İndi isə qayıdım öz cəmiyyətimizə. Bu gün respublikamızda fəaliyyət göstərən telekanalların səviyyəsi, bizim məhz belə doktrinalar altında yaşadığımıza əmin olmağa əsas verir. Bu kanallarda yayımlanan verilişlərin növünü, keyfiyyətini, hətta zamanını və müddətini belə Reytinq təyin edir. Tanınmış yazar Həmid Herisçinin təbiri ilə desək, “bu zəhrimara qalmış reytinqi” isə məhz “TV MR AZ” adlı bir Amerika şirkəti müəyyənləşdirir. Eyni vəziyyət sevə-sevə baxdığımız türk kanallarında da mövcuddur. Son illərdə Türkiyədə gedən siyasi proseslərin təsirindən bu sahədə ciddi dəyişiliklər görünsə də, qardaş ölkənin bir çox telekanallarındakı serialların qoyduğu acı təsirlər heç kimə sirr deyil. Əlbəttə, televiziya elmi və texnoloji baxımdan bəşər üçün böyük nailiyyətdir. İslam dini bu nailiyyətlə nəinki müxalifətçilik etmir, hətta onu alqışlayır da. Kino və seriallar da incəsənətin mühüm bir sahəsi kimi özü-özlüyündə müsbət qiymətləndirilməlidir. İnsanların beyninə nüfuz eləmək, onların düşüncə tərzini və həyata baxışlarını dəyişdirmək üçün bu vasitələrdən istifadə olduqca əlverişlidir. Allah-Taala da Qurani-kərimdə misallardan, səhnələrin obrazlı təsvirindən və tarixi əhvalatlardan bəhs etmişdir. İranın tanınmış kino tənqidçisi doktor Abbasinin dililə desək, əgər Platon bu gün sağ olsaydı, “Dövlət” kitabını yazmaq əvəzinə, serial çəkərdi. İslama görə, hər bir tərəqqinin, müxtəlif informasiya vasitələrinin, radio, televiziya, kompüter, internet, peyk antenləri və digər ixtiraların müsbət və mənfi tərəfləri ola bilər. İslam müsbət tərəfləri təsdiq edərək, mənfi istifadələri qadağan edir. Buna görə də, televiziya özü-özlüyündə bir uğur hesab olunmalıdır. Bu yazıda isə söhbət onun yalnız mənfi tərəflərindən gedir. İndi isə televiziya kanallarımızın verilişlərinə nəzər salaq. Əgər bu kanallarda yayımlanan verilişlərin mənfi tərəflərini tərəzinin bir gözünə, müsbət verilişləri isə o biri gözünə qoysaq, hansı ağır gələr? Bu televiziya verilişlərinin neçə faizi Qarabağ problemi üzərində qurulub? Onların neçə faizi cəmiyyətdə baş alıb gedən ictimai və əxlaqi pozuntuların həllinə yönəlib? Ailə-məişət zəminində baş verən problemləri aradan qaldırmaq üçün nə qədər verilişimiz var? Dinimizi və milli-mənəvi dəyərlərimizi təbliğ edən verilişlərimizin sayı nə qədərdir? Hamıya bəllidir ki, bütün bu verilişləri bir yerdə toplasaq, yenə də şou-biznes verilişlərinə çatmaz. Elə isə, əksəriyyəti şou proqramlarından, musiqi-əyləncədən və meşşan həyatın təbliğindən ibarət olan bu televiziyanın qoyduğu təsirləri özünüz ölçün. Televiziya müasir zamanda həm də “çağırılmamış qonaq” adlanır. Biz istəsək də, istəməsək də, özümüz daxil, bütün ailə üzvlərimiz günlərinin saatlarla vaxtını məhz onunla keçirirlər. O, çox asanlıqla insanların beyninə nüfuz edir və istədiyi təfəkkürü aşılayır. Əgər qədimdə ata və ana uşaqlarıyla söhbət edir, istədikləri tərbiyəni onların beyninə yeridirdilərsə, bu gün televiziyanın nüfuzu ata və ananın nüfuzundan qat-qat artıqdır və məhz teleşirkət sahiblərinin, yaxud pərdəarxası kimlərinsə istədiyi tərbiyəni aşılayır. Bugünkü televiziya kanallarını kapitansız gəmilərə də bənzətmək olar. Onlar öz idarəsini itirmiş və bu tufanlı dəryada, yəni müasir dövrdə sərnişinlərini qərq etməkdədirlər. Qadınlar bu başıbəlalı gəminin zavallı sərnişinləridirlər. Bu gün çox dəyərsiz məhsulları belə reklam etmək üçün məhz gənc qadınların yarıçılpaq görüntülərindən istifadə olunur. Bu arada zavallı qadın özünün azadlığa çıxdığını düşünür, amma əsl həqiqət budur ki, o, ən amansız istismara məruz qalmışdır. İyirmi birinci əsrin səciyyəvi istismarının fərqinə varmayan qadın iqtisadi şirkətlərin alətinə çevrilir, mədəni və siyasi oyunların qurbanı olur, özünün hörmətini və iffətini əldən verir. Bu qadın özündən soruşmur ki, nədən teleseriallarda qadın şəxsiyyətini alçaldan səhnələr geniş yer alır? Nədən çılpaq qadınların yer almadığı filmlərə çox az təsadüf olunur? Belə çıxmırmı ki, o, hər yerdə məhsulsayağı mübadilə olunur, alış-veriş predmetinə çevrilir və bədənini nümayiş etdirməyincə müştərisiz qalır?! Televiziyanın imkanlarından istifadə edib, qadınları gözəllik müsabiqəsi adı altında soyundurmağa, aktrisa və müğənni qadınları çılpaqlıq yarışına cəlb etməyə nə ad vermək olar? Qadınlığa xas gigiyenik məhsulları reklam etdirmək üçün biabırçı görüntülərin yayımı qadın üçün təhqir deyil, bəs nədir? Yazını professor Şahlar Əsgərovun sözü ilə bitirmək istəyirəm: “Adama elə gəlir ki, Qərb yavaş-yavaş istədiyinə nail olur. Əvvəllər analar qızları instituta girməyəndə ağlayırdılar, indi isə şou proqramına düşməyəndə ağlayırlar”. Mən bu yazıda televiziyanın müasir istismar aləti olduğunu yada salmaq istədim. Müəllif: Seyidəkbər Əsgərov TiTi..
Posted on: Tue, 26 Nov 2013 07:26:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015