Vüqar Dəmirbəyli NƏSİL Roman ABBASLA MƏHƏR Abbas - TopicsExpress



          

Vüqar Dəmirbəyli NƏSİL Roman ABBASLA MƏHƏR Abbas köhnə kişilərdən idi. Özü də Kitabdan-Qurandan xəbəri olan adamıydı. Atası hələ uşaqkən onun ərəbcə yazıb-oxumağı öyrənməsinin qayğısına qalmışdı. Bəzi duaları da əzbərdən bilirdi. Amma gəl ki, kişi valideynlərini tez itirmiş, yerdə qalan iki qardaşına baxmaq yükü də onun üstünə düşmüşdü. Ona görə də atasının istədiyi kimi mədrəsə təhsil ala bilmədi, həqiqi bir din adamı ola bilmədi. Amma cuvarlığı öyrəndi; bir az zəhmətli peşə olsa da, suyun-selin içində çapalamaq lazım gəlsə də, özünə də, qardaşlarına da bununla çörək pulu çıxara bilirdi. Abbas çox sağlam vücudlu və qüvvətli idi. Onun haqqında kənddə deyərdilər ki, guya bir gün qonşunun öküzü kəndiri qırıb qaçır, o da qabağına çıxan Abbasdan heyvanı saxlamağı xahiş eləyir, Abbas da öküzü quyruğundan tutub saxlayır – yəni kişlinin gücü o qədər çox idi. Bəlkə belə olduğuna görə də kəndə Şura hökumətinin adamları gələndə, bu pəhləvan cüssəli gəncə milisdə işləməyi təklif etdilər. Abbas əvvəlcə istədi ki, imtina eləsin, amma sonra nə fikirləşdisə, razılaşdı. Uzun illər sonra Abbas kişi artıq yaşa dolmuş oğlanlarını masa ətrafında başına yığarkən, onlara öz həyatından da danışardı: - Dava vaxtıydı onda, bir gün eşitdik ki, paçcahı yıxıblar. Arada bir müddət sakitlik oldu, neçə aydan sonra bir də xəbər çıxdı ki, indi də rusun təzə hökuməti qurulub – balşavoj hökuməti. Bunnan sonra aləm dəydi bir-birinə, qaydaya-qanuna ta məhəl qoyan olmadı, dərəbəylik vaxtında olduğu kimi, hər kənd, hər mahal başladı yenə özü-özünü idarə eləməyə. Bir az da keçmişdi ki, ermənilər bizə hücum elədilər. Bu da birinci dəfə döyüldü, ermənilər əvvəllər də üstümüzə gəlmişdilər. Bu da varıydı ki, ermənilər bir musurmanı öldürürsəydilər, urus hökuməti bunu çox vaxt qulaqardına vurardı, səs çıxmasın deyə, bir yolla öldürülən adamın ailəsini sakitləşdirməyə çalışardı. Öldürülənin də ya atası, ya qardaşı gedib ermənidən qanını alar, sonra da qaçaq düşərdi. Amma musurman erməniyə sataşaydı ha, bir həngamə qopardı ki, gəl görəsən – aləm dəyərdi bir-birinə. Əgər səbəbkar imkan tapıb qaçmasaydı, dərhal tutar, cəzalandırardılar. Ciddi məsələyə, ölüm işinə qalanda da ya güllələyər, ya da Sibirə göndərərdilər. Ermənilər dağ kəndlərində, sıldırımlıqda-qayalıqda yaşayırdılar, buna görə də çox vaxt aclıq çəkərdilər. Biz kömək eləməsəydik, bəlkə də çoxdan ölmüşdülər. Amma olmazdı belə, gözümüz görə-görə onların milçək kimi qırılmasına razı olaq. Müsəlmançılıqda bu yolverilməzdi axı. Ona görə də yuxarıda, dağlardakı erməni kəndləri aclıq çəkəndə, onlara əlimizdən gələn köməkliyi eləyərdik: taxıl, arpa verərdik, bəzən lap heyvan da. Belə qalanda, əlaqələrimiz də həmişə varıdı; alış-veriş eləyərdik, işimizi gördürərdik – haqq üçünə, içlərində həmişə yaxşı ustaları olur ermənilərin. Yəni belə baxanda, nə bizim onlarnan bir işimiz yoxudu, nə də onların bizinən. Amma bir də görürdün ki, ya Bakıdan, ya Tiflisdən, ya Maskovdan, ya da lap elə Firəngdən bizim tərəflərə faytonnan geyimli-kecimli, sürtoyda, başı silindirli ermənilər gəlirdilər. Həmin o gələnnər burdakılara nə deyirdilər, bilmirəm, amma onlar gəlib-gedəndən sonra ermənilər dönüb olurdular tam başqa adam. Daha heç musurmana salam da vermək istəmirdilər, özləri də elə «qan-qan» deyirdilər. Belə vaxtlarda çox təhlükəli olurdu onlarnan qarşılaşmaq, özləri də bir də görürdün ki, qəfildən bizə hücum elədilər. Amma ara bir az səngiyəndən sonra qayıdıb olurdular əvvəlki təkin, ta ki, bura həmin silindrli ermənilər bir də gələnə kimi. Bizdən o vaxtı əsgər aparmazdılar, deyirdilər ki, urus musurmana etibar eləmir. Biz bunun əvəzinə pul verərdik, yəni ki, nalox. Amma ermənilərin hamısı orduya qulluğa çağrılardı, aralarında çoxlu əfsər də vardı. Bizdən tək bəylər qulluğa gedərdilər, dava vaxtı da özləri gəlib kənddən adam yığardılar, paççahın ordusunda vuruşmağa. Həmin o vuruşanlar da geriyə çox vaxt rütbəynən qayıdardılar. Biri də bizim Cavadıdı, beləcə paççahın ordusunda qulluq eləyib minbaşı rütbəsi almışdı. Paççahın ordusunda ara qarışandan sonra da yenə kəndə qayıtmışdı. Bir gün yuxarı kəndlərdən xəbər gəldi ki, ermənilər hücum eləyib neçə obanı dağıdıblar, nə qədər adam öldürüblər, mal-qaranı, davarı aparıblar, hər yerdə ot tayalarına od vurublar. Dedilər ki, indi də bizim kəndə tərəf gəlirlər, bir azdan burda olacaqlar. Biz kişilər kəndin ortasına yığışdıq ki, məsləət-məşvərət eləyək, sonra da yaraqlanıb-yasaqlanıb kəndin girəcəyinə çıxdıq, amma cəmisi iyirmi atlı getdik ora, yaxşı atanlardan, qalanı geridə qaldı ki, arxanı gözdəsinnər. Kəndin bəylərindən də bir neçəsi biznən idi. Həmin minbaşı Cavad da dəstəyə başçılıq eləyirdi. Kəndin girəcəyindəki təpə var ha, Cavad hamımızı onun arxasında yerləşdirdi. Günortaya yaxın qara bir dəstənin yolla yuxarıdan aşağı kəndə tərəf irəlilədiyini gördük; hardasa bəlkə bir yüz əlli atlıydı, iki arabaları da vardı, onların dalına qoşulmuş topları da. Cavad qabaqcadan bizə bildirmişdi ki, o əlini yuxarı qaldıranda atmağımız lazımdı, özü də hamımız gərək birdən başlayayadıq ki, erməniləri təşvişə sala bilək. Onu deyim ki, bizi qulluğa aparmasalar da, yenə tüfəng atmağımız, at minməyimiz ermənilərdən üstünüdü ki, dala qalmazdı. Özümüz də tez-tez ova çıxardıq. Bir də hər kəsin öz kəndimizdə olsun, ya qonşu kəndlərdə, düşmənçilik elədiyi adamlar, ya qan düşmənləri vardı. Ya getdiyin yerdə yolda bir yad adama rast gəlsəydin, ata bilərdi, arada bir mübahisə düşsəydi. Bundan yana tüfəngsiz – atsız gəzmək çox təhlükəliydi, ələlxüsus da başqa kəndlərə yolun düşərdisə. Tez-tez atışmalar olardı, kənd adamlarının arasında olsun, ya qonşu kəndlərnən olsun. Ona görə də biz atışmadan, davadan qorxan döyüldük. Hökumət nə qədər qadağan eləmək istəsə də, yenə həmişə tüfəngli-patrondaşlı hərlənərdik. Nə bilirsən axı qabağına kim çıxacaq? Ermənilərnən də, dediyim kimi, əvvəllər də münaqişələrimiz olmuşdu, ona görə də onlardan da elə bir qorxumuz yoxudu. Bir şey vardı ki, qulluq görmədiyimizdən, hərbidən başımız çıxmazdı. Öz aramızda baş verən atışmalar ayaqüstü keçərdi, olsa-olsa bəlkə bir ağacın-filanın dalına keçərdik ki, güllədən qorunaq, ya da atın yalına sinərdik. Belə atışmadan cəld, çevik olan, yaxşı atan həmişə qalib çıxardı. Amma bu dəfə üstümüzə gələn dəstəyə diqqət eləyəndə başa düşdük ki, bu nəsə başqa şeydi, bizim indiyə qədər gördüyümüzdən döyül. Ömrümdə heç top görməmişdim, eləcə eşitmişdim ki, belə bir şey var. Əyinlərindəki də qabaq Gəncədə gördüyüm paççah əfsərinnən saldatının paltarından idi. Yəni ki, üstümüzə gələnlər paççahın yaraqlı-yasaqlı əfsərinnən saldatıydı, erməni olsalar da. Cavad bayaqdan bizə verdiyi göstərişləri bir də təkrar eləyib dedi ki, nə olsa da gərək başımızı yuxarı qaldırmayaq, çünki vura bilərlər. Sonra birdən əlini qaldırdı, tək məndən və başqa iki nəfərdən savayı atan olmadı – o birilər onun işarəsini başa düşməmişdilər. Atmağımız sərrast idi: hərəmiz bir ermənini aşırdıq. Amma onlar birdən-birə bizə bir səs-küynən cavab verdilər ki, gəl görəsən. Bu dəfə də Cavadın dediyini qulaqardına vurub, biznən gələnnərin hamısı başlarmı yuxarı qaldırmışdılar. Ermənilər üç-dördünü vurdular. Biri də bizim kirvə Nədirin böyük oğluydu. Onun da yaxşı atmağı vardı denən, özümüznən götürmüşdük. İstədim mən də arada başımı qaldıram, amma gözüm minbaşının gözünə sataşdı, mana çox qınayıcı baxdı deyin, bir də başımı yerə dirədim. Atmaq üçün başını qaldırmasan olmazdı, amma gərək bacarıb tez də geri çəkə biləydin. Sonra birdən-birə lap qulaqbatıran bir gurultu eşitdik: ermənilər imkan tapıb topu işə saldılar. Başı, sinəsi təpədən çıxanları indi də əksərən topun mərmisi – qəlpəsi tutdu. Çoxusu ölməsə də yaralanmışdı. Yara sarımağa yanımızda bir zad da yoxudu. Amma yenə də vuruşmağımız lazımıydı, çünki arxada arvad-uşaq vardı, ailə vardı. Belə bir çətin vəziyyətdə Cavad gənə də bizə döyüş aparmağın qaydalarından danışdı. İndi daha çoxumuz başa düşmüşdük ki, bir az ehtiyatlı olmaq lazımdı. Ermənilər bundan sonra da üzüyuxarı bir neçə dəfə top mərmisi buraxdılar. Amma daha onlardan nə cür qorunmağı bilirdik deyin, bu mərmilərin bizə o qədər zərəri dəymədi. Bizim atdığımız gülləsə boşa çıxmırdı. Atışma düz iki saata yaxın davam elədi. Sərrast atmaqlarımızla ermənilərdən xeylisini qırmışdıq. Bir neçə dəfə də top atdılar. Yenə faydası olmadı. Bizim isə ermənilər, yol aşağıdan keçdiyindən, elə bil ovcumuzun içindəydilər və buna görə də onları dənləməkdə davam eləyirdik. Aşağıdan yuxarı vuruşmaq isə onlar üçün çox çətin idi. Bir də gördük ki, sağ qalanları atlarının başını çevirib geriyə götürüldülər, ölənlərini, yaralılarını, arabalarını, toplarını qoyub qaçdılar. Vurduğumuz erməniləri bir kənara aparıb basdırdıq, yaralı olanları da onlardan qalan tüfəng – yaraqnan, arabalarnan, toplarnan bərabər götürüb kəndə qayıtdıq. Öz ölənlərimizi də gətirib kənddə torpağa tapşırdıq. Topları da sonra bəylər götürdülər, dedilər ki, vəziyyət indi qarışıqdı, nə vaxtsa lazım olar. Yaralı ermənilər and-aman eləyirdilər ki, onların bir günahı yoxdu, zornan gətiriblər bizim üstümüzə. İçlərində bir-ikisini tanıyırdım da. Yaralılardan bəzisi öldü, sağalda bildiklərimizə də təpindik ki, bir də belə şey eləməsinlər, sonra da buraxdıq getdilər. Bizdə kənddə həkim yoxudu. Ağır xəstəmiz olanda, çox vaxt onu arabaya mindirib, Gəncəyə aparardıq. Bu da həm bahaydı, həm də yol uzağıdı. Buna görə də naxoşu, nasazı, yaralını çox vaxt elə özümüz türkəçara sağaltmağa çalışardıq. Hə, nəysə, o kəndin girəcəyindəki atışmadan sonra, arada bir az sakitçilik oldu, amma biz başa düşürdük ki, ermənilər yenə hücum eləyə bilərlər. Bizim o qədər qüvvəmiz yoxudu. Bakı da o zaman qəmisarrarın əlindəydi, onların da çoxusu erməni, rusudu. Bundan yana onlar da musurmana qarşı çox vaxt ermənilərnən bərabər hərəkət eləyirdilər. Gəncədə, Şəmkirdə də ermənilər yaman fəallaşmışdılar. Şəmkirdə bir məclis də qurmuşdular, nəsə bir erməni məclisi, o da qərar çıxartmışdı ki, Şəmkirdən, Gəncədən belə bütün bizim tərəflər, nəsə bir erməni devləti yaranmalıydı guya, ona birrəşsin. Bəylər amma sağ olsunnar, heç pul – mal əsirgəmədilər, xeyli silah alıb yığdılar. Minbaşı Cavad da başladı biz kişilərə təlim keçib davaya hazırlaşdırmağa. Kəndin bəylərindən lap böyüyü Səfər bəy tez-tez Gəncəyə gedib-gələrdi, bir gün də eşitdik ki, orda nəsə devlət kimi bir şey qurublar. Nəsə heç ağlabatan döyüldü: deyirdilər daha öz əlimiz, öz başımız olacaq, ayrıca özümüz devlət olacağıq, öz qoşunumuz, bayrağımız, xəzinəmiz olacaq, rusa-filana ta bir dəxlimiz olmayacaq. Bir də bütün musurmannar birləşəcək ki, daha düşmən bizə bata bilməsin. Sonra başladılar Gəncənin özündən, ətrafdan orduya adam yığmağa. Mən də getdim. Onda Qarabağ erməniləri də ayağa qalxıb bütün Qarabağı tutmuşdular, musurmana qan uddururdular. Gəncədən Qarabağa tərəf hərəkət elədik, qanlı vuruşmalar oldu. O vaxt Osmannı da bizə köməyə gəldi, bu Gəncədə qurulan hökumətin – adına Musavat deyirdilər – Osmannıynan çox yaxşı əlaqələri vardı. Osmannılar bizim tərəfə də gəldilər, bərabər Ortakəndi erməni dəstələrinnən təmizdədik. Bir az onlarnan ordan – burdan da danişırdıq; dillərini musurmancaya oxşuyurdu, oxşamağına, amma tam başa düşmək olmurdu. Osmannı bizim bəylərin qurduğu orduynan bir yerdə sonra Bakıya da çıxdı, bu Musavat da sonra Gəncədən oraya köçdü. Nəsə, o zaman bir xeyli kəndləri geri aldıq. Amma ermənilər çox hazırlıqlıydılar və yaxşı silahlanmışdılar deyin, Qarabağı onlardan tam qurtarammadıq. Sonra bir də xəbər çıxdı ki, bu Dağıstan tərəfdən urus üstümüzə gəlir, yəni balşavoylar – urusun təzə hökuməti. Bəylər onların əleyhinə çox danışdılar, dedilər ki, gərək biz onları özümüzə yaxın buraxmıyaq, çünki hamısı gədə-güdədi, özləri də namussuz-qıryatsız adamlardı, gəlsələr, dinimiz-inamımız tamam əldən gedəcək. Amma bir az keçmiş eşitdik ki, Bakıda Musavat hökuməti balşavoylara təslim olub, Osmannı da, ingilis də oranı buraxıb gedib. Bu xəbər bizim kəndin bəylərinə yaman pis təsir elədi. Dedilər ki, amma onsuz da o allahsızları kəndimizə yaxın qoymuyacağıq. Bizim kənd böyük kənddi deyən, bəylərin də mal-mülkləri, torpaqları çoxudu, amma özləri alicənabdılar, həm də təhsilli, nəcib bəylər idilər. Pisliknən, zalımlıqnan işləri yoxudu, kasıba-kusuba da əl tutanıdılar. Rəiyyətnən də yaxşı yola gedərdilər, bir kimsənin də nahaqdan incidilməsinə yol verməzdilər. Əvvəl balşavoylar Gəncəyə gəldilər, aralarında musurman da çoxudu. Gəncədə böyük vuruşmalar oldu, nə qədər adam qırıldı. Gəncəlilər amma axırda basıldılar, çünki Şura hökuməti çox güclüydü. Sonra Şura hökuməti başladı ətraf kəndləri də tutmağa, erməniləri də yığışdırdılar yavaş-yavaş. Bir gün də bizim kəndə girdilər. Bəylər bizi toplayıb onlara qarşı qaldırdılar. Kəndə böyük bir çaxnaşma düşdü. Biz Şura hökumətinin göndərdiyi saldatın çoxunu öldürdük. Amma kəndə ondan da çox saldat göndərdilər. Bu dəfə ta onlarnan bacarmadıq deyə, bizim tərəf basıldı. Beləcə keçdik bu təzə hökumətin əlinə. Mən, düzü, Sibir gözdüyürdüm, amma mana, bir az sorğu-sualdan sonra, milisdə işləməyi təklif elədilər. Mən də razı oldum, onsuz da daha başqa yolum yoxudu. Sibirəsə bəyləri göndərdilər, bəzilərini də güllələdilər. Hayıf onlardan, amma neynəmək olardı, zamana beləydi. – Bu yerə çatanda Abbas kişi həmişə Şura hökumətinə dua eləyərdi: – Bu hökumət yaxşı hökumətdi, kasıb-kusubun hökumətidi, həm də hamıya öz yerini göstərən hökumətdi. Bundan sonrasını isə danışmazdı. Amma oğlanları başqalarından atalarının həyatına dair ayrı əhvalatlar da eşitmişdilər, bunlardan da ən əsası Abbasın Məhərlə olan əhvalatı idi. Məhərlə qohum idilər – Abbas onun əmisi qızını almışdı. Abbas onda yenicə evlənmişdi, artıq bir müddət idi ki, milisdə işləyirdi, özü də tez-tez milis dəstəsiynən qaçaqları axtarmağa gedər, hər gedəndə də ya atışmada bir neçə qaçaq öldürər, ya bir neçəsini əsir tutub gətirər, hökumətə təhvil verərdi. Bu işinə görə də rəhbərlik tərəfindən tez-tez təriflənirdi. Hətta qulağına hərdənbir çatırdı ki, onun vəzifəsini böyütmək istəyirlər, yaxşı işlədiyinə, canla-başla qulluq göstərdiyinə görə. O biri yandan Abbas tutub gətirdiyi adamlara çox acıyardı. Amma neyliyəsən ki, onun tay-tuşlarının, dünən çiyin-çiyinə vuruşduğu həmkəndlilərinin bəziləri o zaman Şura hökumətinə inanmayıb, kəndin ətrafındakı dərə-təpəyə qaçdılar. İndi də qulluq beləydi, gərək onları tutub, hökumətə təhvil verəydi. O getməyəndə, milis dəstəsi kəndin ətrafındakı uzanıb gedən, ucu-bucağı görünməyən, boş, barsız, ot-ələf də bitməyən, kənd əhlinin «rəməlik» dediyi, yarı qum, yarı torpaq dərə-təpəlikdə itib batardı. İtki də Abbassız gedəndə milis işçilərindən çox olardı; çoxusu Gəncədən, hətta Bakıdan gəldiklərindən, buralarda nabələd idilər, ətrafı, o yaxındakı kəndləri də tanımazdılar. Ona görə də rəhbərlik çalışardı ki, həmişə Abbası dəstənin başında göndərsin. Bəzi ələ keçən həmkəndliləri yolda ona çox yalvarar, onları buraxmasını istəyərdilər. Amma bunu eləyə bilməzdi axı. Necə eləyəydi, özü də bir dəstə adamın gözü qabağında. Kimsə rəhbərliyə xəbər verərdi həmən. Tək olsa belə yenə bir kimsəni buraxa bilməzdi. Çünki ona tapşırılan işi can-başla, sərrast yerinə yetirməyə alışmışdı, özü də elə əvvəldən çox intizamlı idi. Bunu Abbasa hələ atası öyrətmişdi. Atası həmişə o başdan qalxar, ailəsini də özü ilə bərabər qaldırardı; birlikdə namaz qılar, sonra da həyət-baca, bağ-bağça işləriynən məşğul olardılar. Atası vəfat edəndən sonra da Abbas elə bu vərdişində qaldı, yenə həmişə tezdən durar, dəstəmaz alıb namaz qılardı. Şura hökuməti qurulandan, milisdə işə düzələndən sonra da həyat tərzini dəyişmədi. Bir dəfə nəçənniyin özü Abbası yanına çağırıb onunla bu barədə söhbət eləmək istədi. - İşindən çox razıyam, Abbas, – deyə nəçənnik söhbəti bir az uzaqdan başladı. – Belə qoçaq, necə sizin tərəfdə deyirlər, vuran-tutan bir oğlansan. Səni kimi bir neçə işçimiz də olsaydı, onda bu qaçaqlarnan məsələni tez çürüdərdik. Amma qulağıma çatıb ki, dəstəmaz alırsan, namaz qılırsan, nəsə heç inanmağım gəlmir, səni kimi bir oğlan… – burada nəçənnik birdən dayandı, sonra da bir neçə addım geri çəkilib, elə bil ki, onu süzgəcdən keçirmək, nə kimi bir adam olub ürəyində kimlərin tərəfində olduğunu nəhayət ki, bilmək istədi. – Sən amma əvvəlcə bəylərin tərəfində vuruşmusan, bəlkə o hava hələ başından getməyib, bəlkə Şura hökumətinə qulluq eləmək o qədər də ürəyindən deyil? Abbas bu cür münasibət, belə bir söhbət gözləmirdi, ona görə əvvəlcə elə bil bir az çaşan kimi oldu, bilmədi nə desin, amma sonra özünə gəlib: - Mən, nəçənnik, Şura hökumətinə cannan-başnan qulluq eləyirəm və bu hökumətdən də çox razıyam, – deyə cavab verdi. – Düzdü, haqq üçünə bizim kəndin bəyləri də pis adam döyüldülər, kasıb-kusuba əl tutanıdılar. Nəçənnik bunu eşidəndə dönüb tərs-tərs Abbasa baxdı. Abbas isə bu dəfə özünü itirmədi: - Mən nə var, onu deyirəm, nəçənnik. Dəstəmaz alıb namaz qılmağa gələndə, bu da mənə ata-anamdan qalıb. Mən bu işə öyrəncəliyəm, namaz qılmasam dura bilmərəm. Mən amma namazı indi gündə beş dəfə yox, iki dəfə, bir dəfə o başdan, bir dəfə də yatmazdan qabaq qılıram. Nəçənnik daha bir söz deməyib susdu. Amma Abbasın dediklərindən o qədər xoşlanmadığını da gizlətməyə çalışmadı. Nəçənniyi Bakıdan göndərmişdilər, amma özü haradansa Ağsu tərəfdən idi. İşində o da nizam-intizamlı, tələbkar idi, gəl ki, adamlara elə bil bir az etimadsız, şübhəynən yanaşardı. Gecə-gündüz Şura hökumətinin nə kimi məziyyətlərə sahib olmasından, xalqın hökuməti olmasından danışır, onu tərif eləyirdi: - Bayaqdan bir ovuc adam xalqın qanını sorurdu, özü yağın-balın içində yaşayırdı, camaatsa acından ölürdü. İndi daha keçdi bu! Şura hökuməti son qoydu buna! Amma hər tərəf düşmənlərlə, bizim haqq işimizə əngəl törətmək istəyənlərlə doludur. Biz buna da son qoymalıyıq. Bir dəfə nəçənnik yenə Abbası yanına çağırıb dedi: - Bura bax, deyirlər o quldurbaşı Məhər sənin qohumundu. Get onnan danış, de qoy hamısı silahı təhvil versinlər, biz də onu, başının dəstəsinnən bir yerdə üzə çıxardaq. Onun da, dəstəsinin də təhlükəsizliyinə mən təminat verirəm. Abbas milis dəstəsinin başında yenə kəndin ətrafına yollandı; bu dəfə əvvəlki səfərlərdən fərqli olaraq, sevinə-sevinə gedirdi. Sevinirdi ki, daha öz həmkəndliləriylə vuruşmayacaq, onlardan kimlərisə öldürüb, kimlərisə əsir götürməli olmayacaq. Belə bir təklifin nəçənniyin özü tərəfindən verilməsi onu daxilən xeyli məmnun etmiş, arada barışıq yaranmasına ümid yaratmışdı. Abbas yol boyu fikirləşirdi ki, axı bundan yaxşı nə ola bilər qaçaqlar üçün, nə qədər adam qurd təki çöldə-biyabanda qalar? Çirkin-pasın içində, yarıac-yarıtox, istidə-qızmarda, çovğunda-boranda. Rəməliyin istisi də, soyuğu da yaman olur – hər ikisinə tab gətirmək çətindir. Ətrafda da ki, yeməyə bir şey ələ keçməz, ilan-kərtənkələdən başqa, bir ağac tapmazsan ki, səni günəşdən, ya yağışdan qorusun. Düzdü, əvvəl paççahın vaxtında da qaçaqlar vardı. Amma o başqaydı, o zaman onların dalında camaat durardı, yeməyini-içməyini verərdi, lazım olanda gizlədərdi. Həm də o zamankı qaçaqlığın bir təhər-törü varıydı; kimsə bir namus üstündə, ya bir camaata zülm eləyən qulluq adamını öldürüb, qaçaq düşərdi. Bu da bir igidlik, bir qeyrət sayılardı. Amma indi? Camaat getdikcə daha çox Şura hökumətinin tərəfini saxlayır, çünki başa düşür ki, kasıb-kusubun hökuməti həqiqətən də qurulub. Düzdü, təzə hökumət bir az dinə-imana çox da hörmətnən yanaşmır, amma bu da Allahın köməyi ilə uzun sürməz, keçib gedər, qoy hələ əvvəl camaatın güzəranı bir az yaxşılaşsın. Yoxsa ki, adamlar lap dilənçi günündəydilər. İndi Məhər gərək bunu bilə ki, onun üçün də, dəstəsi üçün də gözəl imkan yaranıb; gərək silahı yerə qoysun, üzə çıxsın, yenidən balalarına qovuşsun. Təzə hökumət bəlkə ona da bir işdən-zaddan verdi – qoçaq oğlandı, belələrinə ehtiyac çoxdu. Üzə çıxmasa neynəyəcək, qalıb burda acından öləcək, qurda-quşa bir gün yem olacaq. Həmin gün Abbas kəndə gedib, qaçaq dəstəsindən olanlardan birinin qardaşmı da özü ilə götürmüşdü. Fikri oydu ki, əvvəlcə onu qaçaqların yanına danışığa göndərsin, yəni şad xəbərə ki, hamısını hökumət əhv eləyir, çıxsınlar üzə. Atlı milis dəstəsi kənddən aralanıb rəməliyə yan aldı. Hava istiydi, atların dırnaqlarından qopan toz dumanı yuxarı qalxır, ciyərlərinə dolurdu. Qaçaqlar gözə dəymirdilər. Əslində bu onların bir fəndi idi. Bitib-tükənmək bilməyən rəməliyin bir tərəfində gizlənər, gələn olduğunu duyan kimi silaha əl atıb, qəfil hücum edərdilər. Amma son zamanlar xeyli zəifləmişdilər, ərzaq, sursat sarıdan da xeyli korluq çəkirdilər. Ona görə də bir gülləni belə boş yerə atmamağa, ərzağa isə qənaət eləməyə çalışırdılar. Abbas qaçağın qardaşını qabağa göndərdi: - Get, axtar tap onları, de ki, bayaq sənə danışdığım kimi, hökumət əhv eləyir bütün qaçaqları, nəçənnik özü söz verib, üzə çıxaracaq hamısını. Biz indi burda gözdüyürük, Məhərə de ki, əvvəlcə tək mənimlə danışığa gəlsin, bu barədə söhbətdəşək, bir məsləat eləyək. Qaçağın qardaşı özünü rəməliyə vurdu. O atını yavaş-yavaş sürür, ətrafına boylanır, yavaşca qaçaqları səsləyirdi. Beləcə kişi dəstədən uzaqlaşıb, rəməliyin tam içərisinə baş vurdu və bir azdan qaraltısı da üfüqdə gözdən itdi. Haradasa iki saata yaxın intizarlı bir vaxt keçdi, handan-hana ki, milis dəstəsi üfüqdə yenə də qaraltı gördü, özü də bu dəfə ikisini birdən. Həmin göndərdikləri adam doğrudan da Məhərlə geriyə qayıtdı. Məhər xeyli arıqlamış, büzüşmüşdüsə da, amma hələ də içəridən sınmadığı duyulurdu. Gözlərinin suyu bulanıb, bəbəkləri dərinə düşsə də, yenə də duruşu, davranışı həmişəki kimi ağayana, ötkəm idi. Yenə də elə həmin dəli-dolu Məhərdi ki, vardı, sadəcə bir az yaşlaşmış, bir az da bədbinləşmişdi elə bil. Onlar gəlib milis dəstəsinə çatan kimi Abbas atını Məhərə tərəf sürdü. Atdan düşüb, köhnə dostlar kimi qucaqlaşdılar, görüşüb-öpüşdülər. Sonra Məhər onu bir kənara çəkdi: - Bura bax, Abbas, bilirsən ki, mən hər adama bel bağlayan, arxa çevirən deyiləm. Səni tanıdığımdan, sənə güvəndiyimdən təkcə gəlmişəm danışığa, bir nəfəri də özümlə gətirməmişəm. Bir də qohumuq axı özümüz də… Düzdü, arada çox sular axıb bu neçə ildə, son vaxtlar güllə də atmışıq bir-birimizə. Amma biz düşmən deyilik səninlə, baxmayaraq ki, sən indi Şura hökumətinə qulluq eləyirsən, mən isə ondan qaçaq düşmüşəm. Sənin indi vəzifən odur ki, məni və bizim uşaqları tutub təzə hökumətə təhvil verəsən, onlar da göndərə bizi gedər-gəlməzə – Sibirə. Bu sənin indi işindi, qulluğundu, başa düşürəm, səni heç buna görə qınamıram da, demirəm ki, niyə Şura hökumətinə qulluq eləyirsən. Özün bilərsən – mən qaçaqlığı seçdim, sən də bu təzə hökuməti – bundan yana sənə bir tənbehim, iradım yoxdu. Amma indi sənin bu təklifinnən bir az danışmaq istəyirəm. Düzünə qalanda, bizim vəziyyətimiz indi o qədər də yaxşı döyül – kənd camaatı da bizdən üz döndərib. - Eşit məni, Məhər, sən uşaq deyilsən ki, özün bilirsən ki, qaçaq başqadı, quldur başqa. Qaçağı yaşadan camaatdı, camaatsız qaçaq dolananmaz. Qaçaq da camaatın fəxridi, güvənc yeridi, onun üçün qeyrət, namus deməkdi, camaatı incidənə, ona divan tutana müharibə deməkdi. Amma keçdi o vaxtlar. Bayaqdan başqa idi, piristav vardı, mülkədar vardı, ağa vardı, nökər vardı. İndi bunlar daha yoxdu. Sən camaatı indi kimdən qoruyacaqsan? Camaat indi bu təzə kasıb-kusub hökumətinin, yəni öz hökumətinin tərəfini saxlayır. Qaçaq onun nəyinə lazımdı, qaçağı indi o əvvəlki kim qoruyarmı, gizlədərmi, onun ərzağını-suyunu verərmi?.. O gün də quşçu Səmədi vurubsunuz, heyvanını aparıbsınız. Sizinki olur yavaş-yavaş quldurluq. Sənə heç gör yaraşan işdimi bu? Heç gözləməzdim… - Bura bax, Abbas, quşçu Səmədi qapısında doğrudan da biz vurmuşuq, amma onun evinə gecəynən gedəndə, heç belə məramımız yoxudu. Mənim vaxtında ona çox yaxşılıqlarım dəymişdi, kaş ki, burnundan gələydi. Yeməyimiz tamam qurtarmışdı, uşaqlardan da bir-ikisini özümlə götürüb, güvənib getdim onun qapısına, bir heyvan istədim. Özünü elə apardı ki, guya məni heç əvvəldən tanımırmış. Heyvanı versəydi, yenə də ona dəyməyəcəydim. Amma mənə cavabında nə desə yaxşıdı: «Mənim çölün qaçağına-qulduruna veriləsi heyvanım yoxdu». Mən onun bu sözünü götürəsi döyüldüm ki. Gülləni sıxdım namərdin düz alnına. İki də heyvanını gətirdik. - Bundan sonra kənddə büsbütün biabır olubsunuz. İndi ta sizə bir kimsənə yaxın durmaz. Siz də ya gərək dönüb olasınız soyğunçu, ya da bu rəməliyin qumunda acından gəbərəsiniz. Ya da ki, gərək üzə çıxasınız. Yoxsa ki, hökumətnən nə qədər hökumətlik eləmək olar axı? - Bura bax, Abbas, – bu dəfə onun sözlərinin təsir elədiyi Məhər içindən qovrula-qovrula cavab verdi. – Mən heç vaxt nə quldur, nə soyğunçu olmamışam. Burada acından doğrudan da ölərəm, amma yenə quldur olmaram, bunu camaat da yaxşı bilir. Məni tanıyan onsuz da kənd içində tanıyır. Bunları deyib Məhər dayandı, bir əlini özü kimi də yorğun və üzülmüş görünən atının yalnına çəkərək, o biri əliylə yüngülcə başını qaşıdı, bir də diqqətlə, sınayıcı, dərin bir nəzərlə Abbasa baxıb: - Bilirsən, Abbas, sən əgər özün bu gün gəlməsəydin, mən heç danışıq-filan barədə fikirləşən də döyüldüm, – dedi. – Mən o nəçənniyə-zada, onların o yağlı vədlərinə-nağıllarına inanan döyüləm, bunu sən özün də bilirsən. Amma sənə inanmaya bilmirəm, birincisi ona görə ki, qohumuq, sonra da ki, özümüz cavanlıqda tay-tuş olmuşuq, düzdü helə bir dostluğumuz olmayıb, amma həmişə kənd içində bir-birimizin hörmətini saxlamışıq, bir-birimizi eşitmişik. Neçə dəfə bərabər, çiyin-çiyinə vuruşmuşuq. Mən sənə inanmayıb, kimə inanacam? Özün də düz deyirsən, bizə daha bir yol yoxdu, camaat da daha tərəfimizi saxlamır, hamısı Şura hökumətinin tərəfindədi. Olsun, neyliyək. Əgər bizə üzə çıxmaq imkanı verirlərsə, biz də bunu yəqin ki, qəbul elərik, silahı yerə qoyub, ev-eşiyimizə dönnük. – Bunu deyib Məhər dayandı, bir az başını aşağı əyib, səsini lap alçaltdı. – Amma, Abbas, bax, birdən bu iş qurma olar, ha, sonra göndərərlər bizim hamımızı Sibirə! Mən özüm cəhənnəm, uşaqlar üçün narahatam. Bu təzə hökumətə heç etibarım yoxdu mənim. Sibirə getməkdənsə burada, rəməlikdə elə öz əcəlimizlə öllük. Sənə inanıram amma… Bilirəm, sən bizi, öz kəndçilərini güdaza verməzsən. - Məhər, sənnən qohumuq, nə qədər də çörək kəsmişik, özün dediyin kimi, neçə dəfə də çiyin-çiyinə vuruşmuşuq. Burda nə qədər cavan var sənnən, hamsının xətrini istəyirəm. Mən heç razı olmarammı ki, birinizin başından bir dənə tük əksik olsun? Mən bu işdən arxayın olmasaydım, ona heç qol qoyardımmı, heç gələrdimmi bura siznən söhbətə? Bəs sizin başınıza bir iş gəlsə, mən çıxa billəmmi sabah kənd içinə? Camaat mənə nə deyər? Özün bir fikirləş. Məhər fikrə getdi, yenə yüngülcə başını qaşıdı, narahatlıqla onları izləyən milis dəstəsini də ötəri süzüb, yenə üzünü Abbasa tutdu: - Abbas, qoy bu gecəni uşaqlarnan da bir məsləat eliyim, onların da ağızlarını bir arıyım, görüm nə deyirlər. Cavabımızı sənə sabah deyərik. Özüm səni axtarıb tapacam, sən narahat olma. İndisə qayıdın geri və sabaha bizim cavabımızı gözdüyün. Məhər bunu deyib, Abbasla möhkəm əl tutub xudafizləşdi, sonra atını bərk çapıb, toz-duman qaldıra-qaldıra özünü rəməliyin dərinliyinə vurdu. Abbas dəstəsini çəkib geri qayıtdı, kefi yuxarıydı, yoldaşlarına da yaxşı, xeyirxah iş tutduqlarını söyləyir, nəhayət bu adamların silahı yerə qoyub, öz ev-eşiklərinə dönəcəklərinə sevindiyini deyirdi. Sabah alaqaranlıqda, Abbas yerindən yenicə qalxıb, dəstəmaz alıb, sübh namazını qılmışdı ki, birdən pəncərənin döyüldüyünü eşitdi. «Kimdi görəsən bu vaxtı, xeyir ola?», – deyə fikirləşib, tez milis şinelini çiyninə atdı, beşaçılanı da götürüb bayıra çıxanda həyətdə Məhəri gördü. Məhər Abbasın çıxdığını görən kimi, tüfəngini evin divarına söykəyib, yaxın gəldi: - Mənəm, Abbas, sözümüzü sənə deməyə gəlmişəm. - Hə lap yaxşı eləyibisən, xoş gəlibsən! – deyə Abbas qabağa gəlib onun irəliyə uzatdığı əlini hər iki əliylə sıxdı. – Gəl, gəl içəri, arvadı durğuzum, bir çaydan-zaddan qoysun, bir istəkan iç, çöldən gəlibsən. - Yox sağ ol, Abbas, uşaqlar hamısı mənim yolumu gözdüyür, sözümüzü sənə deyib, tez geri qayıdacam. Əmiqızıya da heç əziyyət vermə. Bunu deyib Məhər Abbasın qolundan yapışdı və yüngülcə özünə tərəf çəkdi, yarıqaranlıq da olsa elə bil onun gözünün lap içinə baxmaq istədi: - Uşaqlarnan sən dediyini məsləat elədik, qərarımız bu oldu ki, təklifi qəbul eliyək, üzə çıxaq. Amma, bax, Abbas, tək sənin sözünə güvənib biz bu işə baş qoşuruq – sən namaz qılıb, oruc tutan adamsan. Yoxsa ki, balşavoydu-nədi, onlara bizim etibarımız yoxdu. Onlar imansız-dinsiz, allahsız adamlardı, allahsız adama da etibar eləmək olarmı? Bunu deyib yenə diqqətlə Abbasın gözünün içinə baxdı. Abbas hələ danışmır, sakitcə Məhəri dinləyirdi. - Sən gəlib bizə bu sözü demisən, gərək kişi kimi də sözünün üstündə durub, boyun olasan ki, bizlərdən birinin başına bir qəza gəlməyəcək. Bunu eşidəndə Abbas bir az duruxan kimi oldu; istədi desin, ay canım, mən axı buna necə boyun ola bilərəm, mən axı nəçənnik döyüləm, mən orada adicə bir qulluqdayam, nə buyursalar da gərək onu eləyəm. Bu işin cavabdehliyini üstümə götürə bilmərəm axı. Elə bunları demək istəyirdi ki, birdən gözü getdikcə işıqlaşmaqda olan havada Məhərin gözünə sataşdı; nə qədər ümid, inam, həm də yalqızlıq qarışıq həsrət vardı o gözlərdə, ailəsinə qovuşmaq həsrəti. İndi Abbasa elə gəldi ki, əgər belə cavab versə, Məhər məyus olar, sınar bundan, ona görə də susdu. Bir xeyli fikrə gedəndən sonra soruşdu: - Bəs o birilər hardadı, cəmisi neçə adam qalıb sənin yanında? - Məndən başqa yenə on bir nəfər də var, hamısı mənnən gəliblər, təpənin arxasında gözdüyürlər. - Yaxşı, – Abbas dərindən köksünü ötürdü, – gedək onları da götürək, sonra da gedək nəçənniyin yanına.
Posted on: Sat, 03 Aug 2013 16:03:22 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015