Xəbər gələr daha ömrün qışından, Soyuyarsan - TopicsExpress



          

Xəbər gələr daha ömrün qışından, Soyuyarsan - saçlarına qar düşər. Ancaq köhnə kitabların içindən Hərdən-hərdən köhnə məktublar düşər. Əyilərsən, götürərsən gizlicə, boylanarsan - arvad-uşaq görməsin. çəkilərsən otağın bir küncünə, gizli-gizli oxuyarsan hər sözü. Bu nə sevgi məktubudu, ilahi, indiyəcən ağrıyır hər sözü də. Yazan qızın nəydi adı, ilahi, Yaddan çıxıb sifəti də, üzü də. Oxuduqca lal sətirlər səslənər, Yavaş-yavaş səsi düşər yadına. Bir hərfdən - qaşı düşər yadına, Bir hərfdən - gözü düşər yadına. O gözlərdən yadigartək varaqda Göz yaşının ləkəsini görərsən. Birdən donu xışıldayar otaqda, Pəncərədə kölgəsini görərsən. Diksinərsən, boylanarsan qapıya; o kölgəni arvad-uşaq gördümü?! Tez məktubu atarsan külqabıya, yandırarsan hər sözünü, sətrini. Sözlər yanar - kağızı da yandırar, Sözlər yanar - o qızı da yandırar. Sözlər qaçar o alovun içindən, Sən baxdıqca - basar səni soyuq tər. Sıra-sıra qara qarışqalartək Qaçıb gedər qara-qara hərflər. Təkcə o qız qaça bilməz bu oddan. Bir quş olub uça bilməz bu oddan. O qız yanar o alovun içində, Göyə qalxar o alovun dilləri. O alovun dillərinə sarmaşıb Yanar, yanar uzun-uzun telləri. Yanar bir vaxt saçlarını oxşayan Uzun-uzun barmaqları, əlləri. O qız yanar - ərşə çıxar tüstüsü, Kağız yanar - külqabıda küllənər. Qəfil birdən külqabının içindən Yerə düşüb bir üzük diyirlənər. Lap özünü itirərsən - baxarsan, O üzüyü götürərsən - baxarsan; Bu üzüyü axı harda görmüsən? Bu üzüyü görməmisən bəlkə heç. Sən o qıza haçan üzük vermisən? Ona üzük verməmisən bəlkə heç. Arvadın da qəfil girər qapıdan: - Əlindəki nədi? - deyər. - üzükdü. - O üzüyü nə yaxşı ki, tapmısan, neçə vaxtdı, itirmişdim, gəzirdim. Sonra gələr, səndən alar üzüyü: - Bunun rəngi niyə belə qaralıb? Barmağına güclə salar üzüyü: - Elə bil ki, bir balaca daralıb. Külqabıdan tüstü qalxar hələ də, o məktubun külü hələ işarar. Maddım-maddım durub baxar arvadın, o tüstüdən bir cüt gözü yaşarar. - Heç olmasa pəncərəni aç, - deyər, - burda necə oturmusan sən, necə?! Bu nə yanıq qoxusudu, ilahi, elə bil ki, adam yanıb indicə. © Ramiz Rövşən
Posted on: Sat, 02 Nov 2013 11:43:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015