Ziyalılarımızı qoruyaq Azərbaycan Dövlət Neft - TopicsExpress



          

Ziyalılarımızı qoruyaq Azərbaycan Dövlət Neft Akademiyasında son zamanlar görkəmli alimlər, prof. Rafiq Əliyevə və prof. Ramiz Qurbanova qarşı ədalətsiz münasibət ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamışdır. Bu yaxınlarda ADNA-nın kafedra müdiri, Milli Elmlər Akademiyasının müxbir üzvü, prof. R. Qurbanovun Məkkəyə həcc ziyarətinə getməsi üçün ona öz hesabına 10 gün məzuniyyət verilməməsi və əksinə bununla əlaqədar işdən azad edilməsi ömrünü elmə və təhsilə həsr etmiş bir insana qarşı böyük haqsızlıqdır. Bu, əslində ölkəmizin ali təhsil sistemində son 10-15 ildə tədricən yığılan, universitetlərə uzun illər eyni insanların rəhbərliyi nəticəsində meydana gələn və artıq özünün böhran həddinə çatan neqativ halların məntiqi nəticəsidir. Bu gün təhsil sistemimizin Avropa Təhsil Məkanına inteqrasiya olunması vacib məsələlərdən biridir. Fikrimizcə, 2005-ci ilin may ayından Balonya Prosesinə rəsmən qoşulan Azərbaycan ali təhsil sistemində əsaslı uğurların olmamasının səbəbləri araşdırılmalı və bu sahədə ciddi addımlar atılmalıdır. Hər kəsə məlumdur ki, universitetlərimizin beynəlxalq səviyyədə tanınması və qəbul edilməsinin yollarından biri də burada fəaliyyət göstərən görkəmli elm xadimlərinin adı ilə bağlıdır. Odur ki, Avropa və Amerika elm və təhsil məkanında tanınan, xaricdə nüfuzlu elmi jurnallarda məqalələri çap olunan, Beynəlxalq elmi layihələrdə iştirak edən alimlərimizin işi təqdir edilməli və onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır. Lakin, bu gün bir çox ali təhsil müəssisələrində bunun əksini görürük. Bu, Avropa elm və təhsil sistemindən xəbəri olmayan, müəyyən maraqlar ətrafında birləşən, xaricdə tanınan alimlərə qısqanclıqla yanaşan və buna görə heç kimin qarşısında məsuliyyət daşımayan insanların universitetlərin rəhbər strukturlarında yarıtmaz fəaliyyətinin nəticəsidir. Prof. R. Qurbanov haqqında öz fikirlərimi geniş oxucu auditoriyasına bildirmək istəyirəm. Nəzəri və tətbiqi mexanika elminin görkəmli nümayəndələrindən biri olan AMEA-nın müxbir üzvü, prof. R.S. Qurbanovun elmi-pedaqoji fəaliyyəti nəinki Azərbaycanda, eləcə də keçmiş Sovetlər Birliyində və dünyanın bir çox ölkələrində qəbul edilmiş və yüksək qiymətləndirilmişdir. Təsadüfi deyildir ki, o, uzun illər Moskvada və sonralar MDB məkanında fəaliyyət göstərən nəzəri mexanika üzrə metodik şuranın üzvü olmuşdur. Prof. R. Qurbanov ölkəmizin elmi ictimaiyyəti arasında böyük nüfuza malik tanınmış alimlərdən biridir. O, nəzəri və tətbiqi mexanika, hidrodinamika, neft və qaz sənayesində istifadə olunan maşın və avadanlıqların tədqiqi sahəsində çoxsaylı məqalələr, dərsliklər, dərs vəsaitlərinin müəllifidir. Onun elmi əsərləri nüfuzlu milli və beynəlxalq elmi jurnallarda çap edilmiş, onlara dünyanın bir çox ölkələrində aparılan elmi işlərdə istinadlar edilmişdir. Azərbaycanda və digər MDB ölkələrində müdafiə olunan bir çox namizədlik və doktorluq dissertasiyalarında bu işlərə istinadlar edilir və onlardan bəhrələnirlər. Dünya şöhrətli alim, akademik Azad Mirzəcanzadənin elmi məktəbinin yetirməsi olan prof. R. Qurbanovun elmi-pedoqoji kadrların hazırlanması sahəsində böyük xidmətləri vardır. Onun rəhbərliyi altında çoxsaylı elmlər namizədləri və elmlər doktorları yetişmişdir. Cəsarətlə demək olar ki, Ramiz müəllimin yaratdığı məktəbin yetirmələri xaricdə və ölkəmizin bir çox elm və təhsil müəssisələrində uğurla fəaliyyət göstərirlər. O, bir sıra namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi üçün yaradılmış Dissertasiya Şuralarının üzvü kimi uzun illər səmərəli fəaliyyət göstərmiş və bu gün də gənclik enerjisi ilə bu işləri davam etdirir. Ramiz müəllimin ali təhsil sahəsindəki xidmətləri misilsizdir. Onun ali texniki məktəblərin tələbələri üçün yazdığı “Nəzəri və texniki mexanika” və “Hidravlika” (həmmüəlliflər: A. Mirzəcanzadə, Z. Əhmədov) dərslikləri Azərbaycan dilində yazılmış ilk fundamental dərsliklərdən sayılır və vaxtı ilə ölkəmizdə bu sahədə olan boşluğun qismən doldurulmasına xidmət edirdi. Həmin dərsliklər hal-hazırda texniki mütəxəssis hazırlığı sahəsində çox qiymətli vəsait sayılır, ölkəmizdə və xaricdə (İranda, Almaniyada və s.) yenidən nəşr edilir. Bundan başqa onun mexanikanın, hidrodinamikanın, neft və qaz sənayesinin müxtəlif sahələrini əhatə edən xeyli elmi-metodik, tədris və dərs vəsaitləri tələbələrin və elmi ictimaiyyətin stolüstü vəsaitinə çevrilmişdir. Ramiz müəllim böyük alim olmaqla yanaşı həm də kristal təmiz, təvazökar və sadə bir insandır. Prof. R. Qurbanovun vaxtı ilə AzTU-nun rektoru kimi fəaliyyəti bu gün də həmin universitetin əməkdaşlərı tərəfindən xoş hisslərlə xatırlanır və yüksək qiymətləndirilir. Yeri gəlmişkən qeyd edim ki, millət vəkili, hörmətli Fazil Mustafanın və digərlərinin prof. Rafiq Əliyevin və prof. Ramiz Qurbanovun müdafiəsinə qalxmasını yüksək qiymətləndirir və ona öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, beynəlxalq elm məkanında ölkəmizi ləyaqətlə təmsil edən, görkəmli alimlər prof. Rafiq Əliyevə və prof. Ramiz Qurbanova qarşı olan haqsızlıqlar aradan qaldırılmalı, ölkəmizin elm və təhsil sistemində halallıq və düzgünlük mühiti yaradılmalı və ölkəmizin ali təhsil sisteminin Avropa təhsil məkanına real inteqrasiyası təmin edilməlidir. T.e.d., prof. Valeh Baxşəli
Posted on: Sat, 16 Nov 2013 07:29:47 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015