(oxucularin xahishi ile tekrar neshr olunur ;) Folklorumuzun - TopicsExpress



          

(oxucularin xahishi ile tekrar neshr olunur ;) Folklorumuzun neft fondundan CIRTDANIN NAĞILI (3 gecəlik qorxulu nağıl - nəql elədi Füzulidən yarıməcburi, yarıkönüllü köçkün Zamin baba) (təkmilləşdirilmiş, son, el dilində, vahid namizəd versiyası) Biri varmış, biri yoxmuş, bir qoca baba varmış. Onun da gözünün ağı-qarası, İlham adlı oğlu varmış, kasıbçılıqla yaşayırmışlar, kürü yaxmacı yeyib Dubayda villa alıblarmış, pullarını balta kəsməzmiş. Nağıl dili yüyrək olar, bir gün Heydər baba görür uşaqlar meşədən odun gətirməyə gedirlər. Çoxlu yaxmac düzəldir, uşaqlara verir, İlhamı da qoşur bunlara, deyir, oğul, get odun gətir, həyatında bir işə yara, geysin əməyinlə dünya zərxara, haçana qədər onun-bunun maşınından qara plyonka sökəcəksən. Uşaqlar düzəlir yola, az gedirlər, üz gedirlər, dərə-təpə düz gedirlər, yolda İlham dayanır, deyir getmirəm, biriniz məni belinizə alın, atam sizə yağ yaxmacı veribdir. Uşaqlardan Ramiz Mehdiyev bunu alır belinə, gedirlər. Gəlib çatırlar İsmayıllı meşəsinə, hamı odun yığır, İlham yığmır. Uşaqlar deyir, möhtərəm cənab prezident, niyə odun yığmırsan? Əliyof deyir: “Atam sizə yaxmac verib, mənim də əvəzimdən odun yığmalısınız”. Əlac kəsilir, Ramil Usubov bandotdeli tökür, xeyli odun yığırlar. Hava qaralır, bunlar meşədə azırlar. Bir tərəfdə ismayıllılar “Çıraq” hotelini yandırıb, o biri tərəfdə Aleks Qriqoryevs ağacda ulayır... Dəhşətli gecədir, uşaqlar ağlaşır, Mehdiyev də bunların içində ən yekəsidir, deyir ağlaşmayın, fikirləşək görək neyləyirik. Bu məqamda cənab prezident dəxi deyir ki, mən fikirləşmirəm, mənim də əvəzimə fikirləşin, papa sizə yahmac vermişdir. (AzTV yahmacın verilməsindən reportaj göstərir). Rabitə naziri Əli Abbasov GPS-i açır, deyir 3 istiqamət var. Birində it hürür. Daxili Qoşunların komandanı Zakir Həsənov deyir ki, onlar mənim sümükqıran itlərimdir, gecə vaxtı getsək bizi yeyərlər. İkinci istiqamətə baxırlar ki, ordan Hacıbala Abutalıbovun səsi gəlir, özü də bu adam “El atası” mahnısını oxuyur. Mehdiyev deyir ora getməyək, tüpürəsən elə yerə ki, orda Hacıbala mahnı oxuyur: “Luçşe mən bu meşədə çürüyüb ölərəm, çem Qadjibalaya qulaq asım. Bu adam mer deyil, Mehman Hüseynov demişkən, petlənin biridir”. Məmmədyarov deyir bəlkəm Putinə zvonit edək, bu işdərdə nöçün ki, Obama gəlmişdir və xarici siyasətimizdə balansirovkalamaq ATƏT-in Minsk Qrupundan indi biz bu meşədə məncə dermoya düşdük. Heç kim bilmir bu nə qırıldadır, bir yandan da gecə lap zülmət olur. (Hə, mənim əziz nəvələrim, indi yatın, nağılın ardı sabah olacaq). İkinci gecə Əziz nəvələr, o yerdə qalmışdıq kın, Arif Rəhimzadə demişkın, İlham Əliyof başının uşaqlarıynan dəstə-tifaq azıb qalırlar Basqal meşələrində, gecə bunların gözünə 3 dənə yol görünür. Birinci yol Bakı-Tiflis-Ceyhan durbasının üstüymüş, ikinci yol Şamaxı trasıymış. Rövnəq Abdullayev uşaqların ən totuş-motuşu, şirini imiş, el anası İlhamə Quliyeva hərdən bunun yanağından çimdik qopardıb deyirmiş “uss, nə şiyinsən, yeyərəm səni”. Hara getdik çıxdıq, bu söhbətin heç yeri yox idi. Nə isə, Rövnəq bala deyir durba yolu ilə getməyək, mənim neftə allergiyam var. Ziya Məmmədov deyir Şamaxı trası da pisdir, orda hər gün nə qədər avariya olur. Axırı qərara alırlar Dərnəgül yoluynan getsinlər. Az gedirlər, uz gedirlər, gəlib çıxırlar Müsavat Partiyasının qalaçasına. Burda deməyəsən iki qardaş div yaşayırmış, birinin adı İsa imiş, o birinin adı Əli, bunlar hər gecə İctimai Qalaça qurub qazanda hökumətin uşaqlarını qaynadıb yeyirmişlər. Bunu qoyum ora gedim söhbəti olmasın, meşədə gedəndə uşaqlar Maşa və Medvedevinən də rastlaşırlar, Əliyof deyir ay Maşa, sən qəşəng uşaqsan, dəcəl balasan, qaçma dayan a Maşa, bizim gənclər siyasətinə də tam uyğun gəlirsən, gəl səni “İrəli”nin uşaqlarından birinə ərə verək, tezliklə balaca-balaca yaltaqlar doğarsan, uşaqların pampersini prezidentin ehtiyat fondundan almaq mənim boynuma. Usubov başlayır dubinka ilə bunu dümsükləməyə, deyir, cənab prezident, sənin nağayırdığındır (Ramil balanın əsli Qarabağdan imiş, “nə qayırırsan” demək istəyir – Folklor İnstitutu), bu saat Medvedev gəlib bizi yeyər, bu qızı o saxlayır. Həqiqətən, bir azdan kolun dalından Medvedev çıxır, uşaqların bəzilərinə pampers lazım olur, Mehdiyev qaçır dırmaşır ağaca, qalanları dağılışır orda-burda gizlənirlər. Ancaq İsmayıllının icra başçısı Nizami müəllim uzanır yerə, özünü ölmüşlüyə vurur ki, guya ayı gəlib bunu iyləyib gedəcək, bu da sonra durub Əliyofa deyəcək ayı sizi bəyənmədi, sizdən dost olmaz və sairə. Sən demə ayı o kitabı oxumayıbmış, basır Nizami müəllimi yeyir. Bu vaxt Ziya müəllim kolun dalından çıxır, yanında da oğlu Anar. Deyir, yoldaş Medvedev, bunu yaqin tanıyarsan, oğlum Mirişdir... Yaddaşım korlanıb, əziz nəvələrim... Eh, yenə qarışdırdım. İndi yatın, ardı sabaha qalsın. ÜÇÜNCÜ GECƏ Hə, əziz balalar, yanağı alalar, sizə qurban olsun, müğənni xalalar, keçən gecə o yerdə qalmışdıq ki, Medvedevlə Ziya Məmmədovun oğlu Anar görüşürlər. Görüş dostluq və səmimi mehribançılıq şəraitində keçir, Biləcəridən şəhərin mərkəzinə işləyən 90 saylı ağır taxta marşrutun “Transgeyt” şirkətindən alınıb Rusiyanın AvtoVaz şirkətinə verilməsi haqda müqavilə imzalanmışdır. Nə isə, belə nağıl olmaz. Demək, uşaqlar azıblar, yol görünmür, gəlib çıxırlar Müsavatın qərargahına. Burda iki qardaş div – İsa Qəmbərlə Əli Kərimli partiyanın DİVanlarında əyləşib istirahət edirmiş. Qəfildən başqan durur ayağa, deyir adam-badam iysi gəlir, korrupsioner məmur iysi gəlir, bu dəfə də mənə səs verin, gedim evdə oturum və sairə. Əli Kərimli deyir bəs mənim pasportum necə olsun? Uzun sözün qısası, baxırlar İlham bala başının dəstəsiylə, bellərində odun gəlirlər. Qərara alırlar İlhamı aldadıb Qalagaha salsınlar, gecə uşaq yatanda bunu yesinlər. Gecə düşür, başqan əvvəlcə Kərimlini yuxuya verir, gəlir soruşur: “Kim yatmış, kim oyaq?”. Usubov o yandan deyir: “Hamı yatmış, Usubov oyaq. Lənkəranda nə var, nə yox?”. Divlərin başqanı qayıdır, təzədən gəlir: “Kim yatmış, kim oyaq?”. Bu dəfə İlham Əliyof deyir ki, ala, mən oyağam, özü də papa həmişə bu vaxtlar mənə qayğanaq bişirirdi. (Bu yerdə cənab prezidentin iştirakı ilə Nazirlər Kabinetinin “Yumurta müşavirə”sindən canlı yayım verilir). Qayğanaq yeyiləndən sonra uşaq yenə yatmır, deyir, su istəyirəm. Div gedir suyu gətirir, baxır ki, hamı xorultu ilə yatıbdır. Elə bu anda Əli bəy o biri otaqdan gəlir, yanında da bir qrup AXCP Gənclər Komitəsinin üzvləri. Bunlar səs-küy salır, uşaqlar durub qaçırlar. Göydən də üç dənə dəyirman daşı düşür, kim istəsə boynuna keçirdib boğulsun. Siz sağ, mən salamat. Mən yedim-içdim ofşora köçdüm, siz yeyin-için, şora batın.
Posted on: Thu, 05 Dec 2013 17:34:55 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015