"İlham Əliyevin manevr imkanları çox azdır" "Putinin - TopicsExpress



          

"İlham Əliyevin manevr imkanları çox azdır" "Putinin gözlənilən səfərini hakimiyyətə dəstək kimi dəyərləndirilməyin tərəfdarı deyiləm" Zəfər Quliyev: «Rəsmi Bakı Putinin səfərindən həm pressinq gözləyir, həm də çətin məsələlərin müzakirəsini» Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərinin səbəblərini ekspertlər birmənalı qiymətləndirmir. Politoloq Vəfa Quluzadə hesab edir ki, bu səfərdən sonra Azərbaycan beynəlxalq sansksiyalarla üzləşə bilər. Bu tendensiya isə Azərbaycana yaxşı heç nə vəd etmir. Siyasi ekspert Zəfər Quliyevlə söhbətimizə də hazırda aktual mövzu olan Putinin səfəri ətrafında yaranmış suallarla start verdik. - Zəfər bəy, Putinin Bakıya səfəri nə məqsəd daşıyır? Bu səfərin Azərbaycanda seçki öncəsinə təsadüf etməsi xüsusən maraq doğurur... - Ilk növbədə onu deyim ki, bu səfərlə bağlı ciddi intriqa yaradılıb. Hətta bu günə qədər səfərin baş tutub-tutmayacağı konkret bəlli deyil. Eyni zamanda qeyri-müəyyənlik çoxdur. Əgər səfər baş tutacaqsa, bu, qısamüddətli bir səfər olacaq. Putinin Azərbaycana gəlişinin tranzit xarakterli ola biləcəyi də vurğulanır. Əgər Putinin Irana səfəri nəzərdə tutulubsa, Rusiyanın dövlət başçısı Azərbaycandan yolüstü keçəcək. Amma hər bir halda Putinin gəlişinin hazırkı hakimiyyətə dəstək kimi dəyərləndirilməsinin də tərəfdarı deyiləm. Hesab edirəm ki, rəsmi Bakı Putinin səfərindən daha çox narahatdır, nəinki geniş ictimaiyyət. Putinin Bakı səfəri hətta Rusiya politoloqları tərəfindən qiymətləndiriləndə onun pressinq xarakterli olduğu vurğulanır. Rusiyalı politoloq Duqinin bu istiqamətdə dediklərini xatarlımaq olar. - Rəsmi Bakı bunamı görə narahatdır? - Bəli. Düşünürəm ki, rəsmi Bakı ona görə narahatdır ki, Putinin səfərindən həm pressinq gözləyir, həm də onu çətin məsələlərin müzakirəsinin gözlədiyini bilir. Putin dövlət başçısı olduqdan sonra Bakıya ilk səfərini reallaşdıracaq. Böyük ehtimalla Putinin iki dövlət arasında ağrılı məsələləri müzakirəyə çıxaracağı gözlənilir. “Hakimiyyət beynəlxalq manevr imkanlarını itirib” - Tutaq ki, Putin Bakıya gəldi və Rusiya üçün ağrılı məsələləri müzakirəyə çıxardı. Eyni zamanda Azərbaycan da onu narahat edən məsələləri müzakirə etdi. Hakimiyyət hazırda yaranmış situasiyada hansı addımları ata bilər ki, Rusiyanın təzyiqlərindən yayınsın? Amma eyni zamanda Qərbin də qıcığına səbəb olmamaq gərəkdir. Belə bir şəraitdə hansı addımlar atıla bilər? - Əslində çox çətin vəziyyət yaranıb. Hakimiyyət get-gedə manevr imkanlarını itrib. Hazırda bu imkanlar xeyli daralıb. Ona görə bir çox məsələlərin həllində Rusiya hakimiyyətinin xeyrinə addım atmaq Azərbaycan hakimiyyəti üçün böyük risklərlə bağlıdır. Bir neçə il bundan əvvəl “balanslaşdırılmış” siyasətin zirvəsi 2008-2009-cu illər idi. Həm enerji, həm də geosiyasi baxımdan Bakının manevr imkanları geniş idi. Bu zaman NABUCCO layihəsi olduqca aktual idi. Ona görə Bakının addımları ilə hesablaşırdılar. Amma artıq seçki ərəfəsində elə bir vəziyyət yaranıb ki, Iran probleminə münasibət, Əfqanıstana daşınan yüklər, Putinin özüylə enerji sahəsinə cavabdeh şəxsləri gətirməsi bu sahədə geniş planların olduğunu deməyə əsas verir. Azərbaycan belə bir vəziyyətdə Rusiyanı neytrallaşdırmağa çalışır. Iqtidar ən azı nəsə etməlidir. Amma hər bir güzəşt Qərblə münasibətləri poza bilər. Bu məsələdə Vəfa Quluzadə ilə razıyam. Ona görə bir o qədər asan seçim deyil. Hakimiyyət ondan narahatdır ki, əgər Putin gəlirsə, deməli, ona nəsə cavab verilməlidir. “İsrail ilə münasibətləri pozmaq siyasi baxımdan təhlükəlidir” - Azərbaycan enerji resurslarının işlənməsi baxımından Qərblə sıx əlaqədədir. Amma Azərbaycan siyasəti mahiyyəti etibarı ilə Rusiya ilə yaxındır. Eyni zamanda Azərbaycan Rusiya ilə münasibətlərdə bir gərginlik zolağına girib. Qərblə isə siyasi mənada münasibətlər yaxşı olmayıb. Bütün bunları göz önünə gətirəndə ümumiyyətlə, güzəştlər imkanı qalıbmı? - Bir qədər paradoksal səslənsə də əvvəllər biz güman edirdik ki, enerji məsələsində mövqeyi dəyişmək çox təhlükəli idi. Indi Azərbaycan hakimiyyətinin məhz enerji sahəsində bir qədər manevr imkanları var. Ona görə bəzi geosiyasi məsələlərdə manevr imkanları daha məhduddur. Məsələn, Avrasiya Ittifaqına daxil olmaq birbaşa konflikt yarada bilər. Eyni zamanda NATO ilə əməkdaşlığa son qoymaq və ya Iran məsələsində tam fərqli yanaşma sərgiləmək daha çətindir. Israil ilə son zamanlar yaranmış intensiv münasibətləri pozmaq siyasi baxımdan daha təhlükəlidir. Putin də bunları bildiyindən onun Bakıya məhz “Rostneft”in rəhbərliyi ilə gəlməsi təsadüfi deyil. Putin gözəl bilir ki, Azərbaycan rəhbərliyindən bu məsələlərdə nəsə sıxıb almaq olar. Başqa məsələlərdə Ilham Əliyevin manevr imkanları çox azdır. Ona görə də Moskva ilə münasibətlərdə qeyri-müəyyənliyin olduğu bir halda rəsmi Bakı istərdi ki, heç Putin Azərbaycana səfər etməsin. Çünki bu, hakimiyyətin həm təbliğat imkanlarını daraldır, həm də konkret addımların atılmasını tələb edir. Birinci məqama gəlincə, hakimiyyətin demokratik qüvvələri Rusiya ilə bağlamaq imkanı əlindən alınmış olur. Eyni zamanda belə bir şəraitdə hakimiyyət üçün Qərblə münasibətlərdə də heç bir problem yaşanmır. Amma Putinin Azərbaycana səfəri reaksiyalara, ABŞ-ın narahatlığına səbəb olacaq. “Putin Azərbaycana MDB-nin patronu kimi gəlir” - ABŞ-da Milli Şuranın təmsilçisinin iştirakı ilə son dinləmələri baş verənlər kontekstindən necə qiymətləndirisiniz? Əslində bu yol ilə ABŞ ölkədə azad və ədalətli seçkilərin keçirilməsinin bir mesajını verib. Eyni zamanda Avropa Parlamentində Azərbaycanla bağlı sərt mövqe sərgiləndi. Qərbin bu mesajlarını necə dəyərləndirmək və yozmaq olar? - Hakimiyyət baş verənlərdən çox narahatdır. Hətta ABŞ-dakı dinləmələri brifinq səviyyəsinə endirməyə çalışırdı. Əgər bu dinləmələr əhəmiyyət daşımırdısa, o zaman hakimiyyət niyə belə bir ciddi nümayəndə heyətini ABŞ-a səfərə yollayırdı. Əslində bu baxımdan Putinin səfəri dəyərləndirilməlidir. Hakimiyyət mahiyyətcə Putinin səfərinin reallaşmasını çoxdan arzulayırdı. Amma hazırda Rusiya mətbuatında belə bir məqamlar ortaya qoyulur ki, Putin Bakıya sualtı qayıqla gələ bilər. Əslində burada da bir məqam var. Bu o deməkdir ki, Xəzər dənizi mənimdir və burada istədiyimi edərəm. Ona görə elə bir görüntü yaranır ki, Rusiyanın addımlarında hətta müstəqilliyə belə təhdidlər var. Seçki ərəfəsində qeyri-müəyyənlik hər yerdə hiss edilir. Hakimiyyət istər Brüssel, istərsə də Kremllə əlaqələri seçkilərə bağlayır. Hakimiyyət bütün güzəştlər limitindən istifadə edərək beynəlxalq dəstəyi almağa çalışır. Hətta hakimiyyət artıq son vaxtlar beynəlxalq dəstəyi almağa deyil, özünə olan təhlükələri neytrallaşdırmağa çalışır. - Rusiyada Putin və Medvedev tandemindən sonra birinci hakimiyyətə yenidən qayıtdı. Sizcə, Putin özü üçün rəva görmədiyini Ilham Əliyevə göz yumacaqmı? - Əslində Putin Azərbaycana postsovet məkanının patronu kimi gəlir. Son illər, ümumiyyətlə, Kreml cənub sərhədlərində möhkəmləməyə çalışdı və bəzi sahələrdə buna nisbətən nail oldu. Ona görə Putin Bakıya gəlirsə, o zaman 3-cü namizədliklə bağlı bəzi söhbətləri də açıq qoya bilər. Necə ki, o, seçkilərə fasilə verib, eyni tələbi Azərbaycanla da bağlı edə bilər. “Hakimiyyət ehtiyat variantı işə sala bilər” - Bu ərəfədə YAP sədrinin müavini Mehriban Əliyevanın namizədliyini bir sıra hakimiyyətyönlü partiyalar gündəmə gətirdi. Hazırda həmin təşkilatlara qarşı ciddi təzyiqlər var. Amma o da məlumdur ki, Azərbaycan reallığında bu cür məsələlər yuxarıların razılığı olmadan gerçəkləşmir. Nə baş verir? Hakimiyyətin əsas namizəd dəyişikliyi ola bilərmi? - Bəli, Azərbaycanda bu cür hadisələr təsadüfən baş vermir. Amma Mehriban Əliyevanın namizədliyi səslənməmişdən öncə o, YAP qurultayında müavin seçildi. Əslində bu proseslərin başlanğıcını YAP özü qoydu. Məhz bu hadisədən sonra namizədlik məsələsi ortaya çıxdı. Ona görə bu düşünülmüş bir xətdir. Hazırda da Mehriban Əliyevanın namizədliyini verən partiyalara qarşı bir təzyiq görüntüsü də yaradırlar. Əslində bu özü də düşünülmüş addımdır. Çünki Azərbaycan kimi ölkədə belə məsələləri yarım saata həll etmək olur. Məsələnin hələ də gündəmdə saxlanılması, buna görə çeşidli addımların atılması da təsadüfi deyil. Əslində isə Mehriban Əliyevanın namizədliyi ilə bağlı məsələ gündəmdə saxlanılır. Hiss olunur ki, bu, bir ehtiyat variantı kimidir. Güman etmək olar ki, Qərb və Rusiyayla seçki ilə bağlı söhbətlərdə hakimiyyət “3-cü namizədliklə bağlı qırmızı xətti keçmək olmaz” mesajını alarsa, həmin dövr üçün ehtiyat variantı işə salına bilər. - Seçki öncəsi daha bir maraqlı məqam ATƏT-in Azərbaycandakı statusunun layihə koordinatoru səviyyəsinə endirilməsiylə bağlıdır. Bu dəyişiklik 2014-cü ildən qüvvəyə minəcək. Bu hadisəni necə dəyərləndirmək olar? - Hakimiyyət seçki ilə bağlı indiyə qədər böyük maliyyə resursları xərcləyib və hələ də xərcləməyə hazırdır. Hakimiyyət həm siyasi, həm də lobbi rıçaqlarından istifadə edir ki, seçki müşahidəsində, ATƏT-in mandatı ilə bağlı istədiklərinə nail olsun. Seçkilərin müşahidəsiylə bağlı məsələ sanki hakimiyyətin xeyrinə həll olunub. Amma hələ bu barədə qərar çıxarmaq tezdir. Bu məsələ bizi narahat etsə də, müşahidəçiliklə bağlı məsələnin real həlli sentyabra qalır. Bu məsələnin tam həllinin sentyabra qalması təkcə Avropa strukturlarının qrafiki ilə bağlı deiyl. Artıq sentyabrda seçkilərin hansı şəraitdə gedəcəyi bəlli olacaq. Çünki namizədlərin qeydiyyatı məhz bu dönəmə təsadüf edir. - Belə olan halda, nüfuzlu beynəlxalq təşkilata qarşı bu cür münasibət, ümumiyyətlə, seçkilərin tanınmamasına səbəb ola bilərmi? - Bəli. Bu, seçkilərin tanınmamasına aparan yoldur. Əgər hakimiyyət yenə seçkilərə Ilham Əliyevlə gedəcəksə, “qırmızı xətt” keçiləcəksə, o zaman güman edirəm ki, sentyabrda daha yüksək səviyyələrdə bu məsələlərə baxılanda biz tamamilə fərqli qərarla üzləşə bilərik. Ümumiyyətlə, müstəqillik dövründə biz ilk dəfədir ki, maraqlı bir situasiyanın şahidiyik. Həm ABŞ, həm Rusiya, həm də Avropa Azərbaycandakı seçkilərlə bağlı intriqanın saxlanmasında maraqlıdırlar. Heç kəs tam şəkildə kartları açmır. Hakimiyyət özü də qəti mövqeyini bildirməyə çəkinir. Ona görə ilk dəfədir ki, müstəqillik dövründə baş verənlərlə bağlı proqnoz vermək çətindir.
Posted on: Mon, 29 Jul 2013 10:29:28 +0000

Recently Viewed Topics




© 2015