Milli Şuranın ehtiyyat namizədi professor Cəmil Həsənli: - TopicsExpress



          

Milli Şuranın ehtiyyat namizədi professor Cəmil Həsənli: Rüstəm bəy bir vaxtlar tək Azərbaycanın yox, sovet mədəniyyət elitasının ən yüksək pilləsində duran adamlardan biri və çox az adamlardan idi ki, Kommunist Partiyasının üzvü deyildi. Bunu nəzərə almaq lazımdır. Bu şəxs bir neçə dəfə dövlət mükafatı alıb, Azərbaycanın və SSRI-nin ən böyük mükafatlarını alaraq, Kann festivalının qalibi olub. Əsərləri SSRI-nin və dünyanın 100-ə yaxın səhnəsində gedib. Amma partiyalı mədəniyyətin təmsilçisi deyil. Bunu o zaman hər adam edə bilməzdi. Bu, Rüstəm Ibrahimbəyovun hansı yol keçdiyinin çox aydın göstəricisi idi. Ikincisi, Rüstəm Ibrahimbəyov ədəbiyyata, sənətə gəldiyi gündən etibarən onun yaradıcılığına birmənalı münasibət olmayıb. Azərbaycanda rəsmən qadağan olunan filmlərin içərisində bilavasitə Rüstəm Ibrahimbəyovun filmləri olub. Və bir neçə il üstündən keçəndən, müxtəlif təsirlərdən və filmlərə müxtəlif yeniliklər əlavə edildikdən sonra işıq üzü görüb. Məsələn, götürək “Istintaq” filmini. Sonradan filmin əvvəlinə belə bir titr yazıldı ki, filmdə bəhs edilən hadisələr 69-cu ilin iyuluna qədər davam edib. Bu nəylə bağlı idi? Yəni filmdə cərəyan edən hadisələr 69-cu ildə hakimiyyətə gəlmiş Heydər Əliyev idarəçiliyi ilə bağlı deyil. Yaxud, “Bir Cənub Şəhəri” filminin taleyi. 71-ci il plenumuna diqqət yetirsəniz, görərsiniz ki, çox ciddi şəkildə tənqid olunan filmlərdən biri, daha doğrusu tənqid olunan bir film varsa o da budur. Filmdə sosialist cəmiyyətinin uğursuzluqları ekrana çıxarılıb və filmdə bir cəmiyyətin, yəni sosializmin uğurunun bir örnəyi də yoxdur. Bunu Rüstəm bəy kimi adam edə bilərdi. Yaxud 82-ci ildə “Ultimatum” səhnəyə çıxdı. “Ultimatum” nəyin üzərində qurulmuşdu? Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin sədrinin sözləri və iclaslardan seçmələr verilirdi. Eyni zamanda baş verənlərə bolşeviklərin münasibəti göstərilirdi. Bolşeviklərin münasibəti və Leninin qeybanə səsinin eşidilməsi - bu daim terrora, qan tökülməsinə insan qırğınına çağrışlarla müşayət olunurdu. Azərbaycan parlament sədrinin çağırışları mədəniyyətə, sivilizasiyaya, dinc inkişafa və milli idealların təntənəsinə səsləyirdi. Rüstəm bəy bu işləri görmüş adamdır. Rüstəm bəyin elə bir əsəri yoxdur ki, onun sovet dövründə yazıldığını gizlədəsən. Bu hər bir yaradıcı adam üçün böyük xoşbəxtlikdir. Rüstəm Ibrahimbəyovun məsələn, “Gecikmiş avqust” əsərində sovet cəmiyyətində müharibədən sonra bir obraz var idi “alay oğlu”. Bütün sovet ədəbiyyatında “alay oğlu” obrazının simasını yırtan, onun mahiyyətini ortaya qoyan Rüstəm Ibrahimbəyov olub. Əslində sovet ədəbiyyatında “alay oğlu” mərhələsi Rüstəm bəyin “Gecikmiş avqust”u ilə bağlandı. Ona görə də Rüstəm Ibrahimbəyova kiminsə layihəsi kimi baxmaq olmaz. Rüstəm Ibrahimbəyovun hər əsəri bir layihədir.
Posted on: Mon, 26 Aug 2013 07:52:54 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015