Milli Şuranın hansı məqsədlərlə, kimlər tərəfindən - TopicsExpress



          

Milli Şuranın hansı məqsədlərlə, kimlər tərəfindən yaradıldığını bilirsinizmi? Milli Şuranın xarici siyasət prioritetlərindən, keçid dövrü üçün qarşısına qoyduğu vəzifələrdən xəbərdarsınızmı? Siz özünüz bu sualların cavabını bilirsinizsə belə, bəs dostlarınız, tanışlarınız, milyonlarla həmvətənimiz Milli Şura haqda məlumatlıdırmı? Tarixi sənəd olan Milli Şuranın Bəyannaməsini paylaşıram. Bir çox sualların cavabını bu sənəddə tapa bilərsiniz. Oxuyun və yayın. Demokratik Qüvvələrin Milli Şurasının Bəyannaməsi Biz, bu bəyannaməni imzalayan siyasətçilər, ziyalılar, vətəndaş cəmiyyəti təmsilçiləri və fəal gənclər bəyan edirik ki, hələ 95 il əvvəl bütün Şərqdə və müsəlman dünyasında ilk demokratik cümhuriyyətin qurulduğu Azərbaycanda son onilliklərdə avtoritar rejim və sülalə hakimiyyəti bərqərar olmuşdur. Xalq konstitusiyanın təməl prinsipinə uyğun olaraq hakimiyyəti formalaşdırmaq haqqına malik olduğu halda, ölkədə hakimiyyət qollarından heç biri onun tərəfindən azad və ədalətli seçkilər vasitəsilə seçilməmişdir. 1993-cü ildən başlayaraq ötən 20 il ərzində bütün seçkilər demokratik prinsiplərdən uzaq olmuş, bu müddətdə keçirilmiş istər prezident, istərsə də parlament və bələdiyyə seçkiləri saxtakarlıqla keçirilmişdir. Bir çox beynəlxalq hesabatlarda dəfələrlə deyildiyi kimi, xalqımız dinc yolla, seçkilər vasitəsilə öz hökumətini və parlamentini dəyişmək hüququndan məhrum edilmişdir. Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi istiqamətində hakimiyyətin ötən 20 il ərzində apardığı siyasət uğursuz olmuş, heç bir müsbət nəticə verməmişdir. Hökumətin yanlış və səriştəsiz xarici siyasəti ölkəmizin beynəlxalq aləmdə təklənməsinə gətirib çıxarmışdır. Azərbaycan hökuməti torpaqları işğaldan azad etmək, siyasi, iqtisadi, hüquqi islahatlar aparmaq əvəzinə ölkədə korrupsiya və rüşvətin mükəmməl şəbəkəsini yaratmış, nəticədə vətənimiz qanunlarla deyil, məhz bu şəbəkənin qaydaları ilə idarə olunan əraziyə çevrilmişdir. Ölkə vətəndaşlarının konstitusiyada təsbit olunmuş fundamental hüquq və azadlıqları, o cümlədən sosial, siyasi, iqtisadi, şəxsi və mülkiyyət hüquqları kütləvi şəkildə və mütəmadi olaraq pozulmaqdadır. Hakimiyyət öz rəqiblərinə və ümumiyyətlə, azad düşüncəli insanlara qarşı anti-konstitusion yollarla, qanunsuz vasitələrlə mübarizə aparır. Onları qondarma cinayət işləri ilə həbs etdirir, şər və böhtanla gözdən salmağa çalışır, müxalifətdə olan siyasi partiyaların, müstəqil qeyri-hökumət təşkilatlarının, ziyalıların, gənclər təşkilatlarının və dini icmaların fəaliyyətinə maneələr yaradır, söz və mətbuat azadlığını, sərbəst toplaşmaq azadlığını mütəmadi olaraq məhdudlaşdırır. Son illərin təcrübəsində qondarma narkotika ittihamları adi hala çevrilmiş, gənclərin və inanclı vətəndaşların azadlıqdan məhrum edilməsində başlıca vasitəyə çevrilmişdir. Ölkədə müstəqil məhkəmə hakimiyyəti mövcud deyildir. Bütövlükdə məhkəmə sistemi və hüquq-mühafizə orqanları avtoritar rejimin əlində xalqa qarşı repressiya vasitəsinə çevrilmişdir. Belə bir şəraitdə siyasi qüvvələrin uzun illər ərzində apardığı mübarizə bir sıra daxili və xarici səbəblərdən demokratik dəyişikliyi reallaşdırmaq üçün yetərli olmayıb. Ölkədə demokratiyaya keçidin təmin olunması üçün bütün demokratik qüvvələrin vahid mərkəzdə birləşməsi zərurətə çevrilmişdir. Bütün bunları nəzərə alaraq, biz, bu sənədi imzalayanlar - Azərbaycanda avtoritarizmdən demokratiyaya dinc keçidi seçkilər vasitəsilə təmin etmək; - Demokratiyaya keçid dövründə birgə səylərlə ölkəmizdə sabitliyi qoruyub saxlamaq; - Hüququn aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasının, vətənimizin və xalqımızın davamlı və hərtərəfli inkişafının əsaslarını yaratmaq; - Azərbaycanın müstəqilliyinin, suverenliyinin qorunub saxlanılması, ərazi bütövlüyünün təmin edilməsinə nail olmaq məqsədilə vətəndaş hərəkatında - Demokratik Qüvvələrin Milli Şurasında (bundan sonra Milli Şura) birləşdiyimizi bəyan edirik. Bildiririk ki, əsas məqsədimiz Azərbaycan Konstitusiyasının 1-ci maddəsinin “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” müddəasına uyğun olaraq, xalqın həqiqətən də hakimiyyətin mənbəyi olmasını təmin etmək, onun zəbt edilmiş hakimiyyətini özünə qaytarmağa nail olmaqdır. Bu məqsədə nail olmaq üçün Milli Şura qarşıdan gələn prezident seçkilərində vahid platforma ilə və vahid güc kimi iştirak edəcək. Milli Şura bütün demokratik qüvvələrin, fəal vətəndaşların təşkilatlanaraq, azad və ədalətli seçkilər uğrunda dinc və kütləvi mübarizəyə səfərbər olunmasına çalışacaq. Milli Şura avtoritar rejimin demokratik alternativi olaraq ölkəmizin hərtərəfli və davamlı inkişafını təmin edəcək siyasi, hüquqi, iqtisadi və sosial islahatlar paketlərini razılaşdıraraq xalqımıza təqdim edəcək. Milli Şura namizədi prezident seçkilərində qalib gələcəyi təqdirdə iki illik keçid dövründə - Prezidentin səlahiyyətlərini məhdudlaşdırmaq və hakimiyyətin qanunverici, icra və məhkəmə qolları arasında gerçək tarazlığını təmin etmək; - Hökumətin parlament çoxluğu tərəfindən formalaşdırılmasının nizamlanması; - Milli Məclisə seçkilərin qarışıq (50% majoritar, 50% proporsional olmaqla) seçki sistemi əsasında keçirilməsini təmin etmək; - Ölkədə idarəetmənin əks-mərkəzləşdirilməsi sahəsində islahatlar aparmaq və digər hüquqi islahatları təmin etmək məqsədilə yeni Konstitusiya layihəsi hazırlayıb, onun referendum yolu ilə qəbul edilməsinə çalışacaq. - Yeni konstitusiya əsasında azad və ədalətli parlament, prezident və bələdiyyə seçkiləri keçirilməsinə nail olacaq. Milli Şuranın başlıca xarici siyasət öncəlikləri Qarabağ konfliktinin beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli həlli, işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası, bütün beynəlxalq tərəfdaşlarla bərabər hüqulu və qarşılıqlı faydalı əməkdaşlıq, beynəlxalq razılaşmalar çərçivəsində bütün dövlət öhdəliklərinin yerinə yetirilməsi, avropa xalqlarının vahid ailəsinə inteqrasiya olacaq. Keçid dövrü bitəndən, azad və ədalətli prezident və parlament seçkiləri keçiriləndən sonra bloklaşma siyasəti ilə bağlı məsələlər, o cümlədən avroatlantik məkana inteqrasiya məsələsi ümumxalq referendumu ilə həll ediləcək. Milli Şura bütövlükdə öz proqram məqsədlərinə çatmaq üçün müstəsna olaraq yalnız dinc vasitələrdən istifadə edəcək, ölkə Konstitusiyasının, qanunvericiliyinin və beynəlxalq hüququn prinsiplərini rəhbər tutacaq. Bakı, 7 iyun 2013-cü il
Posted on: Thu, 25 Jul 2013 16:58:09 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015