Mişni məktəbi Mişni kəndində ilk məktəb - TopicsExpress



          

Mişni məktəbi Mişni kəndində ilk məktəb 1928-ci ildə təşkil edilmişdir. İlk müəllimləri Mişni kənd sakinləri Qarakişi Heydərov və Süleyman Fətəliyev olmuşdur. Bir neçə xarici dil bilən Qarakişi müəllimə (həmin dövrdə ucqar kənddə çox az rast gəlinən hal idi) və Süleyman müəllimə bu işdə əsəs dəstəyi Hərbi Yunkerlər məktəbinin məzunu, kənd ziyalısı Abdulla Mirzə oğlu Nəbiyev vermişdir. Məktəbin ilk şagirdləri Mişni kəndindən Bəhram Həsənov, Çərkəz, Əsəd oğlu Həmzə, Museyib İbrahimov, Rəhman Məmmədov, Həsən Hüsiyev, Alxaslı kəndindən Ağalar, Gülmalı, Seyidlər kəndindən Xəlil və s. olmuşdur. Məktəbdə ilk dərslər Nəcəflərin bir gözdən ibarət dəhlizsiz otağında keçilmişdir. Oturacaqlar divarın dibi ilə düzülmüş ağac tirlər olmuşdur. Yazı dizin üstündə yazılmışdır. Yazı taxtasını tüstüdən his basmış divarlar, təbaşiri kəndin ətrafından xam şəkildə çıxarılan əhəngə oxşar material əvəz etmişdir. Bu xam material ocaqda bişirildikdən sonra hazır vəziyyətə gətirilərək istifadə olunurdu. Qışda sinif otağının ortasında orta ocaq yandırılmış, sonradan peç qurularaq “istilik sistemi” təmin edilmişdir. Sonrakı illərdə şagirdlərin sayı artdıqca təbiətin möcüzəsi olan mağaralardan da sinif otaqları kimi istifadə edilmişdir. Dəftər iki formada – düz cızıqlı və hüsnxət, karandaş üç növ – kimyəvi, bənövşəyi və yaşıl ol-muşdur. Sənədin əslini yazarkən bənövşəyi rəngdən istifadə olunurdu ki, saxtakarlıq olmasın (bənöv- şəyi rənglə yazılmış yazını silmək olmurdu). Dəftərə yazı karandaş və mürəkkəbə batırılan pero ilə yazılmışdır. Karandaşı cibdə saxlamaq üçün sancağı, ucunu qorumaq üçünsə ucluğu olurdu. Kimyəvi karandaşdan istifadə edərkən uşaqlar dillərini tez-tez karandaşın ucuna vurduqlarından Qarakişi müəllim şagirdləri xəbərdarlıq edərdi ki, sağlamlıqlarına ziyan gəlməsin. Hökumət davamlı olaraq yoxsul və yetim uşaqlara paltar və ayaqqabı yardımı etmişdir. Dərslər akademik dərs saatı olaraq 45 dəqiqə təşkil etmişdir. Məktəbdə keçilən ilk dərslər ana dili, təbiət və riyaziyyat fənləri olmuşdur. Zəng olaraq Qarakişi müəllim dərsə çağırış kimi “ Sinfə”, dərsin qurtardığını elan etmək üçün isə “Tənəffüs “ deyərək səslənərdi. Tədris edilən maraqlı dərslərdən biri Qarakişi müəllimin “ tənəzzöh “ adlanan ekskursiya dərsləri olub. Təbiət hadisələrini şüurlu şəkildə başa düşmək üçün bu dərslərin əvəzsiz rolu olub. Hətta riyaziyyat dərslərində hesablama məsələlərini daha dərindən mənimsəmək üçün Qarakişi müəllim şagirdləri 1,5 km uzaqlıqda olan dəyirmana aparmaqdan belə çəkinməyib. 1929-cu ildə yendən bir sinif olmaqla məktəb fəaliyyətini davam etdirmiş, əvvəlki uşaqlara yeni- ləri əlavə olunmaqla birinci sinif yenidən təşkil olunmuşdur. Yeni şagirdlər Mişni kəndindən Süleyman oğlu İmran, Lazım oğlu Gəray, Əhməd oğlu Əhəd, Nadir qızı Ayna, Həsrət, Abuhəyat, Maral, İmran qızı Mələk, Zöhrə, Göyüş Rzayev , Mais kəndindən Teymur (valideynlərini balacaykən itirib), Rza, Abduləli olmuşdur. Məktəbin müdiri Qarakişi Heydərov olmuşdur. 1930-cu ildən başlayaraq birinci və ikinci siniflər açılmışdır. Məktəbin müdiri Şuşadan Zahid Orucov təyin edilmişdir. Alxaslı kəndindən İlyas İlyasov, Laçın rayonunun başqa kəndlərindən Balakişi müəllim və Mahmud müəllim məktəbdə müəllimlik fəaliyyətinə başlamışlar. Sonrakı illərdə siniflərin sayı artırılaraq məktəb 7 illik səviyyədə fəaliyyətini davam etdirmişdir. 1937-ci ildə daşla hörülmüş 7-8 otaq və böyük koridordan ibarət ilk məktəbin tikintisinin əsası qoyulmuş, lakin İkinci Dünya müharibəsinin başlanması ilə yarımçıq qalmış, müharibə qurtardıqdan bir neçə il sonra yekunlaşdırılaraq şagird və müəllim kollektivinin istifadəsinə verilmişdir. 1941-1945-ci illər müharibəsinin acıları digər sahələrdə olduğu kimi, məktəbə də öz təsirini gös- tərmişdir. O illərdə direktor Bəhram Həsənovla birlikdə bütün müəllimlər böyük fədakarlıq göstər-miş, arxa cəbhədə yaşanan maddi və mənəvi çətinliklərin dəf olunmasında əhaliyə dayaq olmuşlar. Müharibəyə xas olan kütləvi yoxsulluq insanların varlığı üçün çox təhlükəli həddə çatmışdı. Öz başçısını itirmiş ailələrdə vəziyyət daha acınacaqlı olmuş, uşaq əməyindən maksimum istifadə özünü belə ailələrdə daha qabarıq göstərmişdir. Lakin, müharibənin dəhşətli izlərini özündə daşıyan dövlət həmin illərdə təhsilə qayğını diqqət mərkəzində saxlamışdır. Belə ki, 1941-1945-ci illərdə kolxozda üç fond – Bölünməz fond, Əlillər fondu və İstinahar fondu yaradılmışdı. Kolxoz məktəb üçün 3 hek-tar ayrmışdı ki, təsərrüfat hesabı ilə buğda əkilsin. Yaz buğdası səpilirdi, çinlə biçilib, xırmanda döyülüb dəyirmanda üyüdülürdü. Təsərrüfat hesabı və yalnız məktəb üçün ayrılmış İstinahar fondu vasitəsilə müharibə aclığından qismən qurtulmaq üçün şagirdlərə günorta “istinahar” bişirilib paylanmış, şagirdlər evlərindən bir qab və bir qaşıq gətirməklə əsasən umac və yarma yeməkləri ilə qidalanmışlar. Şagirdlər müharibəyə, çətinliyə baxmayaraq, dərsdən qala bilməzdilər. Şagird dərsə gəlməyəndə kənd soveti başçısına xəbər verilərdi, o da şagirdin evinə gedib cəza olaraq həmin evin su qabını aparıb idarəyə qoyardı və bir neçə gün onu sahibinə qaytarmazdı. Ev sahibi bulaqdan su daşınması işində çətinlik olmasın deyə çalışardı ki, uşağı dərsdən yayınmasın. Gündüzlər məktəb yaşlı uşaqlara dərs deyən müəllimlər axşamlar savad kursları təşkil etmiş, burada yaşı ötmüş uşaqlara və böyüklərə yazıb oxumağı öyrətmişlər. Bu kurslarda keçilən dərslər “ məccani “ dərslər adlanıb. Müəllimlər bu kurslarda məvacib almadan çalışıblar və bu dərslər müha-ribə dövründə müəllimlərin dövlətə kömək məqsədi ilə verdikləri töhfə olub. Məccani dərslər fermalarda da təşkil olunmuşdur. Əli Səlim oğlu Həsənov hər axşam Ər Təpə-nin qoynunda yerləşən fermada qadınları toplamış, yazı taxtası quraraq gah çıraq, gah da ocaq işığı-ğına onlara dərs keçmişdir. Lakin müharibə fədakarlıqla keçirilən belə işləri yarımçıq qoymuşdur. Məktəbdə çalışan kişi müəllimlər müharibəyə göndərilmişlər. Müharibənin xofu, dəhşətli aclıq və səfalət məktəbə və təhsilə də öz mənfi təsirini göstərmişdir. 1944-cü ildə dövlət tərəfindən müharibədə olan müəllimlər müharibə zonasından tərxis olundu-lar ki, yerlərdə təhsilin səviyyəsi çox aşağı düşməsin. Müharibəyə gedən müəllimlərdən Bəhram müəllim, Ağca müəllim və Fətiş müəllim geri qayıtdılar. Məktəbdə bir canlanma yarandı. Mişni məktəbinin fəaliyyətinin ən əlamətdar illəri 1965-1990-cı illərə təsadüf edir. Bu illərdə məktəbin direktoru işləmiş Vahid Məmmədov məktəbdə güclü maddi-texniki baza yaratmağa nail olmuş, həyatını məktəbə həsr edərək təhsil sahəsində böyük bir irs qoyub getmişdir. 1972-ci ildə Mişni 8-illik məktəbi orta məktəb statusu alaraq fəaliyyətə başladı. Yüksək səviyyədə savada malik müəllimlərlə yanaşı güclü maddi-texniki bazanın əsasları da qurulmağa başladı. 1973-cü ildə məktəbdə emalatxana fəaliyyətə başladı. Emalatxanada tədrisə aid bütün əyani vəsaitlər və avadanlıqlar var idi. Rayon Təhsil Şöbəsi mütəmadi olaraq bu vəsait və avadanlıqların göndərilməsini təmin edirdi. Gözəl sənətkar Ziyad kişinin oğlu Yurisin emalatxanada ustalıq bacarığı həm şagirdlərə, həm də məktəbə böyük fayda verdi. 1970-ci ildə məktəbdə kitabxana, 1972-ci ildə laboratoriya fəaliyyətə başladı. Müxtəlif fənn kabinələri yaradıldı. Bu kabinələr lazımi dərs avadanlıqları ilə təmin edildi. Dərslərin fənn kabinə-lərində laboratoriya avadanlıqlarının müşayiəti ilə keçirilməsi şagirdlərin bilik səviyyəsinin yüksəl-məsi üçün zəmin yaradan əsas səbəblərdən biri oldu. Məktəbdə mütəmadi olaraq, təcrübəli müəllimlərin açıq dərsləri keçirilirdi. Gənc müəllimlər bu üsuldan istifadə edərək pedaqoji və metodiki biliklərə yiyələnirdilər. Məktəbdə pedaqoji kollektivin hər bir üzvünün nöqsanı pedaqoji şurada qərəzsiz müzakirə edilirdi. Məktəbdə işin müvəffəqiyyəti yüksək səviyyədə idarəçiliyin və pedaqoji kollektivin birgə işinin nəticəsi idi. Bu müvəffəqiyyətin səmərəsi idi ki, hər il məktəbdən ən azı 7-8 nəfər ali məktəblərə qəbul olunurdu. Ən təqdirəlayiq hal o idi ki, ali məktəblərə yalnız öz bilik səviyyəsinə güvənən şagirdlər üz tuturdu, valideynlərin iradəsi ilə təhrik edilən zəif bilikli şagirdlər yox. Bu işin nəticəsi olaraq, 1984-cü ildə məktəbin direktoru Vahid Məmmədova Qabaqcıl Maarif Xadimi, tədris işləri üzrə direktor müavini Ramazan Qarayevə isə Metodist müəllim adı verildi. Müəllimlərin dərsə hazırlığı çox yüksək səviyyədə idi. Tədris işləri üzrə direktor müavini həftədə 24 saat dərs dinləyir və bu dərsləri müəllimlərlə birlikdə təhlil edərdilər. Bu, müəllimlərin işə münasibətini və məsuliyyətini artırırdı. Tələbkarlıq çox olduğundan, dərs bölgüsündə müəllimlər çox dərs götürmək istəmirdilər. Bunlar dərsin keyfiyyətinin yüksəlməsinə çox kömək edirdi. Məktəbin valideynlərlə sıx əlaqəsi var idi. Dövlət məktəb şagirdləri üçün Təhsil Fondu ayırırdı. İldə bir dəfə məktəbdə oxuyan uşaqların hər ailədən bir nəfərinə müxtəlif paltarlar alınıb verilirdi. Burada uşaqlar arasında fərq qoyulmadığına görə valideynlər məktəbdən çox razı idilər. 1975-ci ildə kəndin köçəri olaraq fermalarda yaşayan əhalisinin uşaqlarının normal təhsil alma-ları üçün məktəbin ikinci binası istifadəyə verildi. Belə şagirdlərin tədris ili boyu məktəbdə qalıb yaşamaları üçün otaqlar lazımi avadanlıqlarla təmin edildi. Dövlətin qayğısı ilə məktəbdə yeməkxana təşkil edildi və uşaqlar qidalılığı yüksək olan müxtəlif növ ərzaqlarla təmin edildilər. Aşpaz Maral xanımın mətbəx bacarığı, mədəniyyəti və ana qayğısı uşaqlarda xoş xatirələrlə silinməyən izlər qoydu. Məktəb yataqxanasında qalan uşaqların dərsdən kənar təlim və tərbiyəsi ilə məşğul olmaq üçün hər il məktəbin müəllimlərindən 3-4 nəfər “tərbiyəçi” ştatı üzrə ayrılırdı. Tərbiyəçi müəllimlər şagirdlərin dərsə hazırlığı və tərbiyələri ilə ciddi məşğul olur, onların istirahəti, qidalanmasına ciddi nəzarət edirdilər. 1976-cı ildə məktəb muzeyinin təşkili rayonda və respublikada bu məktəbə marağı bir daha artırdı. Məktəbin müəllimi və Pioner Baş Dəstə rəhbəri Qətibə Abdullayeva öz təşəbbüsü ilə illər boyu yığıb topladığı eksponatları ilə rayonda ilk muzeyin əsasını qoydu. Kənd əhalisi özlərinə yaşayış evləri üçün torpağın altından daş topldıqca, yollar çəkildikcə, ərazilər əkin üçün şumlandıqca qədimliyə məxsus tapıntılar üzə çıxırdı. Laçın torpağının hər qarışı isə Azərbaycana məxsus qədimliyini özündə saxlayan izlərlə zəngindir. Bu tarixin izlərini qoruyub saxlamaq üçün Qətibə müəllimə fədakarlıq göstərdi, bu tarixi əşyaları toplamaq üçün əhaliyə müraciət etdi, uşaqları maarifləndirdi ki, tapılan əşyaları yığıb ona versinlər. Kənd əhalisi nəinki Qətibə müəlliməyə səs verdi, üstəlik nənə-babalarının toxuduğu və düzəltdikləri əşyaları da muzey üçün verdilər. Muzeydə əsasən daş dövrünə aid daş muncuqlar, daşlaşmış sümüklər, ağaclar, balıqqulağı və daşlaşmış saxsı qablar, okean və ya dənizə aid canlılara məxsus tapıntılar, iki minə yaxın muncuq, min beş yüzə yaxın bəzək əşyası, döyüşlərdə iştirak etmiş cəngavərlərə aid əşyalar saxlanırdı. Tez-tez Bakı şəhərindən müraciətlər olurdu, muzey əşyalarından sərgilər üçün eksponatlar seçilib Bakı şəhərinə göndərilirdi, sərgidə nümayiş olunduqdan sonra müzeyə qaytarılırdı. Tarixçi alimlərdən Qətibə müəllimə ilə məktub vasitəsilə əlaqə saxlayanlar var idi. Qətibə müəlliməyə şagirdlərlə apardığı təşkilati işlər və fədakarlığına görə Metodist müəllim adı verildi. Məktəbdə vətənpərvərlik mövzusu ən ümdə məsələlərdən biri idi. Vətəndaş olmaq, özünü Vətənin bir parçası bilmək, vətəndaşlıq borcuna sahib çıxmaq kimi dəyərlər həmişə məktəbin diqqət mərkəzində olmuş, şagirdlərin bu ruhda tərbiyə olunmaları üçün müəllimlər əllərindən gələni etmiş-lər. Buna bariz olaraq, hərbi hazırlıq dərslərinin lazımi qaydada keçirilməsi, fənn kabinəsinin tədris üçün nəzərdə tutulmuş silah-sursatla təmin olunması, döyüşə hazırlıq üçün təlimlərin təbiət qoynun-da keçirilməsini misal gətirmək olar. Meşələrdə o dövrdəki şagirdlərin hələ də yadından çıxmayan “ Üfüqdə parıltı “ adlı partizan oyunlarının keçirilməsində gənc müəllimlər və şagirdlər böyük şövq ilə iştirak edərdilər. Məktəbdə hərbi guşə təşkil edilmişdi. 1941-1945-ci il Böyük Vətən müharibəsi iştirakçılarının şərəfinə düzəldilmiş memorial lövhə və sərgi kompleksi məktəb şagidlərinin and yeri idi. Bu kompleksin təşkil olunmasında kəndin usta sənətkarı Ziyad Abbasovun xüsusi əməyi olmuşdur. Xüsusi ustalıqla xalis misdən kəsilib düzəldilmiş hərflər müharibə iştirakçılarının adlarını tarixə əbədi olaraq həkk etmişdi. Bu lövhə Azərbaycana məxsus ornamentlərlə bəzədilmişdi. Məktəbdə şagirdlərin sağlamlığına rəvac verən idman dərslərinin keçirilməsinə xüsusi diqqət yetirilmişdir. Çox səfalı mənzərəsi olan idman meydançası, lazımi idman alətləri və avadanlıqlarının olması, havası, suyu təmiz olan təbiətlə ünsiyyət, idman dərslərinə xüsusi diqqət şagirdlərin sağlam-lığı üçün zəmin yradırdı. Bu sahəyə maraq o qədər güclü idi ki, hətta başqa kəndlərin şagirdləri ilə tez-tez idman yarışları təşkil olunurdu, qalib komandalar mükafatlandırılırdı. Şahmat, şaşki,voley-bol, futbol yarışları xüsusilə maraq doğururdu. Şagidlərimiz nəinki rayon turlarında, hətta respublika turlarında da iştirak edirdilər. Çox maraqlı işlərdən biri aşağı səviyyədə oxuyan şagirdlərə təsir vasitələrindən istifadə qaydaları idi. Belə ki, məktəbdə “ İynə “ adlanan divar qəzeti tərtib edilmişdi. Dərsdən “ 2 “ qiyməti alan şagirdlərin şəkilləri Qətibə müəllim tərəfindən karikatura şəklində divar qəzetinə çəkilib divara vurulurdu. Divar qəzetinə baxan şagirdlər “ 2 “ qiyməti alan şagirdi şəkildən tanıdığından hər bir şagird çalışırdı ki, yaxşı oxusun və divar qəzetində utandırıcı şəkli çıxmasın. Ən maraq kəsb edən işlərdən biri müəllimlər otağında veteran müəllimlərin gənc müəllimlərlə söhbətləri və onların təhsilin səviyyəsini yüksəltmək üçün verdikləri tövsiyələr idi. Bu söhbətlər həm də gənc müəllimlərin dünyagörüşünün formalaşmasında müstəsna rol oynayırdı. Vahid müəllimin, Ağca müəllimin, Bəhram müəllimin, Fətiş müəllimin, Surxay müəllimin (Mayıs kəndindən idi), Ramazan müəllimin, Cavad müəllimin, Nurəli müəllimin, Qənbər müəllimin, Misir müəllimin, Güllü müəllimənin, Piyalə müəllimənin və Güleyşə müəllimənin maraqlı söhbətlərini dinləmək gənc müəllimlər üçün böyük şərəf idi. Müəllim kollektivi və şagirdlərin istirahətini təşkil etmək üçün məktəbdə çayxana tipli bufet fəaliyyət göstərirdi. Bufetdə satılan ərzaqlar daim müdiriyyət tərəfindən nəzarətdə saxlanırdı ki, şagirdlərin sağlamlığına zərər verməsin. Məktəbin həyətində təsərrüfat hesablı bağ və bostan bitkilərindən alınan məhsul internatda qalan uşaqların ərzaqla təmin olunmasında mühüm rol oynayırdı. Məhsulun bir hissəsi isə məktəb kollektivi və kənd icma üzvlərinə satılaraq əldə olunan qazanc təhsilə və məktəbin mədəni-kütləvi tədbirlərinə sərf olunurdu. Kəndin rabitə sistemi ilə tam təmin olunması müəllimlərin valideynlərlə vaxtaşırı ünsiyyətini təmin edirdi. Poçt sistemi isə imkan verirdi ki, müəllimlər və şagirdlər sifariş yolu ilə hər ay dərs-dənkənar lazımi kitab və jurnalları əldə etsinlər. Bu isə biliyin və dünyagörüşün formalaşmasına nəinki böyük təsir edirdi, həm də müasirliklə tanışlığı təmin edirdi. Mişni kənd orta məktəbi 1992-ci ilə qədər gələcəyə inamla addımlayan bir elm ocağı idi. Erməni təcavüzü nəticəsində başlanan Qarabağ müharibəsi Mişni kənd orta məktəbinin doğma Laçında fəaliyyətinə də son qoydu. Rayon əhalisi kimi məktəb və kollektivi də köçkün həyatı yaşamağa məcbur edildi. Məktəbdə yaşanan həyatın ən duyğulu və unudulmayacaq axırıncı günü isə 10 may 1992-ci il olacaqdı, hansı ki, saat radələrində çox ağır məcburi köçkünlük həyatı yaşayacaq məktəb kollektivinin sözlə ifadə olunmayan vidalaşdığı anlar... Bu vida anlarını yaşayan fədakar müəllim kollektivinin adlarını yada salmamaq mümkün deyil: Vahid Məmmədov(coğrafiya), Ağca Mirzəyev(dil-ədəbiyyat), Ramazan Qarayev(sinif məllimi), Cavad Heydərov (fizika), Nurəli Orucov (sinif müəllimi) , Qənbər Aslanov (kimya-biologiya), Misir Qarayev (rus dili), Tahir Nəcəfquluyev (hərbi hazırlıq), Azad Heydərov (tarix), Güllü Heydərova (sinif müəllimi), Piyalə Nəcəfova (sinif müəllimi), Güleyşə Fərzəliyeva (sinif müəllimi), Töhfə Verdiyeva (riyaziyyat), Mərziyyə Abbasova (dil-ədəbiyyat), Varaşil İbrahimov (bədən tərbiyəsi,1991-1992-ci illər gənc kadr olaraq məktəbin direktoru olmuşdur), Zemfira Mirzəyeva (fizika), Venera Mirzəyeva (riyaziyyat və informatika), Xalidə İsmayılova (coğrafiya), Flora Məmmədova (coğrafiya), Rima İsayeva (riyaziyyat), Güllər Yusifova (müsiqi). Həyat davam edir – həyatla yaşanan adlarla və əbədiyyətə qovuşan adlarla... Məlumatı hazırladı: Mirzəyeva Venera Kəriş qızı, Laçın rayonunun Mişni kənd sakini, 7 saylı Laçın tam orta məktəbinin müəllimi 28.08.2013-cü il
Posted on: Thu, 29 Aug 2013 14:04:40 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015