“Müxalifət liderlərinin 75-80 faizi DTK-nın agentləri - TopicsExpress



          

“Müxalifət liderlərinin 75-80 faizi DTK-nın agentləri olub” - MÜSAHİBƏ Araz Əlizadə: “Eldar Namazov və Əli Kərimli İsa Qəmbəri proseslərdən kənarlaşdırmaq istəyir” Müsahibimiz sabiq prezident Ayaz Mütəllibovun və sabiq DTK sədri Vaqif Hüseynovun Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılması ssenarisinin DTK-da hazırlanması haqqında bəyanatını şərh edib, İsa Qəmbərin güzəştə getməməsinin səbəblərini göstərib, Eldar Namazovun siyasi addımlarının mahiyyətini açıqlayıb. - Sabiq DTK sədri Vaqif Hüseynov və sabiq prezident Ayaz Mütəllibov bəyan edib ki, AXC-nin yaradılması ssenarisi DTK-da hazırlanıb. Bu haqda siz nə deyə bilərsiniz? - Əvvəla, onu deyim ki, Xalq Cəbhəsi yaratmaq ideyası Zərdüşt Əlizadəyə məxsus idi. AXC əsasən Bakı Alimlər Klubunun çərçivəsində yaradılırdı. Qeyd edim ki, bu qurumda sədr-filan yox idi. Ancaq sonra başladılar Zərdüştə məsləhətlər verməyə. Məsələn, İsa Qəmbər Hikmət Hacızadə vasitəsi ilə Zərdüştə məsləhət görürdü ki, Çənlibel və Varlıq Təşkilatı ilə birləşmək lazımdır. Mən o zaman Zərdüşt bəyə deyirdim ki, bu səhv olar, birləşməyin. Ancaq təəssüflər olsun ki, Zərdüşt bəy mənim sözümə baxmadı və adını çəkdiyim təşkilatlarla birləşmək yolunu seçdi. Bundan sonra AXC demokratik qurumdan çevrilib oldu qaragüruhun qurumu. Onların da çoxu şübhəsiz ki, KQB ilə əlaqəli idi. - Yəni İsa Qəmbər deyirdi ki, Çənlibel və Varlıq Təşkilatı ilə birləşilsin və bundan sonra AXC yaransın? - Xeyr. Onlar deyirdilər ki, bu birlik baş tutsa, AXC güclənər. Çünki onlarda kütlə var idi. Ancaq bu qaragüruh kütləsi idi. Varlıq və Çənlibel vasitəsi ilə DTK AXC-yə öz adamlarını saldı. Bundan sonra demokratiyadan əsər-əlamət qalmadı. AXC yarananda Bakı Alimlər Klubunun bir çox üzvləri bu prosesdə iştirak etdilər. - Dediklərinizi arqument və faktla əsaslandıra bilərsinizmi? - Qeyd edim ki, birinci təsis konfransı Ağamalı Sadiq Əfəndinin həyətində qurulan çadırda keçirildi. İsa Qəmbərə tapşırılmışdı ki, dəvətnamələri lazım olan şəxslərə çatdırsın. Ancaq o dəvətnamələri əsl AXC üzvlərinə deyil, çayxanada oturan insanlara verdilər. Onlar da konfransa gələn kimi qışqırmağa başladılar. Öncədən qərar belə idi ki, AXC-nin sədri Yusif Səmədoğlu olacaq. İclasa rəhmətlik Yusif Səmədoğlu sədrlik edirdi. Ancaq AXC üzvlərinin adına olan dəvətnamələr əsasında konfransa gətirilən insanlar elə ilk dəqiqələrdən “Əbülfəz” şüarı səsləndirməyə başladılar. İsa Qəmbər dedi ki, camaat ayrı namizəd də istəyir. Ona görə də, Yusif Səmədoğluna təklif etdi ki, sədrliyi onun özü həyata keçirsin. Yusif müəllim ziyalı və sakit adam idi. Vəziyyəti belə görəndə sədrliyə namizədliyini geri götürdü. Bu zaman Zərdüşt Əlizadə qapıda camaatı tutub sual edirdi ki, siz hansı özəyi təmsil edirsiniz. Onlar deyirdilər ki, nə özək, çayxanadan gəlmişik. O zaman Zərdüşt bəy təklif etdi ki, yeni konfrans keçirilsin və bu saxtakarlıq ifşa edilsin. Bu zaman Hikmət Hacızadə, İsa Qəmbər, Sabit Bağırov, Tofiq Qasımov və başqaları dedilər ki, Zərdüşt bəy, xalqın inamı qırılar. Bir az keçəndən sonra isə İsa Qəmbər Zərdüştə dedi ki, siz konfrans keçirməyə niyə çalışırsınız, onsuz da heç nəyə nail ola bilməyəcəksiniz, biz artıq öz liderimizi AXC sədri seçdirmişik. Xalq Cəbhəsinə görə, onun nüfuzu elə qalxacaq ki, siz bir şey edə bilməyəcəksiniz. Məsələ belə oldu. - Siz dolayısı yolla sabiq prezident Mütəllibovun dediklərini təsdiqləyir və AXC-nin yaranmasında DTK-nin rolunun olduğunu bildirirsiniz? - Bəli. Bu belədir. - Bəs o zaman siz nə işlə məşğul olurdunuz? - Mən AXC-nin üzvü deyildim. Amma buna baxmayaraq səfərlərə maddi yardım göstərirdim, döş nişanlarını mən sifariş edib Moskvadan gətirmişdim və s. O zaman biz sosial demokratlar SSRİ məkanında daha çox tanınırdıq. Sonra Zərdüşt Əlizadə mənə təklif etdi ki, biz fəaliyyətimizi Azərbaycandan kənarda davam etdirək, onlar isə Azərbaycanda fəaliyyət göstərsinlər. - Sizin iddianızdan belə çıxır ki, DTK-nın sifarişi ilə AXC-yə daxil olan şəxslər bu gün Azərbaycan siyasətində qalmaqda davam edirlər? - Bəli, bu adamlar indi də siyasətdədir. Əslində onları xalqa tanıtdırmaq üçün biz müəyyən addımlar atdıq. Məsələn, AXC dövlət çevrilişi ilə hakimiyyətə gələndən sonra İsa Qəmbər Ali Sovetin sədri və prezidentin səlahiyyətlərini icra edirdi. O zaman mən və Zərdüşt Əlizadə təklif etdik ki, üzdə olan siyasətçilərin hamısının KQB-də olan dosyesi açılsın. İsa Qəmbər isə cavabında dedi ki, buna getsək, qardaş qırğını başlayar. Daha sonra Əbülfəz Əliyev prezident oldu. Biz yenidən ona müraciət etdik. Dedik ki, digər siyasətçilərin dosyesini açmayın, amma biz iki qardaşın dosyesini açın və narahat olmayın, bizə görə qardaş qırğını olmayacaq. Ancaq Əbülfəz Əliyev cavabında dedi ki, sizin dosyenizi açsaq, digərlərinin dosyesini açmasaq, bu antidemokratik olar. - Bu gün hərəkatdan gələn siyasətçilərin dosyesi açılmalıdırmı? - Pribaltikada dosyeləri açdılar. Heç kəs buna görə başqasını öldürmədi. Hətta həmin vaxt baş nazir olan şəxsin KQB ilə əlaqələrinin olduğu meydana çıxdı. Ancaq baş nazir dedi ki, o ancaq öz elmi işlərinə və ixtiralarına aid DTK-ya dosyelər verib və bunu da heç vaxt təkzib etməyib. Bundan sonra baş nazir vəzifəsində qalaraq işləməyə davam etdi. Ancaq bəzi şəxslər siyasətdən getməli oldu. - Bizdə arxivlər açılsa nələr yaşanar? - Bizdə arxivlər açılsa, bəlli olacaq ki, bu gün üzdə olan müxalifət liderlərinin 75-80 faizi DTK-nın agentləri olub. - Nəticə necə ola bilər? - Uzaqbaşı bu insanlar siyasətdən getməli olacaqlar. Başqa sözlə, heç kəs onları asmayacaq, kəsməyəcək. - Onlar getsə, yerlərinə kimlər gələcək? - Təşkilatlar vaxtaşırı daxilən təmizlənməyi bacarmalıdır. Əgər onlar daxilən təmizlənməyi bacarmırsa, deməli, ölü təşkilatdır. - Milli Şurada Rüstəm İbrahimbəyovu vahid namizəd seçdilər. Bu məsələyə münasibətiniz necədir? - Milli Şura yarananda deyirdim ki, heç vaxt vahid namizəd olmayacaq. Mən İsa Qəmbəri tanıyıram. İsada dəvə kini var. Üstəlik onun ambisiyaları ağlından çoxdur. Məhz buna görə də deyirdim ki, vahid namizəd alınmayacaq. Eldar Namazov, Əli Kərimli və digərləri ona görə vahid namizəd irəli sürürdülər ki, bu prosesdə İsa Qəmbəri kənarlaşdırsınlar. Yəni burada birlik, xalq, demokratiya məsələsi yoxdur. Əksinə, şəxsi ambisiya var. Nəhayət, Rüstəm İbrahimbəyov incik insandır. Uşağın əlindən oyuncağını alanda ayağını yerə döyməyə başladığı kimi, İbrahimbəyov da ayağını döyərək müxalifətçiliyə başlayıb. Baxmayaraq ki, İbrahimbəyov Azərbaycan xalqının taleyüklü məqamlarında daima susub. Məsələn, 20 yanvarda, 1993-cü ildə, torpaqlarımız işğal olunanda bir kəlmə belə danışmayıb. Susub və karyerası haqda düşünüb, sənəti ilə məşğul olub. Müxalifət gördü ki, kimisə irəli vermək lazımdır. İbrahimbəyov da hakimiyyətə qarşı bir qədər aqressivdir. Eldar Namazov tez onun könlünə girdi. Eldar Namazov qılığa girməyi ustalıqla bacarır. - Eldar Namazov haqqında dediklərinizi necə sübut edə bilərsiniz? - Əgər xatırlayırsınızsa, 2005-ci ildə “Yeni Siyasət” Seçki Bloku yaradıldı. O, tamam ayrı şeylərdən danışırdı. Deyirdi ki, blokda yekdillik, birlik olacaq. Blokun namizədləri özlərini deyil, bloku təmsil edəcəklər. Biz ASDP olaraq “Yeni Siyasət” Seçki Blokuna qoşulduq. Ancaq ora gələndə sonra başqa vəziyyətlə rastlaşdıq. Eldar Namazov bir növ mənim qılığıma girdi və məni aldatdı. İndi də İbrahimbəyovun qılığına girir. İbrahimbəyov da özünü fövqəlgüc hesab edir. Bilirsiniz, o, rejissordur və təxəyyülü böyükdür. Bu təxəyyülünə görə qərara gəlib ki, prezident ola bilər. Əvvəla, Rüstəm müəllim bunu istəyirdisə, gərək uzun müddət siyasətdə olardı. İkincisi, o namizədliyini irəli sürəcəyini bəyan edəndə mən söylədim ki, yəqin İbrahimbəyova yaxşı məlumat verilməyib, bu adamın qanunla prezidentliyə namizəd olmağa ixtiyarı yoxdur. İbrahimbəyov mənim adımı çəkmədən mənə cavab vermişdi. Demişdi ki, onun ikili vətəndaşlığı olmayıb, Azərbaycan vətəndaşıdır, heç vaxt Rusiya vətəndaşı olmayıb. Bu söhbətin üzərindən bir neçə ay keçdi və günün birində məlum oldu ki, İbrahimbəyov ikinci vətəndaşlığından imtina edir. Yəni seçki kampaniyasına yalanla başladı. Bir dəfə müsahibəsində dedi ki, əgər özünün namizədliyi qeydiyyata alınmasa, İsa Qəmbər namizədliyini irəli sürəcək. Bunun üzərindən üç gün keçəndən sonra bəyan etdi ki, əgər biz vahid namizəd irəli sürürüksə, başqa birinin namizədliyini irəli sürməsi mənəvi baxımdan doğru deyil. Görürsünüzmü, artıq onu oynadırlar. Əlbəttə, bu yaşda bir insanın yalan danışması mənə ağır gəlir. - Siz bu prosesin nəticəsini necə görürsünüz? - Mən ümid edirəm ki, onu qeydə alacaqlar. Hər halda iqtidarın yerinə olsaydım, onu qeydə alardım. Amma böyük ehtimalla İbrahimbəyovu qeydə almayacaqlar, çünki bu qanuna ziddir. Qanun icazə vermirsə, sən kim olmağından asılı olmayaraq qeydiyyata alına bilməzsən. Konstitusiyada yazılır ki, namizəd olmaq istəyən şəxsin ikili vətəndaşlığı varsa, azı seçkilərə 6 ay qalmış bundan imtina etməlidir. İsa Qəmbər isə pərdəarxası oyunları gözəl apara bilir. Biz bunu nəzərə almalıyıq. İsa Qəmbər bu prosesləri gözəl bilirdi, düşünürdü ki, günün birində İbrahimbəyovun ikili vətəndaşlığı məsələsi ortaya çıxacaq və onun özü Milli Şuranın vahid namizədinə çevriləcək. - Sizcə, İsa Qəmbər vahid namizəd ola biləcəkmi? - İsa Qəmbər vahid namizəd olsa da, digərləri onun üçün işləməyəcək. Necə ki, indi onun özü İbrahimbəyov üçün işləmir. Burada incə bir məqama diqqət eləmək lazımdır. Nəzərə alın ki, bu qüvvələrin hamısı eyni cəbhədə olublar, eyni ideoloji dəyərləri paylaşıblar. Ancaq onlar ona görə bir-birilərindən ayrılıblar ki, ambisiyaları ağıllarından üstündür. Məhz bu səbəbdən də, onlar bir ideologiyanı bölüşsələr də, ayrı-ayrı partiyalara bölünüblər. Bu göz önündədir. Odur ki, bu qüvvələrin bir-birini dəstəkləyəcəyi ehtimalı yoxdur. Nemət
Posted on: Thu, 18 Jul 2013 08:16:33 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015