“Qələbəmə inanmasaydım bu yolu seçməzdim” ÇƏRŞƏNBƏ - TopicsExpress



          

“Qələbəmə inanmasaydım bu yolu seçməzdim” ÇƏRŞƏNBƏ AXŞAMI, 27 AUGUST 2013 «Azərbaycan hakimiyyətinin xalqın qarşısına çıxmağa üzü yoxdur» Cəmil Həsənli: «Vətəndaşların böyük bir hissəsi on faiz artım söhbətini eşidəndə özünü təhqir olunmuş hesab edir» Demokratik Qüvvələrin Milli Şurasının yeni vahid namizədi professor Cəmil Həsənli “Azadlıq”a geniş müsahibə verib. Müsahibəni təqdim edirik: (Əvvəli ötən sayımızda) - Cəmil bəy, yeri gəlmişkən, Azərbaycan hakimiyyətinə az da olsa təsiri olan dünyanın böyük dövlətlərindən, nüfuzlu beynəlxalq təşkilatlardan insan haqlarının qorunması, normal seçkinin keçirilməsi baxımından gözləntiləriniz nədən ibarətdir? - Birincisi, mənim gözləntilərim Azərbaycan xalqındandır. Seçkini taleyini Azərbaycan xalqı həll edəcək. Bugünki hakimiyyət Azərbaycanda hakimiyyətin mənbəyini ölkə daxilindən, ölkə xaricinə çıxarıb. Hesab edirəm ki, bu məsələni ölkənin daxilinə qaytarmaq lazımdır. Azərbaycanda hakimiyyət bilavasitə xalqın rəyi, xalqın səsverməsi, xalqın seçkidə iştirakı ilə formalaşmalıdır. Böyük dövlətlər, nüfuzlu beynəlxalq təşkilatların addımlarına gəlincə, elə məsələlər onlar ölkənin daxili işi sayıla bilməz. Bu azad və ədalətli, demokratik seçki prosesinə riayət etmək məsələsidir. Bu xalqın öz hakimiyyətini azad şəkildə formalaşdırmaq haqqına münasibət məsələsidir. Bu Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklər məsələsidir. Ilk növbədə o dairələr Azərbaycan münasibətdə hakimiyyətə təsir göstərməlidir ki, inteqrasiya etmək istədiyi məkanın qaydalarına uyğun olsun. - Bu dairələr Azərbaycan hakimiyyətinə demokratik seçkilər, insan haqları sahəsində təsir edəcəklərmi? - Bunu qabaqcadan proqnozlaşdırmaq çətindir. Hər halda mənə elə gəlir ki, insan haqlarının qorunması və demokratik seçkilərin keçirilməsi istiqamətində dəstək olacaq. “On faiz maaş, pensiya artımı hakimiyyətə səs gətirmir” - Azərbaycanda elə bir şəxs yoxdur ki, 2013-cü ildə normal seçkilərin keçiriləcəyinə inansın. Seçki kampaniyasında görüşlər keçirəcəksiniz. Həmin görüşlərdə sizə deyə bilərlər ki, Cəmil bəy biz gəlib sənə səs verəcəyik, amma Məzahir Pənahov son nəticədə başqasını elan edəcək. Belə olan halda nə edəcəksiniz? Bu sualın cavabı nə olacaq? - Siz çox uzağa gedirsiniz. Hadisələri bir qədər qabaqlayırsınız. Demokratik düşərgənin istinad nöqtəsi olmalıdır. Bu istinad nöqtəsi də xalqın səsidir. Xalqın səsi olmayandan sonra heç nəyə söykənib bir şey etmək olmaz. Çünki ilk növbədə seçici aktiv olmalı və səsini verməlidir. O səsə riayət edilməyəndə ona uyğun hərəkət etmək lazımdır. Şübhəsiz ki, bizim seçki təcrübəmiz var. Belə şeyləri çox görmüşük. Azərbaycan seçicisi inamsızlaşıb. Milli Şuranın məramı da ondan ibarətdir ki, bu inamı qaytarsın. - Seçki təbliğatı üçün zaman kifayət qədər məhduddur. Amma hakimiyyət seçki təbliğatına artıq indidən başlayıb. Ilham Əliyev məcburi köçkün və qaçqınlara büdcədən ayrılan vəsaiti 1 manat altmış qəpik artırdı, maaşlarda, təqaüdlərdə on faiz artım var. Milli Şura seçki təbliğatını nəyin üzərində quracaq? - Inanın ki, on faiz maaş, pensiya artımı hakimiyyətə səs gətirmir. Bu on faiz ironiya mənbəyidir. Məsələn, sosial sahədə çalışan bir şəxs əgər 84 manat alırdı, on faizdən sonra 91 manat alacaq. Əminliklə deyirəm ki, normal yaşamaq haqqına sahib olan vətəndaşların böyük bir hissəsi on faiz söhbətin eşidəndə özünü təhqir olunmuş hesab edir. Siz ona çox inanmayın ki, əhali o on faizin girovuna çevriləcək. Azərbaycan xalqı daha layiqli yaşayışa layiqdir. Bu haqqı ona vermək lazımdır. Azərbaycanın buna maddi imkanları var. Axı necə ola bilər ki, Azərbaycandan daha az inkişaf etmiş ölkələrin elm sənət, mədəniyyət, iqtisadiyyat işçiləri, kənd təsərrüfatında çalışanlar, müəllimlər, həkimlər daha yaxşı yaşayış şəraitinə malikdir. Yəni ölkədə inkişaf varsa, bu özünü insanların yaşayış rifahında göstərməlidir. “Korrupsiya ən böyük problemlərdən birinə çevrilib” - Buna rüsvayçılıq demək olar? - Mənə elə gəlir ki, bu rüsvayçılıqdan da betərdir. - Bu sualı təsadüfən vermədim. Milli Şuranın siz ehtiyat vahid namizədi seçilən zaman “Qaçqınkom”un rəhbəri, baş nazirin müavini Əli Həsənov dedi ki, Azərbaycanda çox güclü iqtidar, çox rüsvayçı müxalifət var... - Əgər güclü iqtidar varsa, o həmin baş nazirin müavini, özü də Qarabağda anadan olmuş bir şəxs son iyirmi ildə bu hakimiyyətin 20 metr Azərbaycan torpaqlarının alınmasını ortaya qoysun. Iqtidarın gücü nəylə müəyyən olunur. Əhali işsiz, çörəksiz. Dövlətin verdiyi pensiya heç nəyi ödəmir. Pensiyanın miqdarı o qədər gülüncdür ki, hökumətin iclasında onun həcmi dollarla elan olunur. Deyirlər ki, orta pensiya 200 dollara çatıb. Nəyə görə manatla elan etmirsən? Manatla de ki, Azərbaycanda orta pensiya 151 manatdır. Bunla öyünməyə dəyərmi? Üç yüz minlik müəllim ordusunun dolanışığına baxın. Azərbaycanda çox nadir ixtisaslar üzrə güclü həkimlər olduğu halda niyə vətəndaşımız uzun müddət bəyənmədiyimiz Iranın tibb müəsissələrinə axışır. Bu nəylə bağlıdır? Ən nəhayət Qarabağ məsələsi. Baş nazirin müavinin güclü hesab etdiyi o həmin iqtidarın ən gücsüz məqamı on il bundan qabaq ictimai fikrdə birinci yerdə dayanan Qarabağ, ərazi bütövlüyü problemi on il ərzində ictimai fikrdə onuncu yerə keçdi. Yəni bu günləri Azərbaycan iqtidarının yeritdiyi siyasət Qarabağın unutdurulmasına gətirib çıxarır. Əhali mətbəx televiziyasının əsirinə çevrilib. Ərazisi işğal olunmuş ölkənin vətəndaşı şou-biznes proqramlarının əsirinə çevrilib. Bu hansı siyasətin nəticəsidir? Hazırda yeridilən siyasətin nəticələridir. Iqtidarın başqa bir nümayəndəsi isə hazırda Amerikadan ATƏT-in Minsk Qrupuna yeni təyin olunan yeni nümayəndəni tərifləyir ki, o belə təcrübəli diplomatdır, beynəlxalq münaqişələrin həllində iştirak edib. Artıq beşinci-altıncı həmsədrdir ki, dəyişir. Amma dəyişməyən Qarabağla bağlı status-kvodur. Torpaqlar yenə də işğal altında qalmaqdadır. Torpaqların azad olunması istiqamətində real bir şey olmadı. Bundan danışmaq lazımdır. O zaman məlum olacaq ki, bu iqtidarın gücü var yoxsa-yox. Bakıda parad keçirib, güc nümayiş etdirməyin işğalçı dövlətə elə bir aidiyyatı yoxdur. Bu paradın məqsədi vətəndaşına güc nümayiş etdirməkdir. Əgər bu hökumətin gücü varsa, onu Qarabağda sınasın. Bu gün Azərbaycanın taleyi orada həll olunur. Bir tərəfdən ictimai fikirdə Qarabağ problemi keçdi arxa plana, ikinci bir tərəfdən həmsədrlik institutu özünü doğrultmur. Azərbaycan iqtidarı bunu gözəl bilir. Amma öhdəlikləri var. Hakimiyyət bu öhdəliklərdən yayına bilmir. Üçüncü bir tərəfdən korrupsiya Azərbaycanda böyük bir problemlərdən birinə çevrilib. Əgər ərazisi işğal olunmuş bir dövlətin yüksək elitası korrupsiya içərisindədirsə, hesab edirəm ki, həmin ölkədə bundan böyük problem yoxdur. Hakimiyyət təbliğatdan qorxur - Cəmil bəy, namizədliyinizin qeydə alınacağını gözləyirsinizmi? - Mən hesab edirəm ki, qeydə alınmalıdır. - Birdən qeydə alınmasa? Sizcə, Milli Şuranın hər hansı bir ehtiyat variantı varmı? - Onu artıq Milli Şura müəyyən etməlidir. - Cəmil bəy, seçki təbliğatı dövrü çox qısa olacaq. Milli Şuranın qarşısında duran əsas vəzifələr nədən ibartdir? Iş bölgüsü necə həyata keçiriləcək. - Bütün bunlar hamısı yaxın vaxtlarda Milli Şuranın strukturlarında müzakirə olunacaq. Artıq MSK-ya müraciət olunub. MSK da artıq sənədləri qəbul edib. Gördüyünüz kimi operativ formada bu proses gedir. Amma bir məqam var. Azərbaycan hakimiyyətinin nəyə ehtiyacı yoxdursa onu ya məhdudlaşdırmağa, ya da tez bir zamanda aradan çıxarmağa çalışır. Məsələn, bu adamlar korrupsiya nəticəsində o qədər varlanıblar ki, seçkidə dövlət tərəfindən ayrılan maliyəyə ehtiyacları olmadığından onu qanundan çıxardılar. Halbuki seçki dövlətin ən böyük siyasi kampaniyasıdır və bunun maliyə mənbəyi olmalıdır. Ikinci bir tərəfdən Azərbaycan hakimiyyətinin təbliğata ehtiyacı yoxdur. Hakimiyyət təbliğatdan qorxur. Yəni Azərbaycan hakimiyyətinin xalqın qarşısına çıxmağa üzü yoxdur. Bunlar çıxıb nə deyəcək? Deyəcək ki, mən sizə 24-25 faizlə bank krediti verirəm ki, gedin kənd təsərrüfatını inkişaf etdirin. Ölkə büdcəsinin 92 faizi Bakıda formalaşır. Qalan 8 faizi Bakıdan kənər bütün Azərbaycanın payına düşür. Orta əsrlər dövründə də belə hal olmayıb. Azərbaycan torpağı elə bərəkətlidir ki, hər bölgə, hər bir yaşayış məntəqəsi özünü dolandırmaq bacarığında olub. Heç vaxt mərkəzdən datasiya almaq hesabına yaşayış olmayıb. Azərbaycan torpaqları o qədər bərəkətsizləşdirildi ki, bütün rayonlar mərkəzdən verilən datasiya hesabına yaşayır. Kənd təsərrüfatını qoymadılar inkişaf etdirməyə. Bu istiqamətdə əlverişli kreditlər olmadı. Məsələn, Azərbaycan hakimiyyəti xalqın maliyyə ehtiyatlarını xaricilərə 0.5 faizə, Azərbaycan vətəndaşına isə 24-25 faizə verir. Bu nəylə bağlıdır. Dövlətin maliyyə imkanları ilə ayrı-ayrı vəzifəli şəxslərin alver etməsiylə əlaqəlidir. O nə almır nə satmır. Dövlətin maliyəsini nəzarətində olan banklara keçirir. Mərkəzi Bank həmin vəsaiti onlara 8 faizə verir, bunlar isə həmin krediti 24 faizlə verirlər. Daha sonra isə Azərbaycanı papaqsız qoyan insanların “şapka siyasəti”, sığorta ilə bu vəsait gəlib 28-30 faizə çıxır. - YAP funksionerlərindən biri bu yaxınlarda belə bir rəqəm söyləmişdi ki, Azərbaycan müxalifəti seçicilərin yalnız 4 faizinə ümid bəsləyə bilər. Siz hakimiyyətin indiki reytinqin necə faizlə qiymətləndirərdiniz? - Xalqın rəyi haqqında danışan adamlar MSK-nı inhisara götürməməlidir. Seçkidə iştirak edən qüvvələrin bərabər təmsilçiliyi ilə seçki keçirilməlidir. O zaman həqiqət ortaya çıxacaq. Kimin 4, kimin 44 faiz səsi var. Mən onu deyə bilərəm ki, bizim içində olduğumuz bu xalqın hakimiyyətə etimadı yoxdur əminliklə deyirəm ki, YAP özü üçün bir siyasi akvarium düzəldib. Məsələn, rayona gedəndə geniş əhali ilə yox, zalın tuta biləcəyi vəzifəli şəxslərin qarşısında danışmaq imkanları var. Amma o adamlar həmişə gerçək xalqdan məsafə saxlayırlar. Çünki xalqın suallarını eşitməkdən ehtiyat edirlər. - Ölkədəki ictimai rəyi, ziyalıların mövqeyini nəzərə alaraq Ilham Əliyevi udmaq əzmindəsinizmi? - Biz hesab edirik ki, Azərbaycanda azad və ədalətli demokratik seçki mühütü olmalıdır. Bu mühütdən çıxış edərək hər bir siyasi qüvvə nə qədər xalqın etimadına layiq olduğunu aydın şəkildə ortaya qoya bilər. O ədalətli demokratik seçki olmayandan sonra xalqın rəyini saxtalaşdırmaq, xalqın hakimiyyəti formalaşdırmaq hüquqnu məhdudlaşdırandan sonra nəsə sübut etmək mümkün deyil. - Qələbnizə inanırsınızmı? - Inanmasaydım bu yolu seçməzdim. Xəyal Şahinoğlu
Posted on: Tue, 27 Aug 2013 05:45:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015