SÖZÜN QÜSURU (AŞURA dərsləri, 2-ci dərs) “AŞURA - TopicsExpress



          

SÖZÜN QÜSURU (AŞURA dərsləri, 2-ci dərs) “AŞURA hərəkətdi – eyni ilə sözün bitdiyi yer” Həmişə “sözün gücü” haqda oxumuşuq, danışmışıq. Gedənlərimiz də, qalanlarımız da, klassiklərimiz də, müasirlərimiz də - əlinə qələm alan hər bir kəs sanki özünə borc bilib və sözdən, sözün gücündən yazıb. Düz də eliyib. Misal üçün, hələ əsrlər öncə dahi Nizami deyib: Başladı öz get-gəlinə ta qələm Sözlə cahanın gözünü açdı həm. Sözlə təbiət diyarın qurdular, Sözlə şəriət möhürün vurdular. Hətta sözün gücü, onun insan təfəkkürünə və fəaliyyətinə təsiri haqda dəqiq elmi araşdırmalar nəticəsində xüsusi elm sahəsi də yaranıb... Nə isə...sözü çox uzatmayım, Fəlsəfi danışığı bir tərəfə qoyub, Sözün təsir qüvvəsini “loru” dildə başa salmaq üçün bir neçə adi misal da çəkim, keçək əsas mətləbə. Misal üçün, “alça”, “turşu” “limon” adını çəkəndə (hələ onları dadmamış, hətta görməmiş belə) adamın ağzı sulanır, “imtahan başlayır”, “yoxlama gəlir” deyən kimi insan qorxuya düşür, “sənə surprizim var” sözü gözləri parıldadır, “ana” sözü ürəyin sarı siminə toxunub insanı kövrəldir, “səni sevirəm” sözü ürəyin ritmini dəyişə bilir və sayir və ilaxır. Kainat güclü sözlərlə idarə olunur. Allah da bəndəsi ilə söz vasitəsi ilə, - Tövrat, İncil, Quranla ünsiyyət qurur. Bütün bunlar doğru və dəqiq. Amma mən bugün sözün gücü deyil, sözün qüsuru, sözün acizliyi haqda yazacam. Bəli. Bütün yazdıqlarımıza baxmayaraq bəzən Söz çox aciz qalır. Öz təsir funksiyasını itirir. Deyilir, deyilir, yorulur, taqətdən düşür. Hamı deyir, heç kim dinləmir. Heç kim eşitmir. Anlaşılmır, yalnış yerlərə yozulur, qulağ ardına vurulur və s. Demək bayaqdan təriflədiyimiz güclü söz dönüb olur ən lazımsız və bir ovuc qüsurlu hərf birləşmələri toplusu. Bəlkə də sözün qüsuru üzündəndir ki, hələ miladdan öncə Pantomim sənətinə ehtiyac duyulur. Nədir Pantomim? - Pantomim ən sadə izahatıyla, sözsüz teatr oyunudur. Nümayiş sənətlərindən biridir. Pantomimdə sənətçi, üz mimikalarını, əl-qol və bədən hərəkətlərini istifadə edərək mövzunu izah etməyə çalışır. Bir sözlə desək, Pantomim sözün bitdiyi yerdir. Orada dildən başqa bütün üzvlər danışır. Misal üçün, bir əlin ürək üzərinə qoyulması "eşq" duyğusunu ifadə edir. Gözlər üzərinə yerləşdirilən əllərin aşağıya doğru çəkilməsi "gözyaşı" təəssüratı verir. Sıxılmış yumruqların baş üzərində yellənməsi "qəzəbi" izah edir, qolların çarpaz olaraq aşağıda tutulması "arzu" dan xəbər verir və s. 1901 –ci ildən başlayaraq Pantomim sənətinin ən mahir ustası Çarli Çaplin meydana çıxır və o bir çıxışında öz sənətini belə izah edir: “Mən filmlərimdə sözlə danışsaydım İngiliscə danışmalı idim. İngiliscə danışsaydım demək məni yalnız ingilis dilini bilənlər anlayacaqdı. Amma axı dünya sadəcə Amerikadan ibarət deyil” Demək istədiyim budur ki, əziz dostlar, güclü sandığımz sözlər bəzən düşündüyümüz qədər də güclü olmur. Bəzən söz - sözün əsl mənasında yetmir. Misal üçün, İmam Əli (ə) Kəbə evini ziyarət etməyə gəlib. Hamı hüzünlüdü, kədərlidi; Özünü Allahın hüzurunda hiss edib ağlayan kim, Allahı qəlbinin bir küncünə yerləşdirib onunla dərdləşən kim. Bütün bu mənəvi cərəyanın arasında o, bir vaxt görür ki, bir nəfər işini-gücünü buraxıb, bir xanıma “ilişməklə”, onu narahat etməklə, bizim dildə desək “podxod” etməklə məşğuldu. Xanımın bu haldan çox narahat olduğunu görən Əli (ə) şığıyır və tərəfin sifətinə möhkəm bir sillə ilişdirir – “şarrap!” ...Axı burda sözün yeri deyil, axı belə şərəfsizin təkinə nə deyəsən?! Bəli. AŞURA zülmün üzünə vurulan sərt bir sillədir. Aşura başdan başa hərəkətdi. – Əlin, qolun, başın, ayağın və hətta ürəyin məlum istiqamət uğrunda hərəkəti. AŞURA deyir bəsdir ki, diliniz danışdı, susun, qoy vücudunuz danışsın! Bismillah, hərəkət edin! AŞURA tərpədir, silkələyir. Hüseynin (ə) AŞURA yürüşü avropadakı “ifadə azadlığı” adı altında keçirilən (heç bir fayda verməyən) mitinqlərə bənzəmir. Mən həmişə deyirəm, aldanmayaq, “söz azadlığına” şərayit yaratmaq hələ o sözü dinləmək anlamına gəlmir. Az qala gözümüzü bu dari-dünyaya açandan Yunanıstanda rejim əleyhinə mitinqlər var amma nə olsun? Nə dəyişib? Bəzən şərayit yaradırlar ki, qoy desin, bağırsın, söysün və beləliklə işini bitmiş saysın. Belə hallara Rusiyada da rast gəlinir, rejim əleyhinə təşkil olunmuş mitinqlərdə xalq yeyir-içir, əylənir, konset verir və s. Misal üçün, təsəvvür edin, yürüşdən qayıdandan sonra içməkdən ayaq üstə dayana bilməyən İvan sevgilisi Nataşaya deyir, oxxx, Nataşa... yaman rahatladım, qışqırdım, bağırdım, gördün Putini necə söydüm...? Nataşa beçara da nə desin...ta qayıdıb demir ki, “ i şto...?!” Bizə belə "söz azadlığı" lazımdırmı?! Yaxşı, elə götürək bizim ölkəni... Mənim zənnimcə bizim bu başı bəlalı yurdda azad olan yeganə bir şey varsa o da SÖZdü. Milli məclisi zoopark, zoosirk, hərəmxana və s. adlandıranlar bir tərəfdə, hər gün köşələrində rejimi əməlli başlı söyənlər bir tərəfdə...daha nə istəyirsiz? Amma çi fayda? Sözlər effektsiz hala gəlib. Çünki bu gün yurdumuzu bürüyən böyük bir bəla var: - “söz oyunu” bəlası. Şeyx qalxdı və vicdan haqda danışanda hansısa bir “oşibka” buraxdı. Haydı, yazıçılar, qələminizi itiləyin, ya Allah, görək kim bu haqda daha baməzə yazacaq? Misal üçün, mən bəzi “yazarların” tənqidi satirik yazılarını elə məhz gülmək üçün oxuyuram – eyni ilə “anekdot” kimi. Söz – söz xatirinə, gözəl yazmaq xatirinə, populyarlaşmaq xatirinə və ən nəhayəti qonorar xatirinə yazıldısa vay o sözün halına. Qulaqlarda qalmaqdan çirklənəcək. Arada düşünürəm, bəlkə ağıllılarımız 5-6 ay müddətinə söz məkanını baykot etsin, heç kim heçnə yazmasın, danışmasın, dinməsin...baxaq görək, bəlkə faydalı oldu, bəlkə o zaman Azərbaycanda nəsə müsbət dəyişiklik baş verdi...?! Aşura isə zülmün üstünə yürüyən vücudi bir hərəkətdi. Bunun üçün Hüseynin (ə) Karvanına - bayaq dediyimiz pantomim anlamla baxmaq da kifayət edir; Səhra boyunca çatılmış qaşlar, düyünlənmiş yumruqlar, qəzəbli baxışlar sadəcə bir şey deyə bağırır: - Azadlıq! Bəli, dostlar! Aşura həmdə hər bir kəsə örnək olacaq fərdi bir hərəkətdi. Aşura Tək-tək insanlara mesaj verir, sus və et! Mənə - Səni sevirəm demə, məni sev! Mən bir dəfə də bu haqda yazmışdım: Bu qədər sevgi haqda yazanlar həmdə sevsəydilər vallah dünya gülüstana dönərdi. Sosial şəbəkələrdə insanlar vicdandan, namusdan, nə bilim, dindən-imandan, vətən sevgisindən elə gözəl danışırlar ki, mənim kimi vətəndə yaşamayanlar da deyir ki, ay Allah, oranın insanları mələkdi ki. İmam Hüseyn (ə) yəqin ki, belə dil pəhləvanları üçün deyib bu kəlamı: - Din onların dillərinin oyuncağıdır... Əlqərəz...Bu gün qüsurlu sözlərimlə bunu çatdırmağa çalışdım ki, Aşura bizi həm bir fərd olaraq, həm bir toplum olaraq sözdən hərəkətə çağırır. - Tərpən ey müsəlman! Sokratın dediyi kimi, Həyat hərəkətdən ibarətdi, su da hərəkət etmədikdə iylənir İLQAR KAMİL
Posted on: Thu, 27 Jun 2013 08:47:51 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015