İnsanları Allah yoluna dəvət edən və islah edənlərə - TopicsExpress



          

İnsanları Allah yoluna dəvət edən və islah edənlərə iftira atmaq, onları şərləmək. Sual: Son günlərdə insanları İslam dininə dəvət edən şəxslərə qarşı çoxlu iftiralar artıb, insanların qruplara və kateqoriyalara bölünməsi halları geniş vüsət alıb. Bu barədə sizin rəyiniz nədir? Cavab: Həmd Allaha məxsusdur. Allah Azzə və Cəllə ədalətli olmağı və digərlərinə qarşı gözəl davranmağı, yaxşılıq etməyi əmr etmiş, zülm etməyi, düşmənçiliyi və həddi aşmağı qadağan etmişdir. Allah-Təala Peyğəmbəri Muhəmmədi (Allahın ona salavatı və salamı olsun) bütün rəsulları göndərdiyi eyni risalət, Tövhidə dəvət və yalnız Allaha ibadət əmri ilə göndərmişdir. Allah-Təala ədaləti bərqərar etməyi əmr etmiş və bunun əksini etməyi, yəni Allahdan başqasına ibadət etməyi, qruplara parçalanmağı və digər insanların haqlarına qarşı həddi aşmağı qadağan etmişdir. Dövrümüzdə özlərini elmə mənsub edən və insanları xeyirə dəvət etdiklərini nisbət edən insanların məşhur dəvətçilərdən olan qardaşlarından bir çoxunu şərləmə, iftira atmaları adi hal almışdır. Onlar elm tələbələrinə, dəvətçilər və mühazirə verənlərə iftira ataraq onların sözünü edirlər. Bu cür şeyləri özlərinin gizli yığıncaqlarında edir, ola bilsin ki, insanlar arasında yayılması üçün audiokassetlərə də yazırlar, məscidlərdə açıq mühazirələrdə bunu aşkar şəkildə edirlər. Bu davranış Allah və Onun Rəsulunun əmrlərinə bir neçə baxımdan ziddir. 1. Bu cür davranış müsəlmanların haqqlarına qarşı, xüsusilə də insanlar arasında yüksək məqam tutan elm tələbələrinə qarşı həddi aşmaqdır. Belə ki, bu elm tələbələri və dəvətçilər insanları maarifləndirmək və onları öyrətmək, insanların etiqad və mənhəclərini düzəltmək, dərslər və mühazirələr təşkil etmək, faydalı kitablar yazmaq üçün çalışırlar. 2. Bu cür münasibət müsəlmanların birliyini pozur, səfflərini parçalayır. Halbuki onlar bir olmağa və firqələrə parçalanmaqdan, aralarında olan dedi-qodudan uzaq olmağa ən çox ehtiyacı olan kəslərdir. Xüsusilə də iftira atılan tərəf Əhli Sünnə vəl Camaatdan olub bidət, xurafata qarşı öz əks mövqeləri ilə tanınan, bidət və xurafata səsləyənlərin qarşısında duran, onların hiylə və kələklərini ifşa edən tanınmış kəslər isə məsələnin əhəmiyyəti daha da artır. Bu cür əməllərdən qazanılacaq heç bir fayda görmürük. Bunun faydası müsəlmanlara zərər vermək üçün pusquda gözləyən küfr, nifaq əhli, eləcə də bidət və zəlalət əhli kimi düşmənlərə xidmət edir. 3. Bu cür əməl dünyəviçilərə, qərbçilərə və dəvətçilər arasında fitnə-fəsad törətmək, onlara qarşı yalan danışmaq, öz yazıları və audio yazıları ilə insanları onlara qarşı çıxmağa təhrik etmək üçün yaxşı bilinən digər zındıqların, mülhidlərin mənafeyinə xidmət edir, onlara dəstək və yardım etməkdir. Elm tələbələri, dəvətçilər və digər qardaşlarına qarşı düşmənlərə kömək etməkdə çox tələsənlərin bu əməli İslamın gətirdiyi qardaşlıq məfhumuna, haqqına ziddir. 4. Bu cür etməklə sadə və ziyalı kütləsinin qəlbləri və ağılları fəsada uğrayır, bununla yalan və şayiələr yayılır və təbliğ edilir, çoxlu qeybət edilir, söz gəzdirmə halları çoxalır. İradədən zəif insanlar üçün qapılar taybatay açılır, o kəslər ki, şübhə yaymaqda və fitnəni canlandırmaqda yarışır, möminləri etmədikləri şeylərə görə ittiham etmək üçün buna can atırlar. 5. Söylənilənlərin əksəriyyətinin həqiqət naminə heç bir əsası yoxdur. Əksinə bunlar şeytanın onlar üçün bəzədiyi xəyallardır, bununla şeytan onları yoldan çıxarmışdır. Allah-Təala buyurur: “Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır”.[1] Mömin bir insan müsəlman qardaşının söylədiklərini imkan daxilində ən yaxşı şəkildə yozmağa çalışmalıdır. Sələfdən biri deyir: “Qardaşından çıxan bir sözü hələ də xeyirli yozum etməyə imkan olduğu halda, bu barədə heç bir zaman pis zənn etməyə çalışma”. 6. Bəzi elm əhli və yaxud elm tələbələri ictihadın icazəli olduğu sahələrdə hər hansı ictihadi bir məsələni irəli sürürsə, ictihad sahibi buna görə nə ittiham olunmalı, nə də töhmət olunmalıdır, əsas odur ki, ictihad etmək üçün o bu xüsusiyyətləri özündə cəm etsin. Əgər başqa biri həmin məsələdə ona müxalif olarsa, ən xeyirlisi budur ki, onunla lazımi tərzdə debat aparsınlar, ən qısa yolla haqq olana nail olmaq üçün can atsınlar və şeytanın vəsvəsələrinə yer qoymasınlar və yaxud möminlər arasında problem törətməsinə səbəb olmasınlar. Bu mümkün olmazsa, həmin insanın ictihadının yanlış olduğunu bəyan etməkdən başqa bir seçimin olmadığını düşünürsə, o zaman o bunun üçün ən yaxşı sözlər seçməli və bəyan edərkən ən incə yola baş vurmalı, hücumlara, iftira atmağa və yaxud onu tənqid etməkdə həddini aşmaq kimi hallara baş vurmamalıdır. Çünki bu cür davranış başqa insanların ondan haqqı qəbul etməməsinə və yaxud haqqdan üz döndərməsinə səbəb ola bilər. Eləcə də, müəyyən şəxsləri tənqid etməkdən, onların niyyətlərini ittiham etməkdən və ya onlar barədə lüzumsuz və yersiz sözlər söyləməkdən çəkinməlidir. Bu kimi hallarda Allahın Rəsulu (Allahın ona salavatı və salamı olsun) deyərdi: “Bu cür söyləyən filan, filan kəslərə görəsən nə olub?” 7. Dəvətçilərə iftira atmaq günahına bulaşan bu qardaşlara nəsihətim budur ki, əllərinin yazdıqlarına görə və yaxud dillərinin tələffüz etdikləri səbəbindən: bəzi gənclərin qəlblərini fəsada uğratdıqlarına, cavanların qəlblərini nifrət və narazılıq hissləri ilə doldurduqlarına, gəncləri faydalı elm öyrənməkdən yayındırdıqlarına və yaxud dedi-qodu etməklə filankəslər barədə sağa-sola danışmaqla başlarını qarışdıraraq Allaha dəvətdən yayındırdıqlarına, insanları tənqid etmək üçün onların xətalarını araşdırmaq və bunu edərkən həddi aşdıqlarına görə bütün bunlardan Allah-Təalaya tövbə etsinlər. 8. Eləcə də onlara nəsihətim budur ki, yazıları və digər vasitələr ilə etdiklərinə görə- özləri də etiraf edərlər ki, bu cür etməli deyildilər-kəffarə versinlər, səbəb olduqları yanlış ideyaları insanların ağıllarından uzaqlaşdırsınlar. Onlar özlərini Allaha yaxınlaşdıracaq faydalı işlər və insanlara faydası dəyəcək işlərlə məşğul olsunlar və heç bir açıq-aşkar sübut və yaxud dəlil olmadan insanları küfr, fasiqlik və bidət ilə ittiham etməkdə tələsərək həddi aşmasınlar. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Kim qardaşına: “Kafir!” deyərsə, ikisindən biri həmin günaha batar”. İnsanları haqq yola dəvət edənlər və elm tələbəsi hər hansı bir elm əhli və yaxud digərinin söylədiyi bir söz barədə əmin deyilsə, bunun üçün mötəbər alimlərə müraciət etsinlər, məsələnin həqiqətini onlara izah etmək, çaşqınlığı və onların ağıllarından şübhəni qaldırmaq üçün soruşsunlar. Bu da Allah-Təalanın Nisa surəsində buyurduğu ayəyə müvafiqdir: “Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, (ha-mınız) şeytana uyardınız”.[2] Bütün müsəlmanların işlərini islah etmək, qəlblərini və əməllərini təqva üzərində birləşdirmək, Onun razı qaldıqlarını və qullarına fayda gətirəcək işləri etməkdə müsəlman alimlərini və bütün haqq dəvətçilərini buna müvəffəq etmək, sözlərini hidayət üzərində birləşdirmək, firqələrə parçalanmaq və ixtilafın bütün səbəblərindən qorumaq, onlar vasitəsilə haqqa dəstək vermək, onlar ilə batili zəlil etmək üçün dua ediləcək Yeganə olan Allahdır. Çünki O, bunu etməyə qadirdir. Allahın salavatı və salamı Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə, qiyamət gününə qədər onun hidayət yoluna tabe olnların üzərinə olsun. Şeyx Abd əl-Əziz ibn Bəzz, cild 7, səh.311 [1] əl-Hücurat,12. [2] ən-Nisa,83.
Posted on: Sat, 17 Aug 2013 17:50:14 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015