“Ələm çərpələng deyil...” “Parçaların - TopicsExpress



          

“Ələm çərpələng deyil...” “Parçaların satılması, həmin gün nəzir qutularının o məscidlərin ətrafında sıx görülməsi din adamlarının daha çox pul yığmaq istəklərinə xidmət edir” “Biz iman gətirəndə də həmin o öhdəliyi də üzərimizə götürmüşük ki, müsəlmanın iman şərtlərindən biri də əhli-beyti sevməkdir” Tanınmış jurnalist və dindar Rəsul Mirhəşimlinin “Qafqazinfo”ya müsahibəsi - Sabirabadda lentə alındığı deyilən “Uçan ələm” videosu bir neçə gündür ki, müzakirə obyektivinə çevrilib. Ümumiyyətlə illərdir ki, “ələm uçurtmaq” ənənəsi davam etməkdədir. Amma belə xürafi şəkildə həyata keçirilməsinə hələ də son qoyulmayıb... - Bu insanların dini baxışlarında, düşüncələrində yer almış neqativlərin nəticəsidir. Çünki Kərbəla faciəsi ilə bağlı bir sıra kütləvi mərasimlər bu hadisələrdən sonra ilk dəfə İraqda qeyd olunub. Səfəvi dövründə Şah Abbasın hakimiyyəti zamanı artıq kütləvi şəkil almağa başlayıb. İllərdir ki, Azərbaycan da daxil olmaqla İslam ölkələrinin bir çoxunda bu mərasim hər il faciənin il dönümü olaraq kədər günləri kimi qeyd edilir. Yəni öz qaydasıyıla, Kərbəla şəhidlərinə sayğının və hörmətin əlaməti olaraq kədərin bölüşdürülməsi Allah-Təalının da Quranda buyurduğu kimi əhli beytə sevgidən irəli gəlir. Bu faciədir. Faciəyə də insan duyğuları hansı şəkildə imkan verirsə, o şəkildə yas tuturlar. O şey ki, əndazəni aşır, dindən kənara gedib çıxırsa, bu xürafat göstəricisidir. Mən hesab edirəm ki, dinə münasibətdə bu cür neqativlərin yaranmasına səbəb Azərbaycanda dini təbliğatın arxa plana keçirilməsidir. Məqsədli şəkildə dini təbliğatın geniş miqyasda yayılmasının qarşısının alınması ilə bağlıdır. Əgər Azərbaycan telekanallarında ucuz şou verilişləri, bayağı proqramların əvəzinə normal dini təbliğat aparılsaydı, Azərbaycanda xürafat bu şəkildə meydan sulamazdı. - Dini maariflənmənin düzgün şəkildə həyata keçirilməməsində hansı dairələr maraqlıdır? - Mən konkret dairə deyə bilmərəm. Amma Azərbaycanda dini təbliğatın aparılmasına münasibət hər halda normal deyil. “Əbu Bəkr” məscidi indiyə kimi açılmayıb. Bu məscid ona görə bağlanıb ki, orda partlayış törədilib. Bunu terror aktı ilə əlaqələndirirlər. ADNA-da terror aktı baş vermişdi. Əbu Bəkr məscidi bu günə qədər terror aktı faktına görə bağlı saxlanılırsa, həmin məntiqlə Neft Akademiyasında gərək indiyə kimi dərs keçirilməyəydi. Çünki hər an hər yerdə terror aktının törədilməsi qaçılmazdır. Ölkədə hicab qadağası var, məscidlər dağıdılır. Bu onu deməyə əsas verir ki, Azərbaycanda dini təbliğatın geniş yayılmasından kimlərsə narahatdır. - Konkret o “Uçan ələm” videosundakı baş verənlər maraqlıdır. Ələm uçurduğu deyilən həmin şəxsin ətrafına xeyli kənd camaatı yığışaraq ona dəstək verir. Hansı məntiqlə sizcə, insanlar buna inanırlar? - Kərbəla şəhidlərinə sayğının göstəricisi olaraq ələm qaldırmaq ənənəsi var. İnsanlar ola bilsin ki, bu ələm sözünün semantik mənasına görə bunu o qədər də anlamırlar. Ələm bayraq deməkdir. Kərbəla faciəsi baş verən anda İmam Hüseynin yanında olan əqidədaşlarının içərisində onun qardaşı Əbülfəzil Abbas həmin bayrağı götürən şəxsdir. Yəni orduda olanlara da fikir versək, Həzrəti peyğəmbərin zamanında da bayraq o adama verilirdi ki, o nümunəvi əsgər və döyüşçüdür. Bayraq o adama etibar olunurdu ki, o son nəfəsinə qədər həmin bayrağı qoruyub saxlayacaq. Kərbəla şəhidlərinin o keçdiyi yola diqqət etsək, İslam tarixində də bir faktdır ki, Əbülfəzil Abbas faciəvi şəkildə şəhid oldu, amma bayrağı əlindən vermədi. Qolları kəsildi, oxlandı, nizələndi və axıra qədər bayrağı qoruyub saxladı. Bu ələm qaldırmaq Kərbəla şəhidlərinə münasibətdə həmin faciədə baş verənlərin simvolizə edilmiş bir obrazıdır. Bu müsəlmanların həmin bayrağa sevgisinin və sayğısının nəticəsidir. O ki, qaldı həmin kənddə ələmin uçmasına, sovet dövründə də bu ənənələr var idi. Başa düşmək olar ki, sovet cəmiyyəti ateist cəmiyyət idi. O dövrdə insanlaraın dini bilikləri o səviyyədə idi. Yəni bilmirdilər ki, bu hər hansı hadisənin simvolizə edilmiş göstəricisidir, yoxsa doğurdan da onların düşündüyü şəkildə desək, həmin ələmin uçmasıdır. Bir şeyi qeyd etmək istəyirəm ki, əgər avamlar olmasa, onları aldatmaq da olmaz. İlk nöəbədə o ələm uçur cəfəngiyyatını ortaya atanların fırıldaqlarına inananlar var ki, onu edənlər də özünə dayaq tapır. Bu da cəmiyyət arasında yayılır. Ağlı başında olan hər kəs bilir ki, bayraq, ələm deyilən anlayış uçan deyil. Ələm çərpələng deyil ki, uça bilsin. - Belə desək, “uçurtma” olayı mollanın oxuduğu Quranın sədaları altında baş verir. Yəni molla da orda var, amma o xürafata göz yumur... - Molla üləma sözündən yaranıb, mənası alim deməkdi. Yəni molla, üləma sözü deformasiyaya uğramış şəklində alim deməkdir. Əgər dini bilən alimin dindən az çox anlayışı varsa, onun xürafat olduğunu bilər və ona yaxın durmaz. Amma bir şəxs özünün yalanların haqq qazandırmaq üçün nəyisə əsas gətirir. Bu onun yalana inandırmaq cəhdidir. Əgər onun yanında duran din xadimi özü də bilə-bilə ki bu xürafat göstəricisidir, ona susursa, deməli burda başqa maraqlar var. Və bir deyim var, şeytan yüz doğrunu deyər ki, bir yalanına inandırsın. Bu kənddə baş verən o xürafat nümunəsi daha geniş şəkildə yayıldı deyə, insanların reaksiyası da sərt oldu. Elə Aşura günü Bakının mərkəzi məscidlərində də insanlar görmürdü ki, qara parçanı o avam insanlara satırlar? İnsan yas saxlamaq üçün özündə nəyinsə nişanəsini daşıya bilər. Bunu o parçanın neçə gündən sonra qırılma ənənəsi kimi əlaqələndirirlər. Amma bu insanların biznes maraqları var. Parçaların satılması, həmin gün nəzir qutularının o məscidlərin ətrafında sıx görülməsi din adamlarının daha çox pul yığmaq istəklərinə xidmət edir. Mən hesab edirəm ki, Kərbəla şəhidlərini onların şəninə uyğun şəkildə yad etmək, yasını da onlara yaraşan şəkildə keçirtmək lazımdır. Bundan o tərəfə ki ifratdır, Allah da ifrata gedənləri sevməz. Xürafat da dinimizin ehkamlarına ziddir. - Həmin xürafatı azyaşlı uşaqlar maraqla izləyirlər. Hesab edirlər ki, bu uşaqların gələcək dünyagörüşünə təsir edə bilər... - Bu insanların təhsil səviyyəsindən asılıdır. Uşaqların da maraq dairəsi geniş olur. Bu daha çox uşaq marağından irəli gəlir ki, bir tamaşaya yığışıb baxmaq istəyirlər. İnsanlar hansı şəkildə təhsil alırsa, o şəkildə də böyüyür. Onların dünyagörüşü də həmin təhsil uyğun olaraq inkişaf edir. Mən inanmıram ki, hardasa uşaqlıqda bir xürafat göstəricisinin ətrafında yer almış uşaqlar böyüyəndə də həmin xürafatın daşıyıcısı olacaq. Qeyd etmək istəyirəm ki, Kərbəla faciəsinin qeyd olunması təkcə yas tutmaq ənənəsi ilə yox, mədəniyyətə bir çox şeylər verib. Azərbaycan ilk dəfə XIX əsrdə teatr tamaşalarını səhnəyə qoyub. İndi Kərbəla faciəsi ilə əlaqədər keçirilən mərasimlər ö dövrdə şəbeh və meydan tamaşalarının yaranmasına səbəb oldu. Bu da Azərbaycan teatrının bünövrəsini təşkil etdi. Sonrakı dövrdə ona uyğun şəkildə teatr ənənəsi inkişaf etdi. Heç də təsadüfi deyil ki, Üzeyir Haclbəyov “Leyli və Məcnun”operasını yazanda Aşura günü deyilən mərsiyələrə uyğun ənənəni operaya da gətirdi. Azərbaycan mədəniyyəti həmin Aşura məktəbində dərs aldı. - Qonşu Türkiyədə də Kərbəla şəhidlərinin faciəsi anılır. Ümumi götürsək, orada bizdə olan xürafatlar baş vermir... - İstanbulda keçirilən aşura mərasimlərini mən də izləmişəm. İstanbulda Aşura meydanı var. Və oraya müsəlmanlar kütləvi şəkildə toplaşaraq şəhdilərin anım mərasimini keçirirlər. Daha çox qaydalar uyğun, təşkilatlanmış şəkildə yas göstəricilərinə uyğun olaraq qara geyimdə və başlarında Kərbəla şəhidlərinin böyük əksəriyyətinin adı yazılmış sarıqlaala meydana gəlirlər. Mərasimi izdihamlı şəkildə keçrib dağılışırlar. Amma mənim də müşahidə etdiyim bir məsələ var. İstanbuldakı Aşura meydanında müsəlmanların keçirdiyi mərasimə bəzən dövlət nümayəndələri də qatılır. Yəni vaxtilə TBMM-nin sədrinin həmin mərasimdə çıxış etdiyini görmüşəm. Türkiyə də dünyəvi dövlətdir, din dövlətdən ayrıdır. Amma bu həmin dövlət adamının öz dininə münasibətinin sayğısının nəticəsidir. Siz bizdə istənilən bir Aşura mərasimində hər hansı dövlət adamına rast gəlmisiniz? Yəni bu hakimiyyət orqanlarınlın dinə münasibətidir. Hakimiyyətdə olanlar dinə, məscidə getməyə yabancı bir anlayış kimi görürlər. Və özlərinə sıgışdırmırlar. Kütləvi şəkidə Azərbaycanın böyük bir hissəsi əhalinin çoxu Kərbəla şəhidlərini anır və içindən gələni kədəri sevgini ifadə edirsə, Azərbaycan hakimiyyətində olan adamlar bu xalqdan kənarda deyillər ki? Xalqın içində olsunlar, xalq da bilsin ki, Azərbaycanda həmin gün hər kəs tutduğu mövqedən asılı olmayaraq dinə sevgisini göstərir. - İslamın əsl mahiyyətindən uzaqlaşmaları, yanlış təbliğ edilmələri, xürafatların bir növ baş alıb getməsini İran amilinə bağlayanlar da var... - Mən Kərbəla şəhidləri ilə bağlı keçirilən mərasimləri heç bir dövlətlə bağlamaq istəmirəm. Bunu hər hansı dövlətlə də bağlamaq cəhdlərini yanlış hesab edirəm. Allah Qurani-Kərimdə buyurur ki, Ya Peyğəmbər! De: Mən sizdən əhli-beytimə sevgidən özgə heç nə istəmirəm. Allaha, onun dininə imam gətirmiş insanlar Quran ehkamının yerinə yetirilməsinə borcludurlar. Bzi iman gətirəndə də həmin o öhdəliyi də üzərimizə götürmüşük ki, müsəlmanın iman şərtlərində biri də əhli-beyti sevməkdir. İmam Hüseyn də peygəmbər əhli-beytinin nümayəndəsidir. - “Uçan ələm” videosuyla bağlı Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu da müəllif yazısı ilə çıxış edib. Həmin yazıya münasibətiniz necədir? - Düzdür, istənilən bir xürafata hər hansı bir jurnalistin, ziyalının münasibət bildirməyi təbiidir. “Biz bayrağımızın altındayıq” deyən Qabil Abbasoğlunun fikrini dəstəkləyirəm. Çünki Azərbaycanın dövlət bayrağının XX əsrin əvvəllərində Əli Bəy Hüseynzadə tərəfindən ideyası verildi. İlk olaraq ideya üç istiqamət ətrafında irəli sürüldü. “Türkləşəlim, islamlaşalım, və firəng qiyafəli olalım”. Əli bəy Hüseynzadənin firəng qiyafəli dediyi əslində bir zahiri obraz deyil. Çünki XIX, XX əsrin əvvəlləri fransız intibahının dünyada geniş yayıldığı bir dövr idi. Yəni bu günki Avropaya inteqrasiya o dövrdə fransız intibahına yaxınlaşmaq kimi başa düşülürdü. Və sonradan bu Azərbaycan bayrağnda ardıcıllıqla özünə şəkil qazandı. Bayraq bu gün bizim sahib olduğumuz ən böyük dəyərlərdən biridir. Azərbaycan bayrağı yüksəldikcə cəmiyyət onun altında həmin o dəyərlərin inkişafına bundan sonra da yardımçı olacaq. Günel Türksoy
Posted on: Wed, 20 Nov 2013 08:58:51 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015