Daha bir jurnalistlə bağlı prezidentə müraciət edildi Bir - TopicsExpress



          

Daha bir jurnalistlə bağlı prezidentə müraciət edildi Bir sıra tanınmış ictimai xadimlər və müxtəlif KİV-lərdə çalışan 20-dən artıq redaktor və jurnalist daha bir həmkarlarına dəstək vermək xahişilə Prezident İlham Əliyevə müraciət ediblər. Müraciətdə ölkə başçısından Teleqraf saytının redaktoru Zahid Nurəliyev və həyat yoldaşı Rəna Hacıyevanın jurnalistikada 15 illik təcrübəsini, eləcə də ailənin vəziyyətini – ev və torpaq sahələrinin olmamasını, uşaq serebral iflici xəstəliyindən əziyyət çəkən azyaşlı qızlarının fasiləsiz və ciddi müalicəyə ehtiyacı olmasını, maddi imkansızlığını nəzərə alaraq, jurnalistlər üçün tikilən binadan onlara mənzil ayrılmasına yardım etməsi xahiş olunur. Müraciətdə deyilir: "Cənab Prezident! Biz, bu müraciəti imzalayanlar Sizin jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamınızı yüksək qiymətləndirir və bunu Azərbaycan jurnalistlərinə diqqət və qayğınızın göstəricisi hesab edirik. Bu il jurnalistlərin peşə bayramı ərəfəsində mənzilə ehtiyacı olan media nümayəndələrinə yeni mənzillərin açarlarının təqdim olunacağı gözlənilir və bu, bizi çox sevindirir. Sizə müraciət etməkdə məqsədimiz isə mənzilə kəskin ehtiyacı olan, lakin müəyyən edilən şərtlərdən birinə cavab verməyən və bu səbəbdən mənzil alacaq jurnalistlərin siyahısından kənarda qalan jurnalistlərimizdən birinə - Teleqraf saytının redaktoru Zahid Nurəliyevə istisna hal kimi yardım etməyinizlə bağlıdır. Belə ki, jurnalistikada 15 illik təcrübəsi olsa da, hazırda onun çalışdığı KİV iki ildir ki, fəaliyyətə başlayıb. Müəyyən olunan şərtlərdə isə bildirilir ki, mənzillər son 3 ildə mütəmadi olaraq yayımlanan KİV-də (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) 5 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlara verilə bilər" - deyə, müraciətdə bilidirilir. Qeyd edək ki, Zahid Nurəliyev Azərbaycan Dövlət Pedoqoji Universitetinin tarix fakültəsini bitirib. 1998-ci ilin fevral ayından “Avrasiya” qəzetində çalışmağa başlayıb. O vaxtdan etibarən müxtəlif aparıcı qəzetlərdə - “Bu gün”, “Reytinq”, ”Mərkəz”, “Politika”, “Ölkə” və s. müxbir, şöbə müdiri, redaktor vəzifələrində çalışıb. 2012-ci ilin iyun ayından etibarən isə “Gündəlik Teleqraf” qəzetinin internet versiyasının – Teleqraf saytının redaktorudur. Jurnalist kimi fəaliyyətə başladığı 1998-ci ildən indiyə kimi heç bir siyasi partiyanın üzvü olmayıb. Jurnalist fəaliyyəti zamanı peşə etikasına əməl etməyə çalışıb. Fəaliyyətinə görə heç zaman məhkəməyə çəkilməyib və Mətbuat Şurası tərəfindən tənbehlə qarşılaşmayıb. Ailəlidir, iki övladı var. Həyat yoldaşı Rəna Hacıyeva Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1994-cü ildən etibarən “7 gün”, “Yeni Müsavat” qəzetlərində, “Space” telekanalında, “OK Azərbaycan” jurnalında çalışıb. Lakin ailənin azyaşlı qızı “uşaq serebral iflici” xəstəliyindən əziyyət çəkdiyi üçün onunla məşğul olmaq məcburiyyətindədir və 2007-ci ildən etibarən işləmir. Zahid Nurəliyev və həyat yoldaşına məxsus hər hansı daşınmaz əmlak, avtomobil, o cümlədən mənzil yoxdur. Ailə 2003-cü ildən bu günədək o qədər də əlverişli şəraiti olmayan kirayə mənzillərdə yaşamağa məcburdur. Həm xəstə uşağın müalicəsi, həm kirayə xərci ailənin maddi vəziyyətini daha da acınacaqlı edir. Müraciət müəllifləri bildirilər ki, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncam mənzilə ciddi ehtiyacı olan bu ailənin uzun illərin kirayənişin həyatının əzab-əziyyətindən qurtulacağına dair böyük ümidlər yaradıb: "Xahiş edirik ki, Zahid Nurəliyev və həyat yoldaşının jurnalistikada 15 illik təcrübəsini, eləcə də ailənin vəziyyətini – ev və torpaq sahələrinin olmamasını, azyaşlı qızlarının fasiləsiz və ciddi müalicəyə ehtiyacı olmasını, maddi imkansızlığını nəzərə alaraq, jurnalistlər üçün tikilən binadan onlara mənzil ayrılmasına göstəriş verəsiniz". Müraciəti "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay, APA-nın redaktorları - Nurşən Quliyev, Şahin Cəfərli, Cavid İsmayıl, Məhbubə Qasımbəyli, "Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu, yazıçı-publisist Nəriman Əbdülrəhmanlı, telejurnalist Anar Yusifoğlu, Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu, Lent.az saytının redaktoru Səbuhi Məmmədli, Kulis.az-ın redaktoru Qan Turalı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı Rey Kərimoğlu, jurnalistlər Məmməd Süleymanov, Samirə Əhmədbəyli,Kifayət Haqverdiyeva, Jalə Seyidli, Səbinə Əvəzqızı, Mahir Mehdi, Elxan Salahov imzalayıblar.
Posted on: Fri, 12 Jul 2013 11:37:53 +0000

Trending Topics



Recently Viewed Topics





© 2015