Son zamanlar tez-tez nostaljiyə qapılıram.Uşaqlığımı, - TopicsExpress



          

Son zamanlar tez-tez nostaljiyə qapılıram.Uşaqlığımı, yeniyetməliyimi xatırlayıb kövrəlirəm. O vaxtlar necə də qayğısız idim, ilahi! Özüm üçün bir dünya qurmuşdum - kitablardan, kinodan, musiqidən, televiziya tamaşalarından ibarət dünya. Bağımızdakı gah ərik ağacının, gah gilas agacının altında yorulmadan, doymadan kitab oxuyardım. İndi nə bağ o bağ deyil, nə mən o Mətanət deyiləm... Kitabsevərlik mənə rəhmətlik anamdan keçmişdi. Anam bir əlində çömçə,bir əlində kitab nahar hazırlayanda da oxumaqdan qalmazmış.Rəhmətlik atam da kitabları zaman-zaman gizlədərmiş ki, yemək vaxtında hazır olsun deyə. Amma indi kitab oxuya bilmirəm. Boynuma alım ki, müasir ədəbiyyatdan xəbərsizəm. Əlimə aldığım hər bir işi yarımçıq buraxıram. Gedəcək bir yerim olmasa da, sanki ruhum harasa daim tələsir və bu tələskənliklə heç bir işimi sona çatdıra bilmirəm. Ancaq vaxt idi klassiklərin kitabları əlimdən düşməzdi. Retro filmlərini və retro musiqiləri xüsusilə sevərdim. Onları izləməkdən, dinləməkdən həzz alardım. Sonra nə oldu? Sonra müharibə başlandı. Azərbaycanda nə ssenarilər quruldu,nə oyunlar oynandı... Müharibənin ağrı-acısı, qan-qadası yaddaşımda dərin iz buraxdı. İtkin düşənlərin, şəhid olanların qara xəbərləri bir-birini əvəzləyirdi. Yadımdadır günlərin birində küçəmizdə Vüqar adında bir cavan, ailə qurmamış, həyatdan kam almamış, muradına yetişməmiş oğlanın ölüm xəbəri gəldi. Anası,bacıları necə fəryad edirdi. Ah-nalə qulaq batırırdı. Qulaqlarımı tutub qaçdım ordan, evimizin bir küncündə gizləndim o gün. Özümə qapandım. Qəhər məni boğurdu. Kin,nifrət, intiqam yanğısı bütün varlığıma hakim kəsilirdi. Bu gün saxta humanistlik çağrısı edənlərin hoqqaları məni boşuna hikkələndirmir... Ermənilər rayonumuza bugün girər, sabah girər təlaşı ilə o qədər yuxusuz gecələrim olub ki. Böyük qardaşım cəbhədə idi. Atama tapşırmışdı ki, anamı və məni Ucardakı qohumlarımızın evinə qoyub qayıtsın. Anam qəti etiraz etmişdi . "Ölsəm də öz evimdə öləcəm. Oğlumu,ərimi burda qoyub qaçan deyiləm",- demişdi.Mən də anamdan ayrılmadım... Qaldıq. Amma o günlərin həyəcanı, əzabı bu gün də canımdan çıxmayıb...Bunları niyə yazıram? Heç özüm də bilmirəm, doğrusu...
Posted on: Sat, 28 Sep 2013 17:35:16 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015