Cəbhədəki son gərginliyə yerli və xarici hərbi - TopicsExpress



          

Cəbhədəki son gərginliyə yerli və xarici hərbi ekspertlərin münasibəti üst-üstə düşür; Zakir Həsənov hərbi nazir qismində özünü Ali Baş Komandan yanında təsdiqlədə bildimi? Cəbhə xəttində bir neçə gündür özünü göstərən gərginlik səngimək bilmir. Dünən ABŞ Dövlət Departamenti son durumdan, canlı itkilərdən narahatlıq bildirən ikinci açıqlama yayıb. “Amerikanın mövqeyi dəyişməz qalır: güc tətbiqi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil”. Bunu Departament sözçüsünün müavini Mari Harf dünən Vaşinqtonda keçirdiyi brifinqdə deyib. M. Harf harada baş verməsindən asılı olmayaraq insan itkilərindən təəssüfləndiklərini söyləyib: “Biz tərəfləri güc tətbiq etmək və güc tətbiq etməklə hədələməkdən çəkinməyə çağırırıq”. Qurum rəsmisi onu da əlavə edib ki, ABŞ Minsk Qrupunun həmsədr ölkəsi olaraq münaqişənin sülh yolu ilə həlli yoluna sadiq qalmaqdadır: “Bilirik ki, çətindir, lakin biz bunun üzərində çalışmağa davam edəcəyik”. Qeyd edək ki, qarşı duran tərəflərin təmas xəttində ATƏT tərəfindən effektli və obyektiv monitorinqlərin aparılması mümkün olmadığından, hələlik, atəşkəsi pozmaqda kimin daha çox maraqlı olması haqda yalnız versiya mövcuddur. Məsələn, “Caucasian Review of International Affairs”ın redaktoru, Qafqaz üzrə amerikalı ekspert Alek Cekson erməni mətbuatına açıqlamasında son günlər təmas xəttində vəziyyətin pisləşməsinin iki ölkənin nazirlərinin Paris görüşü ilə əlaqələndirib. Sitat: “İstisna deyil ki, Ermənistan danışıqlarını dayandırıb prosesi tərk etmək istəyir. Azərbaycan isə əksinə, bununla münaqişəyə daha çox diqqət ayırmaq niyyətindədir”. Digər bir səbəbi o, Azərbaycanın hərbi rəhbərliyindəki dəyişikliklə əlaqələndirib: “İkinci ssenari yeni müdafiə naziri ilə əlaqədar ola bilər. Axı, Zakir Həsənov hərbçi deyil. O, sadəcə, daxili işlər orqanlarının aparat rəhbəri olub. İndi o, Ali Baş Komandan yanında öz professionallığını sübut etmək istəyir”. Ekspertin fikrincə, qarşılıqlı atışmalar və ittihamlar intensivləşsə də, hər iki tərəfdə canlı itkilərin sayı artsa da, bu, bölgədə tezliklə yeni müharibənin başlayacağı anlamlına gəlmir: “Çünki tərəflərin heç biri müharibəyə hazır deyil, baxmayaraq ki, Azərbaycanın potensialı Ermənistandan xeyli üstün görünür”. Söz düşmüşkən, Azərbaycanın yeni hərbi nazirinin ordu və cəbhədəki gərginliklə bağlı verdiyi qərarlar daxildə heç də birmənalı qarşılanmır. Yerli hərbi ekspertlərindən olan Üzeyir Cəfərov cəbhə bölgəsində son yaşananlara nəzərən Zakir Həsənovun yanlış yolda olduğunu deyib, ordu quruculuğu və müharibə məsələlərində kifayət qədər təcrübəyə malik olmamasından dolayı ciddi narahatlıq ifadə edib. Hətta ölkə başçısı Davosdan qayıtdıqdan sonra ona xüsusi müraciət ünvanlayacaqlarını dilə gətirib. Doğrudan da, artıq bunu yazmaq olar ki, Səfər Əbiyev öz postundan götürüləndən sonra Azərbaycan Silahlı Qüvvələrində, bütövlükdə ordu-müdafiə sistemində böyük kadr dəyişikliklərinə və yerdəyişmələrinə rəğmən, vəziyyət yaxşıya doğru ciddi dəyişməyib. Ordudakı özbaşınalıqlar, hərbi nizamnamədən kənar cinayət halları, intiharlar, digər qeyri-döyüş itikləri azalmaq bilmir, bəzi hallarda isə artıb. Bütün bunlar təbii ki, düşmən tərəf qarşısnda çəkindirici amil olan Azərbaycan Ordusu haqda neqativ imicin yaranmasına gətirir. Hərbi mütəxəssislər isə əmindilər ki, müharibəyə hazırlaşan ölkənin ordusunda belə hadisələr istisna olmalıdır. Hərgah, Ermənistan ordusunda da analoji hallar kifayət qədərdir. Ancaq onlar işğalçı tərəfdir, yetərincə ərazi zəbt ediblər və təzədən hərbi əməliyyatlara başlamaq onlara əsla əlverişli deyil. Həm də o səbəbə ki, bu, Ermənistanın kasıb iqtisadiyyatı üçün ölüm hökmü olardı. Təcavüzkar tərəfin yeni müharibədə maraqlı olmaması prezident Serj Sərkisyanın Davos iqtisadi forumu çərçivəsində srağagün etdiyin çıxışından da aydın görünür. Azərbaycan tərəfi də əksər ekspertlərə görə, müharibəyə hazır deyil. Söhbət təkcə Ermənistan üzərində açıq-aşkar hərbi, iqtisadi, insani üstünlüklərimizdən getmir. Bunlar öz yerində. Bakının müharibəyə başlaması üçün əlverişli xarici şərtlər də hələ ki, yoxdur, görünmür. Biz hələ daxili şərtləri - vətəndaş barışı yolunda qalmaqda olan böyük əngəlləri demirik. Axı, müharibəni təkcə, müdafiə naziri, generalitet, Ali Baş Komandan aparmır.
Posted on: Sun, 26 Jan 2014 18:43:33 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015