Gəncə Dövlət Universitetində maraq toqquşması Mikayıl - TopicsExpress



          

Gəncə Dövlət Universitetində maraq toqquşması Mikayıl Cabbarovu saymayan rektor Elmar Vəliyevə arxalanır 30.08.2013 / 11:33 Bir müddət əvvəl Təhsil naziri Mikayıl Cabbarov tərəfindən Gəncə Dövlət Universitetinin (GDU) rektoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunması gözlənilməyən bir müstəvidə yeni konfliktlərə yol aça bilər. Bu iddia redaksiyamıza daxil olmuş məlumatlarda irəli sürülür. Mənbə bildirir ki, iyulun 29-da Gəncə Dövlət Universitetində yerli təhsil orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilmiş regional müşavirədə imtahan sessiyasının gedişində yol verilmiş neqativ halların qarşısının alınması üçün vaxtında tədbirlər görmədiyinə görə nazir tərəfindən Yadigar Əliyevə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunmasından sonra, rektorla TN rəhbərliyi arasında münasibətlər daha da gərginləşib. Qeyd etmək lazımdır ki, indiyə qədər nə ciddi narazılıqlar ifadə edən ictimai rəy, nə də Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən olunan xəbərdarlıqlar bu universitetdə baş verən neqativ halları qarşısının alınması üçün stimul olmamışdır. Redaksiyamıza daxil olan məlumatlarda da təsdiq olunur ki, universitetdə həyata keçirilən pul yığımları hər zaman olduğu kimi davam etməkdədir. Əlbəttə ki, bu prosesin əsas aktivliyi məhz sessiya imtahanları dövrünə təsadüf edir. Elə son yay imtahan sessiyası da bu ittihamları təsdiqləyən yeni dəlillərlə kifayət qədər zəngin oldu. Xatırladaq ki, qəzetimizin ötən saylarında da Gəncə Dövlət Universitetində yer almış bir sıra neqativ hallara dair tənqidi materiallar dərc olunmuşdu. Həmin materiallarda redaksiyamıza müraciət edən tələbələrə istinadən bildirilirdi ki, son vaxtlar universitetdə rüşvət və korrupsiyanın şiddəti bir az da artıb. Tələbələr hətta onlardan hansı qiymətə görə nə qədər pul tələb olunduğunu da gizlətmirlər. Məlumatlara əsasən bu ali məktəbdə “üç” qiymətinin dəyəri 40-50, “dörd”ün dəyəri 60-70, “beşin” dəyəri isə 80-100 manatadır. Tələbələr isə təhsil prosesinin yekununda heç diplom işi yazmağa da məcbur deyillər. Sadəcə əksər hallarda sovet illərində yazılmış köhnə diplom işləri məzunlara 500 manatdan 800 manata qədər qiymətə satırlar. Həmçinin mənbələr qeyd edir ki, əgər əvvəllər tələbələr müəllimlərə qiymətə görə pulu ayrı-ayrılıqda verirdilərsə, son vaxtlar bütün pulları bir tələbə yığıb onu “növbəti instansiyaya” çatdırır. Bu instansiya kimi isə bəzi hallarda universitetin şöbə müdirlərindən biri, bəzi hallarda isə rektorun köməkçisi çıxış edirlər. Bu materialların dərcindən sonra isə redaksiyamıza, eləcə də qəzetimizin elektron ünvanına kifayət qədər maraqlı şərh və mülahizələr təqdim olundu. Həm də bu fikirlərin içərisində radikallığı ilə seçilənləri də az deyildi. Təbii ki, istəilən müəssisə və ya təşkilatda olduğu kimi Gəncə Dövlət Universitetində yer almış korrupsiya hallarına görə də ilk növbədə bütün nəzərlər rektor Yadigar Əliyevin üzərinə yönəlir: “GDU Azərbaycanın ən qədim təhsil ocaqlarından bir hesab edilsə də, orada nə təhsilin keyfiyyəti var, nə də ki, normal insani münasibətlər. Bir müəllim ki, imtahandan əvvəl tələbəni çağırıb qiymət deyirsə, daha nə olsun..? Məncə Təhsil naziri Mikayıl Cabbarov rektorların şəxsi işləriylə də maraqlansa yaxşı olar.” Məhz bundan az müddət sonra GDU-da keçirilən məlum müşavirə, sanki bizim oxucuların da TN-ə müraciətinə cavab oldu. Nazir bu universitetdə baş verənlərlə maraqlandı və öz qəti mövqeyini də ortaya qoydu. Lakin mənbələr Yadigar Əliyevin belə bəsit tədbirlərin təsirinə qətiyyən məruz qalmayacaq bir məmur olduğunu iddia edirlər. Bu xüsusda aldığımız yeni məlumatlarda qeyd olunur ki, rektor yaxın ətrafının əhatəsində baş verənlərə belə münasibət bildirib: “Məni bu vəzifəyə təhsil naziri yox, Elmar Vəliyev təyin edib.” Belə qənaətə gəlmək olar ki, nazirliklə münasibətləri daha da gərginləşdirməyi, hətta lazım gələrsə Gəncə Şəhər İcra Hakimiyyətinin himayəsi altında “savaş cığırına” qədəm qoymağı göz altına almış rektor “Hələ görərik kim kimi!” şüarını irəli sürmək niyyətindədir.
Posted on: Fri, 30 Aug 2013 12:32:15 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015