MÖVZU 3. AQRAR BAZARDA QİYMƏT, ONUN FORMALAŞMASI MEXANİZMİ - TopicsExpress



          

MÖVZU 3. AQRAR BAZARDA QİYMƏT, ONUN FORMALAŞMASI MEXANİZMİ 1. Aqrar bazarda qiymətin formalaşması 2. Qiymətin növləri və funksiyaları. 3. Rəqabət və rəqabətqabiliyyətlilik. Rəqabət mühitinin formalaşmasında dövlətin antiinhisar siyasəti. Digər bazar növlərinə nisbətən aqrar bazarda qiymətlərin formalaşması daha mürəkkəb prosesdir. Bu hər şeydən əvvəl aqrar bazar sisteminə daxil olan bazar növlərinin hər birinin özünəməxsus xüsusiyyətlərə malik olması, həmin bazarlarda təklif olunan əmtəə və xidmətlərin istehsalı və satışına onların xüsusiyyətlərindən irəli gələn çoxsaylı amillərin təsiri ilə əlaqədardır. Bundan başqa maddi-texniki resursların, iş və xidmətlərin qiyməti kənd təsərrüfatı məhsullarının istehsal xərclərinin müəyyən hissəsini təşkil edir. Odur ki, qiymət mexanizminin düzgün formalaşdırılması, onun elmi cəhətdən əsaslandırılması bütövlükdə iqtisadi inkişafın mühüm şərtlərindədir. Ümumiyyətlə qiymət dedikdə, alıcılarla satıcılar arasında mübadilə sferasında formalaşan iqtisadi münasibətlər sistemi başa düşülür. Qiymət vasitəsilə məhsul istehsalı zamanı çəkilən xərclər reallaşdırılır. Konkret desək bütün xərclərin ödənilməsi üçün qiymət istehsalçının istifadə etdiyi ən əsas vasitə olmaqla istehsalın son nəticəsini qiymətləndirməyə imkan verir. Qiymətqoyma prosesində istehsalçının başlıca məqsədi maksimum mənfəət əldə etməkdir. Bunun üçün o, bazarı düzgün qiymətləndirməyi bacarmalı, əmtəənin fərdi xüsusiyyətindən asılı olaraq (məsələn, tez xarab olma xüsusiyyəti, keyfiyyətin müddətdən asılı olaraq aşağı düşməsi, yaxud stabilliyi və s.) xərcləri baxımından qiymətlərin səviyyəsi nəzərə alınmaqla bazara vaxtında çıxarmağı, rəqabət mühiti şəraitində bazarda öz yerini-mövqeyini müəyyənləşdirməyi bacarmalıdır. Bazarın öyrənilməsində istehsalçının ilkin məqsədi istehlakçıların tələbinin müəyyənləşdirilməsi olmalıdır. Tələbdən asılı olaraq qiymətin müəyyənləşdirilməsi və dəyişməsi əsasən istehlakçıların alıcılıq qabiliyyəti və məhsulların keyfiyyəti ilə əlaqədardır. Məlumdur ki, alıcılıq qabiliyyəti yüksək olan alıcı qiymətin yüksək səviyyəsində belə tələbatına uyğun həcmdə və müvafiq keyfiyyətdə məhsul almağa çalışır. Alıcılıq qabiliyyəti aşağı olan alıcının tələbi isə əksinə, azdır və onu keyfiyyətdən çox qiymət maraqlandırır. Deməli hər iki amil qiymətqoymada mühüm rol oynayır. Birinci hal istehsalçının mənfəətinə müsbət, ikinci isə mənfi təsir göstərir. Əmtəələrin xüsusiyyətləri nəzərə alınmaqla qiymət qoyularkən vaxt amili ön planda durur. Tez xarab olma xüsusiyyətinə malik əmtəələr üçün qısa müddət tələb olunduğundan bu əmtəələrin qiymətlərinin bazar qiymətlərinin səviyyəsinə reaksiyası azdır. Digər əmtəələr üçün qiymətqoymada vaxt amili xüsusi rol oynayır-bazar qiymətlərinin səviyyəsi tarazlıq qiymətindən aşağı olarsa (tələb və təklifdən asılı olaraq tarazlıq qiymətinin formalaşması mexanizmi istehsalçı adətən gözləmə mövqeyi tutur. Əks halda, yəni qiymətlərin maksimum səviyyəyə çatdığı vaxtda daha çox məhsul satmağa can atır. Vaxtdan asılı olaraq qiymətin dəyişməsi. P- qiymət, P1- qiymətin ilk həddi, P2- tarazlıq qiyməti, V-vaxt (zaman) Vaxtla əlaqədar olan kənd təsərrüfatı istehsalının mövsümlüyü də qiymətlərin səviyyəsinə əhəmiyyətli təsir göstərir. Belə ki, ayrı-ayrı məhsullar ilin müxtəlif fəsillərində istehsal olunduğu üçün təbii ki, dövrdən və tələbdən asılı olaraq qiymətlər formalaşır. Burada bir məsələyə də diqqət yetirilməlidir. Bu, investisiya qoyuluşu ilə bağlıdır. Yəni bazarı tədqiq edən istehsalçı istehsal dövrü başlamazdan əvvəl daha çox tələb olunan və onun iqtisadi marağını təmin edən sahələrə daha çox investisiya ayırmağa üstünlük verir. Deməli investisiya qoyuluşu da təklifə təsir etməklə dolayı yolla qiymətqoymada iştirak edir. Qiymətlərin müəyyənləşdirilməsində əmtəəyə çəkilən xərclər və təklifin kəmiyyəti arasındakı asılılıq diqqətdən yayınmamalıdır. Hazır əmtəənin satışa çıxarılmasınadək çəkilən xərclər, konkret olaraq daşınma xərcləri sözsüz ki, həm kəmiyyətcə az, həm də çox olan əmtəələr üçün eyni səviyyədədir. Deməli kəmiyyətcə az olan əmtəə vahidinə daşınma xərcləri yüksək, digərinə az xərc düşür və qiymətqoymaya öz təsirini göstərir. Beləliklə xərclər nə qədər yüksələrsə əmtəəyə qoyulan qiymətin daha yüksək səviyyəsinin müəyyən edilməsi gözlənilməlidir ki, çəkilən xərc ödənilə bilsin və mənfəət əldə etmək imkanı yaransın. Xərclə qiymət arasındakı əlaqə. P-qiymət, C-xərc. İstehsalçının qiymətqoyma prosesində qarşılaşdığı əsas məsələlərdən biri eyni əmtəənin bazara çoxsaylı satıcı tərəfindən çıxarılması və bu zaman rəqabət mühitinin yaranmasıdır. Xüsusilə hər hansı satıcının güclü maliyyə imkanlarına malik olması digərinin keyfiyyətli məhsulu olduğu təqdirdə belə birincinin bazar qiymətlərinə diqtə edə bilməsini qeyd etmək olar. Yaranmış belə güclü rəqabət şəraitində istehsalçının əsas vəzifəsi keyfiyyətli məhsul istehsalı ilə yanaşı bu prosesə daha az xərc sərf etməsidir. Əks halda istehsalçı özünün bazardakı mövqeyini itirməklə, yeni bazar axtarışı üçün əlavə xərclərlə qarşılaşa bilər. Əmtəələrin qiyməti təbii amillərlə də bağlıdır. Belə ki, kənd təsərrüfatı istehsalı əlverişsiz hava şəraiti müşayiət olunursa bu, məhsuldarlığın aşağı düşməsi və beləliklə təklifin həcminin azalması ilə nəticələnə bilər. Bu şəraitdə qiymətlərin yüksəlməsi istehsalçını müəyyən mənada «qane etsə» də, istehsalın azalması məhsul vahidinə düşən xərclərin artımını şərtləndirir. Müxtəlif regionlarda yerləşən bazarlar qiymətlərin səviyyəsi baxımından bir-birinə təsir etmək imkanına malikdir. Hər bir zonanın özünəməxsus təbii-iqlim xüsusiyyətləri, istehlakçılarının zövqləri, iqtisadi resurslarla təmin olunma, xərclərin müxtəlifliyi və s. təklifin həcminə təsir etməklə bazar qiymətlərini formalaşdırır. Odur ki, əlverişli bazar seçimi baxımından hər bir bazarın tədqiqi istehsalçının iqtisadi mənfəətinə xidmət edə bilər. Aqrar bazarda qiymətlərin formalaşması mexanizminin tədqiqi göstərir ki, bu bazarda digərlərindən fərqli xüsusiyyətlərin mövcudluğu kimi qiymətlər də müxtəlifdir və qiymətqoyma prosesində onların hər birinin öyrənilməsi son dərəcə əhəmiyyətlidir. Əslində qiymətin müəyyənləşdirilməsi prosesində qiymət növlərinin biri digərini tamamlamaqla vahid sistem təşkil edir. Məsələn, satıcı məhsuluna görə pərakəndə satış qiyməti müəyyənləşdirsə də ona sərf edə biləcək səviyyədə bütün məhsul üçün nisbətən aşağı qiymət təklif olunarsa artıq topdansatış qiyməti satıcını qane edir. Qiymətin aşağıdakı növləri fərqləndirilir: bazar qiyməti, müqavilə qiyməti, tarif qiyməti, satınalma qiyməti, tənzimlənən qiymət, son hədd qiyməti, girov qiyməti, təminatlı qiymət, topdansatış və pərakəndə satış qiymətləri və s. Qiymət bütöv sistem olmaqla müxtəlif funksiyalar yerinə yetirir. Həmin funksiyalara aiddir: uçot, informasiya, stimullaşdırıcı, bölüşdürücü, balanslaşdırıcı, yaxud tarazlaşdırma, tənzimləyici və s. Qiymətin uçot funksiyası dəyər qanunun tələblərinə uyğun olaraq əmtəə dəyərinin pulla ifadəsini xarakterizə edir. Qiymət vasitəsilə tələbatın ödənilməsi reallaşdığından, yəni çəkilən xərclər cəmiyyət tərəfindən qiymətləndirildiyindən o, xərclərin səviyyəsini müəyyənləşdirməyə (uçotunu aparmağa) imkan verir. Eyni zamanda qiymətlə xərc arasında yaranan mənfəətin ölçüsünü xarakterizə edir. İnformasiya funksiyası vasitəsilə satıcı bazarı öyrənmək, bazar mühitinin onların iqtisadi maraqlarına uyğun olub - olmamasını müəyyənləşdirmək kimi məlumatlar əldə edə bilir. Alıcı isə öz növbəsində tələbatının ödənilməsi baxımından «gəlirlərinin səmərəliliyini» əvvəlcədən proqnozlaşdırmaq üçün əsaslı informasiyaya malik olur. Qiymətin stimullaşdırıcı funksiyası məhsul istehsalı və istehlakına marağın yaradılmasını əks etdirir. Bu və ya digər məhsulun yüksək qiymət səviyyəsi istehsalın strukturuna təsir göstərməklə həmin məhsulun istehsalına stimul yaradır və əksinə. Qiymət səviyyəsi bu baxımdan istehlakın strukturuna da təsir göstərir, tələbatına uyğun məhsul alınmasını stimullaşdırır. Bölüşdürücü funksiya vasitəsilə həm cəmiyyətin pul gəlirləri, həm də təkrar istehsalda istifadə olunan məhsulların yenidən istehsala qaytarılması həyata keçirilir. Belə ki, müəyyən qrup əmtəələrə yüksək qiymət qoyulmaqla əhalinin bəzi hissəsinin gəlirlərinin yenidən bölgüsü baş verir. Yaxud bazar qiymətlərinin səviyyəsini tədqiq edərkən istehsalçını həmin qiymətlər qane etmirsə o, istehsal etdiyi məhsulun bir hissəsini satış prosesinədək kənarlaşdıraraq (təkrar bölgü aparmaqla) növbəti istehsal dövrü üçün saxlamalı olur (taxıl, kartof və s. məhsulların həm satış, həm də toxum üçün istehsalı nəzərdə tutulur). Qiymətin balanslaşdırıcı funksiyası istehsalın istehlakçıların tələbinə uyğunlaşdırılmasını, beləliklə tələb və təklifin tarazlaşdırılmasını xarakterizə edir. Tələb və təklif arasında nisbət qiymət tarazlığı vasitəsilə balanslaşdırılır. Qiymətin tənzimləyici funksiyası həm dövlətin iqtisadi siyasətində mühüm yer tutur, digər tərəfdən öz-özünü tənzimləməklə və müxtəlif amillərin təsiri ilə tənzimlənməklə daha mürəkkəb məsələləri birləşdirir. Bəzən bazarda rəqabət mühiti pozulur, qiymətlərə nəzarət müəyyən satıcı qrupunun əlində cəmləşir. Nəticədə qiymətin stimullaşdırıcı funksiyası kölgədə qalmaqla istehsalın, deməli təklifin səviyyəsi aşağı düşür, tələb və təklifin tarazlığı pozulur. Belə hallarda dövlət qiymət siyasəti vasitəsilə iqtisadi proseslərə müdaxilə edir, qiymətin son-yuxarı və aşağı həddini müəyyənləşdirir. Bu zaman qiymətin yuxarı və aşağı həddinin səviyyəsi arasında nisbət elə tənzimlənir ki, həm istehsalçının, həm də istehlakçının iqtisadi mənafeyi qoruna bilsin. Rəqabət daha keyfiyyətli məhsul istehsalı, satışı və alqısına şərait yaratmağa xidmət etməklə tələb və təklifin tarazlığının təmin olunmasında başlıca təsir vasitələrindən biri kimi bütövlükdə iqtisadiyyatın inkişafında əhəmiyyətli rolu ilə seçilir. Rəqabət tələb və təklif qanununa uyğun şəkildə, bu qanunun təsiri nəticəsində formalaşan və vaxtaşırı dəyişən qiymətlərin səviyyəsinə ciddi təsir etməklə bazarda iqtisadi münasibətləri tənzimləyə bilir. Rəqabət həm istehsalçılar, istehsalçılarla istehlakçılar, həm də istehlakçıların bir – biri ilə apardığı iqtisadi mübarizə formasıdır. İstehsalçılar arasında rəqabət istehsalın strukturunda bazarın tələbinə uyğun baş verə biləcək dəyişikliyin çevikliyini, keyfiyyətli və maya dəyəri ucuz başa gələn əmtəə istehsalını, bazarda öz mövqeyini yaratmasını və onu qorumasını, həmçinin gözlənilməz mənfi iqtisadi proseslərə (qiymətlərin süni şəkildə aşağı salınması, inhisarçılıq və s.) davam gətirmək üçün kifayət qədər maliyyə vəsaitinə malik olmasını tələb edir. İstehsalçılar və istehlakçılar arasında rəqabət birincinin daha çox yüksək qiymətə məhsul satması, ikincinin isə aşağı qiymətlə tələbatına uyğun keyfiyyətli məhsul əldə etməsi ilə əlaqədardır. Belə rəqabət şəraitində alıcı və satıcıların sayı müvafiq olaraq əmtəə təklifi və tələbin səviyyəsi əsas rol oynayır. İstehlakçıların bir-birinə rəqabət alıcılıq qabiliyyəti ilə müşahidə olunur. Belə ki, tələbatlarını ödəyə biləcək qədər gəlirə malik alıcını bazar qiymətlərinin səviyyəsi bəzən o qədər maraqlandırmır. Aşağı alıcılıq qabiliyyətinə malik olanlar isə qiymətlərin aşağı səviyyəsinə nail olmağa çalışır. Qeyd olunanlar rəqabəti ümumiləşdirilmiş formada aşağıdakı kimi xarakterizə etməyə imkan verir. Rəqabət istehsalçılar və istehlakçıların iqtisadi maraqlarının maksimum ödənilməsi məqsədilə apardıqları iqtisadi mübarizə formasıdır. Yaxud rəqabət bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlverişli şərtləri uğrunda mübarizənin elə formasıdır ki, bu zaman onların müstəqil fəaliyyətləri hər birinin bazar sistemində əmtəə dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını əsaslı surətdə məhdudlaşdırır. Normal rəqabət mühitinin (azad rəqabət) formalaşması əsasən aşağıdakı prinsiplərə söykənir: 1. Bazar iştirakçılarının sayına məhdudiyyət qoyulması və iştirakçılar bazar sisteminə istənilən vaxt daxil və çıxa bilər. 2. Bazarda çoxsaylı istehsalçılar fəaliyyət göstərir. Bu kütləvilik ümumi bazar qiymətlərini formalaşdırır. 3. Bazarın bütün iştirakçıları üçün eyni şərait yaradılır. Yəni onların hər biri bazar haqqında lazımi məlumat almaq hüququna malik olur. Rəqabət mühiti şəraitində əmtəələrin rəqabət qabiliyyəti vacib əhəmiyyət daşıyır. Rəqabət qabiliyyətlilik müqayisə əsasında müəyyən edilir. Rəqabət qabiliyyətini müxtəlif amillər formalaşdırır: əmtəənin keyfiyyəti, onun qablaşdırılması, reklam, xərclərin səviyyəsi, istehsala yeni texnologiyanın tətbiqi, güclü maliyyə resurslarının mövcudluğu və s. Aqrar bölmədə rəqabət qabiliyyətli istehsalın təmin edilməsinin başlıca şərtlərindən biri rəqabətin formalaşması və inkişafına əlverişli şəraitin yaradılmasıdır. Bu prosesdə dövlətin antiinhisar siyasəti mühüm rol oynayır. Antiinhisar siyasəti dedikdə, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılmasına yönəldilən tədbirlərin məcmusu başa düşülür. Dövlətin antiinhisar siyasətinin həyata keçirilməsi ilk növbədə onun qanunvericilik bazasının yaradılmasını tələb edir. Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Antiinhisar fəaliyyəti haqqında”, “Təbii inhisarlar haqqında”, “Haqsız rəqabət haqqında” qanunlardan və digər normativ-hüquqi sənədlərdən ibarətdir. Antiinhisar qanunvericiliyi iqtisadiyyatın sferalarında rəqabət mühitinin qorunmasına, inhisarçılığın və haqsız rəqabətin qarşısının alınmasına yönəldilmiş hüquqi aktlar kompleksidir. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu (4 mart 1993-cü ildə qəbul edilmişdir) antiinhisar fəaliyyəti ilə bağlı qeyd olunan istiqamətlərdə təşkilati və hüquqi məsələləri müəyyən edir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu (2 iyun 1995-ci ildə qəbul edilmişdir) haqsız rəqabətin qarşısının alınması və aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını özündə əks etdirməklə sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini müəyyən edir. Ümumiyyətlə haqsız rəqabət bazar subyektlərinin fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəldilmiş, bununla da digər bazar subyektlərinə-rəqiblərinə zərər vura biləcək, yaxud onların işgüzarlıq nüfuzuna xələl gətirə bilən hərəkətləri və ya fəaliyyətləri xarakterizə edir. Haqsız rəqabətin aşağıdakı formaları mövcuddur: - rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; - rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması; - rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə; - haqsız sahibkarlıq fəaliyyəti; - haqsız işgüzarlıq davranışı; - istehlakçıların çaşdırılması. Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi aşağıdakılarla xarakterizə olunur: - rəqibin əmtəəsinin, həmçinin əmtəə formasının və xarici tərtibatının əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla özbaşına təqlid edilməsi; - digər təsərrüfat subyektlərinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; - eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla müəssisə adı kimi istifadə etməsi halları istisna olmaqla digər bazar subyektinin, xidmət nişanının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması dedikdə digər bazar subyektinin işgüzar nüfuzu və maliyyə vəziyyəti, habelə elmi-texniki və istehsal imkanları haqqında məlumatların təhrif olunması başa düşülür. Haqsız rəqabətin formalarından biri kimi rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə onun işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması, kəsilməsi və dayandırılması, rəqibin işçilərini üz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək məqsədilə onlara qanunsuz vasitələrlə təsir göstərilməsi ilə xarakterizə olunur. Haqsız sahibkarlıq fəaliyyətinin formaları aşağıdakılardır: Bazar subyektlərinin elmi-texniki, istehsal və ya ticarət fəaliyyətinə dair məlumatların, o cümlədən kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması; - rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi; - əmtəələrin əlavə çeşidlə məcburi satılması; - müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması; - qiymətlərin artırılması nəzərdə tutulduğu vaxtadək, yaxud qiymətlərin artmasına şərait yaratmaq məqsədilə əmtəələrin təsərrüfat dövriyyəsindən çıxarılması və ya dövriyyəyə buraxılmaması. Haqsız işgüzarlıq davranışına daxildir: - müəyyən vaxt ərzində rəqabətdən və ya onun müəyyən formasından əl çəkmək haqqında tərəf müqabili ilə-kontragentlə bağlanmış və bazar subyektlərinin təsərrüfat fəaliyyətinə ciddi məhdudiyyətlər yaratmadan sazişin pozulması; - rəqibin işgüzar əlaqələrini pozmaq məqsədilə digər bazar subyektlərinə əsassız çağırışlar-müraciətlər edilməsi və belə əlaqələrin yaradılmasına maneçilik törədilməsi. Haqsız rəqabətin digər forması olan istehlakçıların çaşdırılması aşağıdakı məsələləri özündə birləşdirir: - əmtəələrin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra biləcək hər hansı məlumatlardan istifadə edilməsi; - əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçim sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması; - əmtəənin istehlakçını çaşdıra biləcək yanlış müqayisə edilməsi və reklamı, yaxud informasiya kimi açıqlanması; - əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi; - əmtəənin öz təyinatına, yaxud ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi. Respublikanın antiinhisar qanunvericiliyində “Təbii inhisarlar haqqında” qanunun (15 dekabr 1998-ci ildə qəbul olunmuşdur) xüsusi əhəmiyyəti vardır və bu qanun təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir. Təbii inhisar dedikdə, istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi baxımından daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi-satdığı əmtəənin istehlakda başqa əmtəə ilə əvəz edilə bilinməməsi şərti ilə formalaşan əmtəə bazarının vəziyyəti başa düşülür. Təbii inhisarçılıqla yanaşı təcrübədə inhisarçılığın dövlət, sahə, yerli, maliyyə-kredit, bazar subyektlərinin üfüqi və şaquli, patent-lisenziya, yerin təkindən istifadə və s. formaları da mövcuddur. Aqrar bazar şəraitində inhisarçılığın daha çox təzahür edən formalarından biri istehlakçı inhisarçılığı və ya monopsoniyadır. Monopsoniya təsərrüfat subyektlərinin inhisarçılığı forması olub əsasən kənd təsərrüfatı xammalı tədarükü sistemində mövcud olur. Belə şəraitdə emal müəssisələri və digər tədarük təşkilatları özlərinin üstün mövqelərindən sui-istifadə edərək alınan kənd təsərrüfatı xammalının qiymətlərinin süni aşağı salınmasına, müqabil tərəfə əlverişsiz müqavilə şərtlərinin qəbul etdirilməsinə çalışır. Təbii inhisarlar da aqrar bazarın fəaliyyətində mühüm rol oynayır. Belə ki, aqrar bölmənin maddi-texniki resurslarının müəyyən qismi-elektrik enerjisi, neft məhsulları, suvarma suyu və s. təbii inhisar subyektlərinin fəaliyyət dairəsinə aid olmaqla bu resursların qiymətləri müvafiq dövlət orqanları tərəfindən tənzimlənir. Deməli aqrar bazarın strukturunu təşkil edən maddi-texniki resurslar bazarının əmtəələrinin bir hissəsi təbii inhisarçılar tərəfindən istehsal edilir və reallaşdırılır. Aqrar bazarda inhisarçılığın əsas formalarından biri də bazar subyektlərinin kənd təsərrüfatı istehsalçıları üzərində inhisarçılığıdır. Bu prosesdə kənd təsərrüfatı istehsalçıları məhsullarını aqrar bazarda formalaşan qiymətlərlə müqayisədə aşağı səviyyədə realizə edir, nəticədə istehsalçıların istehlakçılarla birbaşa əlaqə yaratmaq imkanları məhdudlaşır. Belə vəziyyət məhsulun istehsal və istehlak qiymətləri arasında kəskin fərqin yaranmasına gətirib çıxarır. Şəkil 9 . İnhisarçılığın formaları İnhisarçılığın formaları Maliyyə-kredit yerli Sahə Dövlət Üfüqi və şaquli Təbii Patent-lisenziya Müvafiq dövlət orqanlarının rəqabətin məhdudlaşdırılması ilə bağlı qeyri-qanuni fəaliyyəti Sahə idarəetmə orqanlarının rəqabətin məhdudlaşdırılması ilə bağlı qeyri-qanuni fəaliyyəti Yerli icra hakimiyyəti orqanlarının rəqabətin məhdudlaşdırılması ilə bağlı qeyri-qanuni fəaliyyəti Maliyyə-kredit təşkilatlarının rəqabətin məhdudlaşdırılması ilə bağlı qeyri-qanuni fəaliyyəti Müvafiq dövlət orqanları və təsərrüfat subyektlərinin qarşılıqlı olaraq qeyri-qanuni sazişləri İstehsal və xidmət sferasında təbii inhisar mövqeyindən sui-istifadə yolu ilə nəzarətin xüsusi forması Patent və lisenziyalar üzərində müvafiq strukturların qeyri-qanuni nəzarəti və fəaliyyəti Mövcud qanunvericilikdə inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və qarşısının alınması məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: - inhisarçı təsərrüfat subyektlərinin məhsullarının (xidmətlərinin) qiymətləri üzərində dövlət nəzarətinin müəyyən olunması, bəzi hallarda bu və ya digər məhsulun (xidmətin) bazar qiymətinin yol verilən həddinin təsbit edilməsi; - təsərrüfat subyektlərinin gəlirlərindən tutulan vergilərlə onların bazardakı payına uyğun olaraq mütərəqqi vergi dərəcələrinin tətbiqi; - təbii inhisarçı olaraq bazarda öz müstəqil mövqeyindən sui-istifadə edən təsərrüfat subyektləri üçün aksiz vergilərinin sərtləşdirilmiş dərəcələrinin tətbiq edilməsi; - bazara giriş maneələrini zəiflətmək məqsədilə istehsal olunan məhsullara eyniləşdirilmiş standartların tətbiqi; - sürətləndirilmiş amortizasiyanın normativ amortizasiya ilə əvəz edilməsi; - kredit şərtlərinin sərtləşdirilməsi; - təsərrüfat subyektlərinin patent üzərində öz mövqeyindən sui-istifadə etməsi ilə əlaqədar olaraq yeni patentlərin nisbətən ucuz haqqla məcburi lisenziyalaşdırılması; - bazar subyektlərindən birinin və ya hamısının birlikdə inhisarçılıq fəaliyyətini həyata keçirərkən onlar arasında bağlanan sazişlərin məhdudlaşdırıcı bəndlərinin ləğv edilməsi; - dövlət köməyinin bütün növlərinin dayandırılması; - barter əməliyyatlarının qadağan edilməsi; - idxal-ixrac əməliyyatları üçün verilən lisenziyaların ləğv edilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təkliflər verilməsi. Ümumiyyətlə antiinhisar qanunvericiliyi ölkə iqtisadiyyatının bütün sahələrini əhatə etdiyindən aqrar bazar sistemi üçün xüsusi normativ-hüquqi sənədlərin qəbulu, mövcud qanunvericilik aktlarının ardıcıl olaraq təkmilləşdirilməsi zəruri məsələlərdəndir.
Posted on: Wed, 25 Sep 2013 15:40:03 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015