(Ustad Hüseyn Ənsarianın nəzərlərinə istinadən) Övlad - TopicsExpress



          

(Ustad Hüseyn Ənsarianın nəzərlərinə istinadən) Övlad istər oğlan olsun, istərsə, də qız - böyük bir nemətdir ki, Həzrət Haqq öz bəndələrinə inayət edir. İbrahimin (ə) övladı yox idi, buna görə çox qəmgin idi. Mehriban Allah layiqli bəndəsinə ahıl yaşında İsmayıl və İshaqı verir. İshaq İsa (ə) dövrünə qədər olan İlahi Peyğəmbərlərinin kökü, İsmayıl isə sonuncu Peyğəmbər (s) və Məsum İmamların (ə), minlərlə arif və fəqihin dövrünə qədər olanların köküdür. Övlad - fövqəladə bir nemətdir, insanın bu dünya və axirətdəki xeyir mənbəyidir. Əlbəttə o insan ki, mömindir, imanına görə övladlarını mömin, saleh və ləyaqətli tərbiyə edəcəkdir. İbrahim övlad sahibi olduğu üçün Allaha kamil şəkildə həmd edir. Doğrudan da, övlad sahibi olmaq həmdi vacib edir. O həmd ki, dil ilə, qəlb ilə, bütün əzalar və üzvlərlə həyata keçirilir. “Allaha həmd olsun ki, qoca yaşımda mənə İsmayıl və İshaqı bağışladı. Həqiqətən də, mənim Pərvərdigarım bəndələrinin duasını eşidəndir”. Bu şərif ayədən görmək olar ki, övlad necə də insan həyatında böyük əhəmiyyətə malikdir ki, Həzrət İbtahim qoca yaşında Allahdan övlad istədi. “Mənə öz tərəfindən saleh canişin əta et ki, mənim və Ali-Yəqubun varisi olsun”. İslamda övlad sahibi olmaq Peyğəmbərdən (s) nəql olunur ki, “Beş nəfər dünyadan gediblər, ancaq onların “qovluqları” hələ bağlanmayıb, daim onlara savab çatar: o kəs ki, ağac əkib, insanların bəhrələnməsi üçün su quyusu qazıb, məscid tikib, Quranı yazıb və arxasında layiqli övladlar qoyub gedib”. İmam Cəfər Sadiq (ə) buyurur: “O zaman ki, Yusif doğma qardaşını görür, ona deyir ki, məndən sonra necə evlənə bildin?” Cavab verir ki, atam əmr etdi. Dedi: Əgər elə övladlar dünyaya gətirə bilərsən ki, yer üzərini öz təsbihləri və həmdləri ilə doldura biləcəklər, bu işi gör”. Həzrət Səccad (ə) buyurdu: “Müsəlman kişinin xoşbəxtliyi üç şeydədir: ticarət etdiyi və ya işlədiyi yer öz şəhərində olsun ki, günün sonunda arvad, uşağının yanına qayıda bilsin. Saleh və layiqli dostları olsun və elə övladları olsun ki, onların köməyindən faydalana bilsin”. Övladın vücudu necə də dəyərlidir ki, Qurani- Məciddə gəlir: “Allah sizin vücudunuzun gövhərindən həyat yoldaşları qərar verdi və həyat yoldaşlarınızdan sizə övldalar, nəvələr nəsib etdi və ruzunuzu pakizələrdən qərar verdi”. İmam Sadiq (ə) buyurur: “Müsəlmanların övladları Qiyamətdə şəfaət istəyərlər və onların şəfaətləri qəbul olunar və on iki yaşına çatanda onların gözəl əməlləri qəbul olunar, buluğa çatanda onlara günah yazılmağa (başlanar)”. İmam Museyi-Kazım (ə) buyurur: “O kişi xoşbəxtdir ki, ölməmiş övladını görər”. Əmirəlmöminin buyurur: “Övladın xəstəliyi ata və ananın günahlarının kəffarəsidir”. Peyğəmbər buyurur: “Layiqli övlad Allah tərəfindən verilən xoş ətirli güldür ki, bəndələri arasında bölüşdürüb və buyurub: Layiqli övlad behiştin bir dəstə xoş ətirli gülüdür”. Hədisdə nəql olunur ki, Allahın Rəsulu (s) Mədinə məscidinin minbərində moizə deyirdi. Həzən və Hüseyn (ə) məscidə daxil oldular. Əyinlərində qırmızı köynək vardı, gələrkən yerə yıxıldılar. Peyğəmbər (s) sürətlə minbərdən aşağı düşdü və hər ikisini qucağına aldı. Sonra bu ayəni tilavət etdi: “Sizin mal və övladınız Allah tərəfindən olan imtihandır. Bu imtahana görə Allah yanında böyük əcr vardır”. Bir şəhərdə Hacı Əlirza adlı bir kişi quyu qazır, yüz ilə yaxın idi ki, həmin məntəqənin insanları o sudan istifadə edirdilər. Bir nəfər onu yuxuda behişt çayı axan bir bağda görür və ona deyir ki, bu bağ behiştin böyük bağlarından biridir, bu çay da behişt çayıdır. Bütün bunlar o quyuya görə mənə əta olunub. Ancaq ey kaş bir övladım olaydı ki, bir dəfə “La ilahə illəllah” kəlməsini deyərdi ki, onun bu kəlməni işlətməklə tövhidi təsdiq etməsindən mənə böyük bir bəhrə nəsib olardı. Övlada olan eşq İmam Cəfər Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir: “Övladlarınızı sevin və onlara rəhmət edin”. Bəzi insanlar öz övladlarına qarşı bağlılıq göstərmirlər, əgər bağlılıqları olsa belə, bunu dilə gətirmirlər. Və onlarla rəftarda kobud, əsəbi olurlar. Onlar bilsinlər ki, bu rəftarları ilə qeyri- insani və qeyri-İslami bir yolda gedirlər və özlərini Allahın rəhmətindən məhrum edirlər. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, Allah övladlarına olan sevgisinə görə bəndələrinə rəhm edir”. İmam Museyi-Kazım (ə) buyurur: “Böyük Allah, bəndənin arvadı və övladlarının xeyrinə etdiyi qəzəbə görə qəzəblənməz. Haqqın qəzəbi kişilərin ailələrinə qarşı göstərdikləri vəfasızlığın və pis rəftarların məhsuludur”. İmam Sadiq (ə) buyurur: “Musa Tur dağında Allaha buyurdu: “Ya Allah, hansı əməl sənin yanında ən üstün əməldir?” Allah buyurdu: “Övladlarını sevmək”” . Övladları öpmək Fətal Nişapuri Əhli-beyt (ə) ardıcıllarının ən böyük alimlərindəndir, dəyərli kitabı olan ”Ruzətil Vaəzin”də Məsumlardan (ə) rəvayət edir: “Övladlarınızı çox öpün ki, hər öpüşlə behiştin bir dərəcəsi nəsibiniz olur. Bu dərəcənin uzunluğu 500 il yoldur”. Bir kişi Peyğəmbərin (s) yanına gəlir və deyir: “İndiyə qədər övladımı öpməmişəm”. Həzrət (s) buyurur: “Həqiqətən də, bu kişi cəhənnəm əhlidir”. Bu məsələdə qız və oğlan arasında heç bir fərq yoxdur – qız da, oğlan da Allahın inayətidirlər və hər ikisi insan övladlarıdırlar. Qız övladına münasibətdə ərəbin cahiliyət dövründəki ruhiyyədə olanlar - səfehlik bataqlığına qərq olurlar. Məlum olsun ki, qız sahibi olmaq İslamda ali bir məqamdır. Məsumlardan (ə) övladlara aid bizə çatan başqa bir sifarişdə deyilir: “10 yaşına çatmış qız və oğlanın yatağını ayırmaq lazımdır”. Peyğəmbər (s) buyurur: “Oğlanla oğlanın, qızla oğlanın və qızla qızın yatağını on yaşına çatanda ayırın”. Bəli, on yaşına çatmış iki oğlanın və ya qızla oğlanın və ya iki qızın bir yataqda yatmağı məsləhət deyildir, İslam bu əməli bəyənmir. İmam Sadiq (ə) buyurur: “Yeddi yaşına qədər uşağı oyunlarda azad burax və yeddi il sonra bütün vücudunla ona nəzarət et. Əgər dindar olub, tərbiyəni qəbul etdi - deməli yaxşıdır, əks halda ondan xeyr gəlməz”. Peyğəmbər (s) buyurur: “Övladlarınıza üzməyi və ox atmağı öyrədin”. O Həzrət (s) yenə buyrur: “Övladlarınızı əziz tutmaqla və onlara qarşı yaxşı rəftar etməklə özünüzü Allah məğfirətində qərar verin”. Malik Dənyal deyir: “Özbaşına bir insan idim və İslamdan xəbərim yox idi. Üç dəfə evləndim. Doğa bilmədikləri üçün onları boşadım. Sonrakı arvadımdan bir oğlum oldu. Altı yaşında onu məktəbə apardım və evə qayıdan zaman onu xəstə halda gördüm. Məlum oldu ki, müəlliminin ona ilk öyrətdiyi şey bu ayə idi: “Qiyamət uşaqları qocaldır”. Onun xəstəliyinin əlacı tapılmadı və öldü. Gecə yuxuda gördüm ki, tənha halda qorxunc bir biyabanlıqdayam. Qəribə və qorxulu mövcudatlar mənə hücum etdilər. Qaçmaqa başladım. Bir divara rast gəldim, istədim divardan yuxarı qalxıb onun arxasına keçəm ki, özümü bu mövcudatlardan xilas edəm, qəflətən bir neçə uşağı oyun oynayan zaman gördüm. Onlardan öz uşağımı soruşdum, onu çağırdılar, ondan soruşdum ki, əzizim, hardasan? Dedi ki, “öləndən sonra məni Quran dərsinə apardılar ki, Quranı öyrənərək, behiştə daxil olum və Haqqın rəhmətinə çatım. Ondan soruşdum ki, bu mövcudatlar kimdirlər? Ata, bunlar sənin çirkin əməllərinin və əxlaqlarının təzahürüdür”. Qorxudan yuxudan ayıldım. Bütün çirkinlikləri kənara qoydum, tövbə etdim və Haqq yoluna qədəm qoydum.
Posted on: Wed, 19 Feb 2014 07:00:08 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015