Əsəd CAHANGİR Dionisin sağlığına! - TopicsExpress



          

Əsəd CAHANGİR Dionisin sağlığına! Firuz Mustafa səhnə əsərlərinin sayı baxımından Şekspiri keçən yeganə Azərbaycan dramaturqudur. Qırxdan artıq pyes müəllifi olan F.Mustafanın yaradıcılığının ideya əsasında həqiqət axtarıcılığı durur. Əgər Elçin öz həqiqətini sənətdə, Ə.Əmirli dində, H.Mirələmov vətənpərvərlik ideologiyasında tapırsa, F.Mustafa fəlsəfədə görür. O, sovetlərdən miras qalan bayağı materializmin sərhədlərini aşaraq, Haqverdiyev və Caviddən sonra yenidən metafizikaya üz tutan ilk Azərbaycan dramaturqlarından biridir. Yerdə baş verən olayların kökünü göylərdə axtarmaq! Görünən olayların gözəgörünməz səbəblərinə baş vurmaq! “Sehrbaz” dramında personajlardan birinin dilindən səslənən aşağıdakı sözləri onun həqiqət axtarışları cəhdlərinin son və ən ümumi formuləsi kimi də qəbullanmaq olar: Nə Allahı qına, nə də bəndəni, Bunların hamısı tale işidir; Olum da, ölüm də göylərdən gəlir, Bizim xoşbəxtliyin mənbəyi göydə, Bizim bədbəxtliyin mənsəbi yerdə. “Bunların hamısı tale işidir”. F.Mustafanın pyesləri üçün səciyyəvi olan tragik ovqat bu fatalist dünyagörüşündən doğur. Yaşamaq faciədir! Dramaturqun son illər bir qayda olaraq, şən komediya yox, kədərli dram janrına müraciətini, yəqin ki, bu qənaət şərtləndirir. Onun 2006-cı ildə “Araz” nəşriyyatında işıq üzü görən “Qara qutu” kitabında son illərdə yazdığı “Qara ulduzlar”, “Sehrbaz”, “Zaman”, “Pələng ili”, “Neytral zona”, “Bir nəfər üçün tamaşa və yaxud qarabasmalar”, “Qara qutu” dramları da yer alıb. Lakin tale, alın yazısı məsələsinə verdiyi önəmə rəğmən, F.Mustafa insana fərdi iradədən məhrum kölə kimi baxmır. Bu, onun fatalizminə ekzistensial çalar verir. Onun bir çox protoqonist qəhrəmanları Kamyünün tauna qarşı anlamsız mücadilə apardığını bilən, amma öz həkimlik borcunu yerinə yetirməkdən yenə də vaz keçməyən qəhrəmanını xatırladır. İnsan ruhunun qandallandığı, vicdan azadlığının tapdalandığı avtoritar rejimdə cinayətlərin ən dəhşətlisi insanın öz vicdanına xəyanətidir. F.Mustafanın siyasi-fəlsəfi baxışlarını əks etdirən bu ideya öz əksini “Qara ulduzlar” dramında tapır. “Neytral zona” dramında sərhəddə – neytral zonada saxlanılan Vasifi sərhəd işçiləri aylarla evinə buraxmır və it yerinə belə qoymurlar. Lakin problem sadəcə insan şəxsiyyətinə cansız kağız qədər önəm verməyən bürokratik rejimin ifşasında deyil. Sərhəddin hər üzündə bir arvad alan və özü-özünü neytral zonaya salan Vasifin də bu işdə suçu az deyil. Amma dramın çoxqatlı ideyası bununla da bitmir. Qanunbazlığın qanunu əvəz etdiyi durumda sosial nizam pozulur və həyat elə bir qeyri-müəyyən, neytral şeyə dönür ki, burda insanla heyvanın, yaşamaqla sadəcə mövcudluğun fərqi olmur. “Sehrbaz” dramında həkim Samit öz pasiyentindən qeyri-qanuni doğulan qızının özü də bilmədən məşuquna çevrilir və bu absurd final taleyin cəzası olduğu qədər, həm də insan əməlinin sonucu kimi mənalanır. “Zaman” dramında cəbhədən qayıdıb mülki həyatda daha qorxulu “ermənilərlə” üz-üzə gələn qəhrəmanın könüllü olaraq qəbirə getməsində şəxsiyyətin ikiləşməsi amilinin də rolu olur. “Pələng ili” dramında təbiət qoynunda dincələn bir neçə ailə cütlüyünün gözlənilmədən qorxunc pələnglə üzləşməsi də eyni məntiqlə çözülə bilər. Pələngin zühuru bayağı vətənpərvərlik hissi, vulqar təbiət vurğunluğu, saxta sədaqət və məqsədyönlü nəzakətin altında gizlənən yırtıcı eqoizm, mənfəətpərəstlik, xəyanət və riyakarlığın gizli qatlardan üzə çıxmasının simvolik işarəsinə çevrilir. Ən böyük vəhşi insanın öz içindədir – dramaturq bunu deyir. Və “Qara qutu” pyesində işıq insanın qara qutuya təşbeh olunan içinə düşür. O qutudan sadəcə nəyisə silmək yox, həm də baş çıxarmaq da mümkünsüzdür, hətta insanın özü belə. İnsan həyata sual kimi gəlib, dünyanı sual kimi də tərk edir. Bununla belə, “Çardaqda zirzəmi” absurd dramında olduğu kimi F.Mustafanın əsərlərində bəzən personajlar metomarfozaya məruz qalmaq hesabına bir neçə ampluada çıxış edir, tez-tez fərqli zaman və məkanlara transfer olunur və nəticədə əsər aşırı yüklənir. O dərəcədə ki, hətta Bomarşe öz Fiqarosu ilə bir yerdə Firuz bəyə qibtə edə bilər. İntellektual oyuna aludəlik, teatral tələblərə etinasızlıq pyesin səhnələşdirilməsi imkanlarını məhdudlaşdırır, onu lizodram, yaxud fantastik kinossenariyə yaxınlaşdırır. “Pələng ili”nin birinci hissəsi, yaxud “Qara ulduzlar”da olduğu kimi fəlsəfəçiliyə ifrat meyl isə dramaturji tempi zəiflədir, söz hərəkəti üstələyir. Olsun ki, 20-dən artıq pyesi fərqli teatrlarda səhnələşdirilən Firuz bəyin indiyə qədər Milli Teatra yol tapa bilməməsində bu amillərin də müəyyən payı var. Amma bu, əlbəttə ki, yeganə və həlledici səbəb deyil. Daha ciddi səbəb Firuz bəyin modernist estetikasının öz üzərinə ənənəvi teatr statusu götürmüş Milli Teatrın ştamplarına o qədər də uyğun gəlməməsidir. Ondan da “ciddi” səbəb haqqında isə birinci bölümdə danışdığımızdan özünütəkrara yol vermək istəmirik. Bizcə, bu günlərdə “Xalq qəzeti”nə müsahibəsində “hansısa əsərimin hansısa teatrda oynanılması üçün heç vaxt xüsusi israr və təşəbbüsdə bulunmuram” sözləri ilə F.Mustafa özü də həmin “daha ciddi” səbəbə üstüörtülü işarə edir. Bizə elə gəlir ki, ən azı üslubi rəngarənglik, ən çoxu isə teatrın ardıcıl yeniləşmə tələbi naminə F.Mustafanın uğurlu əsərləri ana teatrımızın səhnəsinə yol tapa bilər və inanırıq ki, teatrın başladığı yeni repertuar siyasəti nəticəsində bunu çox da gözləmək lazım gəlməyəcək. … (“525-ci qəzet”, 11 iyun 201-l)
Posted on: Wed, 17 Jul 2013 19:19:46 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015