→ Dünya haqqında təsəvvürlərin formalaşması İstər - TopicsExpress



          

→ Dünya haqqında təsəvvürlərin formalaşması İstər tarixi, istərsə də coğrafi baxımdan dünya haqqında insanların ilk təsəvvürlərini öyrənmək mühüm əhəmiyyət kəsb edir. Çünki təsəvvürlər min illər boyu tədricən təkmilləşərək müasir elm formasını almışdır. Yer haqqında bəsit təsəvvürlər tədricən elmi xarakter aldıqca insanlar yaşama arealının genişləndirmiş, yeni torpaqlar kəşf etmək üçün müxtəlif istiqamətlərdə ekspedisiyalar təşkil etmişlər. Beləliklə insanlar min illər boyu elmi biliklərini artırmaqla inkişafının növbəti pilləsinə qalxmışdır. Əvvəllər əsasən səyyahların məlumatlarına istinad edən coğrafiya sonralar öyrəndiyi obyektlərə görə müxtəlif sahələrə ayrıldı. Coğrafıyanın təsirinə nəzər salmaqla onun hansı təsəvvürlər əsasında tədricən inkişaf edərək bu günki səviyyəyə çatmasını təsəvvür etmək çətin deyil. Yer kürəsinin əmələ gəlməsi, forması, ölçüləri, okeanlar, atmosfer və bir sıra digər elmi fikirlər bəşəriyyətin uzun illər əldə etdiyi nailiyyətlərin bəhrəsidir. Ona görə də harada və nə vaxt daha düzgün ideyaların meydana gəlməsi haqqında konkret fikir söyləmək mümkün deyil. Biz yalnız dövrümüzə qədər çatan məlumatlara əsaslanaraq mühakimə yürüdə bilərik. Ilkin yazılı məlumatlara qədim Çin mənbələrində rast gəlinir. Mənbələr eramızdan 4000 il əvvəlki dövrləri özündə əks etdirir. Qədim quldarlıq quruluşuna malik olan misirlilər Nil çayı ətrafında ensiz vadidə məskunlaşmaqla əsasən əkinçiliklə məşğul idilər. E.ə. XXIX əsrdə Suveyş bərzəxinə doğru hərəkət etməklə Ərəbistan yarımadasına keçmişlər. Ilk dəfə Aralıq dənizində üzmələr və sahil zonalarının qədim misirlilər tərəfindən öyrənilməsi e.ə. XVII əsrə təsadüf edir. Bu dövrdə dünya haqqında ibtidai təsəvvürlərə malik olan misirlilər Aralıq dənizindən şimaldakı yerlər haqqında məlumatlara malik deyildilər. Qədim vavilonlar Yer kürəsini dağ şəklində təsəvvür etməklə güman edirdilər ki, onlar dağın qərb yamacında yerləşmiş, dağın özü isə hər tərəfdən su ilə əhatə olunmaqla bərk səma cisminə bərkidilmişdir. Onlar günəşin qərbdə dənizdə batdığı kimi, şərqdən də mütləq dənizdən çıxması kimi səhv fikri özlərində aşılamışlar. Eramızdan 2800 il əvvəl Mesapatomiyada gil üzərində xəritə tərtib olunduğu halda, avropalılara görə Yer haqqında qədim təsəvvürlər guya yunanlara aiddir, bəşəriyyət bu kiçik xalqa yetirdiyi dahilərlə və yaratdığı elm sahələrinə görə minnətdar olmalıdır. Əslində isə qədim coğrafi biliklər şərq ölkələrinə məxsus olmuş, yunanlar tərəfindən isə toplanaraq sistemə salınmışdır. Yunanların yer haqqında ən qədim təsəvvürlərinə eramızdan VIII-XII əsr əvvəl Homerin «Odissey» və «Illiada» əsərlərində rast gəlinir. Belə məlum olur ki, yunanlar həmin dövrdə yer kürəsi səthini dairəvi qabarıq qalxana oxşadırdılar. Yunan filosoflarından Fales yer kürəsini maye içərisində üzən tıxaca bənzətməklə yuxarıda əyilmiş formada səmaya bərkidilmiş kimi təsəvvür edirdi. Anaksimandr isə Falesdən fərqli olaraq e. ə. VI əsrdə yer kürəsini silindrə bənzədir. Quru sahəni silindrin mərkəzində adaya oxşatmaqla onu dənizlə iki hissəyə ayırır (Avropa və Asiya). Anaksimandra görə Yunanıstan qurunun mərkəzində yerləşir. Günəşin çıxıb-batmasını isə onun yer kürəsinin ətrafında fırlanması ilə əlaqələndirir. E.ə. 580-500-cü illərdə yaşamış qədim yunan mütəfəkkirlərindən biri olan Pifaqor haqqında məlumatların az olmasına baxmayaraq onun Misirdə, Babilistanda və Hindistanda olması haqqında dəqiqləşdirilməmiş fikirlər mövcuddur. Dəqiqləşdirilməmiş fikirlərə əsasən o, şərq ölkələrində əldə etdiyi elmi biliklərə əsaslanaraq Yunanıstanda aristokratiya nümayəndələrindən ibarət məktəb açır. Burada fəlsəfə, təbiət və riyaziyyatdan təhsil alan tələbələrə başqa məktəblərdə oxumaq, məktəbin elmi sirlərinin yayılması qadağan edilirdi. Pifaqor yer haqqında fikirlərinə görə daha irəli gedərək nəinki yerin, hətta digər planetlərin də kürə formasında olması nəticəsinə gəlmişdir. E.ə. IV əsrdə yaşamış (e.ə. 384-322) Aristotel Pifaqordan fərqli olaraq, nəinki yerin kürə formasında olması fikrini irəli sürmüş, hətta onu elmi cəhətdən sübut etməyə çalışmışdır. Aristotelə görə əgər yer kürə formasında olmasa idi, onun ay üzərinə saldığı kölgə çevrənin bir hissəsini xatırlatmazdı. Qədim Yunanıstanda elmin inkişafının növbəti mərhələsi görkəmli astronom Samoslu Aristarxın adı ilə bağlıdır. O, elmdə ən böyük çevrilişin başlanğıcını qoymaqla, günəşin yer ətrafında deyil, yer kürəsi planetlərlə birlikdə günəş ətrafında fırlanması nəzəriyyəsinin əsasını qoyur (e.ə. III əsr). Təəssüf ki, bu fikir elmi cəhətdən əsaslandırılmamış qalır. Qərb alimlərinə görə bu fikri elmi cəhətdən izah etmək 1700 ildən sonra polyak alimi Kopernikə (1473-1543) qismət olmuşdur. Əslində isə Kopernikdən 500 il əvvəl geosentrik nəzəriyyəni inkar etməklə heliosentrik nəzəriyyəni irəli sürən türk dünyasının dahi alimi Əbu-Reyhan Biruni olmuşdur. Coğrafiyanı dəqiq elmlər sırasına daxil etməklə fizika, riyaziyyat elmləri ilə əlaqələndirən Eratosfen (e.ə. 276-194) yay gündönümündə (22 iyun) Iskəndəriyyə ilə Siena (Asuan) şəhərində günəşin düşmə bucağı fərqinə əsaslanaraq skafis cihazı vasitəsilə dövrü üçün yerin ən dəqiq ölçülərini vermişdir. Belə ki, Iskəndəriyyə şəhərindən Asuan şəhərinə səyahət edənlər yay gün dönümündə burada Günəş zenitdə olduğundan dərin quyuların bedə dibinin işıqlandığının şahidi olurlar. Başqa sözlə, günorta cisimlər kölgə vermirlər. Iskəndəriyyədə isə həmin gün günorta Günəş zenitə çatmadığına görə quyuların dibi işıqlanmadığından cisimlər kölgə verir. Eratosfen Iskəndəriyyədə iyun ayının 22-də Günəşin zenitdən nə qədər aşağıda olmasını ölçmək qərarına gəlir. O, fərqin 7°12^ olduğunu özünün hazırladığı skafis cihazı ilə müəyyən edir. Yerin kürə formasında olduğunu nəzərə alan Eratosfen 360o-i 7o12^ bölməklə fərqin çevrənin 1/50-ə bərabər olduğunu tapır. Beləliklə məlum olur ki, Iskəndəriyyə ilə Asuan arasındakı məsafə Yer kürəsinin 1/50-i qədərdir. Bundan sonra Yer kürəsinin çevrəsini hesablamaq üçün bu iki şəhər arasındakı məsafənin ölçüsünü bilmək və onu 50-ə vurmaq lazım idi. Həmin dövr üçün ölçü vahidi stad sayılırdı. Iskəndəriyyə ilə Asuan şəhərləri arasındakı məsafənin 5000 stada bərabər olduğunu nəzərə alan Eratosfen 5000 stadi 50-yə vurmaqla 250000 stad rəqəmi alır ki, bu da müasir ölçülərə çevirəndə 39500 km. təşkil edir. Radiusun çevrənin uzunluğundan 6,283 dəfə kiçik olduğunu nəzərə almaqla Eratosfen Yer kürəsinin çevrəsinin uzunluğunu qeyd olunan rəqəmə bölərək onun radiusunun 6290 km. olduğunu müəyyən edir. Çevrənin uzunluğunu isə 360 o-yə bölməklə 1o-nin uzunluğunu təyin edir. Göründüyü kimi, 2200 il bundan qabaq Eratosfenin hesablamalarının nəticələri müasir ölçülərdən çox az fərqlənir. Ilk coğrafiya kitabının müəllifi, «coğrafiyanın atası» hesab edilən Eratosfendən sonra 1525-ci ildə fransız Jan-Ferrel Parislə Amen şəhəri arasında günəşin düşmə bucağı (10) fərqinə əsaslanaraq yerin ölçülərini daha düzgün hesablamışdır (meridian 110,6°, yerin çevrəsi 39816 km, radiusu 6337 km). Qədim yunan coğrafiyaşünaslarının görkəmli nümayəndələrindən biri sayılan e.ə. 64-b.e. 24-cü illərində yaşamış 17 kitabdan ibarət «Coğrafiya» əsərinin müəllifi Strabon olmuşdur. «Coğrafiya» əsərinin iki kitabı nəzəri (riyazi coğrafiya) xarakter daşıyır. Qalan hissələr isə Ispaniya, Britaniya, Italiya, Yunanıstan, Qara dəniz sahilləri, Kiçik Asiya, Ərəbistan, Misir, Hindistan, Şimali və Şərqi Avropaya həsr olunmuşdur. Əsərlərin yazılmasının böyük bir hissəsi Eratosfen, Hipparx, Polibinin məlumatlarına əsaslanır. İskəndəriyyə şəhərində yaşamış coğrafiyaya aid 8 kitabın müəllifi Klavdiy Ptolomey (b.e. 90-118) qədim dünyanın ən görkəmli coğrafiyaşünas və astronomlarından biri olmuşdur. O, eramızın II əsrində özünə qədərki bütün alimlərdən yer kürəsinin daha dolğun və dəqiq xəritəsini tərtib etmişdir. Xəritədə Avropa, Asiya və həmin dövrdə Luviya adlanan Afrika öz əksini tapmışdır. Dərəcə toru əsasında tərtib olunmuş bu xəritədə Şimali Afrika kifayət qədər dəqiqliyi ilə seçilir. Asiyanın şimalda və şərqdə harada qurtardığını bilməyən Ptolomey qitəni bütövlükdə göstərə bilməmişdir, Şimal Buzlu və Sakit okean haqqında isə heç təsəvvürə malik deyildir. Xəritədə Afrika materiki cənub qütbünə kimi uzanmaqla, adı məlum olmayan hansısa bir torpağa keçir və bu torpaq isə şərqdən Asiya ilə birləşir. Beləliklə, Hind okeanı qapalı hövzə kimi xəritədə öz əksini tapır. Nəticədə Avropadan Hindistana su yolunun olması inkar olunur (şəkil 1). Qeyd olunanlara baxmayaraq XV əsrə qədər Klavdiy Ptolomeyin xəritəsi yer kürəsinin ən mükəmməl xəritəsi sayılmışdır. Orta əsrlər dövründə antik dövrün elmi nailiyyətləri kilsələrin təsiri altında getdikcə unudulmağa başlandı. Kilsə yer kürəsinin quruluşu və əmələgəlməsi haqqında elmi fikirləri inkar etməklə alimləri təqib etməyə başladı. Məktəblərdə dini fikirlər aşılanmaqla yer kürəsi haqqında fantastik təsəvvürlər yaradılmağa başlandı. VI əsrdə yaşamış Kosmo Indikoplo (tacir-monarx) yer kürəsini düzbucaqlı kimi təsəvvür etdi. Elmi əsaslara malik olmayan xəritələrin tərtib olunması orta əsrlərdə kartoqrafiyanın elmi tənəzzülünə səbəb oldu. Lakin orta əsrlərin sonunda Avropada ticarət və dənizçilik inkişaf etməyə başladı. XIII-XIV əsrlərdə kompas və portolan adlanan naviqasiya xəritələrinin yaranması dənizçilərə daha uzaq məsafələrə üzməyə və yeni torpaqlar kəşf etməyə imkan yaratdı. Portolan xəritələrində materiklərin daxili hissələri boş qalsa da sahil xətlər çox düzgün təsvir edilirdi. Bütün bunlar böyük coğrafi kəşflərin dövrünün başlanğıcının yaxınlaşdığını göstərirdi. Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR» Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu "Həyatın Təhlükəsiz Anı" - Ə Fuad
Posted on: Sat, 31 Aug 2013 18:21:16 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015