Hərdən mənə elə gəlir, bu ölkədə kasıb təkcə mənəm. - TopicsExpress



          

Hərdən mənə elə gəlir, bu ölkədə kasıb təkcə mənəm. Axı Azərbaycan gənci maddi problemləri çoxdan aşıb. Onlar gecə-gündüz qlobal istiləşmənin fəsadlarını düşünürlər. Kürk istehsalı üçün suitilərin qətli onların kövrək qəlbində dərin yaralar açıb. Əfqanıstanda pozulan qadın hüquqlarının dərdindən cahıl yaşda saçlarına dən düşüb. Yaponiyada ildə bir gün icazə verilən balina ovunda yüzlərlə balinanın qırılmasını tayı-bərabəri olmayan vəhşilik hesab edirlər. Onlar kapitalizmin bir sistem kimi çürüklüyünü, istismarçılığını dərk edir və bəşəriyyətin qorxunc aqibəti barədə ümidsizcə baş sındırırlar. Bu sosial şəbəkələrdən, elmi-bədii yönümlü portallardan, bloqlardan görünən Azərbaycandır. Həqiqətdə bunun virtual dünyadan görünməyən hissəsi də var. Həqiqəti isə siz məndən də yaxşı bilirsiniz, insanların səfil güzəranını görmək üçün vallah young activist olağa ehtiyac yoxdur. Yüngülvari nəzər yetirsən, bizdə şəhərlər gözəlləşdikcə orada həyat səviyyəsi çirkinləşir. Hamı təhsili və savadını gözə soxur amma iş o yerdədir ki, məktəbi bitirənlər “oxumaq yoxsa işləmək” dilemması ilə üzüzə qalıb. Onsuz da belə demək mümkünsə, oxumağın dövranı ölüb, nəisə. Qlobal problemlərin möhnətindən yorğan-döşəyə düşən azərbaycanlı gəncin həyatına baş çəksək görərik ki, sessiya çatan kimi valideynlərindən pul dilənməli olan tələbədir, ya da nə bilim, işə pulla keçib, ya da iş tapmayıb, bizneslə məşğuldur. Heyvan hüquqları uğrunda özünü didib-dağıdan insan ya dürüst deyil, ya da elə məharətlə aldadılır ki, öz hüquqlarının pozulduğundan xəbərsizdir. Deməyim odur ki, biz hər şeydən şikayətlənirik, amma kasıblıq bir problem kimi o qədər iylənib ki, qətiyyən cəlbedici gəlmir brat. Daha dəbdə olan problemlərdən danışırıq. Ya da əsas problemlər bizi o qədər utandırır ki, onları gizlətmək üçün başqa dərdlər uydururuq. Hələ onları etiraf edəcək qədər yetkinləşməmişik. Hər vəchlə səfalətimizi gizlətməyə çalışırıq. Geyimdən tutmuş davranış, zövq, dünyagörüşümüzə qədər hər şey əslində bu böyük nöqsanı pərdələməyə xidmət edir. Mənsə üzünüzə deyirəm. Siz yoxsulsunuz. Yox yox, elə maddi mənada deyirəm. Heç bir mobil telefon, adı “i” ilə başlayan oyuncaq sizin aylıq gəlirimizin biabırçılığını örtə bilməz. Qərb insanının problemlərini kəs-yapışdır etmək isə sizdə baş tutmur ay səfil bədbəxtlər! Belə nəsə süni çıxır elə bil. Vallah alınmır. Kenan Murad
Posted on: Tue, 23 Jul 2013 05:42:46 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015