PARALEL DÜNYADAN MESAJ AYSBERQİN GÖRÜNƏN - TopicsExpress



          

PARALEL DÜNYADAN MESAJ AYSBERQİN GÖRÜNƏN ÜZÜ B.Tuncay (davamı) GÜNDƏLİKDƏN SƏHİFƏLƏR… “9 okyabr. 2000 – ci il. Bu gün həyatımda böyük bir dəyişiklik baş verdi. Bilmirəm, bu dəyişikliyi fəlakətmi, yoxsa yeni həyatın başlanğıcımı adlandırım. Fakt isə budur ki, rəhmətlik valideynlərimdən mənə miras qalmış və həyatımı çətinləşdirən əxlaq prinsiplərimə ilk dəfə xəyanət etdim. Eyni zamanda, ölənə qədər Sevincimin xoş xatirəsinə və ruhuna sədaqətli olacağıma, heç vaxt evlənməyəcəyimə və heç bir qadınla yaxınlıq eməyəcəyimə dair vermiş olduğum sözümə xilaf çıxdım. Dünən hamamdan çıxdıqdan sonra yaxşıca qurunmadan siqaret çəkmək üçün eyvana çıxmışdım. Hava bərk soyuq idi və soyuq öz işini gördü. Gecə qızdırmam qalxdı, öskürməyə başlamışdım. Özümü çox pis hiss edirdim. Bütün gecəni yata bilmədim. Səhər Günayı məktəbə ömrümdə ilk dəfə tək yola saldım. Qapıya kilid vurmayacağımı söylədim. Yatağıma uzanıb yuxuya getməyə cəhd etdim. Yuxuya gedib xəstəliyimi, bir anlığa da olsa, unutmaq, rahatlanmaq istəyirdim. Amma öskürəklər yuxuya getməyimə imkan vermirdi. Nəhayət, gözümü yumdum və yuxu görməyə başladım. Yuxuda Sevinc başımın üzərində durub mənə “can, can!” – deyirdi. Ayağa qalxıb onu qucaqlamaq, bağrıma basmaq istədim. Amma halsızlqdan buna gücüm yetmədi. O, soyunub yanıma girdi… Elə bu an qulağıma dəyən qapı zənginin səsi ayılmağıma səbəb oldu. Sevinc bir anda yox oldu. Yuxuda da olsa, bir anlığa sevgi dolu anlar yaşamama mane olan bu mərdimazarın kim olduğunu düşündüm. Kim olursa – olsun, vecimə də deyildi. Bir də, axı, ayağa qalxmağa heç halım da yox idi. Bir şeyi dəqiq bilirdim ki, bu Günay deyil. Onun əli zəngə çatmrdı. Bu səbəbdən də həmişə qapını döyəcləyərdi. Bir də, axı, qızım qapının kilidli olmadığını bilirdi… Qapının açıldığını eşitdim. Ardınca da qonşumuz Məsmə xanımın məni səsləyən səsini eşitdim: “Elxan müəllim, ay Elxan müəllim!” Ayağa qalxmaq istədim, amma qalxmağımla başımın hərlənməsi, gözlərimin qaralması və huşumu itirərək yerə yıxılmam bir oldu… Özümə gəlib, gözlərimi açanda artıq yenidən yatağımda idim. Məsməni başımın üstündə, alnımı və çiyinlərimi ovuşduran gördüm. O gülümsəyə – gülümsəyə dedi: - Səhər pilləkanda Günayı gördüm. Məktəbə tək getdiyi məni təəccübləndirdi, səbəbini soruşdum. Sənin xəstə olduğunu söylədi. Narahat olmaya bilərsiniz, qızı özüm düz məktəbin qapısına qədər yola saldım. Günorta da gedib özüm gətirəcəyəm… Məsmənin sonrakı sözlərini artıq eşitmirdim. Son on ildə ilk dəfə idi ki, bədənimə qadın əli dəyirdi, burnum qadın ətrini hiss edir, gözlərim önündə, özü də bu qədər yaxında, paltar altında da olsa, şişman qadın döşləri yırğalanırdı: -…Elxan müəllim, sən üzün üstə uzan, mən də evdən keçi piyi gətirim, səni yaxşı – yaxşı ovxalayım… Qeyri – ixtiyari əmrə tabe oldum. Məsmənin getməsi ilə gəlməsi bir oldu. Bir neçə saniyə sonra isə o, artıq kürəklərimi ovxalayırdı. Özü ilə zoğal mürəbbəsi də gətirmişdi. Əlimlə çarpayının kənarından tutmuşdum. Birdən hiss etdim ki, dirsəyim növbə ilə onun gah sağ, gah da sol buduna toxunur. İlahi, onlar necə də yumşaq idilər! Əgər çarpayım azacıq hündür olsaydı, şübhəsiz ki dirsəyimlə onun zinət yerinə də toxuna bilərdim. Dirsəyimi bir az yuxarı qaldırdım, amma məsafə böyük idi. Hədəfə çatmadım. O isə sanki bunu hiss edir, fikirlərimi oxuyurmuş kimi, budlarını dirsəyimə daha çox sıxırdı. Nəhayət onu ayaqlarının arasına alıb sıxdığını hiss etdim. Bədənimdən xoş bir elektrik cərəyanı keçdi. Artıq heç bir şübhə yox idi, mən istədiyimi o da istəyirdi. Amma cənab əxlaq qarşımzda keçilməz bir sədd kimi dururdu. Bunula belə, biz bu səddi keçmək yolunda ilk addımı atmış, niyyətimizi bir – birimizə hərəkətlərimizlə anlada bilmişdik. Əlbəttə, bunu elə etmişdik ki, guya hər şey təsadüfən, istəmədən baş verir və guya bunun fərqində belə deyilik. Məsmə yaxşı bir çay dəmlədi. Zoğal mürəbbəsi ilə içdim…” *** “10 oktyabr. 2000 – ci il. Səhər Məsmə Günayı məktəbə apardı. Döndükdən sonra isə kürəyimi piylə ovxalamaq üçün yenidən yanıma gəldi. Bu dəfə yatağa uzanmadım. Köynəyimi soyunub səndəldə oturdum. O isə arxama keçmk əvəzimə sol tərəfimdə durdu. Sol qolunu çənəmin altından sağ çiynimə dirəyərək sağ əli ilə kürəyimi ovxalamağa başladı. O, hərəkət etdikcə, yumşaq, böyük və yumru döşləri sol çiynimə toxunurrdu. Sol qolum qarnına dəyirdi. Dirsəyim isə budlarının arasında idi. Xüsusi cəhd etməyimə ehiyac yox idi. Özü öz zinət yerini dirsəyimə dirəmişdi və var gücü ilə sıxırdı. Sanki, bütün qolumun içinə girməsini istəyirdi. Vallah, imkanım olsaydı, bütün qolumu ora soxardım. Nəinki qolumu, lap başımı da soxardım. Bütün vücudumla içəri girərdim. Amma əxlaq adlanan “kəndir” əl – qolumu bağlamışdı. Yox! Yox! O, artıq kəndir deyildi. Çox nazilmişdi, kəndirdən daha çox, nazik sapı xatırladırdı və hər an qırılmağa hazr idi. Sanki, üzünü bizə tutub yalvarırdı: “Qırın məni, atın bir kənara!” Və biz onu qırıb atdıq. İlk addımı Məsmə atdı, o qarşıma keçib boynumu qucaqladı, döşlərini üzümə dirədi və başımı özünə tərəf sıxdı. Növbəti addım məndən gəldi. Bir əlimlə belini, digər əlimlə bir qədər aşağı, yumşaq yerini qucaqladım. İki dəqiqə sonra artıq çarpayıda idik. Sarmaşıq kimi bir – birimizə sarılmışdıq…” *** Elxan və Məsmənin on ildən bəri davam edən gizli məhəbbətinin üstündəki sirr pərdəsi artıq yırtılmışdı. Rəşidin açılan bəsirət gözü bu pərdəni cırıq – cırıq etmişdi. Bu göz, bu üçüncü göz hər şeyi görürdü. Günayla Fuadın bütün əxlaq prinsiplərini aşan münasibətləri də, Elxanla Məsmənin zinakar məhəbbəti də ondan yayına bilməmişdi. O, qəlblərdəkiləri, xəyallardakıları bütün çılpaqlığı ilə görür və sahibinə göstərirdi. Rəşid müəllim onun köməyi ilə nələr görməmişdi ki?! Ononizmlə məşğul olan yeniyetmələr, tində – bucaqda nəşə çəkən, evə dönəndə də gözləri sulanmış və qızarmış vəziyyətdə dönən “tərbiyəli övladlar” və onların qızarmış və sulanmış gözlərini xəstəlik əlaməti sayaraq, tünd dəm çayıyla yumağa girişən sadəlövh analar, çirkin niyyətini gerçəkləşdirmək üçün yuxusana haram qatan, özünü səhər tezdən – basabasın mövcud olduğu saatda metroya yetişdirən, camaatın gur yerinə dürtülərək, bədənini qızı və nəvəsi yaşında olan qız – gəlinə sürtüşdürməklə, onların bədənlərinin müxtəlif hissələrinə əl sürtməklə ehtirasını söndürməyə çalışan 62 yaşlı şair… Və daha nələr və nələr!!! Professorun ağlına belə gəlməzdi ki, insanların ürəkləri bu qədər pas atıb, qəlblər bu qədər zir – zibillə dolub. Xəyallarda bircə dənə də işıqlı fikir qalmayıb. Beyinlərdə yalnız xəyanət, həsəd, paxıllıq, şöhrətpərəstlik, zinakarlıq, xəsislik, pulgirlik, kin, nifrət, qəzəb, intiqam hissi və s. şeytani fikirlər dolaşır. İnsanların daxili aləmi Ələddinin sehirli çırağına bənzəyirdi və bu çıraqların hər birində bir qəzəbli cin həbs olunmuşdu. Allah eləməsin ki, o cinlər bir gün öz çıraqların tərk etsinlər. O zaman dünyanı fəlakət bürüyər. Nə yaxşı ki, cəmiyyətdə hələ də əxlaq prinsipləri var və insanlar görüntü xatirinə də olsa, bu prinsiplərə əməl edirlər. Nə yaxşı ki, hələ də ictimai qınaqdan qorxurlar. Nə yaxşı ki, cəmiyyətlər, ölkələr və dövlətlər qanunlarla idarə edilir və həmin qanunları pis – yaxşı qoruyan hüquq – mühafizə orqanları var. Əks təqdirdə elə şeylər baş verərdi ki, təsəvvür etmək belə çətindir. Amma bizdən fərqli olaraq, Rəşid müəllim hər şeyi çox gözəl təsəvvür edirdi. Çünki bizim görə bilmədiklərimizi görür və İblisin qəlblərə çoxdan hakim olduğunu, oradan Tanrı sevgisini, Allah xofunu silib süpürdüyünü bilirdi. Professorun görüb – bildikləri çox dəhşətli idi. O hər saniyə xəyallarda neçə bank və dükanın soyulduğundan, neçə qadının zorlandığından, neçə adamın qətlə yetirildiyindən və s. xəbərdar idi. Nə yaxşı ki, bütün bunlar real dünyada deyil, insanların fantaziyalarında baş verirdi. Əgər fantaziyalar bir gün gerçəkləşsəydi… Yox! Bu barədə düşünmək belə adama dəhşət verir. Rəşid müəllim özünü üfunətli bir çirkabın içində hiss edirdi. Yeganə təsəllisi sevimli Gülzarı idi. O bu bataqlığın içində kiçik bir çiçəkli adanı xatırladrdı. Ətrafdakı insanlardan fərqli olaraq, bu qadın gerçəkdən də məsum idi. Nə düşünürdüsə, onu da deyirdi. Daxili aləmi ilə xarici aləmi eyni idi və çox gözəl idi. Nə yaxşı ki, bu dünyada Gülzar kimi insanlar, az da olsa, var və onlardan biri Rəşid müəllimə qismət olub. Əslində, Elxanın da qəlbi təmiz idi və dostu bunu bilirdi. Yeganə qəbahətini - İblisə yenilərək, zina bataqlığına yuvarlanmasını nəzərə almasan, məsum körpə kimi təmiz idi. Amma elə bu, 10 ildən bəri gizli saxlanılan zina Rəşidin ondan soyuması üçün tamamilə yetərli idi. Əlbəttə, bunu gizlətməyə, dostunu incitməməyə çalışırdı, amma bacarmrdı. Nə qədər səy etsə də hisslərini gizlədə bilmirdi. Və Elxan bunu hiss etmişdi və təkcə bunu yox: “6 iyun. 2010 – cu il. Məlum güzgü hadisəsindən altı gün keçir. Həmin hadisədən sonra Rəşid tamam başqa adam olub. Bunu bir mən yox, hamı – oğlu Fuad da, qızım Günay da hiss edirik. Təkcə Gülzar heç bir dəyişiklik görmür. Bu da təbiidr, atalar düz deyib, məhəbbətin gözü kor olar. Gerçəkdən də onun davranışlarındakı dəyişikliyi görməmək üçün kor olmaq lazımdır. Dostum elə bil, Gülzardan başqa hamıdan soyuyub. Özümə qarşı öncələr ondan heç vaxt duymadığım bir soyuqluq hiss edirəm, sahki, məndən qaçmağa çalışır, üzləşdiyimizdə isə gözlərində əvvəlki səmimiyyət və sevgidən əsər – əlamət qalmadğını görürəm və bu məni bərk üzür. Axı, ona bir pislik etməmişəm. Bir pis iş görməmişəm, dostluğumuza xəyanət etməmişəm. Əslində, onun bu halını dörd – beş gündür ki, hiss edirəm. Amma yazmaq istəmirdim, keçib – gedəcəyini düşünürdüm. Keçirdiyi sarsıntıdan özünə gəlməsi üçün vaxta ehtiyacı olduğu qənaətindəydim. Ona görə yazmaq istəmirdim ki, gəncliyimdə olduğu kimi, bu gün də yazmaqda olduğum gündəlikləri gələcəkdə dərc etdirmək fikrindəyəm və çox istərdim ki, Rəşid əsərimin əsas müsbət qəhrəmanı olsun. O buna layiqdir. O da, Gülzar da. Elə Fuadla Günay da. Onlar mənim ən əziz adamlarımdır. İçimdə gəzdirdiyim güclü ehtiras və məhəbbətə baxmayaraq, Məsməni bu sıraya qata bilmirəm. Bəli, o mənə Sevincimin yoxluğunu unutdurdu, acı günlərimə, əzablarıma son qoydu, onun sayəsində rahatlıq və hüzur tapdım, amma o, ərinə xəyanət edir. Xəyanət etdiyi üçün də onu bu gözəl insanlarla bir sıraya qoymuram. Elə özümü də. Çünki onun xəyanətinin ortağıyam. Onun kimi mən də Kərimə xəyanət etmişəm. Biz əsərimin mənfi qəhramanlarıyıq. Hərdən özümə nifrət edirəm. Bir qadının iki ərindən biri olmaq bişərəflikdir. Kərim ikidən biri olduğunu bilmir, buna görə də onu şərəfsizlikdə, nakişilikdə günahlandırmaq olmaz. Mənsə bilirəm və bişərəf olduğumu etiraf edirəm. Əlbəttə, bu etirafım gələcəkdə, ölümümdən sonra əsərimi oxuyacaq insanlar üçündür. Ətrafıma etirafda bulunmağa isə nə cəsarətim, nə də kişiliyim çatır. Nə yaxşı ki, qızımın, gələcək kürəkənimin, Gülzarın, ən əsası isə Rəşidin bundan xəbəri yoxdur. Xəbərləri olsaydı, gərək yerə girəydim. Rəşidin üzünə necə baxardım?!…” *** “7 iyun. 2010 – cu il. …Səhər Rəşidgilə getdim. Qapını Fuad açdı. Salamlaşdıq. Atasının nəfəs almaq üçün dənizkənarı bulvara getdiyini söylədi. Çox təəccüb etdim. Çünki işə getmədiyi vaxtlarda o, yuxudan durar – durmaz, tez – tələsik yeməyini yeyər, ortaq işimizi davam etdirmək üçün ya bizə gələr, ya da dərhal masa arxasına keçib, mən gələnə qədər yeni ideyalarını kompüterinin yaddaşına köçürər, gəldiyimdə isə dərhal yazdıqlarını oxuyardı. Güzgü hadisəsindən sonra isə kitabın üzərində, demək olar ki, tək işləyirəm. Bu neçə gündə o, əlini ağdan qaraya vurmayıb. Rəşidi saat qülləsinin yaxınlığında, skamyada oturub dərin fikrə gedən vəziyyətdə tapdım. Ona arxadan yaxınlaşdım. Qəribə hadisə baş verdi. Sanki, kəlləsinin arxasında gözü vardı və ona yaxınlaşdığımı görürdü. Geriyə dönmədən dedi: -Demək ki, burada da əlindən gizlənmək mümkün deyilmiş. Zarafat etmirdi. Səsinin tonundan bu sözləri tam ciddi söylədiyini hiss etdim. Bədənimi soyuq tər basdı. Salam verib yanında əyləşdim. Salamımı aldı. Amma dönüb üzümə də baxmadı. Özünü elə aparırdı ki, sanki, yanında olmağım onu narahat edir. Çox pis vəziyyətə düşmüşdüm. Nə deyəcəyimi bilmirdim. O da susurdu. Bu halın neçə dəqiqə davam etdiyini bilmirəm, amma artıq xeyli vaxt idi ki, yanaşı oturub susurduq. Çox gülməli vəziyyət yaranmşdı. Nə isə demək lazım idi. Amma nə deyəcəyimi bilmirdim. Ağlıma müştərək kitab yazdığımızı və işin yarımçıq qaldığını ona xatırlatmaq gəldi. O isə, sanki fikirlərimi oxuyurmuş kimi, dedi: -Elxan, sən o kitabı yazmağı tək davam etdir. Mən bu işlə daha məşğul olmaq istəmirəm. Müəllif də tək sən olarsan. Mənim həmmüəllifliyə iddiam yoxdur. Onsuz da çox hissəsini sən yazmısan. İdeya da sənindir. Təəccüblə ona baxdım: -Necə yəni tək davam etdir? Sən nə danışırsan? Necə yəni müəllif tək sən olarsan? Yəni məni bu qədərmi alçaq və əclaf hesab edirsən? Bir söz demədi, sadəcə dönüb üzümə baxdı. Gözlərindən istehza oxunurdu. Elə baxdı ki, sanki, ona xəyanət etmişəm, dostluğumuza xilaf çıxmışam. Özümü təhqirolunmuş hiss etdim. Amma körpüləri yandırmaq olmazdı. Dişimi dişimə sıxıb dedim: -Rəşid, son günlər səni heç tanıya bilmirəm. Deyəsən, güzgüdən çıxan ildrım səni başqa adam edib… Sözümü yarıda kəsdi: -Hə, mən daha əvvəlki Rəşid deyiləm. Ona görə də kitabı tək yaz. O mövzu məni artıq qətiyyən maraqlandırmır. İstəyirəm məni düzgün başa düşəsən. Mənim istirahətə, bir müddət tək qalmağa, düşünməyə ehtiyacım var. Amma kitab barədə tam ciddiyəm. -Yaxşı, – dedim, – sən deyən olsun. Onu tək də tamamlaya bilərəm. Sənsə fikrindən dönsən, hər vaxt işi birlikdə davam etdirə bilərik. Amma tək müəllif olacağımı ağlına belə gətirmə. Əsərin onsuz da son fəslindəyik və bunda sənin zəhmətin mənimkindən qətiyyən az olmayıb. Zəhmətini dansam, onu yerə vursam, özümə nifrət edərəm. -Bilirəm. Müəllif məsələsini özün bildiyin kimi et. Amma mən artıq bu işlə məşğul olmayacağam və qərarım qətidir. Məndən isə incimə. Mənim gerçəkdən də dincəlməyə, tək qalmağa, düşünməyə ehtiyacım var. Ayağa qalxdım. İncimədiyimi, onu başa düşdüyümü söylədim. Sağollaşdım və getdim…” *** “10 iyun. 2010 – cu il. …Bu gün günorta Rəşid gözlənilmədən bizə gəldi. Bir daha heç vaxt gəlməyəcəyini, hətta zəng eməyəcəyini düşünürdüm Bu üzdən də Günayla Fuadın gələcək taleləri barədə narahat olmağa başlamışdım. Dünən onlara getmək istəmiş, fəqət Rəşidin istehza dolu soyuq baxışlarını görməmək üçün buna cəsarət etməmişdim. Rəşid əvvəllər olduğu kimi səmimi idi. Deyəsən, onun özünə gəlməsi üçün doğrudan da vaxta ehtiyacı varmış. Günay evdə olmadığından rahat söhbət edə bilərdik. Dostum, sanki, narahatlığımı hiss edibmiş kimi, söhbəti Günayla Fuaddan saldı: -Məncə, uşaqların toyunu mümkün qədər tez etməliyik. Məsələni uzatmasaq yaxşıdır. Nə deyirsən? Əlbəttə ki, təklif ürəyimdən idi. Elə ağzımı açıb məmnunluğumu bildirmək istəyirdim ki, o məni qabaqladı: -Gözlərindən görürəm ki, razısan. Bu sözləri söyləyəndə mənə elə baxdı ki, sanki gözləri rentgendir və bütün içalatımı görür. Fürsətdən istifadə edib sözü kitabın üzərinə gətirmək istədim. Yenə də məni qabaqladı: -Kiab barədə isə fikrim tam qətidir. Onu sən tək yaz. İndi məni tamam başqa bir mövzu, ədəbiyyatla heç bir əlaqəsi olmayan bir mövzu maraqlandırır. O, beynini bu qədər çox məşğul edən mövzunu mənə izah etməyə başladı. Zaman və məkanı ifadə edən koordinat oxlarından, hansısa paralel dünyalardan danışdı. Dediklərini çox çətinliklə başa düşürdüm, doğrusunu desəm, əslində, qətiyyən heç nə başa düşə bilmirdim. Amma başa düşməyə çalışırdım. Ona görə də tez – tez suallar verirdim. Daha doğrusu, vermək istəyirdim. O isə sualları dilə gətirməyimə imkan vermir, sanki, fikirlərimi oxuyurmuş kimi, sualların cavablarını söyləyirdi. Bu üzdən də sual verməyə ehtiyac qalmırdı. Bununla belə, nə demək istədiyini, nəyi izah etmək istədiyini başa düşmədim. Hətta bəzən onun dəli olduğunu düşünürdüm… O getdi. Uşaqların toyunu gələn ay etməyi qərara almışdıq. Dəqiq vaxtı şadlıq saraylarını araşdırdıqdan sonra müəyyən edəcəkdik. Məsməgilin bir şadlıq sarayı da vardı. Öncə Məsməylə məsləhətləşnəyi qərara aldım.” *** “15 iyun. 2010 – cu il. …Nəhayət, Məsmə dəqiq bir cavab verdi. Toyu iyulun 16 – sı və ya 27 – si keçirə bilərdik. Həmin günlər üçün şadlıq sarayı hələ kirayələnməmişdi. Vaxt itirmədən Rəşidgilə getdim. Gülzar və Rəşidlə görüşüb sözümü dedim. Dostum dərhal soruşdu: -Kərimin şadlıq sarayınımı nəzərdə tutursan? Bu sualı verərkən, mənə elə gəldi ki, sualında bir istehza var. Diqqətlə gözlərinə baxdım. Yox, deyəsən, yanılmışdım. Bununla belə, ürəyimdə xal qaldı. Özümü o yerə qoymadım, “bəli” dedim. Gülzar: -Çox yaxşı, Kərimlə Məsmə özümüzünkülərdir. Bizdən artıq pul almazlar, ədalətli qiymət deyərlər. -Qiymət çox münasibdir – deyə bildirdim. Rəşid isə, sanki, nədənsə şübhələnirmiş kimi soruşdu: -Məgər Kərim Bakıdadır? -Yox, – dedim, – Tehrandadır. Qiyməti Məsmə xanımla razılaşdırmışam. Rəşid: -Deməli, Məsmə xanımla. Belə de. Nə olar, çox yaxşı eləmisən. Məncə, ayın 16 – sı daha münasibdir. Ayın 16 – sına razılaşdıq. Günayı sevindirmək üçün dərhal evə döndüm. Amma ürəyimdə xal qalmışdı. Məsmənin adını çəkəndə Rəşidin, sanki, içində güldüyünü hiss etmişdim. Yox, o bunu üzündə qətiyyən büruzə vermədi. Mən belə hiss etdim. Mənə belə gəldi. Yoxsa, Məsmə ilə münasibətlərimiz barədə ona nə isə məlumdur? Yox, bu, qətiyyən mümkün deyil! Ola bilməz! Vallah, Rəşidə nə isə olub. O, qətiyyən əvvəlki Rəşid deyil. Üz – üzə oturub söhbət etdiyimizdə, bəzən üzünü kənara çevirir və elə nəzərlərlə baxırdı ki, sanki, otaqda ondan, Gülzardan və məndən başqa daha kim isə varmış. Daha doğrusu, sanki, indicə yanmızdan kimsə keçdi. Mən və Gülzar da qeyri – ixtiyari o baxan tərəfə baxırdıq. Elə baxırdıq ki, elə bil kimi isə görəcəkdikmiş. Təbii ki, heç nə görmürdük. Görə də bilməzdik. Çünki otaqda sadəcə üçümüz idik. Mənə elə gəldi ki, onu qara basır. Bəli, məlum hadisədən sonra onun psixikasında nələrsə baş verir. Yox, onun dəli olduğu fikrində deyiləm. Çünki fikirləri əvvəlki kimi məntiqlidir. Düşüncələrini tam, səlis və aydın şəkildə ifadə edir…” *** “18 iyun. 2010 – cu il. Bu gün Gülzar, Rəşid, Fuad və Gülzarın bir neçə qohumu bizə gəldilər. Fuadla Günayın böyük nişanını etdik. Çox xoşbəxtəm. O qədər xoşbəxtəm ki, fikrimi, hisslərimi ifadə edə bilmirəm. Axı, necə də xoşbəxt olmayım?! Təkbaşına qız övladını böyütmək, təhsil və tərbiyəsi ilə məşğul olmaq asan məsələ deyil. Mən bunu bacardım. Gələn ay isə o, artıq gəlin köçür, özünün ailəsi olacaq. Rəşid və Gülzar da xoşbəxtdirlər. Fuad isə, sanki, qanad açıb uçur. Elə Günay da. Hamımz xoşbəxtik. Amma Rəşidin halı məni çox narahat edir. Bu gün yenə də qəribə bir şeyin şahidi oldum və bu məni çox narahat etdi. Rəşidlə söhbət edirdik, söhbətin bir yerində başını sağa döndərib, sanki, orada kimsə varmış və ona nə isə deyirmiş kimi, boşluğa “çox sağ ol” dedi. Hər kəsin başı yemək – içməyə, musiqi dinləməyə qarışıq olduğundan bunu heç kəs görmədi. Şübhə yoxdur, dostumu qara basır, gözünə nələrsə görünür. Onun mütləq psixiatra müraciət etməsi lazımdır. Amma indi bu söhbətin qətiyyən yeri deyil. Qoy, uşaqların toyu olsun, sonra bu işin üstünə düşmək lazım olacaq. Təki, toya qədər bir problem yaranmasın. Bağışla məni, dostum. Səndən əsassız yerə incimişəmmiş. Əbəs yerə məndən soyuduğunu zənn etmişəm. Sən xəstəsən və mütləq müalicə olunmalısan. Bircə istəyim odur ki, uşaqların toyuna qədər dözəsən. Döz, dostum, uşaqlarımızın xoşbəxtliyi naminə döz! İndi hamımızın sənin fədakarlağına ehtiyacımız var. Sən mütləq sağalacaqsan və biz kitabımızı birlikdə tamamlayacağıq. Birlikdə başlamışıq, birlikdə də son nöqtəni qoymalıyıq.” *** Bəli, Elxan səhv etmirdi. Rəşidi gerçəkdən də qara basırdı, gözlərinə nələrsə görünürdü. Əslində isə, məsələ bir qədər başqa cür idi. Bu cür halları biz qarabasma adlandırırıq. Psixoloji pozğunluq kimi qəbul edirik. Çünki bu zaman qarabasmaya məruz qalanların keçidikləri hissləri, düşdükləri vəziyyəti axıra qədər başa düşmürük. Məsələyə öz məhdud imkanlı 5 duyğu üzvümüzün dar pəncərəsindən baxır, hər şeyi dördölçülü məkan və zaman prizmasından görürürk. Bu da təbiidir. Çünki biz başqa cür bacarmırıq. İmkanlarımız bu qədərdir.
Posted on: Tue, 10 Sep 2013 07:52:06 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015